Pediatriya

Pediatriya- tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də pediatriyanın tərkib hissəsidir.

Pediatriyada bir neçə yaş dövrü ayırd edilir: yenidoğulmuş (ilk ay), südəmər (1 ay-1 il), erkən uşaqlıq (1-3 yaş), məktəbəqədər (3-7 yaş), kiçik məktəb yaşlı (7-11 yaş) və yeniyetməlik (12-18 yaş). Bu dövrlərin hər birində müəyyən xəstəliklər üstünlük təşkil edir. Belə ki, yenidoğulmuşlarda bətndaxili inkişafın pozulması nəticəsində yaranan (asfiksiya, hemolitik xəstəlik, bətndaxili infeksiyalar, anadangəlmə qüsurlar və s.), həmçinin doğuşun patoloji gedişi ilə assosiasiyalı uşaq xəstəlikləri (kefalohematoma, doğuş şişi, körpücük sümüyünün sınığı) müşahidə edilir. 

Südəmər dövrünün patologiyaları əsasən həzm və tənəffüs sisteminin həddindən artıq yüklənməsi ilə əlaqədar əmələ gəlir. Onlara dizenteriya, dispepsiya, hipotrofiya, virus və bakteriya mənşəli pnevmoniyaları misal göstərmək olar.   

Erkən və məktəbəqədər yaşlarda adətən infeksiyalar: qızılca, göy öskürək, vərəm, difteriya qeydə alınır. Bu xəstəliklər uşağın immun sisteminin tam formalaşmaması və onun yaşıdları ilə təmasa girməsi nəticəsində baş verir.  

Aşağı sinif şagirdləri tez-tez kəskin infeksiyalar, endokrin pozğunluqları, ürək və sinir sisteminin xəstəlikləri ilə qarşılaşırlar. Yeniyetmələrdə isə daxili sekresiya vəzilərinin funksional pozğunluqları, damar distoniyası, psixonevrozlar və s. dominantlıq edir.  

Onu da nəzərə almaq lazımdır ki, böyüklərdə üzə çıxan xəstəliklərin bir çoxu uşaqlıq dövrünün fəsadlarıdır. Burada uşağın böyüdüyü şərait, qidalanma tərzi, sağlamlığına qulluq mühüm rol oynayır. Hazırda pediatriyada xəstəliklərin profilaktikasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə atılan addımlara dölün antenatal müdafiəsi, yenidoğulmuşa düzgün qulluğun təşkili, peyvəndlərin vaxtlı-vaxtında vurulması, skrininq-proqramlarla irsi patologiyaların müəyyən edilməsi, dispanser nəzarət aiddir. 

Son illərdə pediatriyada dar ixtisaslı bölmələr: uşaq kardiocərrahiyyəsi, travmatologiya və ortopediya, neyrocərrahiyyə, hematologiya, onkologiya və s. formalaşmaqdadır.

error: Content is protected !!