Mədə xorası
Mədə xorası – xroniki residivləşən xarakterli xəstəlik olub, mədənin selikli qişasında və onun alt hissəsində yerləşən toxumalarda defektlərin yaranması ilə müşayiət edilir. Xəstəliyin əsas əlamətlərinə acqarına və yaxud yeməkdən sonra epiqastral nahiyədə yaranan, əksər hallarda kürəyə və döş qəfəsinə yayılan ağrılar aiddir. Mədə xorası çox vaxt qusma, gəyirmə, qıcqırma, ürəkbulanma ilə də özünü büruzə verir. Patologiyanın ən təhlükəli ağırlaşmaları – qanaxma, mədə divarının deşilməsi, mədə çıxacağının daralması (pilorik stenoz), xoranın bədxassələşməsidir. Diaqnoz qastroskopiya, mədənin rentgenoqrafiyası, helikobakter infeksiyasına görə analizlərin nəticələri əsasında qoyulur. Ağırlaşmamış xora konservativ yolla müalicə olunur. Təklükəli fəsadlara rast gəlindikdə cərrahi əməliyyat aparılır.
Mədə xorası barədə ümumi məlumat
Mədə xorası xəstəliyi – onun divarının xoralaşması (xoralı defektlərin formalaşması) ilə xarakterizə olunur. Xora xəstəliyini mədənin simptomatik xorasından fərqləndirmək lazımdır. Simptomatik xora kəskin xarakter daşıyır, onu törədən səbəb aradan qaldırıldıqdan sonra tamamən sağalır.
Mədənin simptomatik xorasının yaranma amilləri aşağıdakılardır: stress (stress mənşəli xora), qastrotoksiki təsirə malik dərman preparatlarının qəbulu (yatrogen xora), daxili sekresiya vəzilərinin xəstəlikləri, mübadilə pozğunluqları (endokrin mənşəli xora), daxili orqan və sistemlərin digər patologiyaları (ikincili xora), qastrin sintez edən şişlərin – qastrinomanın (Zolinger-Ellison sindromu) inkişafı ilə əlaqədar sekresiyasının güclənməsi.
Mədə xorası xəstəliyinin başlıca amili Helicobacter pylori ilə infeksiyalaşmadır.
Mədə xorasının yaranma səbəbləri
Stress xoraları ağır travma və əməliyyatlar, müxtəlif orqanların kəskin xəstəlikləri, terminal vəziyyətlər (şok, kollaps), kəskin böyrək və ya qaraciyər çatışmazlığı, toxumaların ağır dərəcəli hipoksiyasından sonra əmələ gəlir. Bir neçə stress faktorunun birgə təsiri mədə xorasının yaranma ehtimalını xeyli artırır. Onun inkişaf mexanizminin əsasını selikli qişanı zədələyən amillərlə qoruyucu faktorlar arasındakı disbalans təşkil edir. Bütün orqan və sistemlər fövqaladə rejimdə işlədikdə qana xeyli miqdarda kortikosteroidlər və katexolaminlər ifraz olunur. Həmin maddələr selikli qişa vəzilərinin sekretor aktivliyini gücləndirir, qoruyucu xüsusiyyətləri isə zəiflədir. Bununla yanaşı mədə toxumalarının trofikası pozulur, divarlara qansızma baş verir. Bu da öz növbəsində selikli qişanın xoralaşmasına səbəb olur. Stress xoraları əsasən mədə cisminin divarlarında və dibində lokalizasiya olunur. Onlara çox nadir hallarda onikibarmaq bağırsaqda rast gəlinir.
Stress xoralarının bir neçə forması mövcuddur:
- Kerlinq xorası – ağır dərəcəli yanıqlarda və yanıq xəstəliyi fonunda əmələ gəlir;
- Kuşinq xorası – mərkəzi sinir sisteminin ağır zədələnmələri (kəllə-beyin travması, baş beyində aparılan əməliyyatlar, insult) nəticəsində yaranır;
- Miokard infarktından sonra formalaşan xoralar;
- Travmatik xoralar.
Qeyd olunan halların 50%-də mədənin selikli qişasında eroziya və xoralar inkişaf edir. Lakin əksər pasiyentlərdə stress xoraları diaqnostika olunmur. Belə ki, stress faktoru sayılan əsas patologiyanın sağalması ilə xora da öz-özünə aradan qalxır. Ancaq zədələyici amillər davamlı təsir etdikdə selikli qişanın xoraları dərinləşərək, mədə divarının perforasiyasına və peritonitə gətirib çıxara bilər.
Yatrogen xora
Medikamentoz xoralar mədəyə toksiki təsir göstərən preparatların qəbulundan sonra yaranır. Bir çox iltihabəleyhinə preparatlar (kortikosteroidlər, qeyri-steroid iltihabəleyhinə vasitələr), sulfanilamidlər, kalium xlorid, kofein, qlükokortikoidlər, üskükotu preparatları, antikoaqulyantlar, nitrofuranlar ulserogen (xora əmələ gətirən) təsirə malikdir.
Müxtəlif dərman vasitələrinin selikli qişanı zədələmə mexanizmi fərqli olur. Bu həm birbaşa (kalium xlorid), həm də dolayı yolla baş verə bilər. İkinci halda qastroprotektiv prostaqlandinlərin sintezi zəifləyir (hormonal və qeyri-hormonal qeyri-selektiv iltihabəleyhinə preparatlar), mədə şirəsinin sekresiyası güclənir (qlükokortikosteroidlər, rezerpin, kofein), mədə divarının normal trofikası pozulur.
Ulserogen preparatların qəbulu dayandırıldıqdan sonra eroziya və xoralar tam şəkildə sağalır. Lakin xoranın təhlükəliyi ondan ibarətdir ki, selikli qişanın defektləri qanaxma və mədə divarının perforasiyası ilə ağırlaşa bilər.
Qastrit, mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyində ulserogen preparatların istifadəsi kəskinləşmə halları törədə bilər. Bu səbəbdən belə xəstələrə qastrotoksiki yan təsirə malik dərman vasitələri yalnız zəruri hallarda ehtiyatla təyin edilir, yanaşı olaraq, qastroprotektiv vasitələrin qəbulu məsləhət görülür.
Endokrin mənşəli xora
Qalxanbənzər ətraf vəzlər həddindən artıq parathormon sintez etməsi hiperparatireoz adlanır. Bu hormon orqanizmdə kalsium mübadiləsinə cavabdehlik daşıyır. Parathormon həmçinin mədənin selikli qişa vəzilərində xlorid turşusunun sintezini yüksəldir. Qanda kalsium ionlarının artması mədə şirəsinin və qastritnin sekresiyasını stimulə edir. Hiperparatireoz zamanı xoralar əsasən onikibarmaq bağırsağın selikli qişasında yaranır. Mədədə onlar üçün antral lokalizasiya xarakterikdir. Hiperparatireoz fonunda əmələ gələn xoralar ağır gedişə malik olur və intensiv ağrılarla müşayiət edilir. Belə xoralar konservativ müalicəyə çətin tabe olur və residivləşir. Əksər hallarda qanaxma, mədə divarının deşilməsi ilə ağırlaşır. Mədənin selikli qişasının xoralaşması həzm sistemi xəstəlikləri: qaraciyər sirrozu, pankreatit ilə fəsadlaşa bilər. Xoralar həmçinin tənəffüs və ifrazat sisteminin xroniki xəstəlikləri, şəkərli diabet nəticəsində formalaşır.
Mədənin xora xəstəliyinin inkişaf mexanizmi və təsnifatı onikibarmaq bağırsağın xora xəstəliyi ilə eynidir.
Mədə xorasının əlamətləri
Onikibarmaq bağırsaq xorasından fərqli olaraq, mədə xorası üçün qida qəbulundan dərhal sonra meydana çıxan və güclənən ağrı xarakterikdir. Qusmadan sonra xəstənin vəziyyəti yüngülləşir. Mədə xorasının tez-tez rast gəlinən simptomlarına gəyirmə, mədədə ağırlıq, meteorizm, iştah pozğunluğu aiddir. Bəzən mədənin antral hissəsində lokalizasiyalaşan xora aclıqla əlaqəli gecə ağrıları ilə özünü büruzə verir.
Onikibarmaq bağırsağın xorası kimi mədə xorası da qanaxma və perforasiya ilə ağırlaşa bilər. Xora mədənin çıxacağında yerləşdikdə piloroduodenal şöbənin stenozu mümkündür. Onikibarmaq bağırsağın xorası ilə müqayisədə mədə xorası daha yüksək bədxassələşmə riskinə malikdir.
Mədə xorasının diaqnostikası
Mədə xorasının ən dəqiq müayinə metodu qastroskopiyadır. İfadəli xoralar mədənin kontrast rentgenoqrafiyasının köməyilə də aşkarlana bilər. Helibakteri aşkar etmək üçün mədə möhtəviyyatının bakterioloji əkilməsi icra olunur. Bundan əlavə tənəffüs testi, PZR, İFA aparılır. Nəcisin gizli qana görə analizi yerinə yetirilir. Xoralaşmış divardan qanaxmalar baş verdikdə qanın ümumi və biokimyəvi analizində anemiya əlamətləri izlənilə bilər.
Mədə xorasının müalicəsi
Mədə xorasının müalicəsində pəhriz böyük əhəmiyyət kəsb edir. Xəstələrə mədə divarını qıcıqlandıran və mədə şirəsinin ifrazını gücləndirən məhsullardan imtina etmək məsləhət görülür. Mədə xorasından əziyyət çəkən şəxslər gündəlik rasiondan kəskin, duzlu, turş, qızardılmış və hisə verilmiş qidaları çıxarmalı, qaynadılmış və ya buxarda hazırlanmış məhsullara üstünlük verilməlidir.
Dərman terapiyasına mədə sekresiyasını azaldan H2-histamin reseptorlarının inhibitorları (ranitidin qrupundan olan preparatlar) və ya proton pompa inhibitorları (omeprazol, rabeprazol, ezomeprazol və analoqları); helikobakter infeksiyasına qarşı antibakterial vasitələr (metronidazol) daxildir. Helikobakter pilorinin eradikasiyasına yönəldilmiş terapiya adətən 10-14 gün ərzində aparılır. Bu müddət bitdikdən sonra turşuluğu azaldan preparatlarla dəstəkləyici müalicə davam etdirilir.
Ağırlaşmayan mədə xorası cərrahi əməliyyat tələb etmir. Yalnız ağır fəsadlar (perforasiya, keçməməzlik, xoranın mədə xərçənginə çevrilməsi) müşahidə edildikdə cərrahi müalicə – mədənin rezeksiyası göstəriş sayılır.
Simptomatik mədə xorasının müalicəsi xoranın yaranma səbəbinin aradan qaldırılmasına istiqamətləndirilir. Əlavə terapiya qismində xlorid turşusunun sekresiyasını azaldan vasitələr (proton pompa inhibitorları, H2-qastroprotektorlar) tətbiq edilir. Mədə xorası zamanı sekretor aktivliyin zəiflədilməsi cərrahi üsulla (vaqotomiya yolu ilə) əldə oluna bilər.
Mədə xorasının profilaktikası və proqnozu
Profilaktik tədbirlərə mədə-bağırsaq traktının helikobakter infeksiyasının vaxtında aşkarlanması və müalicə olunması, stress vəziyyətlərin uzaqlaşdırılması, dərman vasitələrinin nəzarət alında qəbul edilməsi və balanslaşdırılmış, müntəzəm qida qəbulu aiddir. Ağırlaşmayan mədə xoraları erkən diaqnostika olunduqda və düzgün şəkildə müalicə aparıldıqda tam şəkildə sağalır. Ağırlaşmalar baş verdikdə proqnoz qeyri-qənaətbəxş olur.