Otorinolarinqologiya

Otorinolarinqologiya- tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.Bu orqanların anatomik yaxınlığı və funksional qarşılıqlılığı onların otorinolorinqologiya sahəsində öyrənilməsinə imkan verir.

LOR-orqanların selikli qişalarında külli miqdarda şərti-patogen mikroorqanizmlər mövcuddur. Orqanizmdə cüzi disbalans baş verdikdə bu mikroorqanizmlər patogen xüsusiyyətini almaqla, müxtəlif xəstəliklərə yol açırlar.  

Burun boşluğunun ən çox yayılmış patologiyalarına adenoid, haymorit, rinit, qanaxmalar aiddir. Qulaq xəstəlikləri arasında əsasən otit, timpanit, travmatik xarakterli zədələnmələrə rast gəlinir. Boğaz xəstəliklərindən isə adətən faringit, laringit, xroniki tonzillitə təsadüf olunur. Əhalinin sıxlığı və çirkli ekologiya LOR-orqanların patologiyaları üçün əlverişli fon sayılır.  

LOR-xəstəlikləri çox zaman keçirilmiş virus infeksiyalarının ağırlaşması kimi yaranır və zəifləmiş immunitet fonunda inkişaf edir. Onların hər biri fərqli klinik şəklə malikdir. Daimi baş ağrıları, çənəaltı limfa düyünlərinin böyüməsi, boğaz və qulaqda ağrı, eşitmənin, həmçinin iybilmənin pozulması, burun tənəffüsünün çətinləşməsi, burun və ya qulaqdan ifrazatın axması LOR-orqanların patologiyalarından xəbər verir.   

Bu xəstəliklərin müalicəsinin gecikdirilməsi sağlamlığa ciddi təhlükə törədir. Məsələn, LOR orqanlarda yaranan uzunmüddətli iltihabi proseslər ürək, böyrək və oynaqların zədələnmə ehtimalını artırır. Həmçinin Lor orqanların gözlərə, beynə yaxın yerləşməsi onların xəstəliklərinə xüsusi diqqətlə yanaşmağı tələb edir.   

LOR-patologiyalarının müasir diaqnostika üsullarına laborator müayinələr, burun, qulaq və boğazın endoskopik, kompyuter müayinələri, burun ətrafı ciblərin punksiyası daxildir.  

Otorinolarinqoloji xəstəliklərin müalicəsində əsas məqsəd prosesin xroniki formaya keçməsinin qarşısını almaqdır.

Lor xəstəliklərinin  müalicəsində terapevtik (medikamentoz, fizioterapevtik) və cərrahi metodlardan geniş istifadə olunur.

Müasir təbabətin uğurları nəticəsində  tibbin digər sahələrində olduğu kimi Lor orqanların patologiyalarında lazer və endoskopik üsullar, kosmetik, eləcə də plastik cərrahiyyə uğurla tətbiq edilir.

error: Content is protected !!