Mədəaltı vəzin absesi
Mədəaltı vəzin absesi – vəzin toxumasında daxili irin və nekrotik kütlə ilə dolu törəmədir. Klinik halların əksəriyyətində abses kəskin alkoqol pankreatitindən sonra inkişaf edir. Hərarət, kəmərləyici ağrılar, leykositoz, pankreatit tutmasından iki həftə sonra qarın boşluğunda şişəbənzər törəmənin əmələ gəlməsi ilə təzahür edir. Diaqnoz qarın boşluğunun USM, MRT və KT-i, qanın ümumi və biokimyəvi analizlərindən sonra qoyulur. Yeganə müalicə metodu – absesin cərrahi sanasiyası və antibakterial terapiyadır.
Mədəaltı vəzin absesi barədə ümumi məlumat
Mədəaltı vəzin absesi – pankreatit (kəskin və ya təkrari ağırlaşma) və ya vəzidə məhdud irinliyin formalaşması ilə müşayiət olunan pankreonekroz keçirmiş pasientlərdə inkişaf edən ən ağır xəstəliklərdən biridir. Xəstəlik pasientin həyatı üçün təhlükəlidir, onun mənfi cəhəti antibiotikoterapiya fonunda silinmiş klinik simptomatika ilə getməsidir. Məhz buna görə də qastroenterologiyada pankreatit zamanı antibiotiklər yalnız yanaşı gedən öd yolları xəstəliklərində və ya sübut olunmuş bakterial ağırlaşmalarda təyin oluna bilər. Pankreatitdən iki həftə sonra qarında ağrıların meydana çıxması və bədən teperaturunun yüksəlməsi müşahidə olunan bütün klinik hallarda pankreas absesi ehtimalı nəzərə alınmalıdır. Yeganə müalicə metodu cərrahi üsulla irinliyin drenajıdır. Cərrahi əməliyyat olunmadıqda patologiya 100% letal sonlanır.
Mədəaltı vəzin absesinin səbəbləri
Abses kəskin pankreatit fonunda inkişaf edir, ödemli formadan başqa istənilən formalı pankreatitdə formalaşa bilər; bu xəstəlik 3-4% hallarda absesin formalaşması ilə sonlanır. Bir sıra hallarda alkoqol pankreatiti fonunda inkişaf edir. Mədəaltı vəzidə irinliyin yaranma səbəbi sona qədər öyrənilməyib. Güman olunur ki, infeksiya psevdokista dəlindikdə (aseptikaya əməl olunmadıqda), kistalar fistullar vasitəsilə bağırsağa açıldıqda qanla yoluxa bilər.
Əksər klinik hallarda irinlik möhtəviyyatının aspirasiyası və bakterioloji əkilməsində bağırsaq çöpləri və ya enterobakteriyalar aşkar olunur. Qastroenteroloji araşdırmalara əsasən pankreonekroz klinik hallarının, demək olar ki, 60%-ində ikincili infeksiyanın prosesə qoşulması müşahidə olunur. Buna görə də həmin xəstəliyin müalicəsində irinli möhtəviyyata malik törəmənin yaranma ehtimalı həmişə nəzərə alınmalıdır. Üçdən artıq risk faktorunun (postoperativ pankreatit, erkən laparotomiya, enteral qidalanmanın erkən başlanması və qeyri-rasional antibiotikoterapiya) ilə müşayiəl olunan ağır pankreatitlər absesin əmələ gəlməsinə rəvac verir.
Mədəaltı vəzin absesinin patogenezi
Kəskin pankreatitin inkişaf etdikdə vəzin toxuması zədələnir, nəticədə fermentlər həm vəzin özünə, həm də ətraf toxumalara düşərək onları zədələyir. Beləliklə, pankreonekroz başlaya, psevdokista (içərisi mayeşəkilli möhtəviyyat və nekrozlaşmış toxuma hissəciklərindən ibarət boşluq) yarana bilər. İnfeksiya patoloji proses nahiyəsinə düşdükdə ya mədəaltı vəzin fleqmonası – total irinləmə, ya da abses formalaşa bilər. Fleqmona ağır və proqnostik baxımdan qeyri-kafi patoloji vəziyyətdir, klinikasına görə bir absesdən, demək olar ki, fərqlənmir. Bundan başqa, fleqmona zamanı toxumalarda çoxsaylı abseslər əmələ gələ bilər.
Mədəaltı vəzin absesinin simptomları
Mədəaltı vəzin absesi uzun müddət, adətən, 10-15 gün ərzində formalaşır. Beləliklə, pankreatit başladıqdan iki-dörd həftə sonra bədən temperaturu febril göstəricilərə qədər yüksəlir; titrəmə, taxikardiya yaranır; qarnın yuxarı hissədində ağrılar güclənir. Ağrılar kifayət qədər güclü olub kəmərləyici xarakter daşıyır. Zəiflik, tükənmə, iştahasızlıq, güclü tərləmə xəstənin diqqətini cəlb edir. Onu ürəkbulanma, qusma narahat edir; qusduqdan sonra uzun müddət ağızda acı dad hiss edir. Bütün intoksikasiya əlamətləri qeyd olunur. Qarnın palpasiyasında şişəbənzər törəmənin olmasına, qarnın ön divarının əzələlərinin gərginliyinə diqqət yetirilir.
Mədəaltı vəzin absesinin ağırlaşmaları
Pankreatik abses infeksiyanın yayılması, vəzin özündə və ətraf toxumalarda çoxsaylı irinliklərin əmələ gəlməsi ilə ağırlaşır. İrin retroperitoneal sahəyə, cinsiyyət orqanlarına (bağırsaq, mədə), diafraqmaaltı və bağırsaqətrafı toxumaya, perikardial və plevral boşluğa axa; bağırsaq absesi, diafraqmaaltı abses, irinli plevrit və perikardit formalaşdıra bilər. Bununla yanaşı, nadir hallarda irinlik fistul əmələ gətirərək dərinin üzərinə axa bilər.
Fermentlər tərəfindən damarların divarlarının zədələnməsi zamanı güclü qanaxma, bəzən letal sonlanma baş verə bilər.
Mədəaltı vəzin absesinin diaqnostikası
Mədəaltı vəzin absesi diaqnozu ümumi cərrah tərəfindən hərtərəfli müayinədən sonra qoyulur. Qanın ümumi analizində yüksək leykositoz, leykositar formulda sola meyillik, EÇS-in yüksəlməsi, anemiya qeyd olunur. Qanın biokimyəvi analizində pankreatik fermentlərin səviyyəsinin yüksəlməsi, hiperqlikemya diqqət cəlb edir. Sidikdə amilazanın səviyyəsi yüksəlir, abses formalaşdıqca miqdarı tədricən azala bilər.
Pankreatik absesin rentgenoloji müayinəsi bəzi xüsusiyyətlərə malikdir. Belə ki, vəz mədənin arxasında yerləşir və irinliyin kölgəsi mədədəki qaz qovuqcuqlarının üzərində əks oluna bilər. Buna görə də ekspoziya mümkün qədər uzun olmalıdır, absesə şübhə olduqda mədə boşluğuna kontrast maddə yeridilir və yan proyeksiyada vertikal şəkil çəkilir. Bu zaman maye (abses) ətrafında dairəvi kölgə mədədə yerləşir. Kontrast maddə abses boşluğuna daxil olduqda fistul haqda danışmaq olar. Rentgenoloji şəkillərdə bağırsaqların sıxılması, orqanların yerdəyişməsi əlamətləri də görünə bilər. Sol diafraqma gümbəzi yüksək yerləşir, onun hərəkiliyi məhdud və plevral boşluqda eksudat da ola bilər.
Mədəaltı vəzin USM-i, qarın boşluğu orqanlarının KT-i absesin miqdarını, ocağın ölçülərini və lokalizasiyasını müəyyənləşdirməyə imkan verir. Ehtiyac olduqda abses dəridən punksiya edilir, boşluğu aspirasiya olunur; əldə olunmuş möhtəviyyat analiz olunur və bakterioloji əkilir. Differensial diaqnostika mədəaltı vəzin psevdokistaları və pankreonekrozla aparılır.
Mədəaltı vəzi absesinin müalicəsi
Müalicə abdominal cərrah tərəfindən həyata keçirilir. Abses onun sanasiyasına və drenajına mütləq göstərişdir. Praktika göstərir ki, irinliyin dəridən drenajı yalnız 40% hallarda sağalmaya gətirib çıxarır; bu metodun icrası zamanı fleqmona, çoxsaylı abseslər, infeksiyanın pankreas ətrafı toxumalara yayılması baş verə bilər. Məhz buna görə absesin endoskopik və ya klassik laparotomla eksiziyası (kəsilib çıxarılması) və drenajı üstün metoddur. Cərrahi əməliyyat zamanı ətraf orqanlarda, retroperitoneal toxumada ikincili absesin olub-olmamasına diqqət edilir.
Pasientə paralel olaraq bakterioloji əkilmənin nəticələrinə müvafiq antibiotikoterapiya, ağrıkəsici preparatlar, spazmolitiklər, ferment inhibitorları təyin olunur. Dezintoksikasiya məqsədilə infuzion terapiya aparılır.
Mədəaltı vəzin absesinin proqnoz və profilaktikası
Mədəaltı vəzin absesinin yaranma səbəbləri axıra qədər aydınlaşdırılmayıb; hazırda pankreatit və pankreonekrozdan sonra bu patologiyanın inkişafının profilaktikasına dair heç bir tədbir mövcud deyil. Beləliklə, absesləşmənin profilaktikası pankreatitin qarşısının alınmasıdır, çünki abses yalnız bu patologiyanın fonunda formalaşır.
Abses əmələ gəldikdə proqnoz ciddidir: cərrahi müalicə olunmadıqda ölüm göstəricisi 100%-dir. Müalicədən sonra isə sağqalma 40-60%-ə çatır. Xəstəliyin proqnozu həkimə vaxtında müraciətdən, sürətli diaqnostikadan və operativ müalicədən asılıdır. Diaqnoz nə qədər tez qoyulub müalicə olunarsa, uzaq nəticələr də bir o qədər yaxşı olar.