Laringit
Laringit – qırtlağın selikli qişasında və səs tellərində gedən kəskin və ya xroniki iltihabi prosesdir. Xəstəlik adətən virus mənşəli olur. Onun əlamətlərinə boğazda quruluq, göynəmə hissi, səsin tutulması və ya batması, «hürücü» öskürək aiddir. Az yaşlı uşaqlarda təhlükəli ağırlaşma sayılan yalançı inaq – qırtlağın selikli qişasının ödemi yaranaraq, boğulma törədə bilər. Ümumilikdə proqnoz qənaətbəxşdir, kəskin laringitin xroniki formaya keçməsi mümkündür.
Kəskin laringit
Kəskin laringit nadir hallarda sərbəst xəstəlik kimi inkişaf edir. Patologiya əsasən KRVİ, qızılca, qrip, göy öskürək, skarlatina və digər xəstəliklərin təzahürü kimi meydana çıxır. Fəsillə bağlı olur.
Ümumi və yerli soyuqlama, çirkli havanın və qıcılandırıcı vasitələrin udulması, səs tellərinin həddindən artıq gərilməsi, siqaret çəkmə, qastroezofageal reflüks, spirtli içkilərdən sui-istifadə kəskin laringitin inkişaf ehtimalını yüksəldir. Risk amilləri sırasına qırtlağın yaşla bağlı dəyişiklikləri (səs tellərinin deformasiyası, selikli qişanın kifayət qədər nəmlənməməsi, əzələlərin atrofiyası) daxildir.
Kəskin laringitin təsnifatı
Zədələnmənin xarakteri və dərinliyindən asılı olaraq, kəskin laringitin 2 forması ayırd edilir:
- Kəskin kataral laringit. İltihabi proses qırlağın selikli qişasını, selikaltı qat və əzələlərini əhatə edir.
- Kəskin fleqmonoz laringit. Qırtlağın səthi qatlarının, əzələ və bağlarının irinli iltihabı müşahidə olunur. Bəzən qığırdaq və sümüküstü zədələnir.
Kəskin laringitin əlamətləri
Xəstəlik tam sağlam vəziyyət və ya cüzi əzginlik fonunda başlayır. Pasiyentlər qırtlaqda quruluq, göynəmə və qıcıqlanmadan şikayət edirlər. Bəzən boğazda yad cisim hissi yaranır, səthi öskürək və ağrılı udqunma müşahidə olunur. Səs tutulur və kobudlaşır. Afoniya inkişaf etdikdə xəstə pıçıltı ilə danışır.
Bədən hərarəti normal və ya subfebril olur. Bir müddətdən sonra öskürək zamanı iri həcmdə selikli və ya selikli-irinli bəlğəm ifraz olunur. Kəskin laringit 7-10 gün davam edir. Əksər hallarda sağalma baş verir. Lakin xəstəlik yarımkəskin və ya xroniki formaya da keçə bilər.
Kəskin laringitin ağırlaşmaları
İltihabi proses büküşaltı sahəyə yayıldıqda qırtlağın kəskin stenozu inkişaf edir. Az yaşlı uşaqlarda kəskin laringit bəzən qırtlağın selikli qişasının ifadəli ödemi (yalançı inaq) ilə müşayiət olunur. Belə vəziyyətlərdə nəfəsalma çətinləşir, boğulma yaranır. Ağır hallarda hipoksiya ilə əlaqədar baş beynin fəaliyyəti pozula bilər. Huşun itməsi, hətta koma mümkündür. Yalançı inağın əlamətləri təcili hospitalizasiyaya göstəriş sayılır.
Kəskin laringitin diaqnostikası
Diaqnoz otolarinqoloq tərəfindən xarakterik klinik şəkil və larinqoskopiyanın nəticəsi əsasında qoyulur. Müayinə prosesində qırtlağın selikli qişasının ödemi və yayılmış hiperemiyası, səs tellərinin qalınlaşması və qızarması aşkarlanır. Səs tellərinin səthində bəlgəm hissəciklərinə rast gəlinir. Qrip zamanı bəzən selikli qişaya qansızma müşahidə edilir.
Qanın ümumi analizində leykositoz izlənilir. Bakterial infeksiyadan şübhələndikdə ağız-udlağın möhtəviyyatı və ya yuyuntusunun bakterioloji analizi aparılır.
Kəskin laringitin müalicəsi
Kəskin laringit ambulator şəraitdə müalicə olunur. Xəstəlik KRVİ fonunda yarandıqda yataq rejimi təyin edilir. Xəstələrə mümkün qədər danışmamaq məsləhət görülür. Qida rasionundan kəskin, soyuq və qaynar qidalar çıxarılır. Spirtli içki və ya siqaretdən istifadə qadağan olunur. Qatı bəlğəm müşahidə edildikdə bəlğəmgətirici vasitələr (kəklikotu və ya gülxətmi ekstraktı, kalium bromid) və mukolitiklər (ambroksol, bromgeksin, asetilsistein) qəbul olunur. Qələviləşdirilmiş ilıq suyun içilməsi tövsiyə edilir. İltihabı azaltmaq üçün buxar inhalyasiyaları və boyun nahiyəsinə isidici yarı spirtli kompress tətbiq olunur. Antibiotik tərkibli aerozollardan istifadə edilir. Yayındırıcı prosedurlar (xardal kağızı, ayaq vannaları) effektiv sayılır. Kəskin laringit uzun müddət davam etdikdə və müalicə heç bir nəticə vermədikdə antibiotikoterapiya aparılır.
Proqnoz qənaətbəxşdir. Bəzən kəskin laringit xroniki formaya keçir.
Xroniki laringit
Xroniki laringit kəskin formanın davamı kimi və ya qıcıqlandırıcı amillərin (çirkli hava, siqaret və s.) uzunmüddətli təsiri nəticəsində inkişaf edə bilər. Bəzi peşə sahiblərində (lektor, artist, diktor) laringit qırtlaq əzələlərinin və bağlarının davamlı gərilməsi ilə əlaqədar yaranır.
Xroniki laringitin təsnifatı
Zədələnmənin xarakterinə görə kataral, hiperplastik (məhdud və ya diffuz) və atrofik xroniki laringit ayırd edilir. Peşəsi danışmaqla bağlı olan insanlarda məhdud hiperplastik laringit (səs tellərinin düyünü) formalaşır.
Xroniki laringitin əlamətləri
Ümumi vəziyyət pozulmur. Xəstələr boğazda göynəmə və qaşınmadan, səsin xırıldamasından şikayət edirlər. Vaxtaşırı bəlğəmli öskürək meydana çıxır. Proses kəskinləşdikdə əlamətlər güclənir.
Xroniki laringitin diaqnostikası
Diaqnostika prosesində klinik şəkil və larinqoskopik müayinənin nəticəsi nəzərə alınır. Larinqoskopiya zamanı xroniki kataral laringitli xəstələrdə qırtlağın selikli qişasının durğun ödemi və hiperemiyası aşkarlanır.
Diffuz hiperplastik laringitin larinqoskopik şəkli üçün selikli qişanın şişkinliyi və qızarması, səs tellərinin sərbəst kənarının iyşəkilli qalınlaşması xarakterikdir. Məhdud hipertrofik laringit zamanı simmetrik düyünlər izlənilir. Qırtlağın mənfəzi qatı selikli tutulur.
Xroniki atrofik laringitli pasiyentlərin larinqoskopik müayinəsində qırtlağın selikli qişasının quruluğu və nazilməsi müşahidə edilir. Qırtlaq qabıq əmələ gətirən qatı seliklə örtülü olur.
Xroniki laringitin müalicəsi
İltihab törədən amillər aradan qaldırılmalı, düzgün səs rejiminə riayət edilməlidir. Pasiyentlərə siqaretdən, spirtli içkilərdən, kəskin, isti və soyuq qidalardan imtina etmək məsləhət görülür. İlıq yeməklər, fizioprosedurlar (kvars, UYT, maqnitoterapiya), qələvi və yağ inhalyasiyaları təyin olunur.
Xroniki hipertrofik laringit zamanı hipertrofiyalaşmış sahələr 5%-li gümüş nitrat məhlulu ilə yandırılır, iri düyünlər cərrahi yolla xaric edilir. Səs tellərinin artıq toxumaları kəsilir. Xroniki atrofik laringitdən əziyyət çəkən pasiyentlərə qırtlağı hər gün qliserinli Lüqol məhlulu ilə silmək tövsiyə olunur. Qabıqların yumşalması və asanlıqla xaric olması üçün proteolitik fermentlərin (ximotripsin, ximopsin) aerozol preparatlarından istifadə edilir.