Proktalgiya
Proktalgiya – əzələ spazmı nəticəsində anus və düz bağırsaq nahiyəsində yaranan ağrı sindromudur. Ağrı tutmaşəkilli olub, qarın, aralıq və büzdümə irradiasiya edə bilir. Proktalgiya adətən defekasiya aktından və isti vanna qəbulundan sonra öz-özünə keçib gedir. Xəstəlik uzun müddət davam edərək, kanserofobiyanın formalaşmasına gətirib çıxara bilir. Proktalgiya zamanı koloproktoloqun konsultasiyasına, düz bağırsağın barmaqla və instrumental müayinələrinə ehtiyac yaranır. Patologiyanın səbəblərindən asılı olaraq, fizioterapiya, blokadalar, medikamentoz terapiya təyin edilir. Bağırsaq və sidik-cinsiyyət sisteminin digər xəstəliklərinin müayinə və müalicəsi, o cümlədən psixoprofilaktika mühüm əhəmiyyət kəsb edir.
Proktalgiya barədə ümumi məlumat
Düz bağırsağın əksər xəstəlikləri ağrı sindromu ilə təzahür edir. Ağrılar fərqli xarakter və intensivliyə malik olub, defekasiya zamanı və ya nəcis ifrazından sonra meydana çıxa bilər. Ağrının üzvi səbəbini təyin etmək mümkün olmadıqda bu hal proktalgiya (düz bağırsaqda yaranan qeyri-müəyyən xarakterli ağrı) kimi qiymətləndirilir. Ağrı sindromu psixoemosional gərginlik, düz bağırsağın neyrogen spazmı ilə əlaqədar baş verə bilər.
Proktalgiyaya əsasən orta yaşlı kişilərdə rast gəlinir. Patologiya düz bağırsaq nahiyəsində qəfil yaranan, müxtəlif intensivlik və davametmə müddətinə (bir neçə dəqiqədən yarım saata qədər) malik ağrılarla özünü büruzə verir. Ağrı tutmaları gecə ərzində bir neçə dəfə təkrarlanaraq, yuxunun pozulmasına gətirib çıxara bilir. Düz bağırsaq nahiyəsində ağrı olduqda müayinə və müalicə məqsədilə mütləq mütəxəssisə müraciət edilməlidir.
Proktalgiyanın yaranma səbəbləri
Patologiya adətən düz bağırsağın levator əzələlərinin və ya büzdüm əzələsinin neyrogen spazmı zamanı yaranır. Buna stress, psixoloji gərginlik, ağır fiziki yüklənmələr səbəb ola bilər. İkincili proktalgiya proktoloji xəstəliklərlə (anal kanalın çat və şişləri, kəskin babasil, paraproktit, ağırlaşmış kaudal teratoma, Kron xəstəliyində perianal lokalizasiyalı zədələnmə) əlaqədar inkişaf edə bilir. Bundan əlavə proktalgiya idopatik anobüzdüm ağrı sindromunun əlaməti kimi meydana çıxa bilər. Bəzi xəstələrdə endometrioz zamanı ağrının düz bağırsağa irradiasiyası müşahidə edilir.
Proktalgiyanın əlamətləri
Ağrı sindromu uçucu xarakter daşıya (qəfil başlanan və eyni tərzdə sona yetən) və ya ağrıkəsici vasitələrin təsirinə tabe olmadan saatlarla davam edə bilər. Ağrı deşici və ya spastik olur. Qısamüddətli proktalgiya üçün düz bağırsaqda ani yaranan və bir neçə dəqiqədən sonra keçib gedən kəskin, deşici ağrılar səciyyəvidir. Onlar subyektiv olaraq, ağrılı qıcolma spazmı kimi hiss edilir. Ağrılar büzdüm, anus, aralıq və bud-çanaq oynağına irradiasiya oluna bilər.
Ağrı defekasiya ilə əlaqəli olmur. Bəzən ağrı tutmaları tez-tez təkrarlanaraq, pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Bir çox hallarda proktalgiya aralıq nahiyəsində diskomfort hissi ilə müşayiət olunur, bu da xəstələrin sidik-cinsiyyət sisteminin patologiyalarından şübhələnməsinə əsas verir. Proktalgiya dalğavari xarakterli olub, uzun müddət davam edir. Sakitlik dövrü ağrı tutmasının kəskinləşməsi ilə əvəzlənir. Zamanla kəskinləşmələrin tezliyi daha da artır. Ağrının kəskinləşməsinə səbəb olan amillər sona qədər öyrənilməmişdir. Onların psixo-neyrogen mənşəli olması güman edilir.
Proktalgiyanın diaqnostikası
Proktalgiyalı xəstələrin müayinəsi zamanı əksər hallarda anamnezdə sidik-cinsiyyət sisteminin xəstəliklərinə, eləcə də proktoloji patologiyalara rast gəlinir. Lakin birincili proktalgiya adətən bu xəstəliklərdən əvvəl müşahidə edildiyindən pasiyentlər çox vaxt müalicə məqsədilə ginekoloq və ya uroloqa müraciət edirlər. Düz bağırsaqda ağrı sindromuna səbəb ola biləcək xəstəliklərin aşkarlanması və diaqnozun qoyulması üçün xəstə hərtərəfli müayinə olunmalıdır.
Pasiyentlərin fizikal müayinəsi anus nahiyəsinə baxış və anal kanalın barmaqla müayinəsi ilə tamamlanır. Barmaqla müayinə adətən ağrısız olur. Bəzən levator əzələlərin spazmı təyin edilir. Proktalgiya zamanı sfinkteromanometriyada adətən tonusun patoloji dəyişikliyi aşkarlanmır. Düz bağırsaq divarlarının daha dəqiq müayinəsi üçün rektoromanoskopiya aparılır. Çənbər bağırsağın yuxarı şöbələrini yoxlamağa ehtiyac yarandıqda kolonoskopiya və ya irriqoskopiya icra olunur. Qanın laborator müayinəsi iltihabi prosesin əlamətlərini üzə çıxarmağa kömək edir. Sidik-cinsiyyət sisteminin patologiyalarını inkar etmək məqsədilə uroloq və ginekoloqun konsultasiyası təyin edilir, sidik kisəsinin, çanaq orqanlarının USM aparılır.
Üzvi və funksional pozğunluqlara rast gəlinmədikdə ağrı sindromu birincili proktalgiya kimi qiymətləndirilir. Proktalgiya armudabənzər əzələ sindromu və koksiqodiniya ilə differensiasiya edilir. Adətən bu patologiyalı xəstələr əvvəllər müxtəlif üsullarla müalicə olunduğundan aparılan prosedurlar və onların nəticələri təhlil edilməlidir.
Proktalgiyanın müalicəsi
Müalicə həkim-proktoloq tərəfindən ambulator şəraitdə aparılır. Ağrı tutmalarını yüngülləşdirmək üçün aşağıdakı müalicəvi prosedurlardan istifadə olunur:
- fizioterapevtik üsullar (UYT, yarımnaqil lazerlə intrarektal infraqırmızı şüalanma, diatermiya, palçıqla müalicə, elektrostimulyasiya və s.);
- novokain blokadaları (perisakral, epidural-sakral və retrorektal);
- büzdüm əzələsinin və anusu qaldıran əzələnin masajı (onların ifadəli spazmı zamanı);
- novokain, çaytikanı yağı və kollarqolla mikroimalələr;
- sakitləşdirici vasitələr (sedativ, yuxu gətirici, yüngül trankvilizatorlar).
Gizli proktosiqmoiditin olma ehtimalını nəzərə alaraq, müalicə kursuna adətən antibakterial preparatlarla düz bağırsağın sanasiyasından başlanılır. Birincili proktalgiya pasiyentin psixoemosional vəziyyətindən müəyyən dərəcədə asılı olduğundan psixoloji cəhətdən komfortlu şərait yaradılmalı, stress və gərginliklər uzaqlaşdırılmalıdır. Bir çox hallarda psixoterapevtik relaksasiya üsulları tətbiq edilir. Bəzən psixoloqun konsultasiyası tələb olunur. Xəstələrə müalicəvi təyinatlarla yanaşı həzm prosesini yaxşılaşdıran pəhrizə də riayət etmək məsləhət görülür.
Proktalgiyanın proqnoz və profilaktikası
İkincili proktalgiya ağrıya səbəb olan əsas patologiyanın aradan qaldırılması ilə keçib gedir. Birincili proktalgiya əksər hallarda öz-özünə itir, lakin bəzən tez-tez təkrarlanan ağrı tutmaları xəstələrin həyat keyfiyyətinin və əmək qabiliyyətinin azalması ilə nəticələnir.