Mədəciklərin titrəməsi
Mədəciklərin titrəməsi – tezləşmiş düzgün ritmlə (dəqiqədə 200-300-ə qədər) səciyyələnən mədəcik taxiaritmiyasıdır. Mədəciklərin titrəməsi arterial təzyiqin enməsi, huşun itirrilməsi, dəri örtüklərinin avazıması və ya diffuz sianozu, aqonal tənəffüs, qıcolma, bəbəklərin genişlənməsi ilə müşayiət olunaraq, qəfləti koronar ölümlə nəticələnə bilər. Diaqnoz klinik və elektrokardioqrafik məlumatlara əsasənn qoyulur. Mədəciklərin titrəməsi zamanı təxirəsalınmaz yardım təcili defibrillyasiya və ürək-ağciyər reanimasiyasının aparılmasından ibarətdir.
Mədəciklərin titrəməsi barədə ümumi məlumat
Mədəciklərin titrəməsi miokardın elektrik aktivliyinin dezorqanizasiyası – mədəciklərin dəqiqədə 200-dən artıq tezliklə ritmik yığılması ilə xarakterizə olunur. Mədəciklərin titrəməsi səyriməyə (fibrillyasiya) – mədəciklərin tezləşmiş (dəqiqədə 500-ə qədər), lakin qeyri-müntəzəm və nizamsız fəaliyyətinə keçə bilər. Mədəciklərin titrəmə və səyriməsi hemodinamikanın pozulmasına gətirib çıxaran və aritmik ölümün ən çox rast gəlinən səbəblərindən olan təhlükəli aritmiyaların sırasına aid edilir. Epidemioloji məlumatlara əsasən mədəciklərin titrəmə və fibrillyasiyası adətən 45-75 yaşlı şəxslərdə yaranır və qadınlara nisbətən kişilərdə 3 dəfə çox müşahidə olunur. Qəfləti ürək ölümünün 75-80%-i mədəciklərin fibrillyasiyası səbəbindən baş verir.
Mədəciklərin titrəməsinin yaranma səbəbləri
Mədəciklərin titrəmə və fibrillyasiyası həm ürək xəstəlikləri, həm də müxtəlif ekstrakardial patologiyalar fonunda inkişaf edə bilər. ÜİX (kəskin miokard infarktı, postinfarkt kardioskleroz), ürək anevrizması, miokardit, hipertrofik və ya dilatasion kardiomiopatiya, Volf-Parkinson-Uayt sindromu, ürək qapaqlarının qüsurları (aorta dəliyinin stenozu, mitral qapağın prolapsı) zamanı miokardın ağır üzvi zədələnməsi əksər hallarda mədəciklərin titrəmə və fibrillyasiyası ilə ağırlaşır.
Mədəciklərin titrəməsinə həmçinin ürək qlikozidləri ilə intoksikasiya, qanda katexolaminlərin yüksək səviyyəsi, elektrolit balansının pozulması, elektrotravma, döş qəfəsinin yaralanmaları, ürəyin kontuziyası, hipoksiya, asidoz, hipotermiya səbəb ola bilər. Mədəcik taxikardiyası bəzi dərman preparatlarının (simpatomimetiklər, barbituratlar, narkotik analgetiklər, antiaritmik vasitələr və s.) yan təsiri kimi yarana bilər. Bəzən mədəciklərin titrəmə və səyriməsi kardiocərrahi prosedurlar – koronaroqrafiya, elektrik kardioversiya və defibrillyasiya nəticəsində baş verir.
Mədəciklərin titrəməsinin patogenezi
Mədəciklərin titrəməsinin inkişafı re-entry mexanizmi – mədəcik miokardında oyanma dalğasının dairəvi sirkulyasiyası ilə bağlıdır. Bu pozğunluq mədəciklərin diastolik interval olmadan tez-tez və ritmik yığılmasına gətirib çıxarır. Re-entry dairəsi infarkt zonası və ya mədəcik anevrizmasının perimetri boyunca yerləşə bilər.
Mədəciklərin fibrillyasiyasının patogenezində əsas rol mədəciklərın tam şəkildə yığılmaması ilə ayrı-ayrı miokardial liflərin yığılmasına səbəb olan çoxsaylı xaotik re-entry dalğalarına məxsusdur. Bu proseslər miokardın elektrofizioloji dezorqanizasiyası – mədəciklərin müxtəlif sahələrinin eyni zamanda depolyarizasiya və repolyarizasiya mərhələsində olması ilə əlaqədar baş verir.
Mədəciklərin titrəmə və fibrillyasiyası əksər hallarda mədəcik və ya mədəciküstü ekstrasistoliya nəticəsində yaranır. Re-entry mexanizmi qulaqcıqların titrəməsi və səyriməsi, Volf-Parkinson-Uayt sindromu, qulaqcıq və mədəcik taxikardiyasına səbəb ola bilər.
Mədəciklərin titrəmə və səyriməsi zamanı ürəyin vurğu həcmi sürətlə azalır və sıfıra bərabər olur, bu da qan dövranının dayanması ilə nəticələnir. Mədəciklərin paroksizmal titrəmə və ya fibrillyasiyası bayılma, taxiaritmiyanın daimi forması isə əvvəlcə kliniki, sonra isə bioloji ölümlə müşayiət olunur.
Mədəciklərin titrəməsinin təsnifatı
Mədəciklərin titrəmə və səyriməsinin 4 inkişaf mərhələsi ayırd edilir:
I – taxisistolik mərhələ (mədəciklərin titrəməsi). 1-2 saniyə davam edir, ürəyin tezləşmiş, koordinasiyalı yığılmaları ilə xarakterizə olunur, bu, EKQ-də kəskin yüksək amplitudlu kənaraçıxmalarla 3-6 mədəcik kompleksinə uyğun gəlir.
II – qıcolma mərhələsi. 15-50 saniyə davam edir; miokardın tezləşmiş, qeyri-müntəzim lokal yığılmaları qeydə alınır. Elektrokardioqrafik şəkil müxtəlif amplitud və ölçülərə malik yüksək voltlu dalğalarla səciyyələnir.
III – mədəciklərin səyriməsi. 2-3 dəqiqə davam edir, miokardın ayrı-ayrı sahələrinin müxtəlif tezliklik, çoxsaylı, qeyri-müntəzəm yığılmaları ilə müşayiət olunur.
IV – atoniya mərhələsi. Mədəciklərin səyriməsindən 2-5 dəqiqə sonra inkişaf edir. Kiçik, qeyri-müntəzəm yığılma dalğaları, yığılmayan sahələrin sayının artması ilə xarakterizə olunur. EKQ-də tədricən azalan amplitudlu qeyri-müntəzəm dalğalar qeydə alınır.
Klinik gedişinə görə mədəciklərin titrəmə və səyriməsi paroksizmal və daimi formalara ayrılır. Titrəmə və səyrimənin paroksizmləri residivləşə – gün ərzində bir neçə dəfə təkrarlana bilər.
Mədəciklərin titrəməsinin əlamətləri
Mədəciklərin titrəmə və fibrillyasiyasının təzahürləri faktiki olaraq, kliniki ölümə uyğun gəlir. Mədəciklərin titrəməsi zamanı aşağı ürək atımı, arterial hipotoniya və huş qısa müddət saxlanıla bilər. Nadir hallarda mədəciklərin titrəməsi sinus ritminin spontan bərpası ilə nəticələnir; çox zaman qeyri-stabil ritm mədəciklərin fibrillyasiyasına transformasiya edir.
Mədəciklərin titrəməsi və fibrillyasiyası qan dövranının dayanması, huşun itirilməsi, yuxu və bud arteriyalarında nəbzin itməsi, aqonal tənəffüs, dəri örtüklərinin kəskin avazıması və ya diffuz sianozu ilə müşayiət olunur. Bəbəklər genişlənir, onların işığa reaksiyası itir. Tonik qıcolmalar, qeyri-iradi sidik ifrazı və defekasiya baş verə bilər. 4-5 dəqiqə ərzində effektiv ürək ritmi bərpa olunmadıqda, MSS və digər orqanlarında geridönməyən dəyişikliklər yaranır.
Mədəciklərin titrəmə və fibrillyasiyasının ən qeyri-qənaətbəxş sonluğu ölümdür. Ürək-ağciyər reanimasiyasının aparılması ilə assosiasiyalı ağırlaşmalara aspirasion pnevmoniya, qabırğaların sınığı zamanı ağciyərin yaralanması, pnevmotoraks, hemotoraks, yanıqlar aiddir. Postreanimasion dövrdə əksər hallarda müxtəlif aritmiyalar, anoksik (hipoksik, işemik) ensefalopatiya, reperfuziya sindromu ilə əlaqədar miokardın disfunksiyası müşahidə oluna bilər.
Mədəciklərin titrəməsinin diaqnostikası
Diaqnoz klinik və elektrokardioloji məlumatlara əsasən qoyulur. Mədəciklərin titrəməsi zamanı EKQ-şəkil sinusoid əyrisini xatırladan, dəqiqədə 200-300 tezlikli eyni amplitud və formalı müntəzəm dalğalarla; dalğalar arasında izoxəttin olmaması; P və T dişciklərinin olmaması ilə xarakterizə edilir.
Mədəciklərin fibrillyasiyasında dəqiqədə 300-400 tezlikli, forma, müddət, hündürlük və istiqamətini fasiləsiz dəyişən dalğalar, onlar arasında izoxəttin olmaması qeydə alınır.
Mədəciklərin titrəmə və səyriməsini massiv AATE (ağciyər arteriyasının tromboemboliyası), ürəyin tamponadası, paroksizmal mədəcik taxikardiyası və mədəciküstü aritmiyadan differensiasiya etmək lazımdır.
Mədəciklərin titrəməsinin müalicəsi
Mədəciklərin titrəmə və ya fibrillyasiyası zamanı təcili sürətdə sinus ritminin bərpasına yönəldilmiş reanimasion tədbiqlər aparılmalıdır. İlkin reanimasiya prekardial zərbə və yaxud süni tənəffüs və ürəyin dolayı masajından ibarətdir. İxtisaslaşmış ürək-damar reanimasiyasının əsas komponentlərinə ürəyin elektrik defibrillyasiyası və AVL aiddir.
Reanimasion tədbirlərlə bərabər adrenalin, atropin, natrium-hidrokarbonat, lidokain, prokainamid, amiodaron, maqnezium-sulfat damardaxili yeridilir. Bununla yanaşı cərəyanın (200-400C) hər seriyasından sonra enerjinin artırılması ilə təkrari elektrik defibrillyasiya aparılır. Ürəyin tam atrioventrikulyar blokadası nəticəsində yaranan mədəciklərin titrəmə və səyriməsinin residivlərində mədəciklərin tezliyindən üstün ritm tezliyi ilə onların müvəqqəti endokardial stimulyasiyası həyata keçirilir.
30 dəqiqə ərzində xəstədə spontan tənəffüs, ürək fəaliyyəti, bəbəklərin işığa reaksiyası, huş bərpa olunmadıqda reanimasion tədbirlər dayandırılır. Uğurlu reanimasiyadan sonra pasiyent reanimasiya və intensiv terapiya şöbəsinə köçürülür. İki kameralı kardiostimulyator və ya kardioverter-defibrillyatorun implantasiyasının zəruriliyi barədə qərar kardioloq tərəfindən qəbul edilir.
Mədəciklərin titrəməsinin proqnoz və profilaktikası
Mədəciklərin titrəmə və fibrillyasiyasının sonluğu reanimasion tədbirlərin aparılma vaxtı və effektivliyindən asılıdır. Erkən və adekvat ürək-ağciyər reanimasiyası zamanı sağqalma ehtimalı 70% təşkil edir. Qan dövranının 4 dəqiqədən çox dayandığı hallarda MSS-də geri-dönməyən dəyişikliklər baş verir. Yaxın postreanimasion dövrdə letal sonluğun əsas səbəbi hipoksik ensefalopatiyadır.
Mədəciklərin titrəmə və fibrillyasiyasının profilaktikası ilkin xəstəliyin gedişinin nəzarətdə saxlanılması, risk amillərinin qiymətləndirilməsi, antiaritmik preparatların təyini, kardioverter-defibrillyatorun implantasiyasından ibarətdir.