Prostat vəzin adenoması

Prostat vəzin adenoması – sidiyin sidik kisəsindən xaric olmasını çətinləşdirən prostatın vəzili toxumasının proliferasiyasıdır. Sidik ifrazının çətinləşməsi və tezləşməsi (gecələr də həmçinin), sidik şırnağının zəifləməsi, qeyri-iradi sidik ifrazı, sidik kisəsi nahiyəsinə təzyiq hissi ilə təzahür edir. Daha sonra sidiyin tam saxlanması, sidik kisəsi və böyrəklərdə iltihab və daşların əmələ gəlməsi inkişaf edə bilər. Sidiyin xroniki saxlanması intoksikasiyaya, böyrək çatışmazlığına gətirib çıxara bilər. Prostat vəzin adenomasının diaqnostikası vəzin USM-i, onun sekretinin müayinəsi, ehtiyac olarsa, biopsiyasına əsasən aparılır. Müalicə, bir qayda olaraq, cərrahidir. Konservativ müalicə erkən mərhələlərdə effektlidir.

Prostat vəzin adenoması barədə ümumi məlumat

Prostat vəzin adenoması – uretranın ətrafında, onun prostatik şöbəsində yerləşən parauretral vəzilərin xoşxassəli yenitörəməsidir. Patologiyanın əsas simptomu bir və ya bir neçə böyümüş düyüncüklərin uretraya tədricən təzyiqi nəticəsində sidik ifrazının pozulmasıdır. Prostatın adenoması üçün xoşxassəli gedişat xarakterikdir.

Prostat vəzin adenomasının yayılması

Prostat vəzin adenomasından əziyyət çəkən xəstələrin yalnız kiçik bir hissəsi həkimə müarciət edir; lakin hərtərəfli müayinə 40-50 yaşlı kişilərin ¼-ində, 50-60 yaşlıların isə yarısında xəstəliyin simptomlarını aşkarlamağa imkan verir. Patologiya 60-70 yaşlı kişilərin 65%-ində, 70-80 yaşlıların 80%-ində, 80 yaşdan böyük kişilərin 90%-dən çoxunda aşkar olunur. simptomatikanın ifadəliliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər. Urologiya sahəsində aparılan araşdırmalar prostat adenoması olan kişilərin təxm. 40%-ində sidik ifrazı problemlərinin olduğunu qeyd edir. Lakin bu qrupdan olan pasientlərin 1/5-i həkimə müraciət edir.

Prostat vəzin adenomasının səbəbləri

Prostat vəzin adenomasının inkişaf mexanizmi hələ də axıra qədər öyrənilməyib. Bu onkoloji patologiyanın xroniki prostatitlə əlaqəsinə dair fikirlər geniş yayılsa da, iki xəstəlik arasında əlaqə təsdiq olunmayıb. Tədqiqatçılar prostatın adenoması ilə alkoqol və tabaka qəbulu, seksual orientasiya, cinsi aktivlik, keçirilmiş veneroloji və iltihabi xəstəliklər arasında heç bir əlaqə aşkar etməyiblər.

Prostat vəzin adenomasının yaranma tezliyinin xəstənin yaşından xeyli asılı olması qeyd olunur. Alimlərin fikrincə, bu patologiya andropauza (kişi klimaksı) dövründə hormonal fonun dəyişməsi nəticəsində inkişaf edir. Cinsi yetişkənliyə qədər kastrasiya olunmuş kişilər heç vaxt, ondan sonra kastrasiya olunmuş kişilərin isə çox nadir hallarda patologiyadan əziyyət çəkməsi bu nəzəriyyəni təsdiqləyir.

Prostat vəzin adenomasının simptomları

Prostat vəzin adenomasının iki qrup simptomları var: irritativ və obstruktiv. Birinci qrupa sidik ifrazının tezləşməsi, diurezə davamlı (imperativ) çağırışlar, nikturiya, sidiksaxlamama aiddir. Obstruktiv simptomlar qrupu sidik ifrazının çətinləşməsi, başlanğıcının ləngiməsi və vaxtının uzanması, sidik kisəsinin natamam boşalması hissi; fasiləli, süst şırnaqlı sidik ifrazı, gücənmənin mühümlüyündən ibarətdir.

Prostat vəzin adenomasının üç mərhələsi ayırd edilir:

  • Prostat vəzin adenomalarının kompensə olunmuş mərhələsi (I mərhələ)

Sidik ifrazı aktı dəyişir; daha tez-tez, nisbətən az intensivlikli və az sərbəst olur. Gecələr 1-2 dəfə diurez labüdlüyü yaranır. Bir qayda olaraq, prostat adenomasının I mərhələsində olan pasientlərə nikturiya narahatlıq yaratmır; onlar gecə sidiyəgetməni yaranmış yuxusuzluqla əlaqələnidirirlər.

Gündüzlər diurezin normal tezliyi saxlana bilər; lakin prostatın I dərəcəli adenomasında xüsusən gecə yuxusundan sonra daha çox ifadə olunan gözləmə dövrü qeyd olunur. Saha sonra gün ərzində sidik ifrazı aktlarının sayı artır, bir sidik ifrazı prosesində xaric olunan sidiyin həcmi isə azalır. İmperativ çağırışlar əmələ gəlir. Əvvəllər parabolik əyri formalaşdıran sidik şırnağı isə süst xaric olur və, demək olar ki, vertikal düşür.

Prostat vəzin adenomasının I mərhələsində sidik kisəsi əzələlərinin hipertrofiyası inkişaf edir, nəticədə boşalmanın effektivliyi saxlanır. Bu mərhələdə sidik kisəsində qalıq sidik demək olar ki, olmur. Böyrəklərin və yuxarı sidikçıxarıcı yolların funksional vəziyyəti saxlanır.

  • Prostat vəzin adenomalarının subkompensə olunmuş mərhələsi (II mərhələ)

Prostat vəzin adenomasının II mərhələsində sidik kisəsinin həcmi böyüyür, divarlarında distrofik dəyişikliklər inkişaf edir. Qalıq sidiyin miqdarı 100-200 ml-ə çatır və artmaqda davam edir. Sidik ifrazı aktının bütün gedişi boyunca xəstə qarın presi və diaqfraqma əzələlərini intensiv gərgin saxlamağa məcbur olur; bu da sidik kisəsidaxili təzyiqin daha da artmasına gətirib çıxarır. Sidik ifrazı aktı çoxfazalı, aralıqlı və dalğavari olur.

Sidiyin yuxarı sidikçıxarıcı yollarla passajı tədricən pozulur. Əzələ strukturu öz elastikliyini itirir, sidik axarları genişlənir. Böyrəklərin funksiyaları pozulur. Pasiyentləri proqressivləşən xroniki böyrək çatışmazlığının yanğı, poliuriya və başqa bu kimi simptomları narahat edir.  Kompensasiya mexanizmləri pozulduqda üçüncü mərhələ başlayır.

  • Prostat vəzin adenomalarının dekompensasiya mərhələsi (III mərhələ)

Prostat vəzin adenomasının III mərhələsində sidik kisəsi gərgin və sidiklə dolu olur; palpator və vizual olaraq asanlıqla görünür. Sidik kisəsinin yuxarı kənarı göbəyə qədər qalxa və hətta daha yüksək yerləşə bilər. Sidik kisəsinin boşalması hətta qarın presi intensiv gərgin saxlandıqda belə mümkün olmur. Sidik kisəsini boşaltma istəyi arasıkəsilməz hala gəlir. Qarnın aşağı hissəsində güclü ağrılar mümkündür. Sidik tez-tez, damcı-damcı və ya çox kiçik porsiyalarla xaric olur. Sonralar ağrılar və sidik ifrazı çağırışları azalır. Prostatın adenoması üçün xarakterik olan paradoksal sidik saxlama (sidik kisəsi doludur, sidik daim damcı-damcı xaric olur) inkişaf edir.

Prostat vəzin adenomasının bu mərhələsində yuxarı sidikçıxarıcı yollar genişlənir, onların daimi obstruksiyası nəticəsində kasa-ləyən sistemində təzyiq yüksəlir; beləliklə, böyrək parenximasının funksiyaları pozulur. Xroniki böyrək çatışmazlığının klinikası inkişaf edir. Tibbi yardım göstərilmədikdə xəstələr proqressivləşən XBÇ-dan ölürlər.

Prostat vəzin adenomasının ağırlaşmaları

Müalicə tədbirləri həyata keçirilmədikdə prostatın adenoması olan xəstələrdə xroniki böyrək çatışmazlığı əmələ gələ bilər. Bu patologiya zamanı bəzən kəskin sidik saxlama inkişaf edir. Sidik kisəsi tam dolu olduqda xəstə intensiv istəklərinin olmasına baxmayaraq, sidik ifraz edə bilmir. Sidik saxlamanı aradan qaldırmaq məqsədilə kişilərdə sidik kisəsinin kateterizasiyası, bəzən dərhal cərrahi əməliyyat və ya kisənin punksiyası aparılır.

Prostat vəzin adenomasının daha bir ağırlaşması hematuriyadır. Pasientlərin bir qismində mikrohematuriya, adenoma toxumasından tez-tez və intensiv qanaxma (manipulyasiya nəticəsində travmalar olduqda) və ya sidik kisəsinin boynu nahiyəsində venaların varikoz genişlənməsi qeyd olunur. Pıxtalar əmələ gəldikdə sidik kisəsinin tamponadası inkişaf edə bilər; bu zaman təcili əməliyyat mühümdür. Prostat vəzin adenoması zamanı qanaxmanın tez-tez rast gəlinən səbəbi diaqnostik və müalicəvi kateterizasiyadır.

Patologiya zamanı sidik kisəsində daşlar sidiyin durğunluğu və ya daşın böyrək və ya sidikçıxarıcı yollardan miqrasiyanın nəticəsidir. Sitolitiazda prostat adenomasının klinik mənzərəsinə sidik ifrazının tezləşməsi və cinsi üzvün başına irradiasiya edən ağrılar əlavə olunur. Ayaqüstü vəziyyətdə, yerimə və hərəkət zamanı simptomatika daha da güclənir, uzanmış vəziyyətdə isə azalır. “Sidik şırnağının qarşısının” (sidik kisəsinin natamam boşalmasına baxmayaraq, sidik şırnağı qəflətən kəsilir və yalnız bədənin vəziyyətini dəyişdikdən sonra davam edir) simptomu xarakterikdir. Prostatın adenoması zamanı tez-tez infeksion xəstəliklər (epididimoorxit, epididimit, vezikulit, adenomit, prostatit, uretrit, kəskin və xroniki pielonefrit) inkişaf edir.

Prostat vəzin adenomasının diaqnostikası

Həkim prostatı barmaqla müayinə edir. Prostat vəzin adenomasının simptomlarının ifadəliliyini dəyərləndirmək üçün sidik ifrazına dair gündəlik tutmaq lazımdır. İnfeksion ağırlaşmaların inkarı məqsədilə prostatın sekreti və uretradan götürülmüş yaxma müayinə olunur. Prostatın USM-i aparılır. Bu müayinə vasitəsilə prostat vəzinin ölçülərini müəyyənləşdirilir, daşları və durğunluq yaranmış hissələrini aşkarlanır, qalıq sidiyin miqdarı böyrəklərin və sidikçıxarı yolların vəziyyəti qiymətləndirilir.

Prostatın adenomasında sidiyin gecikmə dərəcəsini dəqiq müəyyənləşdirməyə urofloumetriya (sidik ifrazının vaxtı və sidik axınının sürəti xüsusi aparatla təyin olunur) imkan verir. Prostatın xərçəngini inkar etmək məqsədilə PSA (prostat spesifik antigen) səviyyəsini dəyərləndirmək lazımdır. Belə ki, normada bu antigenin qanda konsentrasiyası 4 nq/ml-i aşmır. Şübhəli vəziyyətlərdə prostatın biopsiyası aparılır.

Son illərdə prostatın adenoması zamanı sistoqrafiya və ekskretor uroqrafiya yeni, nisbətən az invaziv və daha təhlükəsiz metodların (USM) tətbiqi ilə əlaqədar olaraq nadir hallarda aparılır. Bəzən oxşar simptomatikalı xəstəliklərin inkarı məqsədilə və ya adenomanın operativ müalicəsinə hazırlıq dövründə sistoskopiya tətbiq olunur.

Prostat vəzin adenomasının müalicəsi

Prostat vəzin adenoması zamanı müalicə taktikasının seçilməsi üçün kriteriyalar uroloq üçün I-PSS simptomları şkalasıdır. Bu şkala sidik ifrazının pozulma dərəcəsi özündə əks etdirir. Şkalaya əsasən balların cəmi 8-dən azdırsa, müalicə tələb olunmur. 9-18 bal olduqda konservativ müalicə aparılır, 18-dən çox olduqda isə cərrahi müdaxilə vacibdir.

  • Prostat vəzin adenomasının konservativ müalicəsi

Konservativ müalicə erkən mərhələlərdə və cərrahi əməliyyata mütləq əks-göstəriş olduqda aparılır. Xəstəliyin simptomlarının ifadəliliyini azaltmaq məqsədilə 5-alfa reduktazaların inhibitorları (dutasterid, finasterid), alfa-adrenoblokatorlar (alfuzozin, terazozin, doksazozin, tamsulozin), bitki tərkibli preparatlar (Afrika gavalısının qabığının və ya sabal meyvələri ekstraktı) təyin olunur.

Prostat vəzin adenoması zamanı prosesə qoşulan infeksiyalarla mübarizə məqsədilə antibiotiklər (gentamisin, sefalosporin) təyin olunur. Antibiotikoterapiya kursunun sonunda normal bağırsaq mikroflorasını bərpa etmək məqsədilə probiotiklər tətbiq olunur. İmmunitet korreksiya edilir (alfa-2b interferon, pirogenal). Prostatın adenoması olan yaşlı xəstələrin əksəriyyətində inkişaf edən damarların aterosklerotik dəyişiklikləri prostat vəzinə dərman preparatlarının axınının qarşısını alır.; buna görə də onlara trental təyin olunur.

  • Prostat vəzin adenomasının operativ müalicəsi

Prostat vəzin adenomasının cərrahi üsulla müalicəsinin aşağıdakı metodları var:

  1. adenomektomiya. Qalıq sidiyin miqdarı 150 ml-dən artıq olduqda, fəsadlaşmalarda, adenomaların çəkisi 40 q-dan çox olarsa, aparılır;
  2. ТUR (transuretral rezeksiya). Azinvaziv metoddur. Əməliyyat uretradan həyata keçirilir. Qalıq sidiyin miqdarı 150 ml-dən, adenomanın çəkisi 60 q-dan az olduqda aparılır. Böyrək çatışmazlığı zamanı tətbiq olunmur;
  3. Lazer ablasiya, lazer destruksiya, prostatın TUR vaporizasiyası. Orqanın maksimal qorunmasına yönəlmiş metodlardır. Çəkisi 60 q-dan böyük olan şişlərdə minimal qanitirmə cərrahi əməliyyatın icrasına imkan verir. Adları çəkilən cərrahi metodlar prostatın adenoması olan cavan pasientlərə tövsiyə olunan operativ üsullardır; belə ki, həmin metodlar cinsi funksiyanı saxlamağa imkan verir.

Prostat vəzin adenomasının cərrahi müalicəsinə mütləq əks-göstərişlər (tənəffüs və ürək-damar sisteminin dekompensasiya olunmuş xəstəlikləri və s.) vardır. Bu patologiya zamanı cərrahi müdaxilə mümkün deyilsə, sidik kisəsinin kateterizasiyası və ya palliativ operativ müdaxilə – sistostomiya icra olunur. Nəzərə almaq lazımdır ki, palliativ müalicə metodları pasientin həyat keyfiyyətini azaldır.

error: Content is protected !!