Neyrodermit

Neyrodermit– neyrogen-allergik xarakterli dəri xəstəliyi (neyroallerqodermatoz) olub, xroniki residivləşən gedişə malikdir.
Neyrodermit sulanan dəri səpgiləri, güclü qaşınma tutmaları, ardınca qabıqlanma, zədələnmiş nahiyyədə piqmentasiya və qalınlaşma ilə xarakterizə olunur.
Neyrodermit diaqnozu- dermatoloji baxışa, İgE səviyyəsinin təyininə, dəri-allergik sınaqlara, dərinin biopsiyasına əsasən qoyulur. Müalicəsinə hipoallergen pəhriz, antihistaminlər, sedativ preparatlar, kortikosteroidlərin qəbulu, mazların xaricə təyini, balneoterapiya, fizioterapiya, sanator müalicəsi aiddir.
Neyrodermit haqqında ümumi məlumat

Neyrodermit- neyroallergik xarakterli xroniki dermatoz olub, tez-tez kəskinləşmələrlə keçir. Kliniki dermatologiyada dəri allergik təzahürlərlə krçən xəstəliklər “atopik dermatit” termini adlandırılır. Bu termin – neyrodermit, pruriqo, ekzema, ekssudativ diatez, bez dermatiti və s. ayrı-ayrı nazoloji formaları bir termin altında birləşdirir. Lakin, uzun müddətdir ki, ayrı-ayrı diaqnozlar kliniki allerqologiya, dermatologiya, pediatriyada geniş istifadə edildiyindən, bu formaların hər birini ayrılıqda araşdırmaq tələb olunur. Çoxsaylı müşahidələrin məlumatlarına əsasən neyrodermit müxtəlif yaş qruplarında geniş yayılmışdır və yaşlı əhalinin 0,6-1,5%-də rast gəlinir. Neyrodermitlə xəstələnmə halları qadınlar (65%) və meqapolis əhalisi arasında daha geniş yayılmışdır.
Neyrodermitin səbəbləri

Neyrodermitin çoxillik öyrənilməsinə baxmayaraq xəstəliyin etiologiya və patogenezində hələ də “kor ləkələr” mövcuddur.

Neyrogen nəzəriyyə– neyrodermitin yaranmasında əsas rolun ali sinir fəaliyyətinin pozğunluqları olduğu, sinir proseslərinin diskoordinasiyası, onların gücünün, tarazlığının və hərəkətliliyinin patoloji dəyişiklikləri ilə müşayiət olunduğu düşünülür. Neyrodermitli xəstələrdə dəri əlamətlərinin ağırlığı ilə sinir sisteminin funksional pozğunluqları arasında düz mütənasiblik müşahidə olunur. Neyrodermitin manifestasiyası və yakəskinləşməsində stress vəziyyətlərin təkanverici amil olması faktı da nevrogen nəzəriyyənin xeyrinədir. Neyrodermitdən əziyyət çəkən şəxslər üçün nevroloji əlamətlər: narahatlıq, emosional ləbillik, gərginlik, əzginlik, ipoxondriya, depressiya və s. xarakterikdir.
Allergik nəzəriyyənin əsasında orqanizmin bu və ya digər qida maddələrinə, dərman preparatlarına, kimyəvi vasitələrə hipersensibilizasiyası durur. Bu nəzəriyyənin tərəfdarları neyrodermitin eksudativ kataral diatezin davamı hesab edirlər. Neyrodermitin allergik xəstəliklərlə əlaqəsini allerqodermatozun övrə ilə, pollinozla, bronxial astma ilə, allergik konyuktivitlə birgə müşahidə edilməsi göstərir.
İrsi nəzəriyyə- neyrodermitin etiologiya və patogenezində atopiyaya meyilliyi öyrənir. Aparılan müşahidələrin nəticələri göstərir ki, xəstələrin 56-81%-də valideynlər ( biri və ya hər ikisi) də eyni problemdən əziyyət çəkmişlər.
Yuxarıda sadalananları nəzərə alaraq neyrodermitin neyrogen-allergik mənşəli olduğu və əsasən irsi meyillik olan şəxslərdə yarandığı qənaətinə gəlmək olar.
Neyrodermitin yaranmasında və proqressivləşməsində təkan rolunu psixogen amillər, intoksikasiya, endogen və ekzogen qıcıqlandırıcılar (xroniki infeksiyaların kəskinləşməsi, qida, inhalyasion, kontakt allergenlər, insolyasiya, vaksinasiya), endokrin pozğunluqlar, hamiləlik, laktasiya və s. oynayır. Neyrodermitin inkişafında MBT patologiyaları (fermentopatiyalar, qastroduodenit, bağırsaq disbakteriozu, qəbizlik, ödçıxarıcı yolların diskineziyası, xroniki pankreatit və s.) də əhəmiyyətli rol oynayır və autoallergizasiya və autointoksikasiya üçün əlverişli şərait yaradır.
Neyrodermitin patogenezi
Neyrodermit zamanı əsas patogenetik dəyişikliklərə immun pozğunluqlar, vazoaktiv maddələrin həddən artıq sintezi və damar tonusunun tənzimlənməsinin pozulması daxildir. Belə ki, neyrodermitli pasiyentlərin 80%-də İgE və eozinofillərin səviyyəsinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Iltihab mediatorlarının, xüsusilə histaminin artmış ifrazı neyrodermit üçün xarakterik olan davamlı qaşınma və dərinin həssaslığının artmasına səbəb olur. Dəri damarlarının tonusunun dəyişməsi nəticəsində ağ dermoqrafizm davamlı xarakter alır, zədələnməmiş dəri sahələrinin temperaturunun düşməsi baş verir. Lipid mübadiləsinin, piy və tər vəzilərinin funksiyasının pozulması dərinin qurumasına səbəb olur. Neyrodermit zamanı dərinin patomorfoloji dəyişikliklərinə akantoz, hüceyrəarası ödem (spongioz), hiperkeratoz, dermanın perivaskulyar infiltratları daxildir.
Neyrodermitin təsnifatı
Dəri örtüklərinin zədələnmə sahəsinin yayılmasından asılı olaraq neyrodermitin aşağıdakı formaları ayırd edilir:

  • məhdud (vital dəmrov)- dərinin müxtəlif sahələrini əhatə edir;
  • məhdud (vital dəmrov)- dərinin müxtəlif sahələrini əhatə edir;
  • disseminəolunmuş -bir neçə məhdud neyrodermitsahələrini əhatə edir;
  • diffuz- dəri örtüklərinin yayılmış zədələnməsi. Bir çox müəlliflər məhz diffuz neyrodermiti atopik dermatitlə bir tuturlar. Zədələnmiş ocaqlarda dəridəki dəyişikliklərin xarakterinə görə məhdud neyrodermitin aşağıdakı formaları ayırd edilir: psoriozabənzər (qabıqlanma ocaqları ilə), ağ (başın tüklü hissəsinin zədələnməsi və allopesiyanın inkişafı), ziyilli və ya hipertrofik (dəridə şişəbənzər dəyişikliklər), linear (xətli sahələr şəklində dəri əlamətləri), follikulyar (tüklü sahələrdə kəskin kənarlı papulaların yaranması ilə).

Neyrodermitin əlamətləri
Xəstəliyin məhdud formasında dəri zədələnməsi adətən boynun arxa və ya yan səthində, qasıq-bud büküşlərində, cinsiyyət dodaqları, sarğı əzələləriarası nahiyyədə ovucdan böyük olmayan qaşınan düyünlər şəklində olur. Dərinin zədələnmiş sahələri özünü periferik hisssələri disseminəolunmuş papulalarla əhatə olunmuş lixenifikasiya sahələr şəklində büruzə verir. Neyrodermitin gecikmiş mərhələlərində ocaqların sərhədləri boyunca hiperpiqmentasiya sahələri fonunda qaşınma səbəbindən ikincili leykoderma- rəngi getmiş dəri sahələri formalaşa bilər.

Diffuz neyrodermitin formalaşmasına səbəb kimi, adətən südəmər dövrdə ekssudativ diatezin və daha sonrakı yaşlarda uşaq ekzemasının mövcudluğu və sonda isə atopik dermatitin inkişafı göstərilir. Tipik zədələnmə nahiyyələrinə üz (alın, yanaqlar, dodağın qırmızı haşiyəsi), boyun, dirsək və diz büküşləri, döş qəfəsi, budun daxili səthi daxildir. Zədələnmə nahiyyələrində dəri quru, hiperemiyalı, qabıqlı lixenizasiya, qabıqlar, ekssudasiya ocaqları ilə örtülür; sərhədləri kəskin deyil. Dodaqların qırmızı haşiyəsi prosesə qoşulduqda atopik xeylit formalaşır.

Neyrodermitin əsas əlaməti -gecəyə doğru artan dözülməz dəri qaşınmasıdır. İntensiv qaşınma pasiyentdə emosional və fiziki narahatlıq verir, yuxusuzluğa, qıcıqlanmaya, şəxsiyyətin nevrotik pozğunluqlarına, depressiyaya səbəb olur. Dəri qaşınmaları çox vaxt gec sağalan yaraların formalaşması, ikincili infeksiyanın qoşulması ilə müşayiət oluna biıər. Neyrodermitin fəsadlarına follikulit, impetiqo, furunkulyoz, stafilodermiya, hidroadenit, limfadenit, limfangit, göbələk infeksiyası, virus xəstəlikləri (kontagioz molyusk, sadə və plantar ziyillər, herpesşəkilli Kapoşi ekzeması) və s. daxildir.

Diffuz neyrodermitin digər simptomlarına gözaltında qara dairələr, alt göz qapaqlarının altında suborbital büküşlər (Denni-Morqan xətləri), ovucda və ayaqaltında dərin büküşlər, follikulyar keratoz aiddir. Neyrodermit xəstələri üçün ümumi zəiflik və tez yorulma, çəkinin düşməsi, arterial hipertoniya, hipoqlikemiya; bəzi xəstələrdə katarakta, keratokonus, döş gilələrinin ekzeması, ixtioz xarakterikdir. Diffuz neyrodermit üçün payız-qış mövsümlərində kəskinləşmə və ilin isti dövrlərində remissiya mərhələsində olmaq tipik hesab olunur.

Neyrodermitin diaqnostikası

Neyrodermit diaqnozu dermatoloq və ya allerqoloq-immunoloq tərəfindən klinik simptomlar əsasında qoyulur. Çünki, xəstəliyin spesifik laborator və instrumental markerləri mövcud deyildir. Neyrodermitin diaqnostikası üçün kriteriyalara: tipik lokalizasiyalı dermatit, dəri örtüklərinin quruluğu, intensiv qaşınma, residivləşən xroniki gediş aiddir. Allergik xəstəliyin (allergik rinit, bronxial astma və s.) mövcudluğu, atopik xəstəliklərə irsi meyillik, kəskinləşmələrin orqanizmin əlavə allergizasiyası ilə əlaqəsi və s. də böyük diaqnostik əhəmiyyət kəsb edir.

Qanın ümumi müayinəsində eozinofiliya, ümumi və allergenospesifik İgE-nin səviyyəsinin artması müşahidə olunur. Dəri allergik sınaqlarında (skarifikasion, aplikasion) bu və ya digər allergenə qarşı müsbət reaksiya aşkarlanır. Dərinin biosiyasında neyrodermit üçün xarakterik morfoloji şəkil aşkarlanır. Neyrodermitin differensiasiyası dermatitlərlə (seboreyalı, kontakt), dermatofitiya ilə, çəhrayı dəmrovla, qoturluqla, psoriazla, dishidrotik ekzema və s.lə aparılmalıdır.

Neyrodermitin müalicəsi

Neyrodermitim müasir mülaicəsi bir neçə istiqamətdə aparılır: allerqodermatozun kəskinləşməsinə səbəb olan təkanverici amillərin (infeksion, allergik, psixogen) aradan qaldırılması; xarici yerli (iltihabəleyhinə, nəmləndirici) müalicə; sistem müalicə.

  • Dietoterapiya. Neyrodermit xəstələrinə hipoallergen pəhriz; müdafiə rejiminə riayət etmək- dolğun yuxu, stressdən uzaq olmaq və s; təbii materiallardan olan geyim və alt paltarlarını geyinmək,; LOR orqanların və diş-çənə sisteminin xroniki infeksiya ocaqlarının sanasiyası göstərişdir.
  • Yerli müalicə kortikosteroid məlhəmlər, naftalan məlhəmi, dəriyə qulluq üçün kosmetik vasitələrin istifadəsi ilə aparılır. Kriomassaj, fizioterapiya (kortikosteroidlərlə fonoforez, diadinamoterapiya, maqnitlə terapiya, induktotermiya, qalvanizasiya, darsonvalizasiya, elektroyuxu), refleksoterapiya (elektropunktura, lazerlə punktura), məhdud neyrodermit ocaqlarının betametazonla, hidrokortizonla örtülməsi müsbət effekt göstərə bilər.
  • Sistemli farmakoterapiya müxtəlif istiqamətlərdə aparıla bilər. Müalicədə əsas yeri antihistamin, sedativ və immunomodlyator vasitələrlə, sistem kortikosteroidlərlə, vitaminlərlə müalicə tutur. Ağır formalı diffuz neyrodermitdə immunosupressiv müalicə, selektiv fototerapiya, qanın UBŞ, hiperbarik oksigenasiya, plazmoferez göstəriş ola bilər.

Neyrodermitli pasiyentlərə sanator müalicə, radon və ya kükürd vannaları, talassoterapiya məsləhətdir.

Neyrodermitin proqnozu və profilaktikası

Məhdud neyrodermit diffuz formaya nəzərən daha yüngül gedişə malikdir. Davamlı qaşınma və kosmetik qüsurlar xəstələrin öz vəziyyətlərinə fokuslanmalarına, həyat keyfiyyətinin pozulmasına, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olur. Lakin, yaş artdıqca (təxminən 25-30 yaşadək) bir çox xəstələrdə hətta diffuz neyrodermitin simptomlarının reqressiyası, ocaqlı formaya və ya spontan sağalma halları da məlumdur.

Neyrodermitin profilaktikası erkən yaş dövrlərindən başlamalı, ana südü ilə qidalanma, əlavə qidaların rasional qoşulması, düzgün qidalanma rejimi təyin edilməli, yanaşı xəstəliklərin müalicəsi və psixotravmatik faktorların istisnası mütləqdir.

error: Content is protected !!