Posttromboflebitik xəstəlik
Posttromboflebitik xəstəlik – venoz qanın aşağı ətraflardan axının xroniki çətinləşməsi olub, dərin damarların trombozundan sonra inkişaf edir. Patologiya kəskin trombozdan bir neçə il sonra özünü büruzə verir. Xəstələrdə zədələnmiş ətrafda dartılma hissi və əzabverici gecə qıcolmaları yaranır, halqavari piqmentasiya və ödem əmələ gəlir, şişkinlik sonradan fibroz sərtlik halını alır. Posttromboflebitik xəstəliyin diaqnostikası anamnestik məlumatlar və aşağı ətrafların USDQ-nin nəticələrinə əsaslanır. Venoz qan dövranının artan dekompensasiyası cərrahi müalicəyə göstəriş hesab olunur.
Posttromboflebitik xəstəliyin yaranma səbəbləri
Tromboz zamanı damar mənfəzində tromb formalaşır. Kəskin prosesin sönməsindən sonra trombotik kütlələrin bir qismi lizisə uğrayır, digərləri isə birləşdirici toxuma ilə əvəz olunur. Əgər lizis üstünlük təşkil edərsə, rekanalizasiya (venanın mənfəzinin bərpası) baş verir. Birləşdirici toxuma ilə əvəzolunma zamanı okklüziya (damar mənfəzinin tutulması) müşahidə olunur.
Venaların mənfəzinin bərpası bütün hallarda trombun lokalizasiya olunduğu sahədə qapaq aparatının dağılması ilə müşayiət olunur. Bununla əlaqədar bu və ya digər prosesin üstünlüyündən asılı olmayaraq, flebotromboz dərin venalar sistemində qan cərəyanının dayanıqlı pozulması ilə nəticələnir. Dərin venalarda təzyiqin artması perforant venaların genişlənməsi (ektaziyası) və fəaliyyətinin pozulmasına gətirib çıxarır. Qan dərin venalardan səthi damarlara qovulur. Dərialtı venalar genişlənir və funksiyasını itirir. Nəticədə aşağı ətrafın bütün venaları prosesə qoşulur.
Aşağı ətraflarda qanın depolaşması mikrosirkulyator pozğunluqlara səbəb olur. Dərinin qidalanmasının pozulması trofik xoraların yaranmasına gətirib çıxarır. Qanın venalarla hərəkəti əsasən əzələlərin yığılması hesabına baş verir. İşemiya ilə əlaqədar əzələlərin yığılma qabiliyyəti zəifləyir, bu da venoz çatışmazlığın daha da proqressivləşməsi ilə nəticələnir.
Posttromboflebitik xəstəliyin təsnifatı
Posttromboflebitik xəstəliyin 3 dərəcəsi və 2 gediş forması (ödemli və ödemli-varikoz) ayırd edilir.
- Tranzitor ödemlər, «ağır ayaqlar sindromu»;
- Davamlı ödemlər, trofik pozğunluqlar (dərinin piqmentasiyasının pozulması, ekzema, lipodermatoskleroz);
- Trofik xoralar.
Posttromboflebitik xəstəliyin əlamətləri
Posttromboflebitik xəstəliyin ilkin əlamətləri kəskin trombozdan bir neçə ay və ya hətta 1 il sonra yarana bilər. İlkin mərhələlərdə pasiyentlər yerimə zamanı və ya ayaq üstə dayandıqda zədələnmiş ayaqda ağrı, dartılma və ağırlıq hissindən şikayət edirlər. Uzanmış vəziyyətdə və ayaq hündürə qaldırıldıqda əlamətlər tez bir zamanda azalır. Gecə saatlarında zədələnmiş ətrafda yaranan əzabverici qıcolmalar bu xəstəliyin xarakterik əlaməti sayılır.
Flebologiya sahəsində aparılan müasir tədqiqatlar göstərir ki, 25% hallarda posttromboflebitik xəstəlik zədələnmiş ətrafın səthi venalarının varikoz genişlənməsi ilə müşayiət olunur. Müxtəlif dərəcəli ödemlər bütün pasiyentlərdə müşahidə olunur. Davamlı ödemlərin formalaşmasından bir neçə ay sonra yumşaq toxumalarda indurativ dəyişikliklər meydana çıxır. Dəri və dərialtı toxumalarda fibroz toxuma inkişaf edir. Yumşaq toxumalar sərtləşir, dəri dərialtı toxumaya yapışaraq, hərəkətliyini itirir.
Posttromboflebitik xəstəliyin xarakterik əlaməti topuq nahiyəsində başlayan, baldırın aşağı 1/3 hissəsini əhatə edən həlqəvari piqmentasiya sayılır. Sonralar bu nahiyədə adətən dermatitlər, quru və sulanan ekzema inkişaf edir, gecikmiş mərhələlərdə isə çətin sağalan trofik xoralar yaranır.
Posttromboflebitik xəstəliyin gedişi fərqli olur. Bəzi pasiyentlərdə patologiya uzun müddət zəif və ya mülayim simptomatika ilə təzahür edir, digərlərində isə sürətlə proqressivləşərək, trofik pozğunluqlar və əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır.
Posttromboflebitik xəstəliyin diaqnostikası
Posttromboflebitik xəstəliyə şübhə yarandıqda həkim ilk növbədə pasiyentin keçmişdə tromboflebitdən əziyyət çəkməsi ilə maraqlanır. Bəzi xəstələr tromboflebitə görə fleboloqa müraciət etmir, bu səbəbdən anamnez topladıqda ifadəli davamlı ödemlərin epizodlarına və zədələnmiş ətrafda dartılma hissinə diqqət yetirmək lazımdır.
Diaqnozun təsdiq olunması məqsədilə aşağı ətrafların USDQ aparılır. Zədələnmənin forma, lokalizasiyası və hemodinamik pozğunluqların dərəcəsini təyin etmək üçün radionukleoid fleboqrafiya, ultrasəs angioskanlama tətbiq olunur.
Posttromboflebitik xəstəliyin müalicəsi
Adaptasiya dövründə (keçirilmiş tromboflebitdən sonra 1-ci il) pasieyntlərə konservativ müalicə təyin olunur. Zədələnmiş ətrafda qan dövranının erkən proqressivləşən dekompensasiyası cərrahi müdaxiləyə göstəriş hesab olunur.
Adaptasiya dövrünün sonunda müalicə taktikası posttromboflebitik xəstəliyin forma və mərhələlərindən asılıdır. Kompensasiya və subkompensasiya mərhələsində (XVÇ 0-1) elastik kompressiya vasitələrinin daimi geyinilməsi, fizioterapiya məsləhət görülür. Hətta qan dövranının pozulmasının əlamətləri qeyd olunmadığı hallarda da pasiyentlərə ağır fiziki əmək, isti sexlərdə və ya soyuq şəraitdə işləmək, uzun müddət ayaq üstə qalmağı tələb edən iş şəraiti qadağan olunur.
Qan dövranının dekompensasiyası zamanı antiaqreqantlar (dipiridamol, pentoksifillin, asetilsalisil turşusu), fibrinolitiklər, vena divarının iltihabını azaldan preparatlardan (at şabalıdının ekstraktı, hidroksietilrutozid, trokserutin, tribenozid) istifadə olunur. Trofiki pozğunluqlarda piridoksin, polivitaminlər, desensibilizəedici vasitələr göstəriş hesab olunur.
Cərrahi əməliyyat posttromboflebitik xəstəliyin tam sağalmasına səbəb olmur. Əməliyyat yalnız venoz sistemdə patoloji dəyişikliklərin inkişafının ləngiməsinə kömək edir. Bununla əlaqədar cərrahi müalicə ancaq konservativ terapiyanın effektiv olmadığı hallarda icra olunur.
Postromboflebitik xəstəlik zamanı 2 növ cərrahi əməliyyat aparıla bilər:
- Rekonstruktiv müdaxilələr (venaların plastika və rezeksiyası, Palm və ya Uorren üsulu ilə venoz şuntlanma);
- Korreksiyaedici əməliyyatlar (flebektomiya və miniflebektomiya – genişlənmiş dərialtı venaların xaric edilməsi, kommunikant venaların bağlanması).
Hal-hazırda flebologiya sahəsində cərrahi müdaxilə daxil olmaqla tətbiq olunan heç bir müalicə üsulu posttromboflebitik xəstəliyin qeyri-qənaətbəxş gedişi zamanı onun sonrakı inkişafının qarşısını ala bilmir. Pasiyentlərin 38%-də posttromboflebitik xəstəliyin aşkar olunduğu andan etibarən 10 il ərzində əlillik müşahidə olunur.