Neyrosirkulyator distoniya
Neyrosirkulyator distoniya (NSD) – ürək-damar sisteminin neyro-endokrin tənzimin pozulması nəticəsində yaranan funksional xarakterli pozğunluqları ilə səciyyələnir. Neyrosirkulyator distoniya polietioloji genezə malik olub, stress amillərinin təsirindən yaranan və ya ağırlaşan müxtəlif təzahürlərlə (xüsusən ürək-damar simptomatikası) müşayiət edilir, xoşxassəli gediş və qənaətbəxş proqnozla fərqlənir.
Neyrosirkulyator distoniya barədə ümumi məlumat
Neyrosirkulyator distoniyanın ədəbiyyatda bəzən «ürəyin nevrozu», «neyrosirkulyator asteniya», «oyanıq ürək» termini ilə ifadə olunur. Ürək-damar sisteminin funksional pozğunluqlarının 2 növü mövcuddur: vegetativ-damar və neyrosirkulyator distoniya. Vegetativ-damar distoniyası sinir, endokrin və digər sistemlərin üzvi zədələnmələri ilə müşayiət olunan vegetativ disfunksiyanın müxtəlif təzahürlərini özündə birləşdirir. Neyrosirkulyator distoniya müstəqil nozoloji forma olub, vegetativ disfunksiyadan bir sıra xüsusiyyətləri – klinik təzahürlər arasında ürək-damar simptomatikasının üstünlük təşkil etməsi, vegetativ tənzimin birincili – funskional mənşəli pozulmaları və üzvi patologiya, o cümlədən nevrozla bağlılığın olmaması ilə seçilir.
Kardioloji və terapevtik profilli pasiyentlər arasında neyrosirkulyator distoniyanın ratsgəlmə tezliyi 30-50%-dir. NSD müxtəlif yaşlarda inkişaf edə bilər. Adətən cavanlarda, xüsusən qadınlarda (kişilərə nisbətən 2-3 dəfə artıq) rast gəlinir. Xəstəlik nadir hallarda yaşı 15-dən aşağı, 40-dan yuxarı olan şəxslərdə qeydə alınır.
Neyrosirkulyator distoniyanın təsnifatı
Etioloji formalara əsasən neyrosirkulyator distoniya bir neçə formaya bölünür: essensial (konstitutsional-irsi), psixogen (nevrotik), infeksion-toksiki, dishormonal, qarışıq, eləcə də fiziki gərginliklə assosiasiyalı NSD.
V.P.Nikitin (1962) və N.N.Savitski (1964) təsnifatı üzrə aparıcı klinik sindromdan asılı olaraq, neyrosirkulyator distoniyanın 4 tipi ayırd edilir: kardial (ürək fəaliyyətinin pozulmalarının dominantlığı), hipotenziv (AT-nin azalmasının üstünlük təşkil etməsi), hipertenziv (AT-nin yüksəlməsinin daha ifadəli olması), qarışıq (AT və ürək fəaliyyətinin pozğunluqlarının müştərəkliyi). Simptomatikanın ağırlığına görə neyrosirkulyator distoniya yüngül, orta və ağır dərəcələrə; gediş xüsusiyyətlərinə əsasən kəskinləşmə və remissiya fazalarına ayrılır.
Neyrosirkulyator distoniyanın yaranma səbəbləri
Neyrosirkulyator pozğunluqlara müxtəlif amillər səbəb ola bilər, lakin onların sırasına endokrin və sinir sisteminin üzvi zədələnmələri daxil deyildir. Yeniyetmə dövründə neyrosirkulyator distoniya əsasən vegetativ proseslərin neyroendokrin tənzim mexanizminin tam formalaşmaması ilə əlaqədar yaranır. Prepubertat və pubertat dövrlərdə güclü psixi və fiziki yüklənmələr, sosial mühit NSD-nin inkişafına gətirib çıxarır.
Müxtəlif yaşlı şəxslərdə neyrosirkulyator distoniya kəskin və xroniki infeksiyalar, az yatmaq, yorğunluq, psixi travmalar, fiziki və kimyəvi amillərin təsiri (insolyasiya, isti iqlim, vibrasiya), qeyri-düzgün qidalanma rejimi, fiziki aktivlik (yüklənmələr və ya hipodinamiya), intoksikasiya (o cümlədən alkoqol və tütün) fonunda yarana bilər. Neyrosirkulyator distoniyanın inkişafında hormonal fonun kəskin dəyişdiyi dövrlər (cinsi yetişkənlik, abortlar, hamiləlik, klimakterik dövr, yumurtalıqların disfunksiyası) mühüm rol oynayır.
Bir sıra pasiyentlərdə neyrosirkulyator distoniyaya irsi-konstitutsional meyillik müşahidə edilir. Bu amillərin təsiri ürək-damar sisteminin neyro-humoral tənziminin disfunksiyasına səbəb olur. Patogenezin əsas həlqəsini bu proseslərin koordinasiyasını həyata keçirən hipotalamo-hipofizar strukturların zədələnməsi təşkil edir. Neyrohumoral tənzimin pozulması orqanizmdə homeostaz proseslərini təmin edən sistemlərin (simpatiko-adrenal, xolinergik, kallikreinkinin, histaminserotonin və s.) funksional pozğunluqları ilə təzahür edir.
Bu da öz növbəsində karbohidrat, su-elektrolit mübadiləsi, turşu-qələvi balansı, mediator və hormonal sistemlərin çoxsaylı dəyişikliklərinə gətirib çıxaran mexanizmləri işə salır. Miokard toxumasında metabolizmin pozulması və distrofiyanın inkişafına səbəb olan bioloji aktiv maddələr (histamin, serotonin, kinin və s.) aktivləşir. Qan dövranı sistemində periferik damarların spazmı, damar tonusunun pozulması, mikrosirkulyasiyanın zəifləməsi qeydə alınır, bu da toxumaların hipoksiyası ilə nəticələnir.
Formalaşan patogenetik mexanizmlər avtonom, neyrosirkulyator distoniya isə müstəqil xəstəlik sayılır. İstənilən qıcıqlandırıcıların (hava şəraitinin dəyişməsi, stress və s.) təsirindən neyrosirkulyator distoniyanın bu və ya digər tipi yarana bilər.
Neyrosirkulyator distoniyanın əlamətləri
Neyrosirkulyator distoniyanın bütün tiplərinin ümumi təzahürü yorğunluq, halsızlıq, yuxu pozğunluğu, yaddaş və diqqətin konsentrasiyasının zəifləməsi, əhvalın və iradi keyfiyyətlərin pozulması ilə səciyyələnən və dominant xarakterli funksional pozğunluqlarla müşayiət olunan nevrozabənzər vəziyyətdir.
Neyrosirkulyator distoniyanın kardial tipinin gedişi kardialgiya, ürəkdöyünmə, ürək fəaliyyətində fasilələr, bəzən fiziki gərginlik zamanı təngnəfəsliklə özünü büruzə verir; AT-nin ifadəli dəyişiklikləri qeydə alınmır. Obyektiv olaraq, taxikardiya, tənəffüs aritmiyası, taxikardiya paroksizmləri, mədəciküstü ekstrasistoliya, ürək atımının yüklənməyə qeyri-adekvat dəyişməsi, EKQ-də T dişciyinin voltajının dəyişməsi (yüksək və ya azalmış) aşkar edilir.
Neyrosirkulyator distoniyanın hipotenziv tipi xroniki damar çatışmazlığının əlamətləri: sistolik AT-nin 100 mm cv.süt.-dan aşağı enməsi, ətrafların soyuması, dəri örtüklərinin avazıması, yorğunluq, əzələ zəifliyi, baş ağrıları, ortostatik kollaps və bayılmaya meyilliklə səciyyələnir. Bu tip xəstələr astenik bədən quruluşlu olur.
Neyrosirkulyator distoniyanın hipotenziv tipi üçün AT-nin 130-140/85-90 mm cv.süt-na qədər tranzitor yüksəlməsi xarakterikdir. Arterial təzyiqin pozulması 50% hallarda pasiyentlərin ümumi vəziyyətinin subyektiv dəyişməsi ilə müşayiət olunmur, tibbi baxış zamanı aşkarlanır. Az hallarda xəstələr ürəkdöyünmə, baş ağrıları, yorğunluq müşahidə edilir. Hipertenziv tipli NSD-nin xarakteristikası yüksək normal (keçid) arterial hipertenziya ilə analojidir.
Neyrosirkulyator distoniyanın yüngül dərəcəsi yalnız psixoemosional yüklənmələr nəticəsində meydana çıxan mülayim dərəcəli əlamətlərlə ifadə olunur. Pasiyentlərin əmək qabiliyyəti saxlanılır, fiziki dözümlülük cüzi azala bilər; medikamentoz terapiya göstəriş sayılmır.
Orta dərəcəli neyrosirkulyator distoniyada əlamətlərin sayının çoxluğu, fiziki əmək qabiliyyətinin 50%-dən çox azalması qeyd edilir. Əmək qabiliyyəti zəiflədikdə və ya müvəqqəti itirildikdə medikamentoz terapiya tələb olunur. Neyrosirkulyator distoniyanın ağır dərəcəsi davamlı və çoxsaylı klinik əlamətlər, əmək qabiliyyətinin kəskin azalması və ya itirilməsi ilə xarakterizə olunur, belə hallarda pasiyentlər stasionar şəraitdə müalicə edilməlidir.
Neyrosirkulyator distoniyanın diaqnostikası
Neyrosirkulyator distoniyanın əlamətlərinin az spesifikliyi diaqnostikanı çətinlişdirir və diaqnozun hərtərəfli verifikasiyasını tələb edir.
Xəstənin təqdim etdiyi şikayətlər – 1-2ay müddətində izlənilən əlamətlər: kardialgiya, ürəkdöyünmə, boğulma hissi, boyun damarları və ya prekardial nahiyədə pulsasiya, halsızlıq, yorğunluq, nevrotik təzahürlər (əsəbilik, həyəcanlı hallar, yuxu pozğunluğu), başgicəllənmə, soyuq və nəm ətraflar, neyrosirkulyator distoniyaya dəlalət edir. NSD üçün əlamətlərin müxtəlifliyi və onların stress və hormonal dəyişikliklər dövrü ilə sıx əlaqəsi, xəstəliyin remissiya və kəskinləşmə dövrləri ilə getməsi, proqressivləşmə tendensiyasının müşahidə olunmaması səciyyəvidir.
NSD-nin fizikal kriteriyalarına spontan və ya vəziyyətə qeyri-adekvat şəkildə yaranan taxikardiyaya meyilliliklə müşahidə olunan ürəyin dəyişkən ritmi, AT-nin labilliyi, tənəffüs aritmiyaları (taxipnoe, dispnoe), ürək nahiyəsində hiperalgeziya aiddir. EKQ-də pasiyentlərdə taxikardiya, aritmiya, aparıcı ritmin miqrasiyası (21,3%), ekstrasistoliya (8,8%), paroksizmal taxikardiya və səyrici aritmiya (3%), 2 və ya daha artıq ötürmələrdə mənfi T dişciyi (39,4%) qeydə alınır.
Neyrosirkulyator distoniyanın diaqnostikasının informativ üsullarına yüklənmə sınaqları ilə diaqnostik EKQ daxildir.
- Hiperventilyasiya sınağı 30-40 dəqiqə ərzində forsirəolunmuş nəfəsalma və nəfəsvermənin yerinə yetirilməsindən sonra EKQ qeydiyyat və onun ilk göstəricilərlə müqayisəsindən ibarətdir. Nəbzin 50-100% tezləşməsi, EKQ-də mənfi T dişciklərinin yaranması və ya onların amplitudlarının artması NSD-yə dəlalət edir.
- Ortostatik sınaq zamanı uzanıqlı vəziyyətdə və 10-15 dəqiqə ayaq üstə dayandıqdan sonra EKQ qeydiyyat aparılır. Sınağın müsbət nəticələri hiperventilyasiya sınağında izlənilən dəyişikliklərlə eynidir. Onlar pasiyentlərin 52%-də müşahidə edilir.
- Dərman sınaqları (β-аdrenoblokatorlar, kaliumla) neyrosirkulyator distoniya ilə ürəyin üzvi xəstəliklərinin differensiasiyasına yönəldilmişdir. EKQ 60-80 mq dozada β-adrenoblokatorların (obzidan, inderal, anaprilin) və ya 6 qr kalium-xloridin qəbulundan 40-60 dəqiqə sonra icra olunur. Üzvi kardiopatologiyalarda (miokardit, ÜİX, miokardın hipertrofiyası) müsbət, NSD zamanı isə mənfi T dişciyi qeyd olunur.
Veloerqometriyanın köməyilə neyrosirkulyator distoniya üçün səciyyəvi olan yüklənməyə qarşı tolerantlığın azalması (yəni neyrosirkulyator distoniyalı pasiyentin eyni yaş və cinsdən olan sağlam şəxsə nisbətən daha az yüklənməni yerinə yetirə bilməsi) müəyyən edilir. Laborator məlumatlar simpatiko-adrenal sistemin aktivliyinin artmasından xəbər verir: yüklənməyə cavab olaraq, qanda noradrenalin, adrenalin, metabolitlər, süd turşusunun səviyyəsinin qeyri-adekvat yüksəlməsi izlənilir.
Neyrosirkulyator distoniyanın müalicəsi
Neyrosirkulyator distoniyanın müalicəsində orqanizmin yeni şəraitə adaptasiya imkanlarını yüksəldən qeyri-medikamentoz tədbirlər mühüm əhəmiyyət kəsb edir. NSD zamanı orqanizmi möhkəmlədən prosedurlar, idman məşğələləri (yüngül atletika, üzgüçülük), rasional psixoterapiya, əmək və istirahət rejiminin normalizasiyası göstəriş sayılır.
Balneoterapiya, fizioterapiya (müalicəvi duş və vannalar, elektroyuxu, refleksoterapiya, brom, maqnezium, novokainlə elektrofarez), MBT, sanator-kurort müalicə vegetativ funksiyaların tənziminə müsbət təsir göstərir. Yuxu pozğunluğu, qıcıqlanma zamanı sedativ dərman vasitələrinin: damotu, pişikotu, trankvilizatorların (oksazepam və s.) təyini mümkündür.
Kardial və hipertenziv tipli neyrosirkulyator distoniyanın müalicəsində taxikardiya, hipertenziya, kardialgiyanı aradan qaldıran β-adrenoblokatorlar (atenolol, propranolol, oksprenolol), eləcə də ürək əzələsinin metabolizmini yaxşılaşdıran preparatlardan (inozin, kalium preparatları, B qrup vitaminlər) istifadə olunur. Asteniya və ortostatik pozğunluqlarla müşahidə olunan hipotenziv tipli neyrosirkulyator distoniya zamanı jenşen cövhəri (cır limon, araliya), kofein təyin edilir.
Neyrosirkulyator distoniyanın proqnozu
Neyrosirkulyator distoniyanın gedişi kardiomeqaliya, ürək çatışmazlığı, həyat üçün təhlükəli sayılan ritm və ötürücülüyün pozulmaları ilə ağırlaşmır. Pubertat dövrdə xəstəlik vaxtında aparılan terapiya ilə və ya öz-özünə tam sağalır. Yaş artdıqca tam sağalma ehtimalı azalır. Əmək qabiliyyətinin azalması və ya müvəqqəti itirilməsi kəskinləşmə dövründə müşahidə edilir.
NSD-nin hipertenziv tipinin rast gəlindiyi pasiyentlər hipertoniya xəstəliyinə görə risk qrupuna daxildir; neyrosirkulyator distoniyanın istənilən tipində lipid mübadiləsinin pozğunluqları ilə əlaqədar ateroskleroz və ÜİX-nin yaranma ehtimalı istisna edilmir.
Neyrosirkulyator distoniyanın profilaktikası
Neyrosirkulyator distoniyanın profilaktika məsələləri tibbi tədbirlər çərçivəsindən xeyli kənara çıxır. NSD-nin profilaktikası yeniyetmələrin düzgün fiziki, psixi və gigiyenik tərbiyəsinə, onların sosial adaptasiyası və özünü qiymətləndirmənin artırılmasına əsaslanır. Sağlam həyat tərzi, idmanın təbliği, siqaret və spirtli içkilərin uzaqlaşdırılması mühüm rol oynayır.
Neyrosirkulyator distoniyanın tibbi profilaktikası ocaqlı infeksiya, stress amilləri ilə mübarizədən, qadınlarda klimakterik dövrdə hormonal fonun tənzimlənməsindən ibarətdir.