Piy yığıntısı

Piy yığıntısı – dərialtı piyin lokal toplanmasıdır. Belə vəziyyətlər üz ilə bədən arasındakı nisbətin  pozulmasına səbəb olur. Piy toxuması müxtəlif anatomik sahələrdə (çənəaltı, sağrı nahiyəsi, qarın, bel, bud) yığılaraq, bədənin müəyyən hissələrinin həcm və konturlarının dəyişilməsinə gətirib çıxarır.  Piy toxumasının ümumi miqdarının qiymətləndirilməsi məqsədilə boy-çəki göstəriciləri, bədən kütləsinin indeksi təyin edilir, bioimpedanometriya aparılır. Piy yığıntısı-nı korreksiya etmək üçün kosmetologiyada inyeksion (mezoterapiya), aparat (kavitasiya, LPG, kriolipoliz, elektrolipoliz), cərrahi (lioposaksiya) və digər üsullardan (masaj, bürümə) istifadə olunur.

Piy yığıntısı barədə ümumi məlumat

Piy yığıntısı  – bədənin müəyyən hissəsində piy toxumasının həddindən artıq inkişaf etməsidir. Statistik məlumatlara əsasən qadınların təxminən 46%-i, kişilərin isə 32%-i artıq çəki və piy yığıntılarından əziyyət çəkir. Qadınlarda «problemli» zonalara buxaq, sağrı nahiyəsi, qarnın aşağı hissəsi, bel, budun xarici və daxili səthi və s. aiddir. Məhz bu sahələrdə piy daha sürətlə toplanır. Piy yığıntısı bir çox qadınların (xüsusən, «balzak» yaşlı) estetik problemidir. Bədən quruluşunu korreksiya etmək məqsədilə müasir kosmetologiya və plastik cərrahiyyədə sınaqdan keçirilmiş geniş spektrli qeyri-invaziv və cərrahi üsullardan istifadə olunur.

Piy yığıntısının yaranma səbəbləri

Piy yığıntılarının formalaşmasının əsasını lipogenez (piy toxumasının yaranması) və lipoliz (piylərin parçalanması) proseslərinin disbalansı təşkil edir. Lipogenezin tənzimlənməsində insulin, prostaqlandin, vazopressin, lipolizin requlyasiyasında isə AKTH, STH, katoxolaminlər, cinsi hormonlar, lipotropinlər iştirak edir. Lipogenezin üstünlüyü ilə müşahidə olunan disbalans nəticəsində piyin artıq miqdarı piy hüceyrələrində (adipositlər) toplanaraq, onların hipertrofiyasına səbəb olur. Adipositlərin ölçülərinin artması qan və limfa damarlarının kompressiyası, toxumalarda mayenin ləngiməsi və kollagen liflərin degenerasiyası ilə müşayiət edilir. Orqanizmdə baş verən mürəkkəb metabolik dəyişikliklər piy yığıntıları və «apelsin qabığı» fenomeni – sellülitlə özünü büruzə verir.

Lipogenez və lipoliz proseslərinin tarazlığının pozulmasında qeyri-rasional qidalanma başlıca rol oynayır: rasionda karbohidrat və yağların həddindən artıq olması; gün ərzində 1 dəfə, lakin çox yemək; sistematik izafi qidalanma; əsas qida qəbulları arasında qəlyanaltı etmək; gecə saatlarında qida qəbulu.  Qeyri-düzgün qidalanma hipodinamiya ilə müşayiət olunduqda piy yığıntılarının yaranma prosesi bir neçə dəfə yüksəlir. Orqanizmin müəyyən nahiyələrində piyin toplanması cinsi yetişkənlik, hamiləlik, menopauza dövründə orqanizmdə gedən hormonal proseslər, eləcə də hormonal preparatların (kortikosteroidlər, insulin, oral kontraseptivlər) qəbulu ilə sıx bağlıdır.

Bundan əlavə piy nahiyəsinin toplandığı nahiyələr, başqa sözlə desək, bədən quruluşunun xüsusiyyətləri əksər hallarda irsi amillər tərəfindən müəyyənləşdirilir. Bu səbəbdən yuxarıda sadalanan amillərin təsirindən piy yığıntıları ilk növbədə bu «problemli» nahiyələrdə  formalaşır.

Piy yığıntılarının növləri

Orqanizmdə piy toxumasının əsas funksiyası enerji balansının stabiliyinin qorunmasından ibarətdir. Lokalizasiya və metabolizmin xüsusiyyətlərindən asılı olaraq, piy toxumasının 3 növü ayırd edilir:

  • dərialtı piy qatı
  • subfassial (dərin) qat
  • visseral (daxili) piy. Əsasən qarın boşluğu orqanlarının ətrafında toplanılır.

Piy toxumasının növlərinin nisbəti və ifadəliliyi irsiyyət, cins, yaş, maddələr mübadiləsinin intensivliyindən asılıdır. Dərialtı piy qatı bu və ya digər dərəcədə  bütün anatomik nahiyələrdə inkişaf edir. Əksər hallarda enerji sərfinin artması və qida rasionun enerji dəyərinin azalması zamanı dərialtı piy qatı asanlıqla əriyir. Subfassial piy yığıntıları müəyyən zonalarda (qarın, bel, bud, sağrı nahiyəsi və s.) müşahidə edilir, bədən quruluşunun fərdi xüsusiyyətləri məhz bu qatla bağlı olur. Pəhriz və idmanın köməyilə dərin piy qatından azad olmaq demək olar ki, mümkün deyil.

Piy toxumasının yayılmasından asılı olaraq, lokal və ümumi (generalizə olunmuş) formalar qeydə alınır.  Lokal forma öz növbəsində 3 tipə ayrılır:

  1. Məhdud tip.Piy yığıntıları dəqiq sərhədlərə malik olur. Lokal formanın bu tipi piy toxumasının subfassial və ya səthi qatının adipositlərinin hiportrofiyası nəticəsində əmələ gəlir.
  2. Diffuz-lokal tip.Müəyyən anatomik nahiyədə dərialtı piy qatının həcminin artdığı hallarda yaranır. Bədənin bu hissəsinin sərhədləri dəqiq olmur. Diffuz-lokal piy yığıntılarına budun ön səthi, qarnın yuxarı hissəsi, baldır nahiyəsində və s. rast gəlinir.
  3. Kiçik qabarlı kontur dəyişiklikləri (kiçikqabarlı lipodistrofiya, sellülit). Dərialtı piy qatının adipositlərinin hipertrofiyası ilə əlaqədar piy toxumasının şişməsi, dermanın səthində kiçik qabarlar və çuxurların  («portağal qabığı») formalaşması ilə xarakterizə olunur.

Lokal piy yığıntılarının forma və həcmi demək olar ki, azalmır. Hətta bədən çəkisinin kəskin itirilməsi belə əksər hallarda lokal formanın həcminə təsir etmir. Piy yığıntılarının generalizə olunmuş forması müvafiq bölmədə ətraflı izah olunmuşdur.

Piy yığıntısının korreksiyaya hazırlanması

Dərialtı piy qatında səthi piy yığıntılarını pəhriz və adekvat fiziki yüklənmələrlə aradan qaldırmaq mümkündür. Lakin dərin piy qatları ilə təkbaşına mübarizə adətən uğursuzluqla nəticələnir. Məhz bu hallarda professional kosmetologiya üsullarının köməyilə bəzən quruluşunun korreksiyası məsləhət görülür. Korreksiya planı orqanizmin ümumi vəziyyətinin diaqnostikasının nəticələrinə əsasən tərtib edilir. İdealda piy yığıntılarının aradan qaldırlmasına yönəldilmiş bu və ya digər prosedurları  təyin etməzdən əvvəl pasiyent tibbi müayinələrdən keçməli, onun sağlamlıq dərəcəsi barədə terapevt, endokrinoloq, qastroenteroloq, ginekoloq rəy verməli, qanın ümumi və biokimyəvi analizləri, qarın boşluğu orqanlarının USM, EKQ icra olunmalıdır. Yadda saxlamaq lazımdır ki, bədən quruluşunun inyeksiya və aparat üsulu ilə korreksiyasının əksər prosedurları hamiləlik və laktasiya dövründə, onkoloji və hematoloji xəstələrdə, kəskin qızdırma vəziyyəti, epilepsiya, dermatoz, irinli-iltihabi xəstəliklərdən əziyyət çəkən şəxslərdə aparılmamalıdır. Elektrokardiostimulyatorun implantasiyası əməliyyatını keçirən insanlarda fizioterapiya əks-göstəriş hesab olunur.

Dermatokosmetoloqun qəbulunda ümumi parametrlər (boy, çəki, AT) və bədənin həcmi ölüçülür, bədən kütləsi indeksi hesablanılır, bioimpedansometriya aparılır. Qidalanma ilə bağlı faydalı məsləhətlər almaq üçün dietoloqa müraciət olunmalıdır. Piy yığıntılarının korreksiya üsulunun seçilməsi və təyinində fizioterapevt, masajist, talassoterapevt də iştirak edə bilər.

Piy yığıntısının korreksiya üsulları

Lokal piy yığıntılarının korreksiyası lipoliz proseslərinin güclənməsinə, piylərin parçalanma məhsullarının orqanizmdən xaric edilməsinə, eləcə də piy yığıntılarının aradan qaldılıldığı nahiyələrdə dərinin liftinqinə yönəldilir. Kosmetologiyada piy yığıntıları ilə mübarizədə aşağıdakı üsullar  tətbiq olunur: aparat (fiziki amillərlə), inyeksion (duru farmakoloji formalarla), kosmetik (krem, gel, təbii amillərlə), cərrahi və masaj texnikası.

Bədənin müxtəlif qüsurlarının aradan qaldırılmasının ənənəvi üsulu – mezoterapiya lipolitik, limfodrenaj, biostimuləedici, vazoaktiv, antioksidant, liftinq təsirlərə malik xüsusi kokteyllərin intradermal və ya dərialtı yeridilməsinə əsaslanır. Piy yığıntılaının mezoterapiya ilə korreksiya kursu adətən 7-10 seansdan ibarət olur. Lipolitik terapiyanın digər bir variantı mezodissolyusiyadır (mezoterapevtik liposaksiya). Bu üsul hipodermaya xüsusi hipoosmolyar kokteyllərin yeridilməsi ilə xarakterizə edilir.

Lokal piy yığıntıları ilə effektiv şəkildə mübarizə aparan yeni inyeksion üsullara lipolitik təsiri sübut olunan Aqualyx preparatının piy toxumasının dərin qatlarına yeridilməsi – intralipoterapiya aiddir. Bədən quruluşunun korreksiyasında karboksiterapiya və ozonoterapiyadan da geniş istifadə olunur.

Lokal piy yığıntılarının korreksiyasında aparat üsullarına: kavitasiya, elektrolipoliz, termoliftinq, zərbə-dalğa terapiyası, kriolipoliz, kriosauna və s. üstünlük verilir. Bu üsulların əsasını təşkil edən fiziki amillər (ultrasəs, elektrik və ya işıq enerjisi, radiodalğalar, soyuq və s.) subfassial piy yığıntılarını dağıtmağa imkan verir.

Piy yığıntılarının korreksiyası manual və aparat masajı, talassoterapiya, hidroterapiya üsulları tətbiq edilməklə aparılmalıdır. Bədən quruluşunun modelləşdirilməsi proqramında antisellülit, bal, limfodrenaj, vidromasaj və sairədən istifadə olunur. Masaj prosedurları qanın sirkulyasiyasını yaxşılaşdırır, limfodrenajı gücləndirir, lipolizi aktivləşdirir, dərinin elastikliyini artırır. Bürümə prosesləri komfortluluğu ilə yanaşı, sellülit, piy yığıntısı, boşalmış dəri ilə mübarizədə effektivdir.  Bu məqsədlə adətən palçıqlı, yosunlu, şokoladlə, termoaktiv bürümələrə üstünlük verilir.

Yuxarıda sadalanan üsullarla yanaşı korreksiya proqramına hidromasaj, Şarko duşu, infraqırmızı sauna, akupunktura, pressoterapiya, miostimulyasiya və s. əlavə oluna bilər.

Estetik cərrahiyyə piy yığıntılarının müxtəlif radikal korreksiya üsullarını təklif edir: tumessent, ultrasəs, vibrasion, yüksəktezlikli, lazer və s. Lokal piy yığıntılarının rast gəlindiyi pasiyentlər arasında daha çox yanaq, çənəaltı, sağrı nahiyəsi, qollar, qarın, budun liposaksiyası icra olunur. Qarnın ön divarının liposaksiyası adətən abdominoplastika ilə birgə yerinə yetirilir.

Lakin onu da yadda saxlamaq vacibdir ki, piy yığıntılarının kosmetoloji və ya cərrahi korreksiya üsullarının effekti permanent (daimi) deyil. Arzu olunan nəticəni əldə etdikdən sonra idman və rasional qidalanmanın köməyilə fiziki formanı saxlamaq tələb olunur. Əks halda piy yığıntıları yenidən formalaşa bilər, belə vəziyyətlərdə onların korreksiyası çətinliklər törədir.

error: Content is protected !!