Onkologiya
Onkologiya tibbin müxtəlif lokalizasiya və quruluşa malik şiş xəstəliklərini əhatə edən sahəsidir.
Onkoloji xəstəliklər əsrin bəlasına çevrilib və ilbəil “cavanlaşmaqda” və artmaqda davam edir. Xəstəliyin erkən vaxtda aşkarlanması və müalicəsi səhiyyənin ən aktual məsələlərindəndir.
Onkologiyada şişlər 3 qrupa bölünür: xoşxassəli , şərti xoşxassəli (keçid forma), bədxassəli.
Xoşxassəli törəmələr (şişlər) nisbətən ləng böyüyür və proqnozu qənaətbəxşdir. Bu tip şişlər metastaz vermir. Fibroma, papilloma, angioma, xondroma və s. xoş xassəli törəmələrə addir.
Şərti xoşxassəli törəmələr də metastaz vermir, lakin xərçəngə çevrilə və kəsildikdən sonra təkrar residivlər verə bilər. Bu qrupa mədənin adenomatoz polipləri, atipik xallar, dəri buynuzu, qocalıq keratozu və s daxildir.
Bədxassəli törəmələr (xərçəng, sarkoma, limfoma) üçün isə invaziv böyümə, ətraf toxumalara sirayət etmə, metastaz vermə və residivləşmə xarakterikdir.
Hər il dünyada 10 milyondan çox insan xərçəng səbəbindən həyatını itirir. Qadınlarda onkoloji xəstəliklərdən əsasən- süd vəzi və uşaqlıq boynunun xərçəngi, kişilərdə isə prostat vəzinin xərçəngi daha çox rast gəlinir.
Cinsdən asılı olmayaraq ən çox rast gəlinən onkoloji xəstəliklər –ağciyər, yoğun bağırsaq, mədə və qaraciyərin xərçəngidir. Uşaqlarda isə neyroblastoma, leykoz, osteosarkoma, retinoblastoma daha çox rast gəlinir.
Onkoloji xəstəliklərin yayılmasını bir çox amillərlə əlaqələndirirlər- irsi meyillik, ekoloji faktorlar, məişət və istehsalat zəhərləri, stress, qeyri-rasional qidalanma, zərərli vərdişlər,virus xəstəlikləri, az hərəkətli həyat tərzi və s.
Onkoloji xəstəliklərin vaxtında aşkarlanması üçün 40 yaşdan yuxarı şəxslərə 2 ildən bir, ağırlaşmış fona malik insanlara isə ildə 1 dəfə müayinələrdən keçmək məsləhət görülür. Onkoskrininqə daxil olan müayinələrə- -qanda onkomarkerlərin təyini, qarın boşluğu orqanları, böyrək və qalxanvari vəzinin USM-i, kolonoskopiya, flüoroqrafiya daxildir.
Qadınlar üçün ginekoloqun konsultasiyası, kiçik çanaq orqanlarının USM-i, kolposkopiya, sitoloji yaxma, qanda onkomarkerlərin ( CA 15-3 və CA125) təyini, mammoqrafiya; kişilər üçün isə uroloqun müayinəsi, qanda PSA təyini və prostat vəzin USM-i məsləhət görülür.
Onkoloji xəstəliklərin müalicəsində şiş və metastazların cərrahi yolla götürülməsi, şüa, kimya və hormonoterapiya ilə yanaşı şiş toxumasının fiziki təsir (krioablasiya, lazer terapiya, hipertermiya və s) üsullarından da istifadə edilə bilər.
İmmunoterapiya (şiş əleyhinə vaksinlər, aktivləşmiş T-limfositlər, monoklonal anticisimlərlə müalicə) onkologiyanın perspektivli sahələrindən hesab edilir. Gen terapiyası, nanoterapiya onkolgiyanın öyrənilməkdə olan, hələ klinik tətrbiq edilməyən istiqamətlərindəndir.