Onurğanın osteoxondrozu
Onurğanın osteoxondrozu- onurğanın xroniki xəstəliyi olub, onurğa fəqərələrinin və onların arasında yerləşən fəqərəarası disklərin degenerativ dəyişikliklərilə xarakterizə olunur. Onurğanın zədələnmə yerindən asılı olaraq: onurğanın boyun şöbəsinin, döş şöbəsinin və bel nahiyyəsinin osteoxondrozu ayırd edilir. Onurğa osteoxondrozunun diaqnostikası üçün rentgenoqrafiya, ağırlaşmalar (məsələn, fəqərəarası disk yırtığı) zamanı isə onurğanın MRT müayinəsi mütləqdir. Onurğa osteoxondrozunun müalicəsində medikamentoz terapiya ilə yanaşı refleksoterapiya, masaj, manual terapiya, fizioprosedurlar və müalicəvi bədən tərbiyəsi də geniş tətbiq olunur.
Etiologiyası və patogenezi
Orqanizmin təbii yaşlanma halı kimi osteoxondroz yaş artdıqca hamıda bu və ya digər dərəcədə formalaşır. Fəqərəarası disklərdə tez ya gec atrofik dəyişikliklər formalaşmağa başlayır, lakin travmalar, xəstəiklər və onurğanın həddən artıq yüklənməsi osteoxondrozun daha erkən formalaşmasına səbəb olur. Onurğanın boyun və bel şöbələrinin osteoxondrozu daha çox rast gəlinir.
Osteoxondrozun inkişafını izah edən 10-dək nəzəriyyə mövcuddur: damar, hormonal, mexaniki, irsi, infeksion-allergik və s. Lakin onların heç biri onurğada meydana çıxan dəyişiklikləri tam olaraq izah edə bilmir, daha çox bir-birilərini tamamlaya bilir.
Hesab olunur ki, osteoxondrozun yaranmasında əsas meyar onurğa-hərəkət seqmentinin- 2 qonşu fəqərələr və onların arasında yerləşən fəqərəarası disklərin daimi yüklənməsidir. Belə yüklənmə hərəkət stereotipinə- duruş, individual onurma və gəzmə formasına görə formalaşa bilər. Duruşun pozulması, düzgün olmayan pozada oturmaq, gəzmək onurğa sütününun tarazlığını dəyişir, fəqərəarası disklərə, əzələ və bağlara əlavə yük salır. Onurğanın anadangəlmə quruluş xüsusiyyətləri və toxumaların trofikasının irsi faktorlara bağlı pozğunluğu vəziyyəti daha da ağırlaşdıra bilər. Quruluş qüsurları çox vaxt onurğanın boyun şöbəsində (Kimerli anomaliyası, kraniovertebral anomaliyalar, Kiari anomaliyası) rast gəlinir və qan dövranı pozğunluqlarına və onurğanın boyun şöbəsinin erkən osteoxondrozuna səbəb ola bilər.
Bel şöbəsinin osteoxondrozu adətən əyilmələr və ya ağır yük qaldırma zamanı yüklənmə ilə əlaqədar meydana çıxır. Sağlam fəqərəarası disk mərkəzi hissəsində yerləşən pulpoz nüvənin hidrofilliyi hesabına müəyyən miqdarda yükə davam gətirə bilir. Pulpoz nüvə özündə böyük həcmdə su saxlayır, mayelər isə məlum olduğu kimi, çox az sıxılır.
Osteoxondroz zamanı pulpoz nüvə hidrofil xüsusiyyətlərini itirir. Buna səbəb nüvədə metabolizm pozğunluğu və ya lazımi qidalı maddələrin çatışmazlığıdır. Nəticədə fəqərəarası disklər nazilir və daha az elastik olur, fibroz halqada yüklənmə zamanı radial çatlar meydana çıxır. Qonşu fəqərələr arasındakı məsafə qısalır və onlar bir-birinə görə yerlərini dəyişirlər, eləcə də, fəqərələri birləşdirən faset oynaqların yerdəyişməsi baş verir. İlk kliniki simptomlar çox vaxt ağır yükqaldırma zamanı və ya ondan sonra, ev işləri və ya bağda iş zamanı və s hallarda meydana çıxır.
Diskin fibroz halqasının birləşdirici toxumasının, faset oynaqlarının kapsul və bağlarının parçalanması immun sistemin reaksiyasına və faset oynağı və ətraf toxumaların aseptik iltihabi ödeminin inkişafına səbəb olur. Fəqərə cisimlərinin yerini dəyişməsi nəticəsində faset oynaqlarının kapsulunun dartılması baş verir, fəqərəarası disklərdəki dəyişikliklər isə fəqərə cisimlərini əvvəlki qədər fiksə edə bilmir. Onurğa seqmentinin qeyri-stabilliyi formalaşır. Belə qeyri-stabillik onurğa beyin sinirlərinin sıxılmasına və sinir kökü sindromuna (radikulopatiya) səbəb ola bilər. Onurğanın boyun şöbəsinin osteoxondrozu zamanı bu hal başı yana çevirərkən, bel şöbəsinin osteoxondrozuna isə- əyilmələr zamanı meydana çıxır. Onurğa-hərəki seqmentin funksional bloku da formalaşa bilər. Bu onurğa əzələlərinin kompensator yığılması ilə əlaqədardır.
Fəqərəarası diskin yırtığı disk arxaya doğru yerini dəyişdikdə baş verir, arxa həlqəvi bağ yırtılır və diskin bir hissəsi onurğabeyin kanalına nüfuz edir. Əgər bu zaman onurğabeyin kanalına diskin pulpoz nüvəsi nüfuz edərsə, bu yırtıq parçalanmış hesab olunur. Belə yırtıq zamanı ağrının intensivliyi və davametmə müddəti parçalanmamışa nisbətən daha çox olur. Disk yırtığı sinir kökü sindromuna və ya onurğa beynin sıxılmasına səbəb ola bilər.
Osteoxondroz zamanı sümük toxumasında osteofitlərin- fəqərə cisimlərində və şaxələrində sümük çıxıntılarının inkişafı baş verir. Osteofitlər də onurğa beyninin sıxılmasına (kompresion mielopatiya) və ya sinir kökü sindromunun inkişafına səbəb ola bilər.
Onurğa osteoxondrozunun əlamətləri
Onurğa osteoxondrozunun əsas əlaməti ağrıdır. Ağrı yüksək intensivlikli və kəskin ola, zədələnmiş seqmentin cüzi hərəkəti zamanı belə arta bilər və pasiyentin məcburi vəziyyət almasına səbəb ola bilər. Belə ki, onurğanın boyun şöbəsinin osteoxondrozunda pasiyent başını daha az ağrılı pozada saxlamağa məcbur olur və tərpədə bilmir, döş şöbəsinin osteoxondrozunda ağrı dərin nəfəsalma zamanı belə artır, belin osteoxondrozunda isə pasiyent üçün oturmaq, durmaq və gəzmək çətin olur. Belə ağrı sindromu onurğa beyin siniri kökünün sıxılması üçün xarakterikdir.
Təxminən 80% hallarda küt ağrı davamlı orta insevlikdə olur. Belə hallarda baxış zamanı onurğanın osteoxondrozu ilə kürək əzələlərinin miozitini differensiasiya etmək lazımdır. Osteoxondroz zamanı küt ağrı zədələnmiş onurğa-hərəki seqmentini saxlayan əzələlərin kompensator artmış gərginliyi, fəqərəarası disklərin iltihabi dəyişiklikləri və ya əhəmiyyətli dərəcədə dartılması səbəbindən meydana çıxır. Belə ağrı sindromu olan pasiyentlərdə məcburi vəziyyət olmur, lakin hərəkətlərdə və fiziki aktivlikdə məhdudiyyətlər müşahidə olunur. Onurğanın boyun şöbəsinin osteoxondrozu olan pasiyentlər başı kəskin dönməkdən və çevirməkdən yayınır, bel şöbəsinin osteoxondrozu olanlar isə yavaş oturur və qalxır, gövdənin əyilmələrindən yayınırlar.
Osteoxondrozun onurğa sütünu səviyyəsində olan bütün əlamətləri vertebral sindromlara aiddir. Onurğa sütunundan kənar bütün dəyişikliklər isə ekstravertebral sindromu formalaşdırır. Bunlar onurğa beynindən çıxan köklərinin sıxılması nəticəsində periferik sinirlərin şaxələri boyunca ağrı ilə özünü büruzə verə bilər. Məsələn, lyumboişialgiya- onurğa beyninin bel şöbəsinin osteoxondrozu zamanı oturaq sinir boyunca yayılan ağrıdır. Onurğanın boyun şöbəsinin osteoxondrozu zamanı isə onurğa arteriyalarının sıxılmasına bağlı olaraq baş beyində vertebro-bazilyar şəbəkənin damar dəyişiklikləri ekstravertebral sindroma aiddir.
Onurğa osteoxondrozunun ağırlaşmaları
Osteoxondrozun fəsadları fəqərəarası diskin yırtığı ilə əlaqədardır. Bura -ətrafların müəyyən qrup əzələlərinin zəifliyi, keyiməsi (təzyiqin səviyyəsindən asılı olaraq) ilə xarakterizə olunan və parezlərə, əzələ atrofiyasına, vətər reflekslərinin dəyişikliklərinə, eləcə də sidik ifrazı və defekasiya pozğunluqlarına səbəb olan onurğa beyninin sıxılması (diskogen mielopatiya) aiddir. Fəqərəarası yırtıq onurğa beynini qidalandıran arteriyaların sıxılmasına və sinir hüceyrələrinin ölümü ilə nəticələnən işemik ocaqların (onurğa beyni infarktı) yaranmasına səbəb ola bilər. Bu hal işemiyanın yayılma dərəcəsinə uyğun nevroloji defisitlə ( hərəkət məhdudiyyəti, hissiyatın azalması, trofiki pozğunluqlar) özünü büruzə verir.
Onurğa osteoxondrozunun diaqnostikası
Diaqnozu nevrolo və ya vertebroloq qoyur. Erkən etaplarda onurğanın 2 proyeksiyada rentgenoqrafiyası aparılır. Ehtiyac olduqda ayrıca onurğa seqmentinin və ya digər proyeksiyaların da çəkimi aparıla bilər. Fəqərəarası disk yırtığının diaqnostikası, onurğa beyninin vəziyyətinin qiymətləndirilməsi və osteoxondrozun ağırlaşmalarının aşkarlanması üçün maqnit-rezonans tomoqrafiya ( onurğanın MRT-si) müayinəsi böyük əhəmiyyət kəsb edir. MRT müayinəsi osteoxondrozun bir çox xəstəliklərdən- vərəm spondiliti, osteomielit, şiş xəstəlikləri, Bexterev xəstəliyi, revmatizm, infeksion zədələnmələr və s.-dən diferensiasiya etməyə kömək edir. Bəzən, onurğa beyninin boyun şöbəsinin ağırlaşmaları zamanı sirinqomieliyanı inkar etmək lazım gəlir. MRT müayinəsi mümkün olmadığı hallarda mieloqrafiya göstərişdir.
Diskoqrafiya müayinəsi ilə zədələnmiş fəqərəarası disk müayinə olunur. Elektrofizioloji müayinə (yaradılmış potensiallar, elektroneyroqrafiya, elektromioqrafiya) sinir yollarının zədələnmə nahiyyəsinin və dərəcəsinin qiymətləndirilməsi, müalicə əsnasında bərpasına nəzarət məqsədilə aparılır.
Onurğanın osteoxondrozunun müalicəsi
Kəskin dövrdə zədələnmiş onurğa-hərəki seqmentdə sakitlik göstərişdir. Bu məqsədlə, onurğanın boyun şöbəsinin osteoxondrozunda fiksasiya məqsədilə Şants yaxalığı, bel şöbəsinin osteoxondrozunda isə yataq rejimi təyin olunur. Boyun şöbəsinin osteoxondrozunda onurğa seqmentinin qeyri-stabilliyi halında fiksasiya mütləqdir.
Osteoxondrozun medikamentoz müalicəsində qeyri-steroid iltihabəleyhinə (QSİƏP) preparatlar: diklofenak, nimesulid, lornoksikam,meloksikam, ketorolak təyin olunur. İntensiv ağrı zamanı analgetiklər, məsələn, mərkəzi təsirli flupirit göstərişdir. Əzələ gərginliyini götürmək üçün miolrelaksantlar- tolperizon, tizanidin istifadə olunur. Bəzi hallarda, qıcolmaəleyhinə preparatların – karbamazepin, qabapentin; antidepressantların, xüsusil serotoninin geri sorulmasının inhibitorlarının ( sertralin, paroksetin) təyini məqsədəuyğundur.
Sinir kökü sindromu zamanı stasionar müalicə mütləqdir. Qlükokortikoidlərin lokal yeridilməsi, ödeməleyhinə müalicə, dartılma təyin oluna bilər. Osteoxondrozun müalicəsində fizioterapiya, refleksoterapiya, masaj, müalicəvi bədən tərbiyəsi geniş tətbiq olunur. Manual terapiyanın təyini dəqiq texnikaya əsalanmalı və boyun osteoxondrozunda xüsusi ehtiyyatla tətbiq edilməlidir.
Onurğada əməliyyatlar onurğa beyninin əhəmiyyatli dərəcədə sıxılması zamanı aparılmalıdır. Əməliyyat- fəqərəarası diskdə yırtığın götürülməsinə və onurğabeyin kanalının dekompressiyasına əsaslanır. Mikrodiskektomiya, diskin punksion valorizasiyası,diskin lazer rekonstruksiyası, zədələnmiş diskin implantla əvəzolunması, onurğa seqmentinin stabilizasiyası əməliyyatları da aparıla bilər.