Milium (buynuz kistası, ağ ilanbalığı) – piy vəzisinin kiçik səthi kistası olub, qatı dəri piyi və keratindən ibarətdir. Milium 0,5-3mm ölçülü, sərt konsistensiyaya malik, ağrısız, iltihaba uğramayan ağ rəngli düyünlərdir. Onlar üzün T-zonası, yanaqlar, göz qapaqları, az hallarda isə gövdə və cinsiyyət orqanları nahiyəsində lokalizasiya olunur. Miliumlar dermatoloq-kosmetoloqun dəriyə baxışı zamanı aşkarlanır. Müalicə mexaniki, lazer, radiodalğa üsulu və ya elektrokoaqulyasiya ilə kistanın xaric edilməsindən ibarətdir.
Milium barədə ümumi məlumat
Milium – kiçik ağ darı dənəsinə bənzər epidermal kistoz törəmədir. Miliumlar adətən üzün nazik dəriyə malik sahələrində yerləşir və uzun müddət heç bir dəyişikliklə müşayiət olunmur. Bu növ kistalar geniş yayılmış kosmetik problemdir, onlar istənilən yaşda meydana çıxa bilər. Ağ sızanaqlar əsasən cinsi yetişkənlik dövründə müşahidə edilir; çox vaxt yenidoğulmuşlarda da qeydə alınır. Qadın cinsinin nümayəndələrində miliumlara daha sıx rast gəlinir.
Piy vəziləri dermada yerləşir, onların axacaqları tük qıfına açılır. Hər bir piy vəzisi xüsusi sekret –dəri piyi (sebum) ifraz edir. Dəri piyi mürəkkəb lipid qarışığından (qliseridlər, sərbəst və birləşmiş yağ turşuları, qliserin, xolesterin, mum efirləri, skvalen, karotin və s.) ibarət olub, vəzi hüceyrələrinin parçalanması nəticəsində yaranır. Sebum tük qıfından dəri səthinə keçərək, dəri örtükləri və tüklərin normal vəziyyətini təmin edən xüsusi emulsiya təbəqəsi (su-lipid mantiyası) əmələ gətirir. Tük qıfından həmçinin buynuz pulcuqlar – epidermisin qopmuş hüceyrələri (keratinositlər) xaric olunur. Milium – dəri piyi və buynuz kütlələrlə hermetik tutulmuş piy vəzisi və ya narın tük follikuludur (retension kista).
Miliumun yaranma səbəbləri
Piy vəziləri embrional inkişafın 3-cü ayında formalaşaraq, dölün dərisini mümabənzər təbəqə ilə örtür. Piy vəziləri həyatın ilk ilində və cinsi yetişkənlik dövründə daha aktiv fəaliyyət göstərir. Dəridə miliumların yaranması dəri piyinin ifrazının və epidermisin buynuzlaşan hüceyrələrinin ayrılmasının pozulması ilə bağlıdır.
Milium piy vəzilərinin hiperfunksiyası, dəri piyinin kimyəvi tərkibinin dəyişməsi ilə xarakterizə edilən və akne xəstəliyinin inkişafı üçün əlverişli fon yaradan qatı formalı yağlı seboreyası olan pasiyentlərdə müşahidə edilir. Dəri piyinin hipersekresiyası və linol turşusunun səviyyəsinin azalması, stearin turşusunun miqdarının çoxalması hesabına özlülüyünün artması tük follikulunda intensiv keratinizasiya (hiperkeratoz), onun qatı piy və buynuz pulcuqları ilə tutulması, komedonların əmələ gəlməsi ilə nəticələnir. Komedonlar qapalı (ağ zivcə – milium) və açıq (qara zivcə – qara nöqtə) olur. Qatı seborreya üçün həmçinin piy vəzilərinin dərin kistaları – ateroma və vulqar akne xarakterikdir.
Piy vəzilərinin hipersekresiyasına hormonal disbalans (androgenlərin yüksək səviyyəsi), piy vəzilərinin hormonal təsirlərə hiperhəssaslığı, vegetativ sinir sisteminin disfunksiyası, MBT xəstəlikləri, hipovitaminoz, dəriyə qeyri-düzgün qulluq, balanslaşdırılmamış qidalanma və s. səbəb olur. Yağlı, kəskin, hisə verilmiş, konservləşdirilmiş məhsullar, qənnadı məmulatlarının izafi qəbulu mədəaltı vəzinin həddindən artıq yüklənməsinə, qaraciyər və öd kisəsinin disfunksiyasına, yağ metabolizminin pozulmasına və xolesterin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır, bu da piy vəzilərinin fəaliyyətində əks olunur. Komedogen kosmetikadan istifadə, dərinin müxtəlif preparatlar və prosedurlarla hədsiz dərəcədə qurudulması təbii piy ifrazını pozur, miliumların yaranma riskini artırır.
Miliumların birincili və ikincili formaları ayırd edilir. Birincili forma genetik meyllik olduqda spontan şəkildə, ikincili milium isə digər patologiyanın fonunda yaranır. İkincili milium dərinin iltihabi və travmatik prosesləri (sıyrıntı, yanıq, mexaniki pilinq-dermabraziya, CO2 lazerlə müalicə, cərrahi müdaxilədən sonra çapıqların kənarında), dəri xəstəlikləri (gecikmiş dəri porfiriyası, bulyoz pemfiqoid, bulyoz epidermolizin distrofik forması, dəri sarkoidozu) nəticəsində formalaşa bilər. İkincili milium bəzən öz-özünə reqressə uğrayır. Bəzən kişilərdə miliumların dəri artımlarının xoşxassəli şişləri – kistoz vəzili trixoepitelioma və silindroma ilə müşayiət olunduğu ailəvi hallar qeydə alınır.
Miliumun xarakteristikası
Miliumlar dəyişilməmiş dəri üzərində tədricən formalaşır. Ağ zivcələr ayrı-ayrı elementlər şəklində rast gəlinə bilər. Lakin miliumlar əksər hallarda qrup halında üzdə – paraorbital nahiyə, göz qapaqları, gicgah, almacıq sümüklərinin yuxarı hissəsi, burun və yanaqlarda, bəzən isə gövdə və cinsiyyət orqanları nahiyəsində lokalizasiya olunur. Milium 0,5-3mm ölçüsündə, yumru formalı, sərt konsistensiyalı, darı dənəsini xatırladan sarımtıl-boz rəngli düyündür. Milium üçün iltihablaşmayan başcıq xarakterikdir, bu da onun ətraf mühitlə təmasda olmaması ilə izah edilir. Kistalar uzun müddət ölçülərini dəyişmir. Miliuma mikroorqanizmlər daxil olduqda irinlik – piodermiya inkişaf edə bilər. Piy vəzisinin kistası çox vaxt yenidoğulmuşların burun qanadlarında müşahidə edilir; onlar yenidoğulmuşların keçid vəziyyətlərinə aid edilir və heç bir müalicə aparılmadan qısa zaman ərzində spontan şəkildə geriyə inkişaf edir.
Milium dermatoloq-kosmetoloqun dəriyə baxışı zamanı xarakterik xarici əlamətlər əsasında aşkarlanır. Piy vəzisinin kistası fibroma, fibrofollikuloma, trixodiskoma, eləcə də göz qapaqlarının sirinqoma və ksantelazmasından differensiasiya edilməlidir.
Miliumun müalicəsi
Kosmetik vasitələrin köməyilə miliumlardan azad olmaq mümkün deyil. Onları özbaşına sıxmaq qəti qadağandır, çünki belə hallar tük follikulu və piy vəzisinin zədələnməsinə, zivcənin ölçüsünün artmasına və ya infeksiyanın qoşulmasına, kobud çapığın yaranmasına səbəb olur.
Miliumların müalicəsi həkim-dermatoloq tərəfindən aparılır. Kistanın xaric edilmə üsulu onun lokalizasiyası, sayı, ölçüsü, yerləşmə dərinliyindən asılıdır. Tək-tək miliumlar mexaniki yolla (steril iynə və küretajın köməyilə) xaric edilir. Müdaxilədən əvvəl və sonra dəri antiseptiklərlə işlənilir. Yara səthi iz qoymadan öz-özünə sağalır. Çoxsaylı ağ zivcələr zamanı müasir prosedurlar – lazer, radiodalğa üsulu və ya elektrokoaqulyasiya tətbiq edilir. Yandırılan nahiyədə yaranan çapıqlar 1-14 gün ərzində keçib gedir. Dərinin həddindən artıq travmatizasiyası və piy vəzilərinin fəaliyyətinin pozulmasının qarşısını almaq üçün bir prosedurda 10-dan çox elementin müalicəsi məsləhət görülmür.
Miliumların profilaktikası dəri tipinə uyğun təmizləyici və nəmləndirici vasitələr, skrab, pilinq, kosmetik maskalardan istifadə etməklə üzə düzgün qulluq, provokasiyaedici amillərin uzaqlaşdırılması, sağlam həyat tərzi, rasional qidalanmadan ibarətdir. Salonda icra olunan kosmetik prosedurlar: üzün mexaniki, ultrasəslə, vakuumla təmizlənməsi, pilinq (kimyəvi, mexaniki – mikrodermabraziya), lazerlə cilalanma miliumların yaranmasının qarşısını effektiv şəkildə alır.