Maqnit rezonans tomoqrafiya (MRT)

Maqnit-rezonans tomoqrafiya (MRT)- daxili orqanların strukturunu vizualizə etməyə imkan verən qeyri-invaziv müayinə üsuludur. Müayinən mexanizmi nüvə maqnit rezonansı affektinə- orqanizmdəki atom nüvələrinin maqnit sahəsində elektromaqnit dalğalarına reaksiyasına əsaslanır. İnsan orqanizmində istənilən toxumanın 3 fazalı görüntüsünü əldə etməyə imkan verir. Tibbin bir çox sahələrində: qastroenterologiya, pulmonologiya, kardiologiya, nevrologiya, otorinolarinqologiya, mammologiya, ginekologiya və s. geniş istifadə edilir.

Maqnit-rezonans tomoqrafiyanın yaranma tarixi

MRT-nin yaranma tarixi 1973-cü il, amerika fiziki və radioloqu P.Loterbur bu mövzuda məqalə nəşr etdirdiyi tarix hesab olunur. Əslində isə MRT- nin tarixi daha öncələrə, XX əsrin 40-cı illərinə uzanır. Belə ki, amerikalı F. Blox və R.Pursel bir-birindən xəbərsiz olaraq nüvə-maqnit rezonansını təsvir etmişlər. 50-ci illərin əvvəlində hər iki alim fizika sahəsindəki kəşflərinə görə Nobel mükafatına layiq görülmüşlər. 1960-cı ildə sovet hərbiçisi MRT aparatına analoq ola biləcək cihaz üçün patent almağa çalışmış, lakin bunun “mümkünsüzlüyq” səbəbilə imtina almışdır.

Loterburun məqaləsindən sonra MRT-yə maraq kəskin artdı. Qısa müddət sonra P.Mensfild görüntülərin alınma alqoritmini təkmilləşdirməyə nail olur. 80-ci illərdə amerika xəstəxanalarından MRT müayinəsindən istifadə olunmağa başladı. 90-cı illərin əvvəllərində dünyada artıq təqribən 6 min MRT cihazı mövcud idi.

Müasir dövrümüzdə MRT müayinəsi tibbin əvəzolunmaz diaqnostik üsullarından hesab olunur. Qarın boşluğu orqanlarının, oynaqların, baş və onurğa beynin, damarların, onurğa sütununun, böyrəklərin, qadın cinsiyyət orqanlarının və digər anatomik strukturların xəstəliklərinin diaqnostikasını MRT-siz təsvir etmək mümkün deyil. MRT xəstəliklərin erkən dövründə meydana çıxan cüzi dəyişiklikləri belə aşkar etməyə, orqanların strukturu haqqında düzgün təsəvvür əldə etməyə, qan axınının sürətini və beynin müxtəlif şöbələrinin aktivliyini müəyyən etməyə, patoloji ocaqların dəqiq lokalizasiyasını öyrənməyə və s. imkan verir.

MRT növləri

  • Baş beynin MRT-si (baş beyin, hipofiz, burunətrafı ciblər)
  • Döş qəfəsi orqanlarının MRT-si (ağciyərlər və ürək)
  • Qarın boşluğu və boşluqdan kənar orqanların (mədəaltı vəz, qaraciyər, öd yolları, böyrəklər, böyrəküstü vəzi və s)
  • Kiçik çanaq orqanlarının MRT-si (sidikçıxarıcı yollar, prostat vəzi və qadın cinsi orqanları)
  • Dayaq-hərəkət apparatının MRT-si (onurğa, sümüklər və oynaqlar)
  • Yumşaq toxumaların, həmçinin süd vəziləri, boynun yumşaq toxumalarının (tüpürcək vəziləri, qalxanvari vəzi, qırtlaq, limfa düyünləri və digər struktur elementləri), əzələ və piy toxumalarının MRT-si.
  • Damarların MRT-si (baş beyin və ətraf damarları, mezenterial və limfatik sistem damarları)
  • Bütün bədənin MRT-si. Müxtəlif orqan və sistemlərə metastazların diaqnostikası məqsədilə.

MRT müayinəsi kontrast olmadan və ya kontrastla aparıla bilər.

Maqnit-rezonans tomoqrafiyaya əks göstərişlər

Kəskin əks göstərişlərə kardiostimulayator və digər implant olunmuş elektron cihazlar, böyük metal implantlar və İlizarov apparatı aiddir. Nisbi əks göstərişlərə ürək klapanlarının protezləri, orta qulağın qeyri-metal implantları, koxlear implantlar, insulin nasosları və ferromaqnit boyalarla tatuaj daxildir. Həmçinin nisbi əks göstərişlərə hamiləliyin ilk trimestri, klaustrofobiya, dekompensə ürək xəstəlikləri, xəstənin ümumi ağır vəziyyəti, hərəki oyanıqlıq, huşun pozğunluğu və ya psixi problemlər səbəbindən xəstənin həkimin təlimatlarına uya bilməməsi ola bilər.

Kontrastlı MRT-yə əks göstərişlərə- kontrast maddəyə allergik reaksiya, xroniki böyrək çatışmazlığı və anemiya daxildir. Kontrastlı MRT hestasiya dövründə də təyin edilmir. Laktasiya dövründə anaya məsləhət görülür ki, südünü sağsın və 2 gün müddətində (kontrast maddə orqanizmdən çıxanadək) uşağı əmizdirməsin. Titan implantlar ferromaqnit xüsusiyyətlərə malik deyillər və bu səbəbdən mövcudluğu MRT-nin heç bir növü üçün əks göstəriş deyil. Uşaqlıqdaxili spiral olan qadınlar da MRT dən rahat keçə bilər.

Maqnit-rezonans tomoqrafiyaya hazırlıq

Əksər müayinələr xüsusi hazırlıq tələb etmir. Kiçik çanaq orqanlarının MRT-sinə bir neçə gün qalmış qaz əmələgətirən qidalardan uzaq durmaq lazımdır. Köp (bağırsaqlarda qaz) əleyhinə aktivləşmiş kömür və bu qəbildən digər preparatlar təyin etmək olar. Bəzi xəstələrə imalə və ya yumşaldıcı preparatlar (həkim məsləhət görərsə) lazım ola bilər. Müayindən öncə sidik kisəsini boşaltmaq lazımdır.

Bütün nahiyələrin MRT-dən öncə həkimə digər müayinələrin (rentgenoqrafiya, USM, KT, laborator müayinələr) nəticələri təqdim olunmalıdır. Müayinəyə girməmişdən qabaq xəstə metallik elementləri olan geyimi və bütün metallik əşyaları: sancaq, ziynət əşyaları, saat, diş protezləri və s. çıxarmalıdır. Metallik implant və elektronik cihazlar haqda məlumat verməlidir.

Maqnit-rezonans tomoqrafiya necə apaılır?

Pasient tomoqraf tunelinə daxil olacaq xüsusi masaya uzadılır. Kontrastlı MRT aparılacaqsa, kontrast vena daxilinə yeridilir. Müayinə müddəti boyunca xəstə tomoqrafda yerləşdirilmiş mikrofon vasitəsilə həkimlə kontaktda qala bilir. Müayinə zamanı küy olur. Müayinə bitdikdə pasientə bir müddət hələ durmamağı məsləhət görürlər. Bəzən dəqiq diaqnoz üçün təkrar çəkilişlərə ehtiyac ola bilər. Daha sonra həkim radioloq nəticəni yazır və xəstəyə və ya müalicə həkiminə təqdim edir.

error: Content is protected !!