Nevrologiya

Nevrologiya –mərkəzi (baş və onurğa beyni) və periferik(sinir kötükləri, qanqliyalar) sistemi xəstəliklərini öyrənən ibb sahəsidir. Nevrologiya tibbin digər sahələri- kardiologiya, qastroenterologiya, ginekologiya, oftalmologiya, endokrinologiya və s. ilə sıx əlaqədədir. 

Nevroloji xəstəliklər genetik (Vilson xəstəliyi, Pyer-Mari ataksiyası) və ya qazanılmış formalara bölünür. Sinir sisteminin anadangəlmə qüsurları (mikrosefaliya, Kiari anomaliyası, anadangəlmə hidrosefaliya) irsi faktorlarla yanaşı, hamiləlik dövründə dölün radiasiya, infeksiya (qızılca, məxmərək, sifilis, xlamidioz, sitomeqaliya), toksiki maddələr, eklampsiya fonunda inkişafı ilə bağlıdır. Uşaq doğulduqdan sonra sinir sisteminə birbaşa təsir edən infeksion və ya travmatik  amillər (irinli meningit,doğuş travması, yenidoğulmuşun asfiksiyası, hemolitik xəstəlik) əksər hallarda oliqofreniya, USİ (uşaq serebral iflici), epilepsiya kimi xəstəliklərə gətirib çıxarır.  

Qazanılmış forma adətən sinir sisteminin müxtəlif şöbələrinin infeksion mənşəli zədələnmələri zamanı yaranır. İnfeksiyanın təsirindən meningit, ensefalit,baş beynin absesi, araxnoidit, mielit, dağınıq ensefalomielit və s. inkişaf edir. Sinir xəstəliklərinin digər qrupunu travma etiologiyalı patologiyalar: kəllə-beyin travması, travmatik nevrit, fəqərə-onurğa beyni travması təşkil edir. Yaşlılarda sinir xəstəlikləri (dissirkulyator ensefalopatiya, işemik insult,hemorragik insult) damar dəyişiklikləri fonunda yaranır. Onkoloji xarakterli sinir xəstəlikləri (kraniofaringioma, qanqlionevroma, astrositoma və s.) də tez-tez rast gəlinən patologiyalardandır.  

Nevroloji simptomlar sinir sisteminin hansı şöbəsinin patoloji prosesə cəlb olunmasından asılıdır. Belə ki, baş beyin zədələndikdə baş ağrıları, başgicəllənmə, yeriş və nitq pozğunluqları, eşitmə və görmənin zəifləməsi, mərkəzi xarakterli iflic, parez müşahidə olunur. Onurğa beyninin patologiyaları zamanı zədələnmiş hissədən aşağıda hərəki və hissi pozğunluqlar əmələ gəlir. Periferik sinir sisteminin xəstəlikləri (üçlü sinirin nevralgiyası, üz sinirinin nevriti, qabırğaarası nevralgiya, polinevropatiya və s.) ağrı sindromu, əzələ atrofiyası, zədələnmiş sinirin innervasiya etdiyi sahədə vegetativ və hissi pozğunluqlar ilə xarakterizə olunur.  

Nevroloji xəstəliklərin instrumental diaqnostikanın əsasını onurğanın rentgenoqrafiyası, Exo-EQ, EEQ, REQ, elektromioqrafiya təşkil edir. Nevrologiyada hazırda daha dəqiq üsullara: kompüter tomoqrafiya, MRT, PET, damarların USDQ üstünlük verilir. Bəzi hallarda lümbal punksiya, stereotaksik biopsiya, beyin mədəciklərinin punksiyasına və digər diaqnostik müdaxilələrə ehtiyac yaranır.  

Nevroloji xəstəliklərin müalicəsində medikamentoz terapiya ilə yanaşı fizioterapiya, MBT, mexanoterapiya, manual terapiya geniş tətbiq olunur. Anevrizma, şiş, beyindaxili hematoma, baş beynin abses və kistaları zamanı  cərrahi üsula ehtiyac yaranır.

error: Content is protected !!