Nevroz

Nevroz – ali sinir fəaliyyətinin psixogen mənşəli funksional pozğunluğudur. Xəstəliyin klinik gedişi çoxsaxəliliyi və rəngarəngliyi ilə fərqlənir. Bura somatik nevrotik pozğunluqlar, vegetativ dəyişikliklər, müxtəlif fobiyalar, distimiya, obsessiya, kompulsiya, emosional-mnestik problemlər daxildir. «Nevroz» diaqnozu yalnız oxşar əlamətlərə malik psixiatrik, nevroloji və somatik xəstəliklər inkar edildikdən sonra qoyulur. Müalicə psixoterapevtik (psixokorreksiya, treninqlər, art-terapiya) və medikamentoz yolla (antidepressant, trankvilizator, neyroleptik, ümumimöhkəmləndirici vasitələr) aparılır.

Nevroz barədə ümumi məlumat

Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. «Nevroz» termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.

Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) «nevroz» əvəzinə «nevrotik pozğunluq» qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox «nevroz» termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.

Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.

Nevrozun yaranma səbəbləri

Bu sahədə çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq, nevrozun həqiqi səbəbi və patogenezi sona dəqiq müəyyən edilməmişdir. Uzun illər ərzində nevroz intellektual yüklənmələr və həyatın yüksək tempi ilə assosiasiyalı informasiya xəstəliyi hesab olunurdu. Kənd və rayonların əhalisində xəstəliyə daha az rast gəlinməsi onların nisbətən sakit həyat tərzi ilə izah edilirdi. Lakin aviadispetçerlər arasında aparılan tədqiqatlar bu ehtimalın yanlış olduğunu sübut etdi. Məlum oldu ki, daimi diqqət və analiz tələb edən gərgin iş fəaliyyətinə baxmayaraq, dispetçerlər nevroza digər peşə sahiblərindən çox tutulmurlar. Onların xəstələnmə səbəbləri arasında iş prosesində yorğunluq deyil, müdriyyətlə və ya ailə üzvləri ilə olan münaqişələr vurğulanmışdır.

Digər tədqiqatlar, eləcə də nevrozlu pasiyentlərdə keçirilən psixoloji sınaqların nəticələri sübut etmişdir ki, nevrozun yaranmasında nəinki psixotravmatik faktorun parametrləri (gücü, sayı), həmçinin onun konkret şəxs üçün subyektiv əhəmiyyəti mühüm rol oynayır. Nevroza gətirib çıxaran xarici trigger vəziyyətlər individual xarakterli olub, pasiyentin dəyər sistemindən asılıdır. Müəyyən bir şəraitdə istənilən vəziyyət nevrozun inkişafına təkan verə bilər.

Nevrozun formalaşmasında insanın psixofizioloji xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Vasvası, emosional insanlar, eləcə də subdepressiv vəziyyətdə olan şəxslər bu pozğunluqdan daha çox əziyyət çəkir. Kişilərlə müqayisədə qadınlarda nevroz 2 dəfə çox qeydə alınır, bu da onlarda emosional labilliyin ifadəli olmasından irəli gəlir. Nevroza qarşı irsi meyllik müəyyən irsi xüsusiyyətlərin ötürülməsi vasitəsilə reallaşır. Bundan əlavə hormonal dəyişikliklər dövründə (cinsi yetişkənlik, klimaks) və uşaqlıqda nevrotik reaksiyaların (enurez, loqonevroz və s.) rast gəlindiyi şəxslərdə nevrozun yaranma ehtimalı yüksək olur.

Nevrozun patogenezi

Müasir təsəvvürlərə əsasən nevrozun patogenezində limbik-retikulyar kompleksin, ilk növbədə aralıq beynin hipotalamik şöbəsinin funksional pozğunluğu başlıca rol oynayır. Baş beynin bu strukturları vegetativ, emosional, endokrin və visseral sahələr arasında qarşılıqlı əlaqənin təmin olunmasına cavabdehlik daşıyır. Kəskin və ya xroniki stressin təsirindən baş beyində inteqrativ proseslər pozulur, dezadaptasiya inkişaf edir. Buna baxmayaraq, beyin toxumalarında heç bir morfoloji dəyişiklik baş vermir. Dezinteqrasiya prosesləri visseral sahəni və vegetativ sinir sistemini əhatə etdiyindən nevrozun klinikasında psixi pozğunluqlarla yanaşı somatik simptomlara və vegetativ-damar distoniyasının əlamətlərinə də rast gəlinir.

Nevroz zamanı limbik-retikulyar kompleksin fəaliyyətinin pozulması neyrotransmitter disfunksiya ilə müşayiət olunur. Belə ki, həyəcanın mexanizminin tədqiqi baş beynin noradrenergik sistemlərinin çatışmazlığını aşkara çıxarmışdır. Patoloji həyəcanın benzodiazepin və QAYT reseptorlarının anomaliyası və yaxud onlara təsir edən neyromediatorların sayının azalması ilə bağlı olması ehtimal edilir. Həyəcan və təşviş hallarının benzodiazepin trankvilizatorları ilə müalicəsinin effektivliyi bu nəzəriyyəni təsdiq edir. Antidepressantların beynin serotoninergik sisteminin fəaliyyətinə müsbət təsiri serebral strukturlarda serotonin mübadiləsinin pozulması ilə nevroz arasında patoloji əlaqənin olmasına dəlalət edir.

Nevrozun təsnifatı

Orqanizmin psixofizioloji vəziyyəti, fərdi xüsusiyyətlər və neyrotransmitter sistemlərin  disfunksionallığının spesifikliyi nevrozun klinik formalarının müxtəlifliyinə səbəb olur. Nevrotik pozğunluqların 3 əsas forması ayırd edilir: nevrasteniya, isterik nevroz (konversion pozğunluq) və sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozğunluq).

Sərbəst nozoloji vahid qismində həmçinin depressiv, ipoxondrik və fobik nevrozlar qeyd olunur. Fikirlərin sayrışması (obsessiyalar) nadir hallarda izoləolunmuş xarakter daşıdığından fobik nevroz qismən obsessiv-kompulsiv pozğunluğun strukturuna daxil olub, adətən sayrışan fobiyalarla müşayiət edilir. Digər tərəfdən «XBT-10»-da həyəcanlı-fobik nevroz «həyəcan pozğunluğu» adı altında ayrıca qeyd edilmişdir. Klinik təzahürlərin xüsusiyyətlərinə əsasən onu panik həmlə (paroksizmal vegetativ kriz), generalizəolunmuş həyəcan pozğunluğu, sosial fobiya, aqarofobiya, nozofobiya, klaustrofobiya, loqofobiya, ayxmofobiya və s. kimi formalara təsnif edirlər.

Nevrozlara həmçinin somatoform (psixosomatik) və stressdən sonrakı pozğunluqlar aid edilir. Somatoform nevroz zamanı xəstənin şikayətləri somatik xəstəliyin (məsələn, stenokardiya, pankreatit, xora xəstəliyi, qastrit, kolit) klinikasına uyğun gəlir, lakin ətraflı müayinə (laborator analiz, EKQ, USM, qastroskopiya, irriqoskopiya, kolonoskopiya və s.) apardıqda həmin patologiya aşkar olunmur. Anamnezdə psixotravmatik vəziyyətə rast gəlinir.

Stressdən sonrakı nevrozlar təbii fəlakət, texnogen qəza, hərbi döyüş, terror aktı və digər kütləvi faciələrlə bağlı olur. Onlar kəskin və xroniki formalara bölünür. Kəskin nevroz müvəqqəti olub, faciə zamanı və ya ondan bilavasitə sonra isterik tutma şəklində baş verir. Xroniki forma isə şəxsiyyətin dəyişməsinə və sosial dezadaptasiyaya gətirib çıxarır.

Nevrozun inkişaf mərhələləri

Nevrotik pozğunluqların inkişafı 3 mərhələdən ibarətdir. İlk 2 mərələdə xarici mühit, daxili səbəblər və ya aparılan müalicə nevrozun tamamən aradan qalxmasına səbəb ola bilər. Psixotravmatik trigger davamlı təsir etdikdə (xroniki stress), pasiyentə peşəkar psixoterapevtik və/və ya medikamentoz dəstək göstərilmədikdə xəstəlik III mərhələyə (xroniki nevroz) keçir. Şəxsiyyətin strukturunda baş verən dayanıqlı dəyişikliklər hətta effektiv terapiyaya baxmayaraq, geri dönmür.

Nevrozun dinamikasında birinci mərhələ nevrotik reaksiya hesab olunur. Qısamüddətli nevrotik pozğunluq kəskin psixotravma nəticəsində yaranaraq, 1 aydan az davam edir. Belə vəziyyətlər uşaqlıq dövrü üçün xarakterikdir.

Nevrotik pozğunluğun uzun müddətli gedişi, davranış reaksiyalarının dəyişilməsi və pasiyentin öz xəstəliyini qiymətləndirməyə başlaması nevrotik vəziyyətin, yəni nevrozun inkişafından xəbər verir. 6ay-2il ərzində aradan qalxmayan nevrotik vəziyyət şəxsiyyətin nevrotik inkişafının formalaşmasına gətirib çıxarır. Pasiyentin yaxınları onun xarakter və davranışlarının xeyli dəyişdiyini qeyd edirlər. Onlar bu vəziyyəti əksər hallarda həmin insanın sanki başqa bir adamla əvəz olunması kimi izah edirlər.

Nevrozun ümumi əlamətləri

Vegetativ pozğunluqlar polisistem xarakteri daşıyaraq, həm permanent, həm də paroksizmal (panik həmlə) ola bilər. Sinir sisteminin funksional pozğunluqları gərginlik baş ağrısı, hiperesteziya, başgicəllənmə, tremor, diksinmə, paresteziya, əzələ səyrimələri ilə təzahür edir. Nevrozlu pasiyentlərin 40%-də yuxu pozğunluğu: insomniya və günorta saatlarında hipersomniya müşahidə edilir.

Ürək-damar sisteminin nevrotik disfunksiyasına arterial hipertenziya və ya hipotoniya, ritm pozğunluğu (ekstrasistoliya, taxikardiya), kardialgiya, psevdokoronar çatışmazlıq və Reyno sindromu daxildir. Nevroz zamanı izlənilən tənəffüs pozğunluqlarına hava çatışmazlığı, boğazda yad cisim hissi, nevrotik hıçqırma və əsnəmə, boğulma qorxusu aiddir.

Həzm sistemi ilə bağlı əlamətlər ağızda quruluq, ürəkbulanma, iştahın azalması, qusma, qıcqırma, meteorizm, qarında ağrı, ishal, qəbizlikdən ibarət olur. Sidik-cinsiyyət sisteminin nevrotik pozulmaları sistalgiya, pollakiuriya, cinsiyyət orqanları nahiyəsində qaşınma və ya ağrı hissi, enurez, libidonun azalması, frigidlik, kişilərdə erkən boşalma ilə özünü büruzə verir. Termorequlyasiyanın pozulması periodik titrətmələrə, hiperhidroz və subfebrilitetə gətirib çıxarır. Nevroz zamanı dermatoloji problemlər – övrə tipli səpkilər, psoriaz, atopik dermatit yarana bilər.

Asteniya – psixi və fiziki xarakterli yorğunluq əksər nevrozların tipik əlaməti sayılır. Xəstələrdə çox vaxt həyəcan sindromu qeydə alınır: onlar daim hər hansı bir xoşagəlməz hadisə və ya təhlükənin baş verəcəyindən narahat olurlar. Sayrışan qorxular – fobiyalar da mümkündür. Nevroz zamanı onlar adətən konkret bir əşya və ya hadisə ilə bağlı olurlar. Bəzən nevroz kompulsiyalarla – müəyyən obsessiyalara müvafiq sayrışan hərəkətlərlə müşayiət olunur. Obsessiya – təşviş yaradan sayrışan fikirlər əsasən kompulsiya və fobiyalarla birgə formalaşır. Bir sıra pasiyentlərdə distimiya – aşağı əhval ruhiyyə müşahidə edilir.

Mnestik pozğunluqlara unutqanlıq, diqqətsizlik, affektiv tip düşüncə və huşun bir qədər daralması aiddir.

Nevrozun diaqnostikası

Nevrozun diaqnostikasında anamnezdə psixotravmatik triggerin aşkarlanması, psixoloji testlər, şəxsiyyətin strukturunun analizi və patopsixoloji müayinə mühüm rol oynayır.

Nevrozlu pasiyentlərin nevroloji statusunda heç bir ocaqlı simptomatika müəyyən olunmur. Reflekslərin ümumi canlanması, ovucların hiperhidrozu, əlləri önə uzatdıqda barmaq uclarının titrəməsi mümkündür. Üzvi və ya damar mənşəli serebral patologiyanı inkar etmək üçün EEQ, baş beynin MRT, REQ, baş nahiyəsindəki damarların USDQ aparılır. İfadəli yuxu pozğunluqlarında polisomnoqrafiya icra oluna bilər.

Nevroz oxşar klinik əlamətlərə malik psixiatrik (şizofreniya, psixopatiya, bipolyar pozğunluq) və somatik xəstəliklərdən (stenokardiya, kardiomiopatiya, xroniki qastrit, enterit, qlomerulonefrit) differensiasiya edilməlidir. Nevrozlu pasiyentlər psixi pozuntusu olan insanlardan öz xəstəliklərini dərk etmələri, narahatlıqlarını bildirərək, onlardan azad olmağa çalışmaları ilə fərqlənirlər.  Mürəkkəb hallarda müayinə planına psixiatrın konsultasiyası əlavə olunur. Daxili orqanların patologiyalarını inkar etmək üçün nevrozun aparıcı simptomatikasından asılı olaraq, kardioloq, qastroenteroloq, uroloq və digər mütəxəssislərin konsultasiyası; EKQ, qarın boşluğu orqanlarının, sidik kisəsinin USM, fibroqastroduodenoskopiya, böyrəklərin KT və s. müayinələr aparılır.

Nevrozun müalicəsi

Nevrozun müalicəsinin əsasını psixotravmatik triggerin təsirinin aradan qaldırılması təşkil edir. Bu, ya psixotravmatik vəziyyətin həll olunması (nadir hallarda rast gəlinir) və yaxud pasiyentin hadisəyə münasibətinin dəyişilməsi ilə əldə edilir. Bununla əlaqədar xəstəliyin müalicəsində psixoterapiya mühüm rol oynayır.

Ənənəvi olaraq, psixoterapevtik üsulları və farmakoterapiyanı özündə cəmləşdirən kompleks müalicə tətbiq edilir. Yüngül hallarda yalnız psixoterapiya ilə kifayətlənmək olar. Psixoterapevtik üsullara psixokorreksiya, koqnitiv treninq, art-terapiya, psixoanalitik və koqnitik-davranış terapiyası daxildir.  Əlavə olaraq, xəstəyə relaksasiya üsulları öyrədilir, bəzən hipnoterapiya yerinə yetirilir. Terapiya  psixoterapevt və ya tibbi psixoloq tərəfindən həyata keçirilir.

Nevrozun medikamentoz müalicəsi onun patogenezinin neyrotransmitter aspektlərinə əsaslanır. Farmakoterapiya köməkçi rol oynayır: psixoterapevtik müalicə dövründə insanın özünü ələ almasını asanlaşdırır, onun nəticələrini möhkəmləndirir. Asteniya, depressiya, fobiya, patoloji həyəcan, panik həmlələr zamanı antidepressantlara: imipramin, klomipramin, amitriptilin, dazıotu bitkisinin ekstraktına; daha müasir formalara: sertralin, fluoksetin, fluvoksamin, sitalopram, paroksetinə üstünlük verilir. Həyəcan pozuntusunun və fobiyaların müalicə sxeminə anksiolitik təsirli preparatlar da əlavə olunur. Yüngül formalı nevrozlarda bitki tərkibli sakitləşdiricilər və ya yümşaq trankvilizatorlar (mebikar) qısa kursla təyin edilir. Ağır hallarda benzodiazepin sırasından olan trankvilizatorlar (alprazolam, klonazepam) məsləhət görülür. İsterik və ipoxondrik təzahürlərdə kiçik dozalarla neyroleptiklərdən (tiaprid, sulpirid, tioridazin) istifadə oluna bilər.

Dəstəkləyici və ümummöhkəmləndirici terapiya qismində polivitaminlər, adaptogen, qlisin, refleksoterapiya və fizioterapiya (elektoyuxu, darsonvalizasiya, masaj, su ilə müalicə) tətbiq edilir

Nevrozun proqnoz və profilaktikası

Nevrozun proqnozu onun formasından, inkişaf mərhələsindən, yaranma müddətindən, psixoloji və medikamentoz yardımın adekvatlığından asılıdır. Əksər hallarda vaxtında başlanılan terapiya  pasiyentin vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olur. Uzunmüddətli nevroz şəxsiyyətin geridönməyən dəyişikliklərinə və suisid təhlükəsinə gətirib çıxara bilər.

Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.

error: Content is protected !!