Mimik qırışlar

Mimik qırışlar – üz əzələlərinin aktiv yığılması nəticəsində əmələ gələn qırışlardır. Onlar qaş arası, alın, göz ətrafı, perioral nahiyədə lokalizasiya olunur. Mimik qırışlar cavanlarda nazik səthi xətt, yetkin şəsxlərdə isə üz əzələlərinin boşalması zamanı itməyən dərin şırımlar şəklində olur. Mimik qırışlara qarşı kimyəvi pilinq, üzün lazerlə cilalanması, masaj, kosmetik maskalar, aparat prosedurları, botulinotoksin inyeksiyaları, kontur plastikası, sap liftinqi effektivdir.

Mimik qırışlar barədə ümumi məlumat

Mimik (dinamik) qırışlar – üz əzələlərinin tonusunun pozulması ilə əlaqədar dəri relyefinin şırımlar və büküşlər şəklində dəyişməsidir. Dərinin yaşlanmasından xəbər verən statik qırışlardan fərqli olaraq, dinamik qırışlara müxtəlif mimik hərəkətləri yerinə yetirən üz əzələlərinin yığılması səbəb olur. Bununla bağlı mimik qırışlar hətta gənclərdə də əmələ gələ bilər. Gün ərzində üz əzələləri orta hesabla 15000 dəfə yığılıb boşalmaqla insanın emosional vəziyyətini – sevinc və kədər, təəccüb və məyusluq və s. ifadə edir. Müasir kosmetologiyada emosiyaların arzuolunmaz izlərini «silməyə» imkan verən müxtəlif üsullar mövcuddur.

Mimik qırışların yaranma səbəbləri

Mimik əzələlər təbii dəliklər: göz almaları, burun, ağız ətrafında qruplaşan xırda və nazik əzələ dəstəsindən ibarətdir. Mimik əzələlərin əsas funksiyası bu dəliklərin genişlənmə və ya qapanmasında iştirak etmək və üzə insanın emosional vəziyyətinə uyğun ifadə verməkdir. Digər əzələlərdən fərqli olaraq, mimik (və ya üz) əzələlər bir və ya hər iki ucları ilə dəriyə bağlanır. Bu səbəbdən mimik əzələlərdə fasiyalar olmur. Üz əzələləri yığılarkən dəri dartılır və büküşlər əmələ gəlir, boşaldıqda isə dəri elastikliyi sayəsində əvvəlki vəziyyətinə qayıdır.

Cavanlarda müxtəlif emosiyalarla bağlı yaranan şırımlar əzələlər boşaldıqdan sonra dərhal hamarlaşır. Lakin yaş artdıqca dəri dinamik yüklənməyə əvvəlki kimi müqavimət göstərə bilmədiyindən mimik qırışlar daimi xarakter alaraq, daha ifadəli və dərin olur. Həddindən artıq aktiv mimika, güclü emosional sarsıntı, irsi meyllik dinamik qırışların erkən yaranmasına səbəb olur. Mimik qırışların ifadəliliyi insanın temperament və xarakterindən asılıdır. Mimik qırışların formalaşması və dərinləşməsinə şərait yaradan amillərə ultrabənövşəyi şüalanma (dərinin fotoyaşlanması), külək, aşağı temperaturun dəriyə davamlı təsiri, günəş eynəyi taxmamaq, keyfiyyətsiz və dəri tipinə uyğun olmayan kosmetikadan istifadə etmək, zərərli vərdişlər (siqaret çəkmə, alkoqol qəbulu) aiddir.  Qadınlarda menopauza dövründə – dərinin susuzlaşması, quruluğu, nazilməsi və qravitasion ptozla müşayiət edilən hormonal dəyişikliklər zamanı mimik qırışlar daha nəzərə çarpan olur.

Mimik qırışların xarakteristikası

Sevinc və kədər hissləri insanın üzündə mimik qırışlar şəklində müəyyən izlər qoyur. Gənc yaşlarda dinamik qırışlar əhval-ruhiyyənin dəyişməsi ilə birgə heç bir iz buraxmadan keçib gedir, yaş artdıqca isə onların yerində üzə qəmgin ifadə verən dərin şırımlar əmələ gəlir. Həddindən artıq emosional insanlarda ilk mimik qırışlar 18-20 yaşda formalaşa bilər. Onlar bir qayda olaraq, alın, burnun üst hissəsi, göz ətrafı, perioral nahiyədə yaranır.

Qaşarası qırışlar

Qaşarası mimik qırışlar horizontal və vertikal olur. «Təkəbbürlü insanlara xas olan qırış» alın nahiyəsinin dərisini aşağı endirən piramidal əzələnin yığılması nəticəsində burnun üst hissəsində köndələn büküşlər şəklində yaranır. Horizontal qırışlar elə təəssürat yaradır ki, sanki insan ətrafdakılara yuxarıdan aşağı baxır. «Qəzəb qırışları» və ya «şir qırışları» adlandırılan vertikal qırışlar daima qaşlarını oynadan insanlarda burnun üst hissəsində əmələ gəlir.  Bu tip mimika həyəcan, qəzəb və emosiyalar üçün xarakterikdir. «Qəzəb qırışları» üzə ciddi, bəzən hirsli və ya əzablı ifadə verir. Qaşarası sahədə vertikal mimik qırışlar qaşları çatan və ya «ağrı» əzələlərinin aktiv fəaliyyəti ilə əlaqədar formalaşır.

Alın qırışları

Alındakı horizontal qırışlar («həyəcan qırışı», «mütəfəkkir qırışı») emosiyaların bütün qammasını – təəccüb, həyəcan, çaşqınlıq, utancaqlıq və s. əks etdirə bilər. Hesab olunur ki, yaşanılan hər 10 ilə bir ədəd horizontal qırış qazanılır. Horizontal qırışlar alını qırışdırmağa və ya qaşlarını yuxarı qaldırmağa adət edən insanlarda daha tez yaranır. Zaman ötdükcə alındakı mimik qırışlar kəskinləşir və dərinləşir. Bu tip qırışlar qaşları qaldıran və göz yarıqlarını genişləndirən ənsə-alın əzələsinin fəaliyyəti ilə bağlıdır.

Gözətrafı qırışlar

Gözün xarici bucağında formalaşan, «qaz ayağı» adlanan qırışlar ən «şən» mimik qırış hesab olunur. Onlar şüa şəklində gözün xarici bucağından gicgaha doğru istiqamətlənir, bir qayda olaraq, tez-tez gülümsəyən və ya gözünü qıymağa adət edən insanlarda əmələ gəlir. Göz ətrafı nahiyənin dərisi çox  nazik olduğundan ilk mimik qırışlar məhz burada yaranır. Gözətrafı qırışlar görmə zəifliyi ilə əlaqədar tez-tez gözlərini qıyan şəxslərdə də müşahidə edilir.

Göz ətrafı nahiyənin dərin qırışları üzdə yorğun və narazı bir ifadə yaradır. «Qaz ayağı» qırışlarının formalaşması gözün dairəvi əzələsinin həlqəvi hissəsinin gərginliyi ilə bağlıdır.

Ağızətrafı qırışlar

Ağız ətrafı nahiyənin mimik qırışları (perioral qırışlar) – üst dodaqla burun arasında yerləşən xırda qırışlardır. Onlar dodağın büzülməsi zamanı əmələ gəlir. Bu tip qırışlar həm də «kiset qırışlar» və ya «siqaret çəkənlərin qırışı» adlanır. Perioral qırışlardan adətən siqaret çəkən, şirələri borucuqla içməyi xoşlayan, dodaqlarını büzməyə adət edən insanlar əziyyət çəkir. Mentolabial qırışlar («kədər qırışları», «marionet xəttləri») ağız bucaqlarından aşağıya – çənəyə doğru uzanaraq, üzə qəmgin, məyus ifadə verir. İfadəli burun-dodaq büküşləri bu təəssüratı daha da gücləndirir. «Marionet qırışlarının» formalaşmasında ağız bucağını aşağı endirən əzələ iştirak edir.

Mimik qırışların korreksiya üsulları

İnyeksion, aparat və digər texnologiyalarla mimik qırışları aradan qaldırmaq və ya ifadəliliyni azaltmaq mümkündür. Hal-hazırda mimik qırışların ən məşhur korreksiya üsulu botulotoksin inyeksiyalarıdır (Botoks, Disport, Lantoks, Kseomin, Relatoks preparatları). Mimik qırışların lokalizasiyasından asılı olaraq, botulotoksin alın, qaşarası, paraorbital, peroral nahiyəyə yeridilir. Dərin olmayan mimik qırışlardan azad olmaq istəyən şəxslərə mezobotoks (səthi dəri liftinqi) məsləhət görülür. Mimik əzələlərlə yanaşı dərinin yaşlanmasının ümumi əlamətləri müşahidə edildikdə hialuron preparatları ilə kontur plastikasına üstünlük verilir. Fillerlər hüceyrəarası sahəni dolduraraq, dəriyə elastiklik verir, sallanmış büküşləri qaldıraraq, üz dərisi relyefini bərpa edir. Profilaktik məqsədlə, eləcə də ilk mimik qırışlar yarandıqda biorevitalizasiya, plazmoliftinq, tredliftinq icra oluna bilər.

Dəri və ətraf toxumaların möhkəmlənməsinə səbəb olan aparat üsulları: qalvanizasiya, mikrocərəyan, ultrafonofarez, miostimulyasiya, termoliftinq inyeksion prosedurlarun effektivliyini daha da artırır.  Səthi mimik qırışlarla mübarizədə plastik maskalar, botoks təsirli krem-miorelaksantlar, üzün masajı, üz üçün gimnastika (feysbildinq) arzu olunan nəticəni əldə etməyə imkan verir. Orta dərinlikli qırışlar zamanı kimyəvi pilinq, maye-qaz pilinqi, mikrodermabraziya, üzün lazerlə cilalanması tələb oluna bilər.

Mimik qırışları ani korreksiya edən – peptid kosmetika qadınlar arasında çox məşhurdur. Bu tip korrektorların təsiri 8-10 saat davam edir. Peptid kosmetikadan adətən təcili hallarda istifadə olunur.

Mimik qırışların optimal korreksiya proqramı dermatokosmetoloq tərəfindən seçilir. Prosedurlar müstəqil və ya müştərək şəkildə yerinə yetirilir. Korreksiya üsulu mimik əzələlərin lokalizasiya və ifadəliliyi, pasiyentin yaşı, əks-göstərişlər nəzərə alınmaqla təyin olunur.

Mimik qırışların profilaktikası

Mimik qırışların yaranmasının qarşısını almaq üçün emosiyalara nəzarət etməlidir. Bu o demək deyil ki, insan gülməməli və ya təəccüblənməməlidir. Lakin dodaqları büzmək, gözləri qıymaq, qaşları çatmaq emosiyanın ifadə olunmasında vacib rol oynamır. Üzə qulluq vasitələri, kosmetik məhsullar dəri tipi və yaşa uyğun seçilməlidir. Dəri ultrabənövşəyi şüalar, külək, soyuqdan qorunmalıdır. Ehtiyac olduqda günəş eynəyindən istifadə olunmalıdır. Yadda saxlamaq lazımdır ki, yaxşı nəmləndirilmiş, elastik dəri mimik qırışların yaranmasına daha az məruz qalır.

error: Content is protected !!