Prinsmetal stenokardiyası
Prinsmetal stenokardiyası – sakitlik halında koronar arteriyaların spazmı nəticəsində yaranan, uzunmüddətli tutmalarla səciyyələnən stenokardiyadır. Anginoz ağrılar adətən gecə və ya səhər saatlarında baş verir, intensiv xarakter daşıyır, taxikardiya, ürək ritminin pozulması, profuz tərləmə, hipotoniya, bayılma ilə müşayiət olunur. Diaqnostika EKQ, EKQ-nin sutkalıq monitorinqi, yüklənmə testləri, koronaroqrafiyanın nəticlələrinə əsaslanır. Prinsmetal stenokardiyasının medikamentoz müalicəsi antiaqreqantlar, nitratlar (tutma zamanı və profilaktik məqsədlə), kalsium antaqonistlərinin qəbulundan ibarətdir.
Prinsmetal stenokardiyası barədə ümumi məlumat
Prinsmetal stenokardiyası (vazopastik, variantlı, spontan stenokardiya) – sakitlik stenokardiyasının klinik forması olub, tutmanın baş verməsinə qədər ürək əzələsinin metabolik tələbatı yüksəlmədən koronar angiospazm nəticəsində yaranır. Vazospastik stenokardiya ilk dəfə 1959-cu ildə amerikalı kardioloq M.Prismetal tərəfindən təsvir olunmuş və onun şərəfinə adlandırılmışdır.
Kardiologiyada Prinsmetal stenokardiyası ÜİX-nin nadir rast gəlinən forması sayılır. Patologiya xəstələrin 2-5%-də qeydə alınır. Prinsmetal stenokardiyasının nozoloji vahid kimi ayrılması onun klinik gedişi, diaqnostika və müalicəsinin əhəmiyyət kəsb edən xüsusiyyətləri ilə əlaqədardır. Prinsmetal stenokardiyası izoləolunmuş sindrom şəklində və ya gərginlik stenokardiyası ilə birgə müşahidə oluna bilər. Bu xəstəlikdən adətən orta yaşlı (30-50yaş) şəxslər əziyyət çəkir. Vazospastik stenokardiyalı xəstələrin ümumi kontingenti koronar ateroskleroz fonunda inkişaf edən qeyri-stabil stenokardiyalı pasiyentlərdən cavandır.
Prinsmetal stenokardiyasının yaranma səbəbləri və inkişaf mexanizmi
Prinsmetal stenokardiyasının əsasında tac arteriyasının iri şaxəsinin kritik və ya total obstruksiya vəziyyətinə qədər tranzitor spazmı dayanır, bunun nəticəsində qanın ürək əzələsinə axını xeyli azalır və ya ümumiyyətlə kəsilir. Prinsmetal stenokardiyasının əsas etioloji amili əksər hallarda başlanğıc mərhələdə olan aterosklerozdur. Prisnsmetal stenokardiyalı pasiyentlər bir qayda olaraq, siqaretdən çox istifadə edən, eləcə də vegetativ-sinir sistemində disbalans və damar spazmına meylliklə səciyyələnən yanaşı xəstəliklərə (arterial hipertenziya, xolesistit, xora xəstəliyi, allergik reaksiyalar və s.) malik olan şəxslərdir.
Prinsmetal stenokardiya tutmaları lokal və ya ümumi hipotermiya, emosional stress, tənəffüs alkolozu ilə müşayiət olunan hiperventilyasi fonunda baş verə bilər. Lakin əksər hallarda tutmalar aşkar səbəb olmadan yaranır. Prinsmetal stenokardiyasının xarakterik əlaməti tutmaların heç bir provokasiyaedici amil olmadan sakitlik halında və ya adi fiziki yüklənmə nəticəsində inkişaf etməsidir.
Damar divarının spazmı və koronar arteriyanın mənfəzinin daralmasına simpatik və parasimpatik sinir sisteminin yüksək aktivliyi, həmçinin serotonin, histamin, tromboksanın vazokonstriktor təsiri səbəb ola bilər. Tac arteriyalarının endotelinin funksional vəziyyəti vacib məqamlardandır: endotel disfunksiya və qanın koaqulyasiyası koronar xəstəliyin patogenezində mühüm rol oynayır.
Prinsmetal stenokardiyalı xəstələrin 95%-də hemodinamik əhəmiyyətli stenoza rast gəlinmir. Damar spazmı adətən arteriyaların subepikardial (proksimal) hissəsində, ateroskleroza məruz qalan sahəsində baş verir, lakin bəzi hallarda proses bütün arteriyanı onun ən kiçik şaxələri ilə birgə diffuz şəkildə əhatə edə bilər. Prinsmetal stenokardiyası zamanı morfoloji dəyişikliklərə uğramayan tac arteriyalarında spazmın yaranması mümkündür.
Prinsmetal stenokardiyasının əlamətləri
Prinsmetal stenokardiyası tutmaları sakitlik halında, əsasən gecə və ya səhər saatlarında inkişaf edir. Anginoz ağrılar həmçinin gündəlik mülayim fiziki yüklənmə zamanı adətən günün eyni vaxtında yarana bilər. Prinsmetal stenokardiyasının klinik tutması ürək nahiyəsində qəfil meydana çıxan intensiv təzyiqedici, sıxıcı, yandırıcı, kəsici xarakterli ağrılarla səciyyələnir. Tutmanın ən ifadəli anında profuz tərləmə, taxikardiya, arterial hipotoniya (bəzən əksinə, AT-nin yüksəlməsi), baş ağrısı, ürəkbulanma, dəri örtüklərinin avazıması, bayılma baş verir. Bir sıra pasiyentlərdə ürəyin ritm və keçiriciliyinin pozulması – qulaqcıqların titrəməsi, paroksizmal mədəcik taxikardiyası, mədəcik ekstrasistoliyası; atrioventrikulyar blokadalar, His dəstəsinin ayaqcıqlarının blokadası; nadir hallarda mədəciklərin fibrillyasiyası müşahidə olunur.
Prinsmetal stenokardiya tutması 5-15 dəqiqə, bəzən yarım saata qədər davam edir, adi stenokardiya tutmasından fərqli olaraq, pasiyentlər tərəfindən ağır keçirilərək, çətinliklə aradan qalxır. Tutmalar 2-15 dəqiqə intervalla bir neçə dəfə təkrarlana və ya sporadik xarakterli olub, gündə, həftədə, ayda 1 dəfə baş verə bilər. Tutmalararası dövrdə pasiyentlər özlərini sağlam hiss edir. Prinsmetal stenokardiya tutması fonunda ürək anevrizması ilə nəticələnən geniş sahəli transmural miokard infarktı və ya qəfləti koronar ölüm baş verə bilər.
Beləliklə, Prinsmetal stenokardiyasının əsas klinik xüsusiyyətlərinə sakit vəziyyətdə yaranan, ifadəli vegetativ dəyişikliklər, ritm və keçiriciliyin həyat üçün təhlükə törədən pozğunluqları ilə müşayiət olunan daha ağır və uzunmüddətli anginoz ağrılar aiddir.
Prinsmetal stenokardiyasının diaqnostikası
Prinsmetal stenokardiyasının əsas obyektiv diaqnostik kriteriyası tutma anında çəkilən EKQ-dir. Vazospastik stenokardiyanın klassik əlaməti transmural miokard işemiyası üçün xarakterik sayılan ST seqmentinin yüksəlməsidir. Miokard infarktında bu dəyişiklik təxminən 1ay, Prinsmetal stenokardiyasında isə ağrının davam etməsindən asılı olaraq, adətən 5-20 dəqiqə müddətində izlənilir.
Xəstəliyin digər spesifik elektrokardioloji əlamətlərinə R dişciyinin genişlənməsi və amplitudunun artması, U dişciyinin inversiyası, ürək ritmi və keçiriciliyinin pozulması aiddir.
EKQ-nin sutkalıq monitorinqi ÜYT-nin ifadəli dəyişiklikləri olmadan yaranan tranzitor işemiya hallarını aşkar etməyə imkan verir. Ürək yığılmalarının tezliyinin əhəmiyyətli dəyişikliklərinin olmaması vazokonstriksiya faktını sübut edir.
Şübhəli hallarda angiospazmın induksiyası məqsədilə provokasion sınaqlar (hiperventilyasiya, soyuq, erqometrin, asetilxolinin yeridilməsi, işemik test) aparılır. Yüklənmə sınaqlarının (veloerqometriya, tredmil-test) köməyilə fiziki gərginliklərə qarşı nisbətən yüksək tolerantlıq müəyyən edilir. Koronaroqrafiya zamanı Prinsmetal stenokardiyalı pasiyentlərin 50%-də tac arteriyalarının funksional əhəmiyyətli stenoz (>50%) aşkarlanmır.
Prinsmetal stenokardiyasının müalicəsi
Prinsmetal stenokardiyasına şübhə yarandıqda xəstələr hospitalizasiya olunmalıdır. Müalicənin məqsədi angiospazm və miokard işemiyasının aradan qaldırılması, aritmiya, kəskin miokard infarktı, qəfləti koronar ölümün yaranma ehtimalının azaldılmasından ibarətdir.
Stenokardiya tutmasında təcili surətdə nitroqliserinin sublinqval qəbulu tələb olunur; sonralar prolonq təsirli nitratların qəbulu mələhət görülür. Eynizamanda (və ya nitratların əvəzinə) koronar və kollateral arteriyaları genişləndirən kalsium kanallarının blokatorları (nifedipin, verapamil, diltiazem) təyin edilir. Tac arteriyalarının obstruktiv xəstəliklərində terapiyaya ß-blokatorlar əlavə olunur. Prinsmetal stenokardiyalı xəstələr həmçinin kiçik dozalı antiaqreqantlar (asetilsalisil turşusu) qəbul etməlidir.
Yadda saxlamaq lazımdır ki, yüksək dozalı nitratlar və kalsium kanallarının blokatorları ilə aparılan müalicənin qəfil dayandırılması anginoz tutmaların tezliyinin 50% və daha çox artması, kəskin miokard infarktının inkişafı ilə ifadə olunan kəsilmə sindromuna səbəb ola bilər. Prinsmetal stenokardiyasının koronar damarların ağır aterosklerozu ilə birgə rast gəlindiyi hallarda cərrahi müalicə – aorta-koronar şuntlama, koronar arteriyaların stentlənmə və angiplastika mümkündür.
Prinsmetal stenokardiyasının proqnoz və profilaktikası
Prinsmetal stenokardiyasının ağırlaşma riski koronar obstruksiya, tutmaların ağırlığı, tezliyi və müddətindən birbaşa asılıdır. Tac arteriyalarında obstruktiv zədələnmə müşahidə olunmadıqda qəfləti koronar ölüm riski çox az olub, il ərzində təxminən 0,5% təşkil edir. Uzunmüddətli, tez-tez təkrarlanan və ağır tutmalar zamanı letal sonluq ehtimalı 20-25%-ə qədər yüksəlir.
Prinsmetal stenokardiyası proqressiv koronar çatışmazlığa (qeyri-stabil stenokardiya) aid edildiyindən bütün pasiyentlər kardioloqun dispanser müşahidəsi altında olmalıdır. Profilaktik tədbirlərə hiperlipidemiya ilə mübarizə, siqaretdən imtina, vegetativ sinir sisteminin tonusunun normalizasiyası aiddir.