Protez materiallarına qarşı allergiya
Protez materiallarına qarşı allergiya – ləng tipli allergik reaksiyanın inkişafı ilə gedən ortopedik stomatologiyada istifadə olunan diş protezlərinə qarşı dözümsüzlükdür. Patologiya protez stomatitinin klinik simptomlarının (qida qəbulu zamanı ağız boşluğunda ağrı, yanma hissi, dadın dəyişilməsi) təzahürü, başqa orqanların allergik zədələnmələrinin əlamətləri və ümumi vəziyyətin pozulması ilə müşayiət olunur. Patologiyanın diaqnostikası anamnez, ağız boşluğunun klinik müayinəsi; eliminasion, ekspozision və dəri sınaqlarının; immunoloji testlərin nəticələrinə əsasən diaqnostika olunur. Müalicə protezin dəyişdirilməsi və ya korreksiyası, antihistamin preparatların, ağır hallarda qlükokortikoidlərin istifadəsindən ibarətdir.
Protez materiallarına qarşı allergiya barədə ümumi məlumat
Protez materiallarına qarşı allergiya – ortopedik stomatologiyada tez-tez rast gəlinən, metal, akril və başqa materiallardan düzəldilmiş diş protezlərinə qarşı inkişaf edən allergik təbiətli iltihabi reaksiyadır. Bu və ya başqa protez materialına qarşı hiperhəssaslıq ləng tipli allergik reaksiyanın inkişaf ilə xarakterizə olunur; bu zaman xəstəliyin simptomları tez-tez ağız boşluğunun, nadir hallarda yuxarı tənəffüs yollarının və dəri örtüklərinin zədələnmələri ilə əlaqəlidir.
Statistikaya əsasən diş protezlərinin materiallarına qarşı dözümsüzlük stomatoloq-ortopedə müraciət edən pasientlərin 6-10%-ində qeyd olunur. Bu zaman protez materialına qarşı allergiya əlamətləri həm protez qoyulduqdan sonra ilk gün ərzində, həm də protezləmədən bir neçə il sonra təzahür edə bilər.
Protez materiallarına qarşı allergiyanın səbəbləri
Protez materiallarına qarşı allergik reaksiya tez-tez protezlərin metallik sonluqlarına, həmçinin ortoped-stomatoloq tərəfindən tətbiq olunan akrilat, sement, məcun, boyayıcılar, plastifikatorlar və başqa materiallara qarşı yaranır.
Metallik diş protezlərinin hazırlanmasında təxminən 20 metaldan istifadə olunur. Bunlara paslanmayan polad, xrom və kobalt ərintiləri, gümüş, palladium, qızıl, platin, nikel, dəmir, titan, manqan, silisium, molibden və protezin özünün hazırlanmasında istifadə olunan başqa materiallar, ştamplar, onun detallarının birləşmələri aiddir. Bu metalların hər biri dişin protezlənməsindən sonra allergik reaksiyanın inkişafına səbəb ola bilər. Allergiyanın yaranmasına ağız boşluğunda baş verən elektrokimyəvi proseslər rəvac verir; onların intensivliyi ərintinin konkret tərkibindən, onun tərkibinə daxil olan metallik birləşmələrin rəngarənglik dərəcəsindən, protezin hazırlanma keyfiyyətindən, tüpürcəyin turşuluğundan və başqa faktorlardan asılıdır.
Polimer birləşmələrdən (akrilatlar) hazırlanmış protez materiallarına qarşı allergik reaksiyalara heç də az rastlanmır. Bunlar, adətən, bərk (akril) və ya yumşaq plastmasdan ibarət tam çıxarıla bilən plastin protezlərdir. Bu zaman akrilatlara qarşı allergik reaksiyanın yaranmasında əsas etioloji faktor metilmetakrilat qalıq monomeridir. Bu maddə plastmas protezlərin tərkibinin 0,2-1%-ni təşkil edir; istehsalın texnologiyasına riayət etmədikdə 8%-ə qədər arta bilər.
Metallik və akril diş protezlərinin tərkibinə daxil olan yuxarıda sadalanan maddələr natamam antigenlərdir (haptenlər). Onlar ağız boşluğu toxumasının zülalları ilə qarşılıqlı təsirdə olduqda həqiqi allergenlərə (konyuqə olunmuş allergenlər) çevrilirlər. Bu zaman kontakt stomatit və protez materiallarına qarşı allergiyanın başqa klinik təzahürlərinin inkişafı ilə müşayiət olunan ləng tipli allergik reaksiya baş verir. Xəstəliyin yaranma riski ağız boşluğunun selikli qişasının mexaniki travmalarında, protezin mikrotravmalarında, tüpürcəyin turşuluğu artdıqda və bununla bərabər, diş protezlərinin korroziya prosesləri zamanı yüksəlir.
Protez materiallarına qarşı allergiyanın simptomları
Protez materiallarına qarşı allergiyanın klinik əlamətləri allergik kontakt stomatitin inkişafı ilə tez-tez əlaqələnir. Əsas şikayətlər ağızda metallik dad, quruluq və yanma hissi, qida qəbulu zamanı ağrının yaranmasıdır. Bu zaman simptomatika, adətən, protez qoyuldaqdan dərhal sonra deyil, bir neçə ay və ya protezləmədən 10-15 il sonra inkişaf edir.
Metallik protez materiallarına qarşı allergiyanın klinik mənzərəsinin öz xüsusiyyətləri var. Buraya xəstələrin ilk növbədə ağız boşluğunun yanaq, dil və yumşaq damaq nahiyəsinin selikli qişasının ödemindən şikayətləri aiddir. Dilin böyüməsi və yanaqların selikli qişasının ödemi tez-tez onların dişlənməsinə, qidaların çeynənməsi və udulması zamanı çətinliklərin yaranmasına gətirib çıxarır. Xəstələri çox vaxt dil nahiyəsində yanğı hissi narahat edir; onlar bu narahatlığı daim hiss edirlər. Bu simptom ədviyyatlı, turş qidaların qəbulu, həmçinin axşamlar və gecələr güclənir. Daha bir xarakterik simptom ağızda turşuluq və metal dadının yaranması ilə müşayiət olunan dad duyğusunun dəyişməsidir. Metal və onun ərintilərindən hazırlanmış protez materiallarına qarşı allergiya ağızda quruluq, yanğı hissi, tüpürcəyin konsistensiyasının dəyişməsi (özlü, yapışqan, elastik olur) və çətin udqunma ilə müşayiət olunur. Allergik stomatitin uzunmüddətli gedişində ümumi səhhət pozula, oyanıqlıq, təlaş, narahatlıq meydana çıxa bilər; tez-tez mədə və bağırsaqların (qastroduodenit, kolit), ödçıxarıcı yolların (xolesistit) xroniki xəstəliklərinin fəsadlaşması qeyd olunur.
Plastmas (akrilat) protez materiallarına qarşı allergiyalar zamanı əsas şikayət protezin yatağı nahiyəsində, daha çox üst çənədə yanğı hissidir. Bu simptom səbəbindən çıxarıla bilən protezdən istifadə bir çox hallarda mümkün olmur. Yanma hissi yanaqlar, dodaqlar, yumşaq damaq və dil nahiyəsində də qeyd olunur. Plastmas protez materiallarına qarşı allergiyalar üz, əllərin dəri örtüyünün zədələnməsi (qızartı, ödem; daha sonra qabıqlayan eroziya, qovuqcuq şəkilli səpkilər; quru dəri, çatlar), allergik rinit, konyunktivit, qastritin meydana çıxması ilə təzahür edə bilər.
Protez materiallarına qarşı allergiyanın diaqnostikası
Protez materiallarına qarşı allergiyanın diaqnostikası anamnez, pasiyentin stomatoloq və allerqoloq-immunoloq tərəfindən obyektiv müayinəsi, laborator analizlər, dəri və provokasion sınaqların nəticələrinə əsaslanır.
Ağız boşluğunun inspeksiyasında selikli qişaların hiperemiyası, ödemi, quruluğu; petexial qansızmalar, dilin yan səthlərində və yanaqların selikli qişasında dişlərin izləri aşkar olunur. Metal protez materiallarına qarşı allergiyanın inkişafı zamanı körpüşəkilli protezin xüsusən lehimləmə nahiyələrində tamlığının pozulması, oksid örtüyün olması təyin oluna bilər. Plastmas, çıxarıla bilən diş protezlər qoyulduqdan sonra yaranmış kontakt allergik stomatit yuxarıda qeyd olunmuş əlamətlərdən başqa protez yatağının selikli qişasında papillomatoz törəmələrin meydana çıxması ilə xarakterizə olunur.
Materiallarına qarşı allergiyanın aşkarlanması məqsədilə allerqologiyada tətbiq olunan müxtəlif diaqnostik sınaqlar (daha çox dəri üstü damcılar, skarifikasion, dəridaxili, həmçinin eliminasion, ekspozision sınaqlar) istifadə olunur. Eliminasiya problemli protezin 1-2 gündən bir həftəyə qədər ləğv olunması, ağız boşluğunun və protez yatağının dinamikada müşahidəsindən ibarətdir. Allergik iltihab əlamətləri aradan qaldırıldıqdan sonra ekspozisiya, yəni həmin diş protezinin təkrarı tətbiq edilir və buna orqanizmin reaksiyasının analizi icra olunur.
Bundan başqa, ortopedik stomatologiyada protezin selikli qişadan qızıl folqa ilə izolyasiyası testi istifadə oluna bilər. Bu folqa protezə yapışır və sementləşir. Protez materiallarına qarşı allergiyanın simptomlarının tamamilə itməsi ona qarşı intolerantlıqdan xəbər verir.
Xəstəliyin allergik təbiətinin təsdiqlənməsi spesifik immunoloji testlərin aparılması ilə də mümkündür. Bu zamanı qan zərdabında spesifik antitellər və ayrı-ayrı hüceyrə elementləri aşkar olunur. Protez materiallarına qarşı allergiyanın differensial diaqnostikası mexaniki təbiətli kontakt stomatitlər, virus, bakterial və göbələk mənşəli stomatitlər, şəkərli diabet və başqa endokrinoloji xəstəliklər, aşağı turşuluqlu (hipoasid) qastrit, nevrotik patologiyalarla aparılır.
Protez materiallarına qarşı allergiyanın müalicəsi
Materiallarına qarşı allergiyanın dəf edilməsi problemli protezin ağız boşluğundan çıxarılması və allergik stomatit təzahürləri tamamilə aradan qaldırıldıqdan sonra indifferent materialdan hazırlanmış proterzin istifadəsi zamanı mümkündür. Bəzən bioloji inert materialın (adətən, qızıl-platin ərintiləri) metallizasiyası yolu ilə diş protezinin ekranizasiyasından (onun protez yatağının selikli qişasından izolyasiyası) istifadə olunur.
Allergik kontakt stomatitin müalicəsi yerli antiseptik və iltihab əleyhinə preparatların, antihistaminlərin tətbiqi ilə aparılır; bəzən yerli istifadə üçün qlükokortikoid hormonlar təyin olunur.
Protez materiallarına qarşı allergiyanın profilaktikası allerqoloji anamnezin toplanması, risk qrupuna daxil olan insanlara (anasid qastrit, anamnezdə allergik reaksiyalar, 40-60 yaş, metallik sonluqlar və plastmasa qarşı dözümsüzlük) istifadəsi nəzərdə tutulmuş material komponentləri ilə profilaktik dəri sınaqlarının aparılması vasitəsilə diş protezləməyə hərtərəfli hazırlıqdan ibarətdir. Belə sınaqlar yalnız ixtisaslaşmış müəssisələrdə sertifikasiyadan keçmiş həkim-allerqoloqlar tərəfindən aparılmalıdır.