Məxmərək (Rubella)
Məxmərək – kəskin virus infeksiyası olub, mülayim intoksikasiya fonunda xarakterik səpkilərlə xarakterizə edilir. Xəstəlik regionar limfoadenopatiya və hematoloji reaksiyalarla müşayiət olunur. Məxmərək virusu insan nəfəs alarkən tənəffüs yollarının selikli qişasından orqanizmə daxil olur. İnkubasiya dövrü 10-25 gün davam edir. Məxmərəyin tipik əlamətləri sayılan səpkilər əvvəlcə üz nahiyəsində yaranır. Onlar qısa zaman ərzində ovuc və ayaqların altı istisna olmaqla, bütün bədənə yayılır.
Məxmərək virusunun xarakteristikası
Məxmərək Rubivirus cinsindən olan RNT tərkibli virus tərəfindən törədilir. Bu virus ətraf mühitin faktorlarına qarşı az dözümlüdür. Ultrabənövşəyi şüaların, dezinfeksiyaedici kimyəvi vasitələrin, istinin təsirindən inaktivləşir. Virus otaq temperaturunda bir neçə saat yaşayır. Məxmərək törədicisinin mənbəyi xəstə insandır. Xəstəlik həm klinik simptomatika ilə, həm də gizli formada gedə bilir. Virusun ifrazı ekzantemadan 1 həftə əvvəl başlayır, orta hesabla 5-7 gün davam edir. Uşaqlarda anadangəlmə məxmərək zamanı törədici burun-udlağın seliyi, sidik, bəzən isə nəcislə ifraz edilir.
Məxmərək əsasən hava-damcı yolu ilə yayılır. Yoluxma təmas-məişət yolu (oyuncaqlar, qab-qacaq) ilə də baş verə bilər. Hamilələr məxmərəyə tutulduqda infeksiya ciftlə dölə ötürülür. Suçiçəyi, qızılca xəstəliklərinin törədicilərinə nisbətən məxmərək virusu dözümsüz olduğundan infeksiyaya yoluxma ancaq sıx təmas hallarında mümkündür.
Reproduktiv dövrdə olan, xüsusən 20-29 yaşlı qadınlar məxmərəyə daha meylli sayılır. İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişası, bəzən isə zədələnmiş dəri örtüyü hesab olunur. Virusun çoxalması və toplanması regionar limfa düyünlərində baş verir. Törədici qanla yayılaraq, digər limfa düyünlərini zədələyir, dəri örtüklərində çökərək, immun reaksiyalara səbəb olur. Formalaşmış anticisimlər virusla mübarizə aparmaqla, orqanizmi təmizləyir. Postinfeksion immunitet ömürlükdür.
Məxmərəyin əlamətləri
İnkubasion dövr 10-25 gündür. Böyüklərdə xəstəlik adətən prodromal əlamətlərlə: qızdırma, baş ağrıları, halsızlıqla başlayır. Bəzi insanlarda zökəm, quru öskürək, boğazda göynəmə, gözlərin sulanması, işıqdan qorxma müşahidə olunur. Müayinə zamanı udlağın arxa divarında və əsnəkdə yüngül hiperemiya, konyunktivanın qıcıqlanması izlənilir. Bu əlamətlər 1-3 günə keçib gedir. Uşaqlarda kataral əlamətlərə demək olar ki, rast gəlinmir.
Xəstəliyin başlanğıc mərhələsində həm böyüklərdə, həm də uşaqlarda ənsə və boyun nahiyələrinin ilimfa düyünlərinin limfadeniti qeydə alınır. Limfa düyünlərinin ölçüləri böyüyür, onlara toxunduqda ağrı yaranır. Limfadenit 2-3 həftəyə qədər davam edə bilər. Kataral dövrdən sonra səpkilər əmələ gəlir. Adətən səpkidən əvvəl qaşınma olur.
75-90% hallarda səpkilər xəstəliyin ilk günündə meydana çıxır. Onlar əvvəlcə üz, boyun, qulaqarxası və başın tüklü hissəsində formalaşır. 1 sukta ərzində səpki dərinin bütün sahələrini (ovuc və ayaqaltından başqa) bürüyür. Oynaqların açıcı səthləri, kürək və sağrı nahiyəsinin səpkiləri daha qabarıq olur. Nadir hallarda ağzın selikli qişasında kiçik ölçülü enantema (Forheym ləkəsi) aşkarlanır. Səpkilər xırda olub, dəri səthindən hündürə qalxmır. Ləkələr üçün qırmızı və ya çəhrayı çalar, girdə forma, hamar kənarlar xarakterkdir. Səpki elementlərinin ətrafındakı dəri örtüyü dəyişilmir. Böyüklərdə səpkilər çox zaman öz aralarında birləşir. Uşaqlarda isə bu əlamətə təsadüf olunmur.
Səpmə dövründə bədən temperaturu norma həddində olur və ya sübfebril rəqəmlərə qədər yüksəlir. Polilimfadenit qeyd olunur. Bəzən mialgiya, artralgiya, dispeptik əlamətlər, mülayim dərəcəli hepatosplenomeqaliya müşahidə olunur. Əksər qadınlar poliartritin əlamətləri ilə üzləşirlər. Səpki təxminən 4 gün ərzində qalır, sonra isə heç bir iz qoymadan sürətlə itir.
Ümumilikdə məxmərək böyüklərdə uşaqlarda olduğu kimi gedir. Sadəcə yetkin şəxslərdə xəstəliyin davam etmə müddəti və ağırlıq dərəcəsi çox olur, kataral əlamətlər parlaqlığı ilə seçilir, səpkilərin əksəriyyəti öz aralarında birləşir. Limfoadenopatiya əlamətlərinə isə böyüklərdə çox vaxt rast gəlinmir.
Məxmərəyin ağırlaşmaları
Məxmərək yalnız prosesə bakterial infeksiya qoşulduqda fəsadlaşır. Onlara ikincili pnevmoniya, angina, otit aiddir. Bəzən artir, trombositopenik purpura məxmərəyin ağırlaşmasına səbəb olur. Böyüklərdə nadir hallarda sinir sistemi tərəfdən fəsadlaşma: ensefalit, meninqoensefalit, ensefalomielit qeydə alınır. с
Hamilə qadınların məxmərəyə tutulması böyük təhlükə kəsb edir. İnfeksiya ana orqanizminə nəzərə çarpacaq dərəcədə təsir göstərməsə də, döl üçün qorxulu sayılır. Məxmərək virusu döldə anadangəlmə inkişaf qüsurlarının yaranmasına, hətta onun bətndaxili ölümünə gətirib çıxara bilir. Anomaliyaların formalaşma ehtimalı ilə infeksiyalaşmanın hamiləliyin neçənci həftəsində baş verməsi arasında birbaşa asılılıq mövcuddur. Bu əlaqə anadangəlmə məxmərəyə də aiddir. Belə ki, hamiləliyin 3-4-cü həftəsində qadın xəstələndikdə, körpədə patologiya riski 60% təşkil edir. Hamilənin 13-14-cü həftələrdən sonra infeksiyaya yoluxması bu rəqəmi yenidoğulmuşda məxmərək ehtimalını 7%-ə qədər azaldır.
Məxmərəyin diaqnostikası
Məxmərəyin spesifik seroloji müayinəsi retrospektiv diaqnostik əhəmiyyət daşıyır. Çünki cüt zərdabların müayinəsi 10 gün intervalla aparılır. M və G immunoqlobulinlərin titri İFA, İAR, KBR (komplementin birləşmə reaksiyası) və ya HATR (hemaqlütinasiyanın tormozlanma reaksiyası) ilə təyin edilir.
Bundan əlavə məxmərəyə tutulan insanla təmasda olan hamilə qadınlarda infeksiyalaşma və dölün zədələnmə ehtimalını aşkar etmək məqsədilə seroloji analizə, limfositlərin blasttransformasiya reaksiyasına ehtiyac yaranır. Hamilələrdə qan zərdabının analizi maksimal dərəcədə erkən vaxtlarda, xəstə şəxslə təmasdan 12 gündən çox keçmədən aparılır. Bu vaxtlarda G immunoqlobulinin aşkarlanması adətən infeksiyanın əvvəllər keçirilməsinə dəlalət edir, hamiləliyin sonlandırılmasına ehtiyac yaranmır. Anticisimlərin (xüsusən M immunoqlobulinlər) ikinci zərdabda müşahidə olunması aktiv infeksion prosesdən xəbər verir. Bu isə dölün inkişafına mənfi təsir göstərə bilir.
Qeyri-spesifik laborator üsullara qanın ümumi analizi aiddir. Müayinə prosesində EÇS-nin yüksəlməsi, limfositoz izlənilir. Böyüklərin qanında bəzən plazmositlər müəyyən edilir. Məxmərək infeksiyasının ağırlaşmasına şübhə yarandıqda əlavə müayinələr təyin olunur. Pnevmoniyanın diaqnostikasında ağciyərlərin rentgenoqrafiyası köməyə gəlir. Nevroloji pozğunluqlarda baş beynin EEQ, reoensefaloqrafiya, EXO-EQ icra olunur. Otit hallarında otolarinqoloqun konsultasiyası lazım gəlir.
Məxmərəyin müalicəsi
Məxmərək adətən ambulator şəraitdə müalicə edilir. Təhlükəli ağırlaşmalar baş verdikdə xəstə hospitalizasiya edilir. Məxmərəyin etiotrop müalicəsi tərtib olunmamışdır. Əksər hallarda formalaşmış immun cavabla əlaqədar virusun eliminasiyası nəticəsində öz-özünə sağalma baş verir.
Xəstəliyin ağır gedişində simptomatik və patogenetik preparatlar (dezintoksikasion terapiya, qızdırma salan vasitələr, sedativ, antihistamin dərmanlar) təyin olunur. Məxmərək mənşəli artrit zamanı 5-7 gün müddətində xloroxindən istifadə edilir. Nevroloji ağırlaşmaların inkişafı predinazolon və dehidratasion terapiyaya göstərişdir. Anadangəlmə məxmərək isə müalicəyə tabe olmur.
Məxmərəyin proqnoz və profilaktikası
Əksər hallarda proqnoz qənaətbəxş olur, xəstəlik tam sağalma ilə nəticələnir. Xəstəlik ensefalitlə ağırlaşdıqda proqnoz pisləşir. Məxmərək hamiləlikdə çox qorxuludur. Ananın infeksiyalaşması döldə ciddi fəsadlar (anadangəlmə katarakta, karlıq, ürək qüsurları, mikrosefaliya və s.) törədə bilir.
İnkişaf etmiş ölkələrdə məxmərəyin spesifik profilaktikası peyvəndlə həyata keçirilir. Vaksinasiya 2 dəfə vurulur: ilk dəfə – uşaq 12-16 aylıq olduqda, revaksinasiya – 6 yaşda. Ehtiyac yarandıqda yeniyetmə qızlar və gənc qadınlar təkrarən peyvənd oluna bilər.
Xəstə insanla təmasda olan uşaqlar və hamilələrə profilaktik məqsədlə təcili surətdə məxmərək əleyhinə immunoqlobulin yeridilir. Məxmərəyə tutulan şəxslər səpkilər əmələ gəldikdən sonra 5 gün ərzində izolyasiya olunur. Xəstələrə və təmasa girən insanlara görə xüsusi karantin tədbirləri yoxdur.