Psevdomembranoz kolit
Psevdomembranoz kolit – yoğun bağırsağın kəskin iltihabı olub, antibiotiklər və ya digər dərman vasitələrinin qəbulu fonunda şərti-patogen bakteriya Clostridium difficile tərəfindən törədilir. Patologiyanın klinik təzahürləri fərqli olur. Adətən xəstələrdə qarında ağrılar, davamlı ishal və ümumi intoksikasiya əlamətləri müşahidə edilir. Ağır hallarda bağırsaq divarının kobud zədələnmələri, ifadəli metabolik dəyişikliklər və letal sonluq baş verə bilir. Diaqnoz əlamətlər, fizikal baxış, qan və nəcis analizi, endoskopik müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə antibiotiklərin istifadəsi dayandırılır, pəhriz, etiotrop terapiya təyin edilir, mübadilə pozğunluqları korreksiya olunur.
Psevdomembranoz kolit barədə ümumi məlumat
Psevdomembranoz kolit – əsasən antibiotiklər, az hallarda isə digər qrup preparatlarla aparılan müalicənin ağır fəsadıdır. Bu zaman xəstələrdə yoğun bağırsağın iltihabı ilə müşayiət olunan spesifik disbakterioz inkişaf edir, orqanın selikli qişasının üzəri xarakterik fibrinoz təbəqə ilə örtülür. Disbakterioz və iltihabi proseslərin törədicisi anaerob qram-mənfi bakteriya Clostridium difficile hesab olunur. Xəstəliyin ağır formalarında ifadəli intoksikasiya, bağırsaq divarının zədələnmələri, hətta perforasiya, ümumi dehidratasiya, kobud elektrolit dəyişiklikləri, zülal mübadiləsinin pozğunluqları qeydə alınır. Letal sonluq mümkündür.
Psevdomembranoz kolitin yaranma səbəbləri
Psevdomembranoz kolit normal bağırsaq mikroflorasının pozulması, şərti-patogen bakteriya –klostridiumun həddindən artıq çoxalması nəticəsində inkişaf edir. Patologiyanın yaranmasına təkan verən disbakterioz adətən antibiotiklərin qəbulu fonunda baş verir. Lakin bəzi hallarda bağırsaq miroflorasının tərkibi sitostatiklər, immunosupressorlar və işlədici vasitələrin təsirindən də dəyişə bilir.
Psevdomembranoz kolit çox zaman klindamisin, amoksisillin, ampisillin, linkomisin və sefalosporinlər qrupundan olan preparatların qəbulunun yan təsirləri kimi formalaşır. Daha az hallarda psevdomembranoz kolit levomisetin, eritromisin, tetrasiklin, penisillinlə müalicə zamanı inkişaf edir. Bağırsaqda simbiontların sayının azalması ilə əlaqədar Clostridium difficile çoxalmağa başlayır. Bu bakteriyalara əhalinin təxminən 3%-nin mədə-bağırsaq traktında rast gəlinir.
Aktiv şəkildə çoxalan klostridiumlar bağırsağın selikli qişasına mənfi təsir göstərən və psevdomembranoz kolitə səbəb olan toksiki maddələr ifraz edir. Bəzi antibiotiklər toksinlərin zədələyici təsirini gücləndirməklə, baş verən pozğunluqları daha da ağırlaşdırır. Bağırsaq divarı baryer xüsusiyyətini itirərək, orqanın mənfəzinə maye sintez etməyə başlayır. Toksiki maddələrin orqanizmə sorulması intoksikasiyaya səbəb olur. Maye bağırsaq mənfəzində yığılır, dehidratasiya və elektrolit pozğunluqları yaranır.
Psevdomembranoz kolitin ağır formalarında xəstələrdə zülal mübadiləsi pozulur, ürək-damar sistemində pozulmalar baş verir. Toksiki meqakolonun formalaşması, bağırsaq divarının deşilməsi və mövtəviyyatın qarın boşluğuna tökülməsi mümkündür. Psevdomembranoz kolit zamanı nəcis kütlələrində toplanılan mikroorqanizmlərlə qarın boşluğunun infeksiyalaşması nəticəsində yaranan peritonit, orqanizmin susuzlaşması, intoksikasiya və kobud metabolik pozğunluqlar səbəbindən müxtəlif orqan və sistemlərin funksional pozğunluqları letal sonluğa gətirib çıxarır.
Psevdomembranoz kolit həmçinin xəstəxanadaxili infeksiya hesab olunur. Xəstəlik çox vaxt müalicənin stasionar şəraitdə aparılması, xüsusən palatada bu patologiyadan əziyyət çəkən pasiyentin yerləşdirilməsi zamanı inkişaf edir. Psevdomembranoz kolitin yaranma ehtimalını yüksəldən və eyni zamanda onun gedişini ağırlaşdıran amillərə ahıl yaş dövrü, dekompensasiya olunan somatik xəstəliklər, mədə-bağırsaq sisteminin patologiyaları, antasidlərin nəzarətsiz qəbulu, böyrək çatışmazlığı, bədxassəli şişlər, immun pozğunluqlar (o cümlədən QİÇS zamanı), cərrahi əməliyyatdan sonra orqanizmin zəifləməsi, eləcə də intensiv terapiyanın aparılmasını tələb edən müxtəlif genezli xəstəliklər aiddir.
Psevdomembranoz kolitin əlamətləri
Psevdomembranoz kolitin klinik şəkli patologiyanın ağırlığından asılıdır. Yüngül formalarda ümumi vəziyyətin pozulması fonunda qarında tutmaşəkilli ağrılar və ishal müşahidə edilir. Nəcis duru konsistensiyalı olub, seliklə qarışır. Ümumi intoksikasiya bədən hərarətinin yüksəlməsi, halsızlıq, əzginlik, baş ağrıları, ürəkbulanma və qusma ilə təzahür edir. İshal və intoksikasiya sindromunun ifadəliliyi fərqli olur. Antibiotiklərin qəbulunun kəsilməsindən sonra əlamətlər tamamən itir.
Psevdomembranoz kolitin orta ağır və ağır formalarında əlamətlər antibiotikoterapiyanın dayandırılmasından sonra 1-2 həftə ərzində davam edir. Pasiyentlər davamlı ishaldan əziyyət çəkir. Nəcis sarı və ya yaşılımtıl çalarlı olub, «düyü həlimini» xatırladır. Nəcis kütlələrində selik və qan qarışığı aşkarlanır. Nəcislə küllü miqdarda maye itirilməsi dehidratasiya və su-elektrolit mübadiləsinin pozğunluqlarına səbəb olur. Bu da halsızlıq, taxikardiya, arterial təzyiqin enməsi, əzələlərin tonusunun pozulması və paresteziya ilə özünü büruzə verir. Bir sıra hallarda qıcolmalar yaranır. İfraz olunan sidiyin miqdarı azalır.
Psevdomembranoz kolitin ağır forması üçün kəskin gediş və xəstəliyin ilk günlərindən nəcis kütlələrinin qanla qarışması xarakterikdir. Pasiyentlərdə intoksikasiyanın proqressivləşməsi, qarnın sol yarısında, əsasən S-vari bağırsağın proyeksiyasında tutmaşəkilli intensiv ağrılar müşahidə olunur. Psevdomembranoz kolitin ən ağır fəsadı bağırsağın patoloji genişlənməsi (meqakolon) nəticəsində bağırsaq divarının perforasiyası və peritonitin inkişafıdır. Xəstənin ümumi vəziyyətinin pisləşməsi, bədən hərarətinin 39˚C-yə qədər və daha çox yüksəlməsi, defekasiyanın tezliyinin azalması, qarın dairəsinin artması meqakolonun inkişafından xəbər verir.
Psevdomembranoz kolitli pasiyentlərin bəzilərində reaktiv artrit aşkarlanır. Bir sıra hallarda eksudativ enteropatiya – bağırsağın qeyri-iltihabi zədələnməsi müşahidə edilir. Patologiya mədə-bağırsaq traktından zülalın həddindən artıq itirilməsi nəticəsində hipoprotein ödemlərlə və zülal mübadiləsinin pozğunluqları ilə müşayiət edilir. Psevdomembranoz kolit bəzən sürətlə inkişaf edərək, orqanizmin tez bir zamanda susuzlaşmasına və hiperkaliemiyaya gətirib çıxarır. Belə hallar ürəyin fəaliyyətinin dayanması ilə sonlanır.
Psevdomembranoz kolitin diaqnostikası
Diaqnoz anamnestik məlumatlar (antibiotiklər və ya xəstəliyə səbəb ola biləcək digər preparatların qəbulu), şikayətlər, fizikal müayinə və əlavə diaqnostik prosedurların nəticələri əsasında qoyulur. Xarici baxış zamanı psevdomembranoz kolitli xəstələrdə hipertermiya, arterial hipotoniya, taxikardiya, qarın dairəsinin böyüməsi müşahidə edilir. Qarın nahiyəsinin palpasiyası ağrı ilə müşayiət olunur. Qanın ümumi analizində leykositoz müəyyən edilir. Nəcis analizində qan və selik izlənilir. Nəcis kütlələrinin bakterioloji müayinəsində Clostridium difficile aşkarlanır.
Endoskopik müayinə zamanı xarakterik sarımtıl fibrinoz təbəqə (psevdomembran) ilə örtülü selikli qişa vizualizasia olunur. Psevdomembranoz kolit əksər hallarda yoğun bağırsağın distal hissələrini zədələdiyindən diaqnozun təsdiqlənməsi üçün adətən rektoromanoskopiyanın aparılması kifayət edir. Şübhəli hallarda və yoğun bağırsağın yuxarı hissələrinin vəziyyətinin qiymətləndirilməsinə ehtiyac yarandıqda kolonoskopiya icra olunur. Meqakolonun inkişafından şübhələndikdə radioloji müayinələr (KT, rentgenoqrafiya) təyin edilir.
Psevdomembranoz kolitin müalicəsi
Bu patologiyanın müalicəsi adətən konservativ yolla aparılır. İlk növbədə antibiotiklərin qəbulu dayandırılır, xüsusi pəhriz təyin edilir. Dehidratasiyanın qarşısını almaq məqsədilə qəbul olunan mayenin miqdarını artırmaq məsləhət görülür. Psevdomembranoz kolitin yüngül formalarında etiotrop preparatlar tələb olunmur. Orta ağır və ağır formalarda metronidazoldan istifadə edilir. Bu preparatın tətbiqinə əks-göstərişlər olduqda vankomisinə üstünlük verilir. Bağırsaq mikroflorasını normallaşdırmaq üçün bifidum preparatları və laktobakteriyalar qəbul edilir.
Psevdomembranoz kolitin ağır formalarında mayenin həcminin bərpası, intoksikasiyanı aradan qaldırılması, zülal itkisinin və elektrolit pozğunluqlarının korreksiyası məqsədilə infuzion terapiya aparılır. Toksiki meqakolonla ağırlaşan psevdomembranoz kolit cərrahi müalicəyə – bağırsağın zədələnmiş hissəsinin seqmentar rezeksiyasına göstəriş sayılır. Bağırsağın perforasiyası zamanı təcili sürətdə cərrahi müdaxilə tətbiq edilməlidir. Əməliyyat prosesində bağırsağın zədələnmiş hissəsi xaric edilir, peritonitin profilaktikası məqsədilə qarın boşluğu yuyulur və drenajlanır.
Psevdomembranoz kolitin proqnoz və profilaktikası
Psevdomembranoz kolit zamanı proqnoz xəstəliyin ağırlığından asılıdır. Müalicə aparılmadıqda xəstələrin ölüm ehtimalı orta hesabla 30% təşkil edir. Psevdomembranoz kolitin yüngül formalarında antibiotikoterapiyanın dayandırılmasından sonra sağalma müşahidə olunur. Orta ağır formalarda klinik simptomatika bir neçə həftə davam edir, gələcəkdə residivlərin yaranması mümkündür. Psevdomembranoz kolitin ağır forması çox vaxt pasiyentin ölümü ilə nəticələnir. Meqakolon və bağırsağın perforasiyası zamanı cərrahi müdaxilə orqanizmin kəskin zəifləməsi şəraitində aparıldığından sonluğun qənaətbəxş olma ehtimalı kəskin azalır. Yoğun bağırsağın perforasiyası cərrahi əməliyyatın gecikdirilmədiyi hallarda da peritonitlə ağırlaşa bilir. Bu da bağırsaq möhtəviyyatının bakteriyalarla zəngin olması ilə bağlıdır.
Xəstəliyin əsas profilaktik tədbiri antibiotiklərin əsaslı şəkildə təyinindən ibarətdir. Antibiotikoterapiyaya başlamazdan əvvəl individual əks-göstərişlər, xəstənin vəziyyəti və psevdomembranoz kolitin inkişaf ehtimalı nəzərə alınmalıdır. Antibiotiklərin qəbulu zamanı disbakteriozun qarşısını almaq üçün müvafiq vasitələr təyin edilməlidir. Yaşı 65-dən yuxarı olan və histamin reseptorlarının antaqonistlərindən daimi istifadə edən şəxslər psevdomembranoz kolitin risk qrupuna aiddir. Belə xəstələrdə psevdomembranoz kolit törədən antibiotiklərin tətbiqi məsləhət görülmür.