Mitral qapağın prolapsı
Mitral qapağın prolapsı – mitral tayların sistola fazasında sol qulaqcıq boşluğuna qabarması ilə xarakterizə olunur. Tez yorulma, baş ağrıları, başgicəllənmə, təngnəfəslik, kardial ağrılar, bayılma, ürəkdöyünmə, aritmiya ilə təzahür edir. Mitral qapağın instrumental müalicəsi ExoKQ, EKQ, fonokardioqrafiya, EKQ-nin sutkalıq monitorinqi, rentgenoqrafiyanın nəticələrinə əsaslanır. Müalicə əsasən konservativ yolla (antiaritmik, sedativ vasitələr, antikoaqulyantlar) aparılır; ifadəli requrgitasiya zamanı mitral qapağın protezlənməsi göstəriş sayılır.
Mitral qapağın prolapsı barədə ümumi məlumat
Mitral qapağın prolapsı – sol qulaqcıq-mədəcik qapağının bir və ya hər iki tayının sistola fazasında qulaqcıq boşluğuna qabarması ilə səciyyələnən qapaq qüsurudur. Kardiologiyada mitral qapağın prolapsı müxtəlif üsulların (auskultasiya, exokardioqrafiya, fonorkardioqrafiya) köməyilə uşaqların 2-16%-də (əsasən 7-15 yaş arası) aşkarlanır. Sağlam şəxslərdən fərqli olaraq, ürəyin müxtəlif zədələnmələrində mitral qapağın prolapsının inkişaf tezliyi daha yüksəkdir: anadangəlmə ürək qüsurlarında – 37%, revmatizmdə – 30-47%, ürəyin irsi xəstəliklərində – 60-100%. Yetkin populyasiyada mitral qapağın prolapsının tezliyi 5-10% təşkil edir; qapaq qüsuru əsasən 35-40 yaşlı qadınlarda qeydə alınır.
Mitral qapağın prolapsının yaranma səbəbləri
Birləşdirici toxumanın anadangəlmə qüsuru mitral tayların miksomatoz degenerasiyası və həddindən artıq elastikliyi ilə müşayiət olunur. Birləşdirici toxumanın displaziyasının etiologiyasında dölə təsir edən müxtəlif patoloji amillər – hamilələrdə KRVİ, hestoz, peşə zərərləri, qeyri-qənaətbəxş ekoloji şərait və s. başlıca rol oynayır. 10-20% hallarda mitral qapağın prolapsı ana xətti ilə irsən ötürülür.
Mitral qapağın prolapsı bir sıra irsi sindromların (Elers-Danlos sindromu, Marfan sindromu, anadangəlmə kontraktur araxnodaktiliya, natamam osteogenez, elastik psevdoksantoma) strukturuna daxil olur.
Mitral qapağın ikincili prolapsının mənşəyi ÜİX, miokard infarktı, revmatizm, sistemli qırmızı qurd eşənəyi, miokardit, hipertrofik kardiomiopatiya, miokardiodistrofiya, vegetativ-damar distoniyası, endokrin sistemin patologiyaları (hipertireoz), döş qəfəsinin travmaları ilə bağlı ola bilər. Belə hallarda mitral qapağın prolapsı qapaq strukturları, papillyar əzələlərin zədələnməsi, miokardın disfunksiyası nəticəsində yaranır. Mitral qapağın prolapsı öz növbəsində mitral çatışmazlığa gətirib çıxara bilər.
Mitral qapağın prolapsının patogenezində vegetativ sinir sisteminin disfunksiyası, maddələr mübadiləsinin pozulması və maqnezium ionlarının çatışmazlığı xüsusi yer tutur.
Mitral qapağın prolapsı zamanı hemodinamikanın xüsusiyyətləri
Mitral qapaq sol qulaqcıqla mədəcik boşluğunu ayıran iki taydan ibarətdir. Qapaq tayları xordalar vasitəsilə sol mədəciyin dibindən ayrılan papillyar əzələlərə birləşir. Normada diastola mərhələsində qapaq tayları aşağı sallanaraq, qanın sol qulaqcıqdan sol mədəciyə sərbəst axınını təmin edir; sistola fazasında qanın təzyiqi altında taylar əvvəlki vəziyyətinə qayıdaraq, sol qulaqcıq-mədəcik dəliyini qapayır.
Mitral qapağın prolapsı zamanı qapaq aparatının struktur və funksional çatışmazlığı ilə əlaqədar sistola mərhələsində mitral qapaq tayları sol qulaqcıq boşluğuna qabarır. Belə hallarda atrioventrikulyar dəlik tam və ya hissəvi – qanın sol mədəcikdən sol qulaqcığa axınına (mitral requrgitasiya) səbəb olan qüsurun yaranması ilə qapana bilər.
Mitral çatışmazlıq miokardın yığılma qabiliyyətinin azalması ilə müşayiət olunur, bu da qan dövranı çatışmazlığının inkişafı ilə nəticələnir. Mitral qapağın birincili prolapsının rast gəlindiyi xəstələrin 70%-də ağciyər hipertenziyasının keçid sərhəddi müşahidə edilir. Sistem hemodinamikası tərəfdən arterial hipotenziya qeydə alınır.
Mitral qapağın prolapsının təsnifatı
Etioloji nöqteyi nəzərdən mitral qapağın prolapsı birincili və ikincili formalara bölünür. Qabarmanın lokalizasiyasına görə mitral qapağın ön, arxa və hər iki tayının prolapsı ayırd edilir. Səs fenomenlərinin eşidilməsindən asılı olaraq sindromun «lal» və auskultativ formaları qeyd olunur.
Exo-KQ məlumatlarına əsaslanaraq, mitral qapağın prolapsının 3 ifadə dərəcəsi irəli sürülmüşdür:
- I dərəcə – mitral qapağın tayları 3-6 mm qabarır;
- II dərəcə — mitral qapağın tayları 6-9 mm qabarır;
- III dərəcə — mitral tayların qabarması 9 mm-dən çox olur.
Mitral qapağın prolapsının sistolaya nəzərən yaranma vaxtına əsasən erkən, gecikmiş və qolosistolik qabarmalar ayırd edilir. Mitral requrgitasiyanın dərəcəsi hər zaman mitral qapağın prolapsının ifadəliliyinə müvafiq olmur, bu səbəbdən doppler-exokardioqrafiyanın nəticələrinə görə ayrıca təsnif edilir:
- I dərəcə — mitral requrgitasiya taylar səviyyəsində baş verir;
- II dərəcə —requrgitasiya dalğası sol qulaqcığın ortasına çatır;
- III dərəcə— requrgitasiya dalğası sol qulaqcığın əks ucuna çatır.
Mitral qapağın prolapsının əlamətləri
Mitral qapağın prolapsının klinik simptomatikasının ifadəliliyi variabelli olub, birləşdirici toxumanın displaziya dərəcəsi, requrgitasiyanın olması, vegetativ pozğunluqlardan asılıdır. Pasiyentlərin bir qismində heç bir şikayətlərə rast gəlinmir, mitral qapağın prolapsı exokardioqrafiya zamanı təsadüfən aşkarlanır.
Mitral qapağın birincili prolapsından əziyyət çəkən uşaqlarda adətən göbək və qasıq yırtıqları, bud-çanaq oynağının displaziyası, oynaqların hipermobilliyi, skolioz, yastıpəncəlik, döş qəfəsinin deformasiyası, yaxından görmə (miopiya), çəpgözlük, nefroptoz, varikosele müəyyən edilir, bu patologiyalar birləşdirici toxuma strukturlarının inkişaf pozğunluqlarına dəlalət edir. Əksər uşaqlar soyuqdəymə xəstəlikləri, angina, xroniki tonzillitin kəskinləşmələrinə meylli olur.
Çox zaman mitral qapağın prolapsı neyrosirkulyator distoniyanın əlamətləri, taxikardiya, aritmiya, başgicəllənmə, bayılma, vegetativ krizlər, güclü tərləmə, ürəkbulanma, «boğazda yad cisim» və hava çatışmazlığı hissi, miqrenəbənzər baş ağrıları ilə müşayiət olunur. İfadəli hemodinamik pozğunluqlar zamanı təngnəfəslik, tez yorulma meydana çıxır. Mitral qapağın prolapsının gedişi üçün afektiv pozğunluqlar: depressiv vəziyyət, senestopatiya, astenik simptomokompleks (asteniya) xarakterikdir.
Mitral qapağın ikincili prolapsının klinik əlamətləri əsas xəstəliyin (revmakardit, anadangəlmə ürək qüsurları, Marfan sindromu və s.) simptomları ilə müştərək şəkildə rast gəlinir. Mitral qapağın prolapsının ağırlaşmalarına fatal aritmiyalar, infeksion endokardit, tromboembolik sindrom (o cümlədən, insult, ağciyər arteriyasının tromboemboliyası), qəfləti ölüm aiddir.
Mitral qapağın prolapsının diaqnostikası
Mitral qapağın prolapsının «lal» formasında auskultativ əlamətlər müşahidə edilmir. Auskultativ variant isə təcrid olan şıqqıltı, gecimiş sistolik, qolosistolik küylərlə səciyyələnir. Fonokardioqrafiya səs fenomenlərini təsdiqləyir.
Mitral qapağın prolapsının ən effektiv müayinə üsulu ürəyin USM-dir, onun vasitəsilə tayların qabarma dərəcəsini və requrgitasiya həcmini təyin edilir. Birləşdirici toxumanın diffuz dilatasiyası zamanı aorta və ağciyər kötüyünün dilatasiyası, trikuspidal qapağın prolapsı, açıq oval pəncərə aşkarlanır.
Rentgen müayinədə ürəyin ölçülərinin normal olması və ya azalması, ağciyər arteriyası qövsünün qabarması izlənilir. EKQ və EKQ-nin sutkalıq monitorinqi mədəcik miokardının repolyarizasiyasının davamlı və ya tranzitor dəyişikliklərini, ritm pozğunluğunu (sinus taxikardiyası, ekstrasistoliya, paroksizmal taxikardiya, sinus bradikardiyası, WPW sindromu, qulaqcıqların səyrimə və titrəməsi) qeydə alır. II-III dərəcəli mitral requrgitasiya, ritm pozğunluğu, ürək çatışmazlığı hallarında ürəyin elektrofizioloji müayinəsi, veloerqometriya aparılır.
Mitral qapağın prolapsı anadangəlmə və qazanılmış ürək qüsurları, qulaqcıqlarası çəpərin anevrizması, miokardit, bakterial endokardit, kardiomiopatiya ilə differensiasiya edilməlidir. Diaqnostika və müalicə prosesinə müxtəlif mütəxəssislərin: kardioloq, nevroloq, revmatoloqun cəlb olunması məqsədəuyğundur.
Mitral qapağın prolapsının müalicəsi
Mitral qapağın prolapsının müalicəsini təyin edərkən vegetativ və ürək-damar sisteminin klinik əlamətlərinin ifadəliliyi, əsas xəstəliyin gediş xüsusiyyətləri nəzərə alınır. Gündəlik, əmək və istirahət rejiminin normalizasiyası, optimal, dozalanmış fiziki yüklənmələr müalicənin vacib şərtlərindən sayılır. Qeyri-medikamentoz tədbirlər sırasına autotreninq, psixoterapiya, fizioterapiya (boyun-yaxalıq nahiyəsinə brom, maqneziumla elektrofarez), iynərefleksoterapiya, hidroprosedurlar, onurğanın masajı daxildir.
Mitral qapağın prolapsının medikamentoz terapiyası vegetativ əlamətlərin aradan qaldırılması, miokardın distrofiyasının inkişafının qarşısının alınması, infeksion endokarditin profilaktikasına yönəldilir. Mitral qapağın ifadəli simptomatikasının müşahidə olunduğu xəstələrə sedativ preparatlar, kardiotrofiklər (inozin, kalium və maqnezium asparginat, vitaminlər, karnitin), beta-adrenoblokatorlar (propranolol, atenolol), antikoaqulyantlar təyin edilir. Kiçik cərrahi müdaxilələrdən (dişin ekstraksiyası, tonzillektomiya və s.) əvvəl preventiv antibiotikoterapiya kursları göstəriş sayılır.
Hemodinamik əhəmiyyətli mitral requrgitasiya, ürək çatışmazlığının proqressivləşməsi zamanı mitral qapağın protezlənməsinə ehtiyac yaranır.
Mitral qapağın prolapsının proqnoz və profilaktikası
Mitral qapağın prolapsının simptomsuz gedişi qənaətbəxş proqnozla xarakterizə olunur. Belə pasiyentlər 2-3 ildə 1 dəfə ExoKQ aparılmaqla dinamik müşahidə altına alınmalıdır. Hamiləlik əks-göstəriş deyil, lakin belə qadınlarda hamiləliyin təqibi təkcə mama-ginekoloq deyil, həm də kardioloq tərəfindən həyata keçirilir. Mitral qapağın ikincili prolapsının proqnozu əsas xəstəliyin gedişindən asılıdır.
Mitral qapağın prolapsının profilaktikası dölə qeyri-qənaətbəxş amillərin təsirinin qarşısının alınması, ürəyin qapaq aparatının zədələnməsinə səbəb olan xəstəliklərin vaxtından aşkarlanmasına yönəldilir.