Pollinoz

Pollinoz  – mövsümi allergik xəstəliklərdən olub, bitki tozcuqlarına qarşı meydana çıxan allergik reaksiyalar kompleksidir. Pollinoz latın sözündən götürülmüşdür, “pollen” tərcümədə tozcuq mənasını verir.

Xəstəlik burun və gözlərin selikli qişalarının ödemi, burun tıxanıqlığı, zökəm, asqırma, öskürək, boğulma, iybilmənin pozulması, qaşınma və dəri səpkiləri ilə xarakterizə olunur. Allergik xarakterli rinit, dermatit, konyunktivit, astmatik bronxitl pollinozun təzahür formalarından ola bilər. Müalicə aparılmadıqda xəstəlik proqressivləşə və bəzən isə  bronxial astmaya keçə bilər.

Xəstəlik adətən uşaqlarda və ya gənclərdə inkişaf edir. Pollinoz dövrü xarakterli olub, allergenlərin yaranma dövründə kəskinləşir, onlar aradan qalxdıqda isə remissiya mərhələsinə keçir. Statistik məlumatlara əsasən dünya əhalisinin 10-15%-i pollinozdan əziyyət çəkir. Əksər hallarda pollinoza quru və isti iqlimi olan ölkələrdə rast gəlinir. Bu ərazilərdə tozcuqlanan bitkilərin müxtəlif növləri bitir.  Xəstəlik əsasən böyük şəhərlərin sakinlərində rast gəlinir, kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir. Pollinozun yaranmasında ekoloji, iqlim və coğrafi faktorlar mühüm rol oynayır.   

Pollinozun yaranmasında  bitki və ağacların tozcuqlarına qarşı sensibilizasiya (yüksək həssaslıq) rol oyanayır.  10-50 mikron böyüklüyündə olan kiçik tozcuqlar xəstənin dəri və selikli qişalarına çökərək, orqanizmdə spesifik reaksiya törədirlər. Pollinozun kəskinləşmə dövrü bir sıra ağac və bitkilərin çiçəklənmə mərhələsi ilə üst-üstə düşür. Palıq, qoz, ağcaqayın ağaclarının tozcuqlarına allergiyası olan xəstələrdə aprel və may aylarında kəskinləşmələr baş verir. Yovşan, ambroziyaya allergik reaksiya verən insanlar avqust və sentryabrda xəstəliyin əlamətlərindən əziyyət çəkirlər.  

Klinik simptomların qabarıqlığı havadan asılıdır. Küləkli quru havada uçan tozcuqların konsentrasiyası yüksəkolduğundan, pollinozun simptomları dad aha qabarıq olur. Yağışlı, rütubətli havalarda isə tozcuqların sıxlığı az olduğundan, simptomlar da  yüngül olur.  

Pollinozun yaranmasında irsi meyllik həlledici rol oynayır. Hər 2 valideyn allergik xəstəlikdən əziyyət çəkdikdə, uşaqda allergiyanın yaranma ehtimalı 50%-dir. 1 valideyndə allergik xəstəlik varsa, bu göstərici 25%-ə enir. Əgər valideynlərdə allergik patologiyalar yoxdursa, risk təxminən 10% təşkil edir. Erkən yaşlardan daim allergenlərlə zəngin mühitdə böyümə, düzgün olmayan qidalanma, tez-tez virus xəstəliklərinə yoluxma pollinozun formalaşmasında aparıcı rol oynaya bilər.    

Pollinozun simptomları- 2 mərhələdə inkişaf edir. Birinci dövrdə xəstəliyin klinik təzahürləri müvəqqəti xarakter daşıyır, burun, udlaq, qulaq və traxeya nahiyəsinin qaşınma, göz qapaqlarında ödem və hiperemiya müşahidə olunur. Fasiləsiz asqırma tutmaları xarakterik əlamət sayılır. Burundan selikli ifrazat, işıqdan qorxma, gözlərin sulanması ilə müşayiət olunan allergik konyunktivit inkişaf edir.  

Allergenin təsirindən 6-8 saat keçdikdən sonra ikinci faza başlanır. İltihabi reaksiyalar güclənir. Gözlərdən irinli axıntılar müşahidə edilir. Bəzən bədən temperaturu yüksəlir. Bir sıra xəstələrdə övrə və ya bronxial astma ilə əlaqədar tənəffüs çatışmazlığı meydana çıxır.  Hətta Kvinke ödemi, kontakt və ya atopik dermatit, sistit, xarici cinsiyyət orqanlarının iltihabı yarana bilər.   

Pollinoz bəzi hallarda «tozcuq intoksikasiyası» – zəiflik, qıcıqlanma, iştahın azalması, depressiya, miqren tutmaları ilə müşayiət olunur. Əgər xəstə müəyyən bir səbəbdən (məsələn, balla birgə) tozcuğu udarsa, ürəkbulanma, qusma, qarında ağrı baş verə bilər.   

Diaqnoz xarakterik anamnez (mövsüm xarakterli kəskinləşmələr, irsi meyllik), otolarinqoloqun obyektiv baxışının, allerqoloji sınaqlar və əlavə müayinələrin nəticələrinə əsasən qoyulur.  

Müalicə zamanı– ilk növbədə allergenlə təmas minimuma endirilməlidir. Quru və küləkli havalarda evdə qalmaq, pəncərələri açmamaq məsləhət görülür. Havanı tozcuqlardan təmizləyən xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur. Rasiondan allergiya törədən məhsulları çıxarmaq lazımdır. Pollinozun yüngül formalarında antihistamin vasitələr (daxilə qəbul üçün – astemizol, feksofenadin, loratadin, yerli təsirli – levokabastin və azelastin spreyləri) təyin edilir.  

Orta ağırlıq dərəcəsinə malik pollinozdan əziyyət çəkən pasiyentlərdə yerli təsirli qlükokortikosteroidlər (triamsinolon, flutikazon, mometazon, beklometazon nazal spreylər və s.) əlamətləri yüngülləşdirir. Bronxial astma zamanı inhalyasion qlükokortikosteroidlər tətbiq olunur. Yanaşı gedən ağır formalı virus, bakteriya, göbələk mənşəli infeksiyalar və immun pozğunluqlarda qlükokortikosteroidlərdən ehtiyatla istifadə etmək lazımdır.  

Pollinozun ağır gedişində yerli qlükokortikosteroidlər ümumi təsirli antihistamin preparatlarla kombinə olunur. Burunla tənəffüs mümkün olmadıqda 1 həftədən çox davam etməmək şərtilə damardaraldıcı vasitələr (nafazolin, ksilometazolin, oksimetazolin) təyin olunur. Yadda saxlamaq lazımdır ki, bu preparatların uzunmüddətli istifadəsi medikamentoz rinit törədə bilir. Pollinozun ağır forması burun yollarının daralması ilə müşayiət olunduqda cərrahi müalicə göstəriş sayılır. Əməliyyatın mahiyyəti burun balıqqulaqlarının hissəvi kəsilməsindən ibarətdir.

Profilaktik məqsədlə –Pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırmalıdırlar. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır.  

Quru və küləksiz günlərdə otağın havası dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərələrə qalın və nəm parça vurulmalıdır.  

Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqdəsilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir. Paltarları yuduqdan sonra küçədə qurutmaq olmaz. Çünki belə halda tozcuqlar yaş paltara yapışa bilər.

error: Content is protected !!