Məsaməli dəri

Məsaməli dəri – yağlı və ya kombinəolunmuş dərinin xüsusiyyəti olub, piy vəzilərinin dəliyinin genişlənməsi ilə xarakterizə edilir. Üzün məsaməli dərisi kobud görünərək, portağal və ya limon qabığını xatırladır. Belə dərinin tipik problemlərinə yağlı parıltı, bozumtul rəng, komedonlar, sızanaqlar aiddir. Ev şəraitində gündəlik qulluqdan əlavə dermatokosmetoloq tərəfindən salon terapiyası: üzün təmizlənməsi, kimyəvi pilinq, məsamələri daraldan maskalar, mikrodermabraziya, kriomasaj, aparat prosedurları, mezoterapiya məsləhət görülə bilər. Daxili orqanların patologiyalarını inkar etmək üçün qastroenteroloq və endokrinoloqun konsultasiyası məqsədəuyğundur.

Məsaməli dəri barədə ümumi məlumat

Məsaməli dəri –  pis vəzilərinin dəliyinin genişlənməsi ilə səciyyələnən problemli dəridir. Genişlənmiş məsamələr – yağlı və ya kombinəolunmuş dəriyə sahib olan insanlarda ən çox rast gəlinən dəri qüsurudur. Bu kosmetoloji problemlə həm də qadınlar, həm də kişilər qarşılaşa bilər. Məsaməli dəri adətən yeniyetmə dövründə müşahidə edilir, yaş artdıqca bu qüsur daha da dərinləşir. Genişlənmiş məsamələr əsasən burun, yanaqlar, çənə nahiyəsində yerləşir və üzə nahamar və qeyri-sağlam  görüntü verir.  Kosmetologiya və dermatologiyada məsaməli dəri problemi müasir inyeksiya və aparat üsullarının köməyilə müvəffəqiyyətlə həll oluna bilər.

Məsaməli dərinin səbəbləri

Piy vəziləri demək olar ki, bütün dəri örtüyündə (ovuc və dabanlar istisna olmaqla) yerləşir; onlara daha çox üz (alın, burun, yanaqlar, çənə), başın tüklü hissəsi, sinə və kürək nahiyəsinin yuxarı hissəsində rast gəlinir. Piy vəzisi sekretor şöbə və axacaqdan ibarətdir. Funksional baxımdan piy vəzilərinin fəaliyyəti dəri piyinin (sebum) sintezi və ifrazından ibarətdir. Dəri piyi sebositlərdə əmələ gəlir. Bu hüceyrələrin yetişmə prosesində onların daxilində sekret toplanır. İnkişaf sikli başa çatdıqda piylə doymuş ölü hüceyrələr vəzi axacağı vasitəsilə dəri səthinə xaric edilir. Gün ərzində piy vəziləri təxminən 20qram ifraz edir. Piy vəzilərinin sekreti su və lipidlərdən (xolesterin, triqliseridlər, yağ turşularının mürəkkəb efirləri, spirtlər, skvalen və s.) təşkil olunmuşdur.

Piy vəzilərinin fəaliyyəti böyrəküstü steroidlər və cinsi hormonlar (dəri piyinin sintezini gücləndirən androgenlər və sebumun hasilini azaldan estrogenlər) tərəfindən tənzimlənir. Piy vəzilərinin funksional aktivliyinin ən yüksək səviyyəsi yeniyetmə dövrünə təsadüf edir və orta hesabla 25 il davam edir. Adətən bu problem pubertat dövründən başlanır: dəri piyinin hipersekresiyası sebumun vəzi axacağında toplanmasına və dəliyin genişlənməsinə gətirib çıxarır. Yaş artdıqca dəri piyinin sintezi azalır, nəticədə yetkin dəri quru dəri tipinə malik olur.

Bundan əlavə məsaməli dərinin olması genetik amillərlə də bağlıdır: hər iki valideyndə iri məsaməli dəri oluduqda uşağın gələcəkdə analoji problemlə qarşılaşacağı ehtimal edilir. Məsaməli dəri əksər hallarda endokrin pozğunluqlar, MBT xəstəlikləri, xroniki qəbizlik, anemiyadan əziyyət çəkən insanlarda müşahidə edilir. Genişlənmiş məsamələr adətən seboreya zamanı izlənilir.

Həmçinin dekorativ kosmetikanın hədsiz dərəcədə istifadəsi, problemli dəriyə qeyri-düzgün qulluq, pis ekologiya məsamələrin çirklənmə və genişlənməsinə səbəb olur. Dəridəki iltihabi elementlərin ev şəraitində sıxılması məsamələri genişləndirir: belə manipulyasiyalar piy vəzilərinin dəliyinin genişlənmə və deformasiyası ilə müşayiət olunur. Zərərli qida vərdişləri olan (şokolad, qəhvə, ədəvalar, alkoqol, qənnadı məmulatlarından çox istifadə edən) şəxslərdə məsaməli dəri problemi ilə tez-tez üzləşirlər, bu da sadalanan məhsulların piy ifrazını artırması ilə bağlıdır.

Məsaməli dərinin xarakteristikası

Məsaməli dərinin əsasını «hiper» şəkilçisi ilə başlayan 3 proses təşkil edir: sebositlərin hiperplaziyası, dəri piyinin hiperproduksiyası və follikulyar hiperkeratoz (piy vəzilərinin dəliyinin genişlənməsi).

Məsaməli dəri yağlı və kombinəolunmuş dərinin əsas çatışmazlığlarına malik olur. Dəriyə adekvat qulluq edilmədikdə o, portağal və ya limon qabığını xatırladaraq, kobud və boşalmış görünür. Qıf şəklində genişlənən məsamələr («vulkan kraterləri») əsasən seboreya zonalarında – alın, burun, çənə və yanaqlarda lokalizasiya olunur. Məsaməli dəri üçün nahamar quruluş, tutqun boz rəng, yağlı görüntü, piy tıxacları, komedonlar, müxtəlif növ iltihabi səpkilər, sızanaqlar,  postakneyə meyllik xarakterikdir.

Dəri örtüyünün elastikliyinin itirilməsi məsamələrin genişlənməsinə gətirib çıxarır, bu səbəbdən fotoyaşlanma  əlamətlərinin müşahidə edildiyi, atonik və boşalmış dəridə məsamələr daha iri olur. Kişilərdə dəri piyi qatı konsistensiyaya malik olduğundan onlarda məsamələr qadınlara nisbətən geniş olur. İri məsamələr piy tıxacları və çirklə dolduğundan qeyri-estetik görünür. Problemli dəridə makiyaj səliqısiz görünür və əksər hallarda onun iriməsaməli relyefini daha ifadəli edir.

Məsaməli dəriyə qulluq

Məsaməli dəri həm ev şəraitində, həm də xüsusi qulluq tələb edir. Prosedura başlamazdan əvvəl dermatoloq dəriyə baxış keçirir, onun nəmliyi, yağlılığı, elastikliyini qiymətləndirir, pH səviyyəsini təyin edir, dermatoloji prolemləri üzə çıxarır. Bəzi hallarda əlavə konsultasiyalar (endokrinoloq, qastroenteroloq) və müayinələr (qarın boşluğu orqanlarının USM, qanın ümumi və biokimyəvi analizi)  tələb oluna bilər.

Məsaməli dəriyə ev şəraitində gündəlik qulluq onun təmizlənməsi, tonuslandırılması və nəmləndirilməsindən ibarətdir. Bu məqsədlə dəri tipinə uyğun kosmetik vasitələrdən istifadə olunur. Məsaməli dəriyə sahib olan qadınlar yağlı krem, izafi makiyaj, isti su və sabunla aqressiv yuyunma, spitrli məhlullarla yağsızlaşdırmadan imtina etməlidir. Yağlı və komedogen kosmetika məsamələri daraldaraq, iltihabi proseslərin inkişafına və bununla da piy vəzilərinin dəliyinin daha da genişlənməsinə səbəb olur. Yüksək temperaturlu su və spirt tərkibli losyonlar hidrolipid təbəqəsini dağıtmaqla dərini qurudur, piy vəziləri bu prosesə sebumun hipersekresiyası ilə cavab verir.

Üzün ilıq su ilə yuyulması, kosmetik buzun sürtülməsi, məsamələri daraldan toniklərin istifadəsi piy ifrazını  normaya salır, məsamələrir daraldır və dərinin tonuslandırır. Buynuzlaşmış epitelin soyulması, məsamələrin dəri piyi və çirkdən təmizlənilməsi məqsədilə həftədə 1-2 dəfə skrab-pilinq və pilinq-qommaj aparılır. Ağ gildən hazırlanan məsamələri daraldan, adsorbsiyaedici təsirə malik kosmetik maskalar çox effektivdir. Gündəlik qulluq tədbirləri nəmləndirici kremin çəkilməsi ilə tamamlanır.

Estetik kosmetikada genişlənmiş məsamələrə qarşı müxtəlif qulluq, aparat və inyeksiya prosedurları təklif edilir. Əksər hallarda onlar kombinə edilir. Məsaməli dəriyə qulluğun baza tədbiri onun təmizlənməsidir. Bu səbəbdən istənilən prosedurun protokoluna üzün təmizlənməsi (manual, ultrasəslə, kimyəvi, atravmatik, vakuumla və s.) daxildir. Qadınlara kimyəvi pilinq (enzim, qlükol, ABR, TCA ilə) məsləhət görülə bilər. Onlar buynuzlaşmış epidermisi təmizləyir, dərinin relyefini hamarlaşdırır.

Dərinin lazerlə cilalanması epidermisin intensiv yenilənməsi, məsamələrin daralması, kiçik çapıqlar və postaknenin aradan qaldırılmasına kömək edir. Analoji effektə malik, lakin daha az travmatik prosedurlar mikrodermabraziya və maye-qaz pilinqidir. Məsaməli dəriyə qulluq üzrə protokola üzün masajı (Jake üsulu, kriomasaj), darsonvalizasiya, ultrafonofarez, alginat maskaları daxil ola bilər. Fərdi qaydada seçilən xüsusi kokteyllərlə mezoterapiya arzuolunan nəticəni əldə etməyə imkan verir. Dəri ev şəraitində  düzgün və peşəkar qulluq zamanı məsamələr tədricən daralır və demək olar ki, nəzərə çarpmır.

error: Content is protected !!