Mədə adenokarsinoması

Mədə adenokarsinoması – vəzili epiteldən törənmiş mədə xərçənginin ən geniş yayılmış formasıdır. Bu xəstəlik erkən mərhələlərdə özünü heç bir şəkildə göstərməyə bilər; bu, erkən diaqnostikanı çətinləşdirir. Zaman keçdikcə iştahasızlıq, ürəkbulanma, gəyirmə, arıqlama, zəiflik, apatiya, epiqastral nahiyədə ağrı meydana çıxır və proqreqsivləşir. Diaqnozu təsdiqləmək məqsədilə biopsiya ilə EQDS həyata keçirilir, qanda onkomarkerlər müəyyənləşdirilir, mədənin rentgenoqrafiyası və s. aparılır. Müalicənin yeganə radikal metodu şişin cərrahi üsulla kəsilməsidir. Şüa və kimyaterapiya tamamlayıcı metod kimi və ya cərrahi əməliyyata əks göstəriş olduqda icra olunur.

Mədə adenokarsinoması barədə ümumi məlumat

Mədə adenokarsinoması mədə divarının vəzili epitelinin hüceyrələrindən inkişaf edən bədxassəli şişdir. Bu xəstəlik mədə xərçəngi klinik hallarının əksəriyyətini təşkil edir və Rusiya, Skandinaviya ölkələri, Ukrayna, Yaponiya və bu kimi bir çox ölkələrdə onkopatologiyalar arasında ilk pilləni tutur. Adətən, məhz bu patologiya “mədə xərçəngi” terminini ifadə edir. Çətinlik ondan ibarətdir ki, erkən mərhələlər simptomsuzdur; buna görə də erkən diaqnostika çətinlik törədir. Pasientlərin təxminən 40%-i qastroenteroloqa gecikmiş mərhələlərdə müraciət edirlər və bir sıra hallarda yanaşı gedən patologiyalar səbəbindən şişin cərrahi metodla kəsilməsi mümkün olmur. Eyni zamanda radikal müalicədə letallıq təxminən 12% təşkil edir.

Mədə adenokarsinomasının səbəbləri

Mədə adenokarsinomasının dəqiq etiologiyası məlum deyil. Patologiyanın inkişaf səbəbi sekresiya basqılanması və qan dövranı pozulması fonunda kanserogen agentlərin uzunmüddətli təsiri hesab olur. Bir sıra faktorlar mədə xərçənginin inkişafına rəvac verir. Maliqnizasiya prosesi genetik meyilliklə bağlıdır; qidalanma, bir sıra məişət faktorlarından asılıdır. Xəstəliyin rastgəlmə tezliyi ilə Helicobacter pylori infeksiyası arasında əlaqənin olması sübut olunmuşdur. H.pylori qastrit və mədə xorası xəstəliklərini törədən bakteriyadır (bu mikroorqanizm olan pasientlərdə mədə xərçənginin rastgəlmə tezliyi iki dəfə artır).

Xəstələnmənin yaşla bağlılığı da vardır; belə ki, mədə adenokarsinoması 55 yaşdan böyük insanlarda daha çox rastlanır. Kişilər bu xəstəlikdən qadınlara nisbətən üç dəfə çox əziyyət çəkirlər. Xərçəng prosesinin inkişafında siqaretçəkmə və alkoqol mühüm rol oynayır. Tünd alkoqollu içkilər qəbul etmək mədə selikli qişasının ocaqlı proliferativ proseslərinin, zaman keçdikcə isə xərçəngin inkişafına gətirib çıxarır.

Bundan başqa mədə adenokarsinomasının əmələ gəlməsində lifləri, vitaminləri, antioksidantları az olan qidalardan ibarət pəhriz, pernisioz anemiya, xroniki atrofik qastrit, mədənin adenomatoz polipi, hiperplastik qastrit mühüm əhəmiyyət kəsb edir. Endogen səbəblər arasında mədədə müxtəlif patoloji vəziyyətlərdə sintez olunan N-nitrozobirləşmələrin rolu istisna olunmur. Onların massiv sintezi anasid vəziyyətlə müşayiət olunan xəstəliklərdə meydana çıxır.

Adenokarsinoma sağlam mədədə, demək olar ki, yaranmır. Qastroenterologiyada mədənin selikli qişasının xərçəngönü (fon) xəstəlikləri və dəyişiklikləri ayırd edilir. Xərçəngönü xəstəliklərə xroniki qastrit, poliplər, mədənin rezeksiyasından sonra qalmış xroniki xoralar və başqa bu kimi xərçəngin inkişafına gətirib çıxara bilən vəziyyətlər aid edilir. Mədənin selikli qişasının xərçəngönü dəyişikliklərinə maliqnizasiya (bədxassəli formaya keçməsini) prosesini təsdiqləyən morfoloji sübut olunmuş dəyişikliklər aiddir. Bu dəyişikliklər “displaziya” termini altında birləşdirilir.

Mədə adenokarsinomasının təsnifatı

Mədə adenokarsinomasının aşağıdakı növləri ayırd edilir:

  • Xora – xərçəng – şiş mərkəzi nahiyəsi xoralaşan nəlbəki formasındadır;
  • Endofit (skirr) xərçəng – patoloji proses orqanın böyük hissəsini əhatə edir və mədə divarının dərinliklərinə siraət edir;
  • Polipoid xərçəng – şiş aydın konturlu olub xaricən polipi xatırladır;
  • Psevdoxora xərçəng – bu forma uzun müddət ərzində mədə xorasını xatırladır;
  • Tubulyar adenokarsinoma – kubşəkilli, silindrik epitel hüceyrələrinin şişidir;
  • Selikli qişa adenokarsinoması – musinoz (selik ifraz edən) hüceyrələrin şişi.

Patoloji prosesin orqana infiltrasiyasını, regionar limfa düyünlərinin zədələnmə və uzaq metastazların olma dərəcəsini əks etdirən TNM təsnifatına əsasən xəstəliyin 4 mərhələsi ayırd edilir. Xərçəng hüceyrələrinin differensiasiya dərəcəsinə (yüksək, orta, aşağı dərəcəli, differensiasiya olnumamış adenokarsinoma) əsaslanan histopatoloji təsnifat da vardır.

Mədə adenokarsinomasının simptomları

Daha çox rast gəlinən simptomlar intensivliyinin, adətən, qida qəbulu ilə əlaqəsi olmayan, epiqastral sahədə lokalizasiya olunmuş ağrı, ürəkbulanma, qusma, gəyirmə iştahasızlıqdır. Tez-tez defekasiya dəyişilir – qəbizlik, diareya yaranır. Arıqlama, zəiflik, apatiya xarakterikdir. “Kiçik” əlamətlər (epiqastriumda diskomfort hissi, qidadan zövq almanın itirilməsi, ağızda xoşagəlməz dad, tükənmə, əmək qabiliyyətinin azalması, anemizasiya) böyük əhəmiyyət kəsb edir.

Xəstəliyin simptomları şişin lokalizasiyasından, inkişaf xarakterindən, histoloji xüsusiyyətlərindən, başqa orqanlardakı dəyişikliklərdən asılıdır. Yerli simptomlar, adətən, şişin ölçüləri mədənin normal fəaliyyətinə təsir göstərdikdə meydana çıxır. Şiş mədənin antral (çıxış) nahiyəsində yerləşdikdə pilorostenozun (pilorusun mənfəzinin daralması) klinikası yaranır. Mədə cismində lokalizasiya olunmuş şiş uzun müddət təzahür etmir; çünki mədənin ölçüləri kifayət qədər böyükdür. Belə forma, adətən, yenitörəmənin ölçüləri xeyli böyüdükdən sonra aşkarlanır və ilk əlamət ümumi intoksikasiya simptomları ola bilər.

Mədənin kardial şöbəsinin (yuxarı hissəsinin) zədələnməsi zamanı disfagiya əlamətləri inkişaf edir. Xəstəyə udmaq çətin; qidanı yaxşıca çeynəmək və çoxlu maye qəbul etmək vacib olur. Bəzən şişin ölçüləri elə bir həddə çatır ki, maye halında olan qidaların da mədəyə keçməsi çətinləşir. Mədə xərçənginin qonşu orqanlara yayılması, uzaq metastazların inkişafı zamanı klinika patoloji prosesin lokalizasiyasından asılı olaraq fərqli olur.

Mədə adenokarsinomasının diaqnostikası

Diaqnostikada mühüm rol sorğuya xasdır. Spesifik simptomların, həmçinin “kiçik” əlamətlərin detallı aşkarlanması bədxassəli zədələnməni ehtimal etməyə imkan verir.  Xəstəliyin anamnezi, adətən, qısa olur; simptomların sürətlə proqressivləşməsi ilə xarakterizə olunur. Qastroenteroloq obyektiv müayinə zamanı mədə xərçənginin tez-tez metastaz verdiyi nahiyələri – boyun, qaraciyər, ağciyərlər, göbək, yumurtalıqlar/xayaları hərtərəfli müayinə edir.

Diaqnozu dəqiqləşdirmək, həmçinin differensial diaqnoztika məqsədliə laborator və instrumental müayinələr aparılır. Qanın ümumi analizi anemiyanı aşkarlamağa imkan verir. Qanda onkomarkerlərin – XEA (xərçəng-embrional antigen) və CA (xərçəng antigeni) təyini üçün də müayinə aparılır.

Biopsiya ilə qastroskopiya və EQDS patoloji ocağı aşkarlamağa, şübhəli nahiyələrdən histoloji və sitoloji müayinə üçün toxuma hissəcikləri götürməyə imkan verir. Bioptatda xərçəng hüceyrələrinin aşkarlanması etibarlı diaqnostik əlamət hesab olunur. Hüceyrənin tipinin, differensiasiya dərəcəsinin müəyyənləşdirilməsi xəstəliyin formasını təyin etməyə, gedişini proqnozlaşdırmağa və optimal müalicə sxemini təşkil etməyə imkan verir.

Mədənin rentgenoqrafiyası kontrast maddə ilə aparılır və mədənin daxili divarının anatomik dəyişikliklərini aşkarlamağa şərait yaradır. Xərçəngin mədə divarına, yaxınlıqdakı orqanlara, limfa düyünlərinə siraət dərəcəsini müəyyənləşdirmək üçün endoskopik ultrasəs müayinəsi aparılır. Bu müayinə zamanı şübhəli nahiyə  nazik ucluqlu iynə vasitəsilə biopsiya olunur (USM-li biopsiya).

Mədə xərçəngi zamanı kompyuter tomoqrafiya (KT), maqnit-rezonans tomoqrafiya (MRT) şişi aşkarlamağa imkan verir; lakin bu metodlara əsas göstərişlər yaxınlıqdakı orqanların zədələnməsi, regionar və uzaq limfa düyünlərinə, qaraciyər, ağciyərlər və başqa orqanlara metastazların müəyyənləşdirilməsidir. Tomoqrafiya mövcud patoloji vəziyyətə uyğun olaraq daha effektli müalicə metoduna seçməyə imkan verir. Mədə adenokarsinomasının differensial diaqnostikası qastrit, mədə xoraları (xüsusən kallez) və polipləri ilə aparılır.

Mədə adenokarsinomasının müalicəsi

Əsas və yeganə radikal müalicə metodu cərrahi müdaxilədir. Şüa və kimyaterapiya bu patologiya zamanı sərbəst müalicə metodu qismində çıxış edir və cərrahi müdaxiləyə əks göstəriş olduqda, həmçinin dördüncü mərhələdə tətbiq olunur.

Cərrahi əməliyyat iki variantda aparıla bilər: qastroektomiya (mədə regionar limfa düyünləri, qida borusunun və nazik bağırsağın bir hissəsi, şişə yaxın yerləşən başqa toxumalarla birgə kəsilib çıxarılır) və ya subtotal rezeksiya (şiş orqanın bir hissəsi və ətraf toxumalarla birgə kəsilib çıxarılır). Cərrahi müdaxilənin taktikası şişin ölçüləri, lokalizasiyası, histoloji xarakteristikasına əsasən müəyyənləşdirilir.

Standart əməliyyatın gedişində törəmə tamamilə kənarlaşdırıla bilmədikdə, lakin mədəni zəbt edərək mövcud həzm pozulmalarına səbəb olduqda aşağıdakı metodlar tətbiq oluna bilər:

  • Endoluminal stendləmə – mədəyə orqanın mənfəzini açıq saxlaya bilmək üçün stend (boru) yeridilir. Pasientin sərbəst qidalanmasını təmin etmək məqsədilə icra olunur.
  • Endoluminal lazer terapiya – endoskopik lazer metodudur. Bu zaman xərçəng hüceyrələri lazer şüaları ilə sanki bıçaqla kəsilirmiş kimi kəsilib kənarlaşdırılır.

Mədə adenokarsinoması zamanı kimyaterapiya yüksək effektli metod hesab olunmur. Cərrahi müalicədən əvvəl şişin ölçülərini kiçiltmək və müalicənin nəticəsini yaxşılaşdırmaq, yaxud cərrahi əməliyyatın keçirilməsinə əks-göstəriş olduqda və ya əməliyyat məqsədyönlü dəyərləndirilmədikdə pasientin vəziyyətini yaxşılaşdırmaq məqsədilə təyin edilir. Adyuvant terapiya kimi şüa terapiyası ilə yanaşı rezeksiyadan sonra qalmış şiş toxumalarını məhv etmək məqsədilə tətbiq olunur.

Şüa terapiyası sərbəst metod kimi tətbiq olunmur. Operativ müalicə ilə; operativ müdaxiləyə əks-göstəriş olduqda kimyaterapiya ilə birgə istifadə olunur. Palliativ metod kimi simptomatikanın (ağrı sindromu) azaldılması üçün təyin olunur.

Mədə adenokarsinomasının proqnozu və profilaktikası

Mədə adenokarsinomasının proqnozunu xəstəliyin mərhələsi, şişin lokalizasiyası müəyyənləşdirir. Mədənin aşağı nahiyəsinin, kardial şöbəsinin adenokarsinoması, adətən, ən yaxşı proqnoza malikdir; belə ki, törəmənin yerləşmə xüsusiyyətlərinə görə  simptomlar erkən mərhələlərdə təzahür edir və məhz bu mərhələlərdə radikal müalicənin aparılması mümkündür. Proqnoz xərçəngin histoloji xarakteristikasından da asılıdır; beləliklə, hüceyrənin differensiasiya dərəcəsi nə qədər yüksək olarsa, müalicənin daha yaxşı effektinə nail olmaq şansı da bir o qədər artar. Əksər hallarda mədə adenokarsinoması gecikmiş; klinik halların 20%-ində erkən mərhələlərdə diaqnostika olunur. Gecikmiş diaqnostika xəstəliyin proqnozunu xeyli pisləşdirir. Buna görə də qastroenterologiya şöbəsində müalicə alan, potensial təhlükəli simptomları olan pasientlər xərçəngin inkar olunması üçün mühüm olan müayinələrdən keçməlidir.

Mədə xərçənginin profilaktikası rasional qidalanma, siqaret çəkməmək, spirtli içkilər, tərkibində konservant və boya maddələri olan qida məhsullarından imtina etməkdən ibarətdir.

error: Content is protected !!