Smartfonlardan gələn mavi işıq erkən cinsi inkişafa səbəb olur
Smartfonların və ya planşetlərdən gələn işıqlanmaya bənzər mavi işığın təsirinə məruz qalan erkək siçovullarda cinsi yetkinliyin erkən yarandığı aşkar edilmişdir. 21-23 sentyabr tarixlərində Haaqada keçirilən Avropa Uşaq Endokrinologiya Cəmiyyətinin 61-ci illik toplantısında bu tədqiqatın nəticələri təqdim edilmişdir.
Axırıncı onilliklər bütün yaş qruplarındakı insanlar yüksəkenerjili qısadalğalı mavi işıq saçan planşet və smartfonlardan geniş istifadə edirlər. Gecələr işığa məruz qalmaq melatoninə basdırıcı təsir göstərir, stress faktorudur və toxumalarda oksidləşdirici proseslərə səbəb olur.
Cinsi yetkinlik -reproduktiv funksiyanın formalaşması ilə nəticələnən güclü hormonal, davranış və fiziki dəyişikliklər kompleksidir. Yetkinlik yaşı qidalanma, xroniki xəstəliklər, coğrafi yerləşmə, stresli vəziyyətlər, ətraf mühitin çirklənməsi kimi genetik və ətraf mühit amillərindən asılıdır. Son illərdə bir sıra tədqiqatlar COVID-19 pandemiyası zamanı həm qızlarda, həm də oğlanlarda cinsi yetkinliyin başlanma yaşının erkən olmasını aşkar etmişlər. Mavi işıq yayan cihazların artan istifadəsi də buna təkan verə bilər, lakin uşaqlarda bunu qiymətləndirmək çox çətindir.
Yeni araşdırmada Ankara Bilkent Şəhər Xəstəxanası və Türkiyənin Qazi Universitetinin alimləri 21 günlük 18 erkək siçovulu üç qrupa ayıraraq müayinə ediblər: nəzarət qrupu, 6 saat mavi işığa məruz qalan qrup və 12 saat mavi işığa məruz qalan qrup. Tədqiqatçılar müəyyən ediblər ki, cinsi yetkinliyin ilk əlamətləri mavi işığa məruz qalan erkək siçovullarda daha erkən meydana çıxmışdır. Bundan əlavə, siçovullar mavi işığa nə qədər uzun müddət məruz qalsalar, yetkinlik dövrü əlamətləri bir o qədər tez başlamışdır. Onlarda həmçinin spermatogenezin yatırılması, testis damarlarının əhəmiyyətli dərəcədə genişlənməsi və bazal membranın bütövlüyünün pozulması müşahidə edilmişdir.
Eyni komandanın apardığı daha öncəki araşdırmada mavi işığın uzunmüddətli təsirinin dişi siçovullarda erkən cinsi yetkinliyə səbəb olduğu aşkarlanmışdı. Bu təcrübə ilə isə ilk dəfə olaraq erkək siçovullarda da mavi işığa məruz qalma ilə erkən yetkinlik arasında korrelyasiya tapılmışdır. Bu nəticələr birbaşa insanlara aid edilməsə də, müasir cəmiyyətdə qadcetlərdən istifadənin sürətlə artması mavi ekranın sağlamlıqla bağlı fəsadlarının gələcək tədqiqi üçün eksperimental əsas yaradır- alimlər belə hesab edirlər.