Plastik cərrah
Plastik cərrah – estetik və bərpaedici cərrahi əməliyyatları həyata keçirən mütəxəssisdir. O, üz və bədənin anadangəlmə qüsurlarını, eləcə də qazanılmış deformasiyaları aradan qaldırır. Peşəkar cərrah xarici görünüşü pasiyentin istəyinə uyğun formada yaxşılaşdırmaqla bərabər, orqanın fəaliyyətini qorunmalı, üz və bədən quruluşunda harmoniya yaratmalıdır. Son zamanlar plastik cərrahiyyədə mikrocərrahi və endoskopik üsullarla mükəmməl nəticələr əldə edilir.
Plastik cərrah hansı problemləri həll edir?
Plastik cərrahiyyə özündə 2 istiqaməti birləşdirir: estetik (gözəllik və cavanlıq baxımından xarici görünüşün yaxşılaşdırılması) və rekonstruktiv (ümumi görünüşü eybəcərləşdirən xarici deformasiyaları aradan qaldırılması, orqanın fəaliyyətinin bərpası). Bu səbəbdən pasiyentin plastik cərraha müraciəti subyektiv və obyektiv xarakter daşıya bilər:
- Qocalma əlamətləri. Yaş artdıqca bədəndə müəyyən fizioloji proseslər gedir. Onlara dəri sallanması, qırışlar, üz ovalının itməsi, piqment ləkələr, damar ulduzcuqları, süd vəzisinin sallanması, bel və qarın nahiyəsində piy yığıntıları və s. əlamətlər misaldır.
- Xarici görünüşün anadangəlmə qüsurları. Bu qrupa üz-çənə nahiyəsinin (qurdağızlıq, dovşandodaqlıq), qulaq seyvanının (mikrotiya, anotiya, çömçə qulaq), burun, süd vəziləri və digər orqanların anadangəlmə inkişaf anomaliyaları daxildir.
- Qazanılmış deformasiyalar. Ağır xəstəliklər və travmalar insanın xarici görünüşündə iz buraxa bilər. Çapıqlar, yanıq izləri, travmatik cərrahi əməliyyatlar estetik problem olmaqla, psixi vəziyyətə də öz təsirini göstərir.
Hazırda bütün bu sadalanan problemlər müasir üsullarla peşəkarcasına həll olunur.
Plastik cərrah nə ilə məşğul olur?
Pasiyentin məqsədindən və orqanizmin xüsusiyyətlərindən asılı olaraq, plastik cərrah müxtəlif növ əməliyyatları həyata keçirir. Onlara aşağıdakılar aiddir:
- Üzün plastikası. Bura blefaroplastika, üzün liftinqi (frontliftinq, dairəvi dartılma, SMAS-liftinq və s.), çənənin plastikası, rinoplastika, otoplastika və s. aiddir. Gözəlliklə bağlı plastik cərrahiyyənin az invaziv və çox tələb olunan üsulları – saplarla liftinq və lifofilinqdir.
- Döşün plastikası. Süd vəzisi üzərində auqmentasion mammoplastika (endoprotezlənmə), reduksion mammoplastika (döşün kiçildilməsi), mastopeksiya (dikləşdirmə) kimi əməliyyatlar aparılır.
- Abdominoplastika. Kəskin arıqlama və doğuşdan sonra qarnın estetik görüntüsünü yaxşılaşdırmaq, göbəyin deformasiyasını korreksiya etmək üçün icra olunur.
- Liposaksiya. Bu əməliyyat sərbəst formada və ya dərini dartan müxtəlif növ müdaxilələrlə birgə yerinə yetirilə bilər. Liposaksiya artıq piy toxumasının toplandığı istənilən nahiyədə (çənə, qarın, bel, sağrı, bud) aparılır. Onun klassik (vakuum), lazer və digər növləri mövcuddur.
- Bud və sağrının plastikası. Femoroplastika (bud nahiyəsinin dartılması) və qlüteoplastika (sağrının korreksiyası) bir sıra hallarda liposaksiya ilə birgə edilir.
- İntim plastika. Qadınlarda daha çox labioplastika, vaginoplastika, himenoplastika, kişilərdə isə sirkumsizio, frenuloplastika icra olunur. Bu tip əməliyyatlara yalnız estetik deyil, həm də tibbi göstərişlər (cinsiyyət orqanlarının sallanması, sidik saxlamazlıq, fimoz, penisin əyilməsi və s.) vardır.
Plastik cərrahın konsultasiyası
İlkin konsultasiya aşağıdakı mərhələlərdən ibarətdir:
- Pasiyentin gözləntilərini aydınlaşdırmaq. Plastik cərrah ilk növbədə pasiyentin sağlamlıq vəziyyətini (anamnez, həyat tərzi, keçirilmiş xəstəliklər, allergik reaksiyalar) qiymətləndirir. Sonra onun nədən narazı olduğunu və nəyə sahib olmaq istədiyini dəqiqləşdirir. Süd vəziləri və ya cinsiyyət orqanları üzərində plastika planlaşdırıldıqda, cərrah qadının gələcəkdə ana olmaq istəyini soruşur. Çünki hamiləlik və doğuş prosesi əməliyyatın nəticəsini korlaya bilər.
- Vizual baxış və əməliyyatın planlaşdırılması. Ümumi məqamlar aydınlaşdırıldıqdan sonra mövcud problem vizual qiymətləndirilir. Plastik cərrah əməliyyat aparılacaq sahədəki toxumaların vəziyyətini analiz edir, estetik qüsurun ifadə dərəcəsini müəyyənləşdirir, müvafiq ölçmələr aparır. Pasiyentə əməliyyatın gedişi və bərpa dövrü barədə məlumat verir.
- Nəticənin proqnozlaşdırılması. Əməliyyatı düzdün planlamaq üçün plastik cərrah problemli nahiyənin şəklini çəkir. Ən müasir və əyani proqnozlaşdırma üsulu kompüterdə 3D-modelləşdirmədir. Bu yolla «yeni» üz, sinə və bədənin digər sahələrinin vitual təsviri əldə olunur.
- Xüsusi müayinələr. Əməliyyatdan qabaq ümumi müayinələrlə (qan analizi, EKQ və s.), konkret plastika üçün nəzərdə tutulan diaqnostik metodlar vardır. Belə ki, mammoplastikadan əvvəl mammoqrafiya, süd vəzilərinin USM və mammoloqun konsultasiyası gərəkdir. Qadınlarda intim plastika öncəsi yaxma flora və onkositologiyaya görə yoxlanılmalıdır. Həmçinin əməliyyatdan qabaq infeksion və onkoloji proseslər inkar edilməlidir.
Konsultasiyanın sonunda plastik cərrah əməliyyatın günü dəqiqləşdirir. Cərrahi müdaxilədən sonra bərpa dövrünün gedişinə nəzarət etmək üçün təkrar konsultasiyalar təyin olunur. Əməliyyatın son nəticəsi təxminən 4-6 ay sonra qiymətləndirilir.