Papilloma
Papilloma – dəri və selikli qişalarda yaranan virus mənşəli, xoşxassəli, şişəbənzər törəmədir. Onun məməciyəbənzər forması və nazik əsası (ayaqcığı) vardır. Konsistensiyası yumşaq və yaxud sərtdir, rəngi isə açıq çalardan tünd-qəhvəyiyə qədər dəyişir. Papilloma dəridə yerləşdikdə kosmetik defekt törədir. Onun qırtlaqda lokalizasiyası səs və tənəffüsün pozulması, daxili orqanların selikli qişasında formalaşması isə xoralaşma, qanaxma ilə nəticələnir. Xəstəlik residivləşə, hətta bədxassələşə bilər. Papilloma elektrokoaqulyasiya, kriodestruksiya, radiodalğa və ya lazer üsulu ilə aradan qaldırılır.
Papilloma haqqında ümumi məlumat
Papilloma – dəri və epitel hüceyrələrini zədələyən xəstəlikdir. Onun törədicisi papillomavirus qrupuna aid olan insan papilloma virusudur (İPV). Bu viruslar arasında aşağı və yuxarı onkogen riskli ştammlar ayırd edilir. Papillomanın onkogenliyi onun DNT-sinin insan hüceyrəsinin genomuna inteqrasiyası ilə izah edilir.
Papillomavirusa yoluxma mexanizmi
Virus orqanizmə düşdükdə ilk növbədə epitel qatın bazal hüceyrələrini zədələyir. Mikrotravma, çat və dərinin digər zədələnmələri papillomavirusun insan bədəninə keçməsini asanlaşdırır. Virus uzun müddət heç bir klinik əlamət törətmədən gizli qala bilər. Bu mərhələ xroniki daşıyıcılıq adlanır. Virusun dərinin səthi qatlarında çoxalması hətta xroniki daşıyıcılıq dövründə, zamanla hüceyrələrin hiperplaziyasına səbəb olur.
İnsan papilloma virusu xarici mühitdə dözümsüz olduğundan yoluxma birbaşa təmas zamanı baş verir. Qorunmamış cinsi əlaqə papillomanın ən çox rast gəlinən səbəblərindəndir. Həmçinin avitaminoz, endometrioz, immunçatışmazlığı bu xəstəliyin yaranmasına təkan verir.
Papillomanın klinik təzahürləri
Papilloma dəri və selikli qişaların üzərindən qabaran məməciyəbənzər törəmədir. Ona əsasən cinsiyyət orqanlarında, qasıq nahiyəsində və əldə təsadüf edilir. Papillomanın zədələnməsi qanaxma ilə müşayiət olunur. Törəmə xarici görünüşcə gül kələmini xatırladır.
İlkin əlamətlər yoluxma anından 1-6 ay sonra müşahidə olunur. 6-cı ayın sonunda zədələnmiş sahədə virusun konsentrasiyası maksimuma çatır. Məhz bu dövr ətrafdakıları yoluxdurma baxımından daha təhlükəli sayılır.
Papillomanın klinik təzahürləri virusun tipindən asılı olaraq dəyişir. Məsələn, vulqar papilloma buynuzlaşmış səthə malik sərt qoza şəklində inkişaf edir. Onlar öz aralarında birləşərək, dərinin böyük bir hissəsini əhatə edirlər. Vulqar (sadə) papilloma əksərən barmaqlarda və ovucun yan hissəsində əmələ gəlir. İmmun çatışmazlığı halları və ümumi xəstəliklər prosesin yayılmasına səbəb olur. Vulqar papilloma nadirən maliqnizasiyaya uğrayır.
Pəncədə papilloma törədən növlər İPV 1,2,4 sayılır. Yoluxmadan bir neçə ay keçdikdə pəncə nahiyəsində kiçik ölçülü, parıltılı, qabarıq törəmə yaranır. Bəzən mozaika şəklində papillomatoz müəyyən edilir. Onlar adətən ağrılı olub, yerimə zamanı diskomfort törədirlər. Pəncədəki papillomaları çox zaman döyənəklə səhv salırlar. Yadda saxlamaq lazımdır ki, döyənək hamar səthə malik olub, dəri şəklini dəyişmir.
Yastı papillomanın səbəbi İPV 3, 10 hesab olunur. Onlar dəri rəngində, hamar, yastı törəmələrdir. Yastı papilloma ağrı, qaşıntı və hiperemiya ilə müşayiət olunur.
Sapşəkilli papillomalar 50 yaşdan yuxarı şəxslərin təxminən 50%-də aşkarlanır. Onlar gözətrafı, yanaq, qoltuqaltı və qasıq nahiyəsində lokalizasiya olunur. Sarı, xırda papillomalar zamanla böyüyərək, 5-6 mm uzunluğunda elastik konsistensiyalı törəmə ilə əvəz olunurlar. Sapşəkilli papilloma zədələndikdə iltihablaşır və ağrı törədir. Belə pasiyentlərdə çox vaxt düz bağırsağın polipi aşkarlanır.
İPV 13, 32 dodağın qırmızı haşiyəsində və ağzın selikli qişasında lokal epitelial hiperplaziya əmələ gətirir. Onlar kiçik məməcik şəklində olub, qrup şəklində yerləşirlər.
Cinsi nahiyədə papilloma
İtiuclu kondilomanın törədicisi sayılan İPV ştammları aşağı, orta və yüksək onkogen riskli olur. Belə hallara mütləq PZR-müayinə aparılmalıdır. İtiuclu kondilomanın inkubasion dövrü 1 neçə həftədən 1 neçə aya qədərdir. Əsas yoluxma yolu cinsi əlaqədir. Cinsi partnyorlarını tez-tez dəyişən və immun çatışmazlığından əziyyət çəkən insanlar risk qrupuna daxildir. Bu törəmələr çəhrayı və yaxud açıq-boz rəngə, ayaqcığa malikdir.
İtiuclu kondiloma intim yaxınlıq zamanı və alt paltarının təsirindən tez-tez zədələnir, qanayır. Pasiyentlər əsasən ağrı, qaşınma, göynəmə hissindən şikayətlənir. Onlar uşaqlıq yolunun dəhlizində, kiçik cinsiyyət dodaqlarında, bəzən isə uşaqlıq boynunda formalaşır. Kişilərdə isə sidik kanalının dəliyində rast gəlinir.
Zədələnmə zonası cinsi davranışdan asalıdır. Anal və oral əlaqədən istifadə edən şəxslərdə itiuclu kondilomalar aralıq, perianal nahiyə, ağız və dodaqda inkişaf edir.
İPV 6, 11 mənşəli yuvenil papillomalar çox nadir hallarda 5 yaşa qədər uşaqlarda müşahidə edilir. İnfeksiyalaşma uşaqlıq yolunda papilloması olan qadının doğuş prosesində baş verir. Uşaq doğuş yollarından keçdikdə bu virusa yoluxur. Xəstəlik səs tellərində məməciyəbənzər törəmələrin olması ilə xarakterizə edilir. Onlar nitq qabiliyyətinə və havanın sirkulyasiyasına mənfi təsir göstərirlər.
Papillomanın diaqnostikası
Papillomanın diaqnostikası ilə dermatoloq, veneroloq və ya ginekoloq məşğul olur. Virusun hər bir növünün öz xüsusiyyəti vardır. Törəmənin papillomatoz olmasına şübhə yarandıqda PZR aparılır.
PZR-diaqnostika insan bədənində papilloma virusunu təsdiqləməklə yanaşı, onun tipini və titrini də müəyyənləşdirir. Bu məlumat çox böyük diaqnostik əhəmiyyət daşıyır. PZR həmçinin papillomanın xroniki gediş və yaxud immunitetin zəifləməsi ilə əlaqədar yaranmasını dəqiqləşdirir. Onun əsasında adekvat terapiya təyin edilir.
Cərrahi müalicə zamanı biopsiya aparılır və toxuma sitoloji müayinəyə göndərilir. Papilloma toxumasının histoloji müayinəsi daha informativ üsul sayılır. Onun nəticələrinə əsasən dəyişikliklərin dərəcəsi, maliqnizasiya ehtimalı barədə dəqiq fikir yürüdülür.
PZR-diaqnostika skrininq xarakter daşıyır. Analizin cavabı “müsbət” olduqda, əlavə müayinələr lazım gəlir.
Papillomanın müalicəsi
Papillomanın müalicə sxemi hər bir pasiyent üçün fərdi qaydada seçilir. Diaqnostika prosesində İPV aşkarlandıqda, lakin klinik təzahürlərə rast gəlinməsikdə sitostatiklərlə preventiv terapiya məsləhət görülür. Bu müalicə virusu bir neçə il “yatırtmağa” imkan verir. İPV daşıyıcılarına müntəzəm qaydada PZR-müayinədən keçmək və cinsi partnyoru yoluxdurmamaq üçün intim əlaqə zamanı baryer kontrasepsiyadan istifadə etmək tövsiyə olunur.
İnozin pranobeks – papillomanın müalicəsi üçün nəzərdə tutulan virusəleyhinə preparatdır. Bu dərman vasitəsi virusun çoxalmasının qarşısını alır. Onun həm də immunomoduləedici xüsusiyyəti vardır. Herpes, qızılca, sitomeqalovirus infeksiyalarında da bu preparatdan istifadə etmək olar.
Papillomanın terapiyası uzunmüddətli olduğundan inozin pranobeks yalnız həkimin nəzarəti altında qəbul edilməlidir. O cümlədən İPV-li bütün pasiyentlər vitamin kompleksi və immunomodulyatorlardan istifadə etməlidir.
Dəri və selikli qişalarda virusun əlamətlərinə rast gəlindikdə, papillomanın lokalizasiya və simptomlarından asılı olaraq, kriodestruksiya, elektrokoaqulyasiya, radiodalğa və yaxud lazer üsulu ilə cərrahi müdaxilə aparılır.
Papilloma maliqnizasiyalaşdıqda zədələnmiş hissə ətrafdakı sağlam toxumaları da götürməklə cərrah bıçağı (skalpel) ilə kəsilir.
Bir faktı nəzərə almaq lazımdır ki, papillomanın kəsilib götürülməsi tam sağalma anlamını vermir. Təəssüf ki, hazırkı dövrdə İPV-ni tamamən yox edən preparat kəşf olunmamışdır. Bu səbəbdən papillomaya görə müalicə alan şəxslər mütəmadi şəkildə həkim müayinəsindən keçməlidir.
İPV əsasən cinsi yolla keçdiyindən papillomanın yeganə profilaktikası baryer kontraseptivlər (prezervativ) sayılır.