Liposaksiya

Liposaksiya– piy yığıntılarını aradan qaldıran kosmetik əməliyyatdır. Bu cərrahi müdaxilə bədənin istənilən problemli nahiyəsində (qarın, yan, bud, yanaq, buxaq və s.) aparılır. Piy toxumasının xaric edilməsi üsuluna görə lazer, vakuum, su yardımlı və Vaser-liposaksiya mövcuddur. Korreksiya nəticəsində bədən cazibədar görünüş alır, bel, bud və digər estetik qüsurlu nahiyələrin ölçüləri kiçilir. Əməliyyatın həcmindən asılı olaraq, liposaksiya 30-120 dəqiqə davam edir. Onun qiyməti plastikanın növündən, korreksiya olunan hissənin sahəsindən asılıdır.  

Liposaksiya əməliyyatına göstərişlər

  • digər üsullarla (idman hərəkətləri, pəhriz, masaj və s.) aradan qalxmayan lokal piy yığıntıları, disproporsional piylənmə;
  • artıq çəkinin normadan maksimum 30% çox olması; 
  • dərinin turqorunun kifayət qədər olması (bu, liposaksiyadan sonra bərpa dövrünün effektivliyi üçün vacibdir).  

Liposaksiya piylənmə ilə mübarizə üsulu olmadığından, yüksək faizli artıq çəki hallarında gözlənilən effekti vermir. Həmçinin belə vəziyyətlərdə əməliyyatdan sonra dəri sallanması problemi yarana bilər. Bu səbəbdən liposaksiya adətən 50-55 yaşdan sonra aparılmır, çünki həmin insanlarda dərinin elastikliyi itir və sərbəst dartılma qabiliyyəti olmur.    

Liposaksiya üsuluna əks-göstərişlər

Hər bir tibbi prosedurda olduğu kimi, lipoksaksiyanın da öz qadağaları vardır. Həddindən artıq kök və boşalmış dəriyə malik insanlarda bu əməliyyatın icrası arzuolunan deyil.   

Həmçinin şəkərli diabet, xroniki xəstəliklərin kəskinləşməsi, infeksion proseslər, qanın laxtalanmasının pozulması, qaraciyər və böyrək çatışmazlığı liposaksiyaya əks-göstərişdir.  

Liposaksiyaya hazırlıq

Əməliyyata hazırlıq plastik cərrahın konsultasiyasından başlanır. Həkim pasiyentin gözləntilərini, bədənin hansı hissəsindən piy toxumasının çıxarılacağını aydınlaşdırır. O cümlədən pasiyentin bədən çəkisini, dəri və problemli zonaların vəziyyətini dəqiqləşdirir.  

Mövcud problemin liposaksiya ilə aradan qalxmasına qərar verildikdə, əməliyyat öncəsi müvafiq müayinələr aparılır. Bura qan və sidik analizi, EKQ, zərurət yarandıqda daxili orqanların USM aiddir.  

Liposaksiyanın aparılma qaydası

Cərrahi müdaxilə adətən ümumi narkoz altında icra olunur. Liposaksiyanın həcmi kiçik olduqda, epidural anesteziya ilə aparılması mümkündür. İlk növbədə cərrah əməliyyat sahəsini antiseptiklə işləyir. Sonra kiçik kəsiklərdən nazik, uzun boru – kanyula yeritməklə, dərialtı piy toxumasını xaric edir.   

Əməliyyatın müddəti çıxarılacaq piyin həcmindən asılıdır. Bütün manipulyasiyalar baş çatdıqda təxminən 5 mm uzunluqda tikişlər qoyulur. Cərrahi müdaxilə başa çatdıqda, yəni pasiyent hələ əməliyyat masasını tərk etməmiş ona kompression vasitə geyindirilir. Kompression geyim – reabilitasiya dövrünün vacib hissəsidir. Belə ki, piy toxumasını bədəndən xaric etdikdə dəri ilə əzələlər arasında boşluq yaranır.

Sıxıcı geyimdən istifadə etmədikdə bu boşluğa maye dolaraq, ödem yara bilər. Bundan əlavə, kompressiya dərini dartmaqla, onun əməliyyatdan sonra sallanmasının qarşını alır. Sıxıcı geyim həm də trombların profilaktikasında mühüm rol oynayır. Yanaşı olaraq, toxumalarda mayenin sirkulyasiyasını və maddələr mübadiləsini tənzimləyir. 

Liposaksiyadan sonra bərpa dövrü

Əməliyyat əsasən ümumi narkozla yerinə yetirildiyindən, pasiyent ən azı 1 sutka stasionarda həkim nəzarəti altında qalmalıdır. Bu dövrdə ağrı və bəzən hərarətin bir qədər yüksəlməsi norma sayılır.  

Sonrakı 2-3 gün ərzində toxumalarda şişkinlik artır. 7-ci gündən etibarən ödem aşağıya doğri yerini dəyişir. Şişkinlik ümumilikdə 3 ay müşahidə oluna bilər. Xüsusən pasiyent pəhriz rejiminə əməl etmədikdə, duzlu qidalara üstünlük verdikdə və ya kompression geyimə laqeyd yanaşdıqda belə hallara rast gəlinir.  

Tikişlər adətən əməliyyatın 7-ci günündə sökülür. Sorulan saplardan istifadə edildikdə buna ehtiyac qalmır. Liposaksiya sonrası 1 ay ərzində kompression vasitə geyinilməlidir. Bu müddət bitdikdə həkimin müayinəsindən sonra onun təyin etdiyi rejimə keçilir. Liposaksiyanın ilkin nəticələrini yalnız 3 aydan sonra, yəni şişkinlik tamamən aradan qalxdıqda və dəri dartıldıqda qiymətləndirmək olar.  

Liposaksiyanın fəsadları

Bəzi insanların fikrincə liposaksiya çətin əməliyyat deyil, ondan sonra pasiyent dərhal adi həyat tərzinə qayıda bilir. Əslində bu, yalnış düşüncədir. Yalnız həkimin təyinatlarına əməl etdikdə bərpa dövrü yüngül keçir və nəticələr pasiyentin istəyinə uyğun olur.  

Hər bir əməliyyat kimi liposaksiya da bir sıra fəsadlarla müşayiət oluna bilər: 

  • Anemiya. Liposaksiya zamanı piy toxuması ilə yanaşı qan itirildiyindən anamiya yarana bilər.  
  • Hematoma və seroma (toxumalarda seroz mayenin toplanması). Əsasən iri həcmli piyin xaric edildiyi hallarda əmələ gəlir. Bu problemdən qaçmaq üçün kompression geyim mütləqdir.  
  • Dəridə çapıqlaşma, hiperpiqmentasiya. Liposaksiyanın dəridəki izləri adətən kiçik olur. Yalnız iltihablaşma baş verdikdə çapıq tündləşə bilər. Hiperpiqmentasiya aparat proseduru ilə asanlıqla aradan qalxır.  
  • Dərinin sallanması. Əməliyyatdan sonra dərinin boşalmasını əngəlləmək üçün həkimin təyin etdiyi rejimdə kompression geyimdən istifadə edilməlidir.  

Əməliyyatın uğurlu keçməsi plastik cərrahın peşəkarlığından asılıdır. Bu səbəbdən həkim seçiminizdə diqqətli olun və bərpa dövründə onun məsləhətlərinə ciddi riayət edin. Belə olduqda liposaksiyanın nəticəsi arzuladığınız kimi alınacaq. 

error: Content is protected !!