Lüdviq anginası
Lüdviq anginası – ağız boşluğu dibinin irinli-nekrotik iltihabı olub, çənəaltı və dilaltı nahiyələrin zədələnməsi ilə müşayiət edilir. Xəstəlik boğazda kəskin ağrı, udqunma aktının məhdudlaşması, boyunun dərialtı piy qatının ödemi, hərarətin yüksəlməsi və ümumi intoksikasiyanın digər əlamətləri ilə təzahür edir. Diaqnostika qanın ümumi analizi, boyun nahiyəsinin rentgenoqrafiyası, KT və ya MRT-nin aparılmasından ibarətdir. Müalicəvi tədbirlərə erkən cərrahi müdaxilə, antitoksik zərdab və antibiotiklərin tətbiqi, dezintoksikasion və hiperbaroterapiya daxildir.
Lüdviq anginası barədə ümumi məlumat
Jansul-Lüdviq anginası ağır cərrahi patologiya olub, çənəaltı nahiyənin toxumalarında patogen anaerob mikroorqanizmlərin çoxalması nəticəsində inkişaf edir. Xəstəlik 1830-cu ildə fransız cərrahı J.Jansul tərəfindən təsvir olunmuşdur. 1836-cı ildə isə alman cərrahı F.V.fon Lüdviq patologiya barədə məlumatları daha da təkmilləşdirmişdir. Tibb ədəbiyyatında Lüdviq anginasının sinonimlərinə rast gəlinir: «bədxassəli angina», «dəmir boyunluq», «irinli-nekrotik fleqmona». Jansul-Lüdviq anginası nadir patologiya sayılır; son 25 il ərzində praktik otorinolarinqologiyada təxminən 40 nəfərdə qeydə alınmışdır. Pasiyentlərin əksəriyyətini 25-65 yaşlı kişilər təşkil edir.
Lüdviq anginasının əlamətləri
Etioloji agent qismində anaerob flora, əsasən klostridiumun streptokokklarla assosiasiyası iştirak edir. Az hallarda fuzobakteriyalar, qızılı stafilokokklar, spiroxetlər, bağırsaq çöpü aşkarlanır. Son illərdə mikst-infeksiyaya daha çox rast gəlinir.
İltihabi prosesin yaranmasına aşağıdakı amillər səbəb olur:
- Stomatoloji xəstəliklər. Diş toxuması və dişlərin iltihabı – periostit, periodontit, perikoronit, gingivit, stomatit, Bexçet xəstəliyi Lüdviq anginasına gətirib çıxara bilər. Ağız boşluğu dibinin fleqmonasının etiologiyasında aşağı çənənin II-III kiçik azı dişlərinin uzunmüddətli karioz prosesi mühüm rol oynayır.
- LOR-xəstəlikləri. Odontogen səbəblərdən əlavə burun-udlaq və paranazal ciblərin infeksion patologiyaları – tonzillit, udlaqarxası və paratonzilyar abses, adenoidit, faringit və sinusitlər Jansul anginasının inkişafına təkan verir. Daimi virulent flora ağız boşluğu dibinin irinli-nekrotik iltihabının yaranma ehtimalını yüksəldir.
- Тravmalar. Çənəaltı və üz-çənə nahiyəsinin yumşaq toxumalarının travmaları, yuxarı tənəffüs yollarında yad cismin uzun müddət qalması, dilin pirsinqi Lüdviq anginasına səbəb ola bilər. Travmatik zədələnmə bakterial infeksiyaların inkişafına şərait yaradır, patogen mikroorqanizmlər qanla çənəaltı nahiyəyə yayılır.
Risk qrupuna şəkərli diabet, onkopatologiya, immunodefisit hallar (QİÇS, IgG çatışmazlığı, Vest sindromu və s.), ağır autoimmun xəstəliklərin rast gəlindiyi, eləcə də ağız boşluğunun gigiyena səviyyəsi aşağı olan pasiyentlər daxildir. Xəstəlik daha çox alkoqolizmdən əziyyət çəkən, narkotik vasitələrdən istifadə edən və aşağı sosial statusa malik olan şəsxlərdə aşkarlanır. Sitostatik və ya hormonal terapiya alan insanlarda patologiyanın yaranma riski yüksək olur.
Lüdviq anginasının patogenezi
İnfeksion amillərin təsirindən çənəaltı nahiyədə iltihabi proses başlanır. Proses tədricən ağız boşluğu əzələlərinə keçir. Əksər hallarda iltihab çənə-dilaltı əzələdən dərialtı toxuma ilə körpücük sümüyünə qədər yayılır. Lüdviq anginasının gedişini ağırlaşdıran interkurrent xəstəliklər zamanı proses udlaq-üst çənə və udlaqarxası sahələrə keçərək, yuxarı divararalığını zədələyir.
Əzələ strukturları qalınlaşır, bəzi hissələrdə və ya bütövlükdə nekroza uğrayır. Lüdviq anginasının xarakterik xüsusiyyəti irinin olmamasıdır. Xəstəlik zamanı əzələlərin ərimə və yumşalması aşkarlanır, kəsik aparıldıqda onlardan qaz qabarcıqlı, tünd rəngli, üfunətli möhtəviyyat ayrılır. Zədələnmiş əzələlər əvvəlcə solğun-qırmızı, sonra isə tünd-qəhvəyi çalar alır, kövrəkləşir, asan qırılır. Digər əzələ sahələri eksudasiya və proliferasiya əlamətlərinin olmaması, quruluq, minimal qansızma ilə fərqlənir.
Lüdviq anginasının əlamətləri
Xəstəlik sürətlə inkişaf edir. İlk günlərdə hərarət subfebril olur, sonra isə 39-40°C-yə qədər yüksəlir. Üz və boyun dərisi solğunlaşır, bozarır, bir sıra hallarda isə dəyişməz qalır. 2-3 gündən sonra dəri örtüyündə bürünc rəngli ləkələr yaranır, dəri elementləri tədricən göyərir. Yumşaq toxumaların proqressivləşən şişkinliyi tənəffüsün pozulmasına səbəb olur. Onun udlağa yayılması zamanı udqunma aktı pozulur, səs tutulut, nitq çətinləşir.
İntoksikasiya sindromu aydın nəzərə çarpır. Oyanıqlıq və ya eyforiya apatiya, tormozlanma ilə əvəz olunur. Ümumi halsızlıq, əzginlik, baş ağrıları, yuxusuzluq, qusma, ağır formalarda sayıqlama və hallüsinasiyalar müşahidə edilir. Arterial təzyiq azalmağa meylli, nəbz isə zəif dolğunluqlu və ritmik olur. Ürək vurğularının sayı dəqiqədə 130-140-a qədər yüksəlir. Müalicə aparılmadıqda intoksikasiya güclənir. Ümumi vəziyyət əhəmiyyətli dərəcədə pisləşir, temperatur dalğavari xarakter alır. Profuz tərləmə, titrətmə baş verir, huş pozulur.
Lüdviq anginasında xəstələr xarakterik görünüşə malik olur. Daima yarı açıq vəziyyətdə olan ağızdan xoşagəlməz iy gəlir. Ağız bucaqlarından peridodik tüpürcək axır, çeynəmə funksiyası məhdudlaşır. Dil qəhvəyi ərplə örtülür, böyüyür, yuxarıya və bir qədər arxaya doğru yerini dəyişir. Ağrı hissinin yaranmasının qarşısını almaq üçün pasiyent məcburi yarıoturaq vəziyyət alır, boynunu tərpətməməyə çalışır. Palpasiyada şişkin toxumalar bərk və ağrılıdır. Bəzi hallarda minimal intoksikasiya əlamətləri ilə az simptomlu gediş qeydə alınır.
Lüdviq anginasının ağırlaşmaları
Müalicə düzgün şəkildə aparılmadıqda və ya ifadəli immun çatışmazlığı hallarında həyat üçün təhlükəli ağırlaşmalar müşahidə olunur. Yerli ağırlaşmalara asfiksiya və qaz qanqrenası aiddir. İnfeksiyanın hematogen yolla yayılması mediastinit, meningit, bakterial endokardit, mağaralı cibin trombozuna gətirib çıxarır. Funksional pozğunluqlar arasında kəskin qaraciyər və böyrək çatışmazlığı daha təhlükəli hesab olunur. Ölüm adətən sepsis, infeksion-toksiki şok və poliorqan çatışmazlığı səbəbindən baş verir.
Lüdviq anginasının diaqnostikası
Lüdviq anginasının diaqnostikası ilə terapevt, otorinolarinqoloq və cərrah məşğul olur. Tipik hallarda patologiyanın aşkarlanması çətinlik törətmir, pasiyentin xarakterik xarici görünüşü və anamnestik məlumatlar əsasında düzgün diaqnoz qoymaq mümkündür. Diaqnozun dəqiqləşdirilməsi üçün aşağıdakı üsullardan istifadə olunur:
- Obyektiv məlumatların qiymətləndirilməsi. Baxış zamanı toxumaların ödemi, dəri örtüklərinin rənginin dəyişməsi, pasiyentin məcburi vəziyyəti nəzərə çarpır. Palpasiyada sərt infiltratla yanaşı, ağrı hissinin bir qədər güclənməsi aşkar edilir. Ağızın məhdud açılması ilə əlaqədar orofarinqoskopiyanın aparılması çətinləşir. Onun köməyilə dilin ölçülərinin artması, ağız boşluğunun arxa hissəsinin selikli qişasının şişkinliyi və hiperemiyasını aşkar etmək mümkündür.
- Laborator müayinələr. Qanın ümumi analizində çöpnüvəli neytrofillərin sayının artması ilə leykositoz, EÇS-nin 50-60mm/saatdan yüksək olması, hemoqlobinin azalması izlənilir. 5% hallarda leykopeniya və trombositopeniya aşkar edilir. Biokimyəvi analiz üçün mioqlobin və kəskin faza göstəricilərinin – C-reaktiv zülal, sial turşuları və seromukoidin artması xarakterikdir. Fleqmonanın yarılmasından sonra mikrofloranın bakterial əkilməsi həyata keçirilir.
- Şüa üsulları. Anaerob infeksiyalara xas olan qaz qabarcıqlı infiltratı müəyyən etmək üçün yan və düz proyeksiyalarda rentgenoqrafiya, boyun toxumalarının MRT və KT icra olunur. Əsas iltihab ocağının vizualizasiyası və limfa düyünlərinin böyüməsini aşkarlanması məqsədilə ultrasəs müayinəsindən istifadə olunur.
Lüdviq anginası boyun nahiyəsinin fleqmonası, difteriyanın toksiki forması, qızılyel, kəskin epiqlottit, stenozlaşdırıcı larinqotraxeit, udlaqarxası abses, tulayremiyanın anginoz-bubon forması ilə differensiasiya edilir. Diaqnozun qoyulması üçün həkim-infeksionist və üz-çənə cərrahının konsultasiyası mütləqdir.
Lüdviq anginasının müalicəsi
Müalicə cərrahi stasionarda və reanimasiya şöbəsində aparılır. Xəstənin tam rahatlığı və sakitliyi təmin edilir, ətraf adamlarla ünsiyyət minimuma endirilir, zülal və vitaminlərlə zəngin pəhriz təyin edilir. Mütəxəssisə vaxtında müraciət edildikdə və ağırlaşmalara rast gəlinmədikdə müalicə və reabilitasiya dövrü 2-2,5 həftə davam edir. Təxirəsalınmaz və planlı tədbirlər kompleksinə aşağıdakılar daxildir:
- Cərrahi müdaxilə. Təcili göstərişlər üzrə ümumi anesteziya altında aparılır. Toxumaların oksigenlə təhcizatını yaxşılaşdırmaq məqsədilə zədələnmiş nahiyədə böyük kəsik aparılır. Nekrozlaşmış sahələrdə nekrektomiya aparılır. Əməliyyatdan sonra tikiş qoyulmur, yarada antiseptik məhlulunda isladılmış tampon qoyulur. Dərman vasitələrinin yeridilməsi üçün əlavə kəsiklərdən drenajlar yerləşdirilir.
- Medikamentoz terapiya. Penisillin, tetrasiklin və nitroimidazol qrupundan olan antibakterial preparatlar təyin edilir. Qaz qanqrenasının əsas törədicilərinin antitoksinlərindən ibarət qanqrena əleyhinə zərdab yeridilir. Dezintoksikasiya məqsədilə böyük həcmdə qan əvəzediciləri (reopoliqlükin, hemodez) və duz məhlulları tətbiq edilir. Lüdviq anginasının yerli müalicəsində antiseptiklərlə sarğı, proteolitik ferment tərkibli məlhəm, son mərhələdə isə reparantlar – yaraların sağalmasını təmin edən vasitələrdən istifadə olunur.
- Fizioterapevtik müalicə.Polyarlaşmış işıqla şüalanma, yaraya lazer və ultrabənövşəyi təsir, maqnitoterapiya təyin edilir. Hiperbarik oksigenasiya tətbiq edilir. Bu üsulun mahiyyəti pasiyentin oksigenin səviyyəsinin yüksək olduğu kameraya yerləşdirilməsindən ibarətdir. İltihab ocağına daxil olan oksigen anaerob floranı məhv edir. Həmçinin ozonlaşdırılmış məhlullar və oksigenin kateterlə insufflyasiyasından istifadə olunur.
Lüdviq anginasının proqnoz və profilaktikası
Müalicə düzgün aparıldıqda proqnoz qənaətbəxş olur, ağırlaşmalar baş verdikdə isə nəzərə çarpacaq dərəcədə pisləşir. Letallıq təxminən 8-10% təşkil edir.
Profilaktik tədbirlər ağız boşluğunun gigiyenasına riayət olunmasına, karies, periodontit, periostit, stomatit, gingivit, tonzillit kimi xəstəliklərin vaxtında müalicəsinə yönəldilir. Bundan əlavə selikli qişanın travmalardan qorunması, tənəffüs yollarından yad cismin təcili surətdə çıxarılması, boyun, udlaq, diş əti yaralarının antiseptiklərlə işlənməsi məsləhət görülür.