Makulyar yırtıq

Makulyar yırtıq – torlu qişanın makula nahiyəsində defektin yaranması ilə müşayiət olunan xəstəlikdir. Yırtıq ilkin mərhələlərdə simptomsuz gedir. Klinik təzahürlər yalnız gecikmiş mərhələlərdə görmə itiliyinin kəskin azalması, görmə sahəsinin mərkəzi hissəsində tünd ləkənin formalaşması, metamorfopsiyaların əmələ gəlməsi ilə meydana çıxır. Diaqnostika prosesində standart müayinələr (vizometriya, tonometriya, biomikroskopiya) və əlavə metodlardan (gözün USM, flüoressent angioqrafiya, optik koherent tomoqrafiya) istifadə edilir. Müalicə cərrahi yolla (vitreoektomiya) aparılır.

Makulyar yırtıq barədə ümumi məlumat

Makulyar yırtıq gözün torlu qişasının patoloji vəziyyətidir. Şüşəyəbənzər cismin preretinal qatlarının gərilməsi nəticəsində makula nahiyəsində defekt yaranır. Bu da görmə itiliyinin kəskin azalmasına gətirib çıxarır. Makula torlu qişanın mərkəzi hissəsidir. Həmin nahiyə mərkəzi görməyə cavabdehdir. Makula diametri 2 mm-dən kiçik sarı ləkə şəklində vizualizasiya olunur. Makulyar yırtıq 60 yaşdan yuxarı şəxslər arasında görmə itiliyinin geridönməyən zəifləməsinin ən çox rast gəlinən səbəbidir.  Bu oftalmopatologiya ilk dəfə 1869-cu ildə Almaniyada təsvir olunmuşdur. Makulyar yırtığın yayılma tezliyi 40 yaşdan böyük yaş qrupunda 0,07-0,2%, 75 yaşdan yuxarı şəxslər arasında isə 0,8% təşkil edir. Kişilərlə müayisədə qadınlar bu xəstəliyə daha çox məruz qalır. Makulyar yırtıq əlilliyə gətirib çıxardığından pasiyentlərin həyat keyfiyyətini xeyli azaldır.

Makulyar yırtığın yaranma səbəbləri

Makulyar yırtığın patogenezinin əsasında şüşəyəbənzər cismin arxa səthində baş verən traksiya dayanır. Yırtığın başlanğıc mərhələlərində şüşəyəbənzər cisim hissəvi qopur. Bu zaman vitreal bağın görmə sinirinin çıxdığı hissəyə və foveolyar nahiyəyə birləşməsi saxlanılır. Şüşəyəbənzər cismin belə vəziyyəti torlu qişanın makula zonasına traksion təsir göstərməklə, yırtığın yaranmasına səbəb olur.

Makulyar yırtığın risk amillərinə yaş faktoru (yaşlı şəxslərdə şüşəyəbənzər cismin quruluşunda dəyişikliklər baş verir), göz və başın travmaları (vitreal bağın cırılması nəticəsində makulyar defekt əmələ gəlir), yüksək dərəcəli degenerativ miopiya, ağır fiziki yüklənmələr, hipertoniya xəstəliyi, tez-tez təkrarlanan stresslər aiddir.

Makulyar yırtığın təsnifatı

Makulada gedən patoloji dəyişikliklərdən asılı olaraq, yırtığın aşağıdakı mərhələləri ayırd edilir:

  • Cırılmaönü mərhələ. Başlanğıc faza sayılır. Bu zaman şüşəyəbənzər cismin arxa hüdud membranının traksiyası ilə əlaqədar fovelyar zona gərilir. İntraretinal kista formalaşır.
  • Lamelyar yırtıq mərhələsi. Fotoreseptor qatı saxlanılmaqla makula nahiyəsinin zədələnməsi dərinləşir. Lamelyar yırtıqlar 2 mərhələdə yaranır: əvvəlcə torlu qişanın qatları (Henle bağının xarici və daxili nüvə qatları) arasında retinalarası kista əmələ gəlir. Sonra traksiyanın təsirindən kistanın divarlarından biri qopur, makula nahiyəsində dəlib-keçməyən yırtıq meydana çıxır.
  • Makulanın cırılma mərhələsi(dəlib-keçən defekt). Torlu qişanın makula nahiyəsində girdə formalı dəliyin olması ilə xarakterizə edilir. Bu mərhələ əksər hallarda makula defekti ətrafında subretinal ödemlə müşayiət olunur.

Makulyar yırtığın əlamətləri və diaqnostikası

Makulyar yırtığın əlamətləri

Makulyar yırtığın klinik təzahürləri xəstəliyin mərhələsindən asılıdır. Cırılmaönü fazada pasiyent adətən heç nədən şikayətlənmir. Patologiya təsadüfən aşkarlanır. Əsasən digər gözün makula nahiyəsində defekt olan pasiyentlərdə müşahidə edilir. Lamelyar cırılma mərhələsində görmə itiliyi cüzi zəifləyir, metamorfopsiyalar (əşyaların forma və ölçülərinin qavranılmasının pozulması) yaranır. Xəstələr həkimə görmə itiliyinin kəskin azaldığı dəlib-keçən cırılma mərhələsində və ya görmə sahəsinin mərkəzində skotomanın (qara ləkə) formalaşdığı hallarda müraciət edirlər.

Müayinə prosesində standart üsullardan: vizometriya, tonoqrafiya, oftalmoskopiya, yarıqlı lampa ilə biomikroskopiyadan istifadə olunur. Köməkçi metodlar qismində kompüter tomoqrafiya (görmə sahəsində defektləri müəyyən etmək üçün) və gözün USM (şüşəyəbənzər cisimdə dəyişiklikləri üzə çıxarmaq məqsədilə) tətbiq olunur. Flüoressent angioqrafiya hiperflüorensensiyanın zədələnmiş hissəsini və cırılma zonasını aşkar edir. Optik koherent tomoqrafiya qızıl standart sayılır. Onun köməyilə torlu qişanın makula nahiyəsindəki dəyişikliklər yüksək dəqiqliklə vizualizasiya olunur, makulyar yırtığın ölçüləri təyin edilir.

Makulyar yırtığın müalicə və profilaktikası

Müalicə yalnız cərrahi yolla aparılır. Torlu qişanın daxili hialoid membranının xaric edilməsi və vitreal boşluğun hava və yaxud qazla doldurulması ilə vitreoretinal müdaxilələr həyata keçirilir. Ənənəvi vitrektomiya şüşəyəbənzər cismin bir neçə qatının və daxili hialoid membranın çıxarılması, spesifik qazın yeridilməsi ilə xarakterizə olunur. 500mkm-dən böyük makulyar yırtıqlarda vitreoretinal boşluğun silikon tamponadası məsləhət görülür. Postoperasion dövrdə pasiyent üzü aşağı vəziyyətdə olmalıdır. Əməliyyat düzgün aparıldıqda pasiyentlərin 70%-də görmə itiliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi qeydə alınır. Vitrektomiyanın fəsadlarına torlu qişanın total qopması, kataraktanın inkişafı və görmə sahəsində defektlərin formalaşması aiddir.

Makulyar yırtıqların profilaktikası müntəzəm şəkildə (xüsusən 60 yaşdan sonra) oftalmoloji müayinələrdən keçilməsindən ibarətdir. Yüksək dərəcəli miopiya zamanı ağır fiziki yüklənmələr, stress vəziyyətləri maksimal dərəcədə uzaqlaşdırılmalıdır. Arterial təzyiqin yüksəldiyi hallarda onun stabilizasiyası üçün dərman preparatlarının qəbulu məsləhət görülür. Makulyar yırtığın uğurlu müalicəsindən sonra oftalmoloqun müşahidəsi altında olmaq tövsiyə edilir. Bu yolla yeni cırılmaları vaxtında aşkar etmək mümkündür.

error: Content is protected !!