Qadınlarda qonoreya
Qadınlarda qonoreya – qram-mənfi mikroorqanizm Neisseria gonorrhoeae tərəfindən törədilən və sidik-cinsiyyət traktı, düz bağırsaq, ağız boşluğu, udlağın selikli qişasının zədələnməsi ilə xarakterizə olanan spesifik infeksiyadır. Sidik-cinsiyyət forması uşaqlıq yolundan axan xoşagəlməz iyli, irinli ifrazat, dizuriya, qarın nahiyəsində dartıcı ağrı, xarici cinsiyyət orqanlarının qaşınma və ağrılı olması ilə təzahür edir, lakin simptomsuz gedişə də malik ola bilir. Qadınlarda qonoreyanın diaqnostik üsullarına ginekoloji kresloda baxış və laborator müayinələr (yaxmanın mikroskopiyası, ifrazatın əkilməsi və bakterioloji müayinəsi, PZR, birbaşa immunoflüoressensiya) aiddir. Müalicə sefalosporinlər, penisillin, flüorxinolonlarla aparılan etiotrop antibiotikoterapiyadan ibarətdir.
Qadınlarda qonoreya barədə ümumi məlumat
Qadınlarda qonoreya – urogenital (qonoreya mənşəli uretrit, servisit, bartolinit) və ekstragenital formada (qonoreya mənşəli proktit, stomatit, faringit, blennoreya) gedən zöhrəvi xəstəlikdir. Cinsi yolla keçən xəstəliklər arasında yayılmasına görə xlamidiozdan sonra ikinci yeri tutur və çox zaman onunla bir yerdə aşkar olunur. Qonoreyanın əksər halları 15-29 yaşlı qadınlarda qeyd olunur. Qonoreyalı cinsi partnyorla qorunmamış bir cinsi əlaqə zamanı yoluxma riski 60-90% təşkil edir. Yüksək yoluxma dərəcəsi, tanınmış antibiotiklərə rezistent qonokokk ştammlarının yaranması, reproduktiv funksiyaya neqativ təsir – bu və ya digər amillər qonoreyanın profilaktikasını venerologiya və ginekologiyanın prioritet məqsədləri sirasına aid edir.
Qadınlarda qonoreyanın yaranma səbəbləri
Qonoreyanın törədicisi paxla şəkilli qram-mənfi dipplokokk Neisseria gonorrhoeae hesab olunur. İnsan orqanizmində patogen yüksək davamlılığa malikdir, xarici mühitdə isə tez bir zamanda məhv olur. Qonokokkun patogenlik amillərinə antifaqositar aktivlikli kapsula; bakteriyanın epitel qatına yapışmasına kömək edən xovlar; hüceyrə divarı tərəfindən ifraz olunan endotoksin; antigen xüsusiyyətlərə malik membran zülalları aiddir.
Qonokokklar səthi proteinlərin köməyilə silindrik epitel hüceyrələrinə yapışaraq, onların məhvinə və deskvamasiyasına səbəb olur. Polinuklear neytrofillər tərəfindən faqositoza uğrayır, onların daxilində öz həyat və çoxalma qabiliyyətini saxlayır. Adətən qonokokklar spesifik yerli iltıhab yaradır, lakin qana keçdikdə disseminə olunmuş qonokk infeksiyasını törədə bilir. Qadınlarda çox zaman qonereya mikst-infeksiya – qonoreya-xlamidiya, qonoreya-trixomonad, qonoreya-mikoplazma, qonoreya-kandidoz şəklində gedir.
Ən geniş yayılmış yoluxma yolu cinsi yoldur, infeksiyalaşma qorunmamış vaginal əlaqə ilə yanaşı, oral-genital və ya anal-genital kontaktla da mümkündür. Əksər hallarda çoxocaqlı, poliorqan zədələnmələrinə rast gəlinir. Qeyri-cinsi yolla yoluxma uşağın doğuş kanalından keçməsi zamanı baş verir. Çox nadir hallarda məişət yolu ilə infeksiyalaşma – əsasən qonoreyalı ana ilə uşağın sıx kontaktı zamanı (məsələn, yataq, dəsmal, gigiyena ləvazimatlarının birgə istifadəsi hallarında) qeyd olunur. Qonoreyanın qadınlar arasında yüksək yayılma tezliyinə səbəb olan amillərə ümumi mədəni səviyyənin aşağı olması, erkən cinsi həyat, cinsi partnyorların tez-tez dəyişdirilməsi, təsadüfi cinsi əlaqələr zamanı baryer kontrasepsiya üsulları və spermisid vasitələrdən istifadə olunmaması, fahişəlik aiddir. İnfeksiyanın qalxan yolla yayılmasına doğuş, uşaqlıqdaxili müdaxilələr (uşaqlıq boşluğunun zondlanması, abort, diaqnostik qaşınma), aybaşı, intim gigiyenaya əməl olunmaması şərait yaradır.
Qadınlarda qonoreyanın təsnifatı
Xəstəliyin müddətindən asılı olaraq qonoreyanın yeni yoluxmuş (2 aya qədər davam edən) və xroniki (davametmə müddəti 2 aydan çox olan) formaları ayırd edilir. Əlamətlərin ifadəliyinə əsasən yeni yoluxmuş forma kəskin, yarımkəskin və ya torpid gedişə malik ola bilir. Xroniki infeksiya adətən zəif simptomlar, vaxtaşırı kəskinləşmələrlə müşahidə olunur. Spesifik yerli təzahürlərin olmadığı halda selikli qışalardan götürülmüş sıyrıntıda törədicinin aşkar olunması latent infeksiya və ya qonoreya daşıyıcılığı sayılır.
Qadınlarda qonoreyanın genital və ekstragenital formalarına rast gəlinir. Lokalizasiyasına görə sidik-cinsiyyət traktının aşağı şöbələrinin (uretrit, parauretrit, vestibulit, bartolinit, servisit) və kiçik çanaq orqanlarının qonoreyası (endometrit, salpingit, adneksit, pelvioperitonit) qeyd olunur. Gonoreyanın gedişi ağırlaşmış və ya ağırlaşmamış ola bilir.
Qadınlarda qonoreyanın əlamətləri
Aşağı sidik-cinsiyyət yollarının qonoreyası
Aşağı sidik-cinsiyyət yollarının zədələnməsi zamanı inkibasion dövr orta hesabla 5-10 gün (qalxan, disseminə olunmuş və ekstragenital formalarda arta bilər) davam edir. İnfeksiyalaşmış qadınların təxminən 50%-də qonoreya simptomsuz və ya zəif simptomlu gedişə malik olur. Yerli təzahürlər zədələnmiş orqana müvafiq olur, lakin qadınlarda qonoreya adətən qarışıq formada müşahidə olunur. Xəstəliyin klassik əlamətinə çox miqdarda, xoşagəlməz iyli, ağ və ya sarımtıl rəngli vaginal ifrazat aiddir. Bu əlamət qadın tərəfindən çox hallarda qeyri-spesifik vaginit və ya kandidozun təzahürü kimi qiymətləndirilir, xəstənin infeksiyanı özbaşına müalicə etməyə cəhd etməsi həqiqi kliniki şəklin pozulması ilə nəticələnir.
Qonoreya mənşəli servisit (endoservisit). Qadınlarda qonoreya zamanı spesifik prosesə adətən uşaqlıq cəlb olunur. Belə hallarda patoloji ifrazatdan əlavə uşaqlıq yolu, xarici cinsiyyət orqanları nahiyəsində irinli axıntının qıcıqlandırıcı təsirindən qaşınma və göynəmə müşahidə olunur. maserasiya nəticəsində adətən uşaqlıq boynunun arxa dodağında həqiqi eroziya yaranır. Aybaşı arası qanlı ifrazata rast gəlmək olur. Cinsi akt zamanı xəstələr diskomfort və ağrı hissindən şikayət edir. Sakitlik halında qarnın aşağı hissəsində ağırlıq və oma nahiyəsində dartıcı ağrılar qeyd olunur. Xroniki servisit zamanı naboti kistaları inkişaf edir, uşaqlıq boynunun hipertrofiyası formalaşır.
Qonoreya uretriti. Göynəmə və kəskin ağrı hissi ilə müşayiət olunan tezləşmiş sidik ifrazı, imperativ çağırışlar, sidik kisəsinin tam boşalmaması hissi sidik yollarının zədələnməsinə dəlalət edir. Müayinədə sidik kanalının xarici dəliyi şişkin və hiperemiyalaşmış, palpasiya zamanı ağrılıdır; üzərindən basdıqda irinli möhtəviyyat izlənilir. İnfeksiyanın qalxan yolla yayılması zamanı qonoreyanın uretritinin ağırlaşmalarına – sistis və pielonefritə rast gəlinir.
Qonoreya etiologiyalı bartolinit. Qadınlarda qonoreya zamanı bartolin vəziləri ikincili olaraq, irinin sidik kanalı və ya uşaqlıq boynundan yayılması zamanı zədələnir. Çıxarıcı axacağın tutulması zamanı vəzi iltihbalaşır, ölçüləri artır, kəskin ağrılı olur – bartolin vəzinin absesi formalaşır. Gecikmiş hallarda abses özbaşına partlayır. Onun yerində içərisindən daim irin axan sağalmayan fistulalar yaranır.
Qalxan qonoreya
Qonoreya mənşəli endometrit. Qadınlarda qonoreyanın bu klinik forması cinsi yollardan axan sulu konsistensiyalı irinli-seroz və ya qan qarışığı olan ifrazat, qarnın aşağı hissəsi və beldə küt ağrılar, subfebrilitetlə xarakterizə olunur. Endometriumun proliferativ və sekretor transformasiyasının nəticəsində hiperpolimenoreya tipli aybaşı pozğunluqları; bəzi hallarda asiklik uşaqlıq qanaxmaları baş verir. İrinli möhtəviyyatın uşaqlıq boşluğunda ləngiməsi piometrin inkişafına səbəb olur.
Qonoreya etiologiyalı salpingit və salpinqooforit. Uşaqlıq boruları və yumurtalıqların zədələnməsi zamanı yaranır, əksər hallarda ikitərəfli olur. Qadınlarda qonoreyanın kəskin fazası hərarətin qalxması və titrətmə, qarnın aşağı hissəsində sızıltılı (bəzi hallarda tutmaşəkilli) ağrılarla təzahür edir. Fallopiya borularının hər iki uclarının (uşaqlıq və ampulyar) tutulması zamanı hidrosalpinks, sonra isə piosalpinks formalaşa bilər. İltihab yumurtalığa yayıldıqda piovar, tuboovarial abses izlənilir. Yayılmış iltihabi proses fonunda kiçik çanaqda ifadəli bitişmə prosesi müşahidə olunur.
Qonoreya mənşəli pelvioperitonit. Qadınlarda qonoreyanın bu forması infeksiyanın uşaqlıq borularından kiçik çanaq peritonuna yayılması nəticəsində yaranır. Qonoreya etiologiyalı pelvioperitonit sürətlə inkişaf edir: qarnın aşağı hissəsində epiqastral və mezoqastral nahiyəyə irradiasiya edən kəskin ağrılar, əzələ müdafiəsi simptomu qeyd olunur. Hərarət yüksəlir, qusma, köpmə, nəcisin ləngiməsi müşahidə olunur. Peritonit nadir hallarda inkişaf edir, bu da bitişmələrin iltihabi prosesi qarın boşluğundan ayırması ilə izah olunur.
Qadınlarda qonoreyanın ağırlaşmaları
Qonoreyanın təhlukəliyi nəinki yüksək yoluxma dərəcəsi və klinik formaların müxtəlifliyi, həm də xəstəliyin qadın və onun övladlarında tez-tez təkrarlanan ağırlaşmaları ilə bağlıdır. Qonoreya mənşəli endometrit çox zaman qadınlarda sonsuzluğun uşaqlıq formasına, qonoreya etiologiyalı salpingit və salpinqooforit isə boru sonsuzluğu və uşaqlıqdan kənar hamiləliyə səbəb olur.
Hamilələrdə qonoreya özbaşına (spontan) düşüklər və vaxtından qabaq doğuşlar; dölün inkişafının ləngiməsi, onun antenatal ölümü; yenidoğulmuşda qonoblennoreya, otit, qonokokk sepsisinin inkişafına səbəb olan dölün bətndaxili infeksiyalaşması; zahılarda doğuşdan sonra irinli-septik ağırlaşmalarla nəticələnə bilər.
Disseminə olunmuş qonokokk infeksiyası zamanı dərinin zədələnməsi, qonoreya etiologiyalı tenosinovit, artrit, hepatit, mioperikardit, endokardit, meningit, pnevmoniya, osteomielit, sepsisə rast gəlmək olur. Qadınlarda qonoreyanın simptomsuz gedişi ağırlaşmaların olmamasına zəmanət vermir.
Qadınlarda qonoreyanın diaqnostikası
Qadınlarda qonoreyanın genital formaları adətən ginekoloq və ya veneroloq, ekstragenital formaları isə stomatoloq, otolarinqoloq, oftalmoloq, proktoloq tərəfindən aşkarlanır. Əksər hallarda anamnezdə təsadüfi cinsi əlaqələr və yə cinsi partnyorların tez-tez dəyişdirilməsi qeyd olunur. Tipik hallarda ginekoloji kresloda baxış zamanı uşaqlığın xarici əsnəyindən ipşəkilli selikli-irinli ifrazatın axması, vulvovaginit əlamətləri izlənilir. Vaginal müayinədə bir qədər böyümüş, ağrılı uşaqlıq, öz aralarında birləşmiş uşaqlıq boruları və yumurtalıqların konqlomeratı palpasiya olunur.
Diaqnozun təsdiq olunması məqsədilə uşaqlıq yolu, servikal kanal, uretra, düz bağırsaq, ağız boşluğu, konyuktivadan (ilkin ocağın lokalizasiyasından asılı olaraq) yaxma götürülür. Laborator testlərə yaxmanın mikroskopiyası və Qram üsulu ilə rənglənməsi, materialin qonokokka görə əkilməsi, sıyrıntının PZR və BİF üsulları ilə müayinəsi aiddir. Seroloji müayinələr (İFR, İFA, komplementin birləşmə reaksiyası-KBR) əvvəl keçirilmiş və hal-hazırda inkişaf edən qonoreyanı differensə edə bilmədiyindən diaqnostikada həlledici rol oynamırlar.
Qadınlarda latent və ya xroniki qonoreyaya şübhə olduqda sıyrıntıda törədicinin aşkar olunmaması hallarında digər təxribat üsullardan -kimyəvi (sidik kanalı və servikal kanala protorqol məhlulunun çəkilməsi), mexaniki (sidik kanalının massajı), bioloji (pirogenal və ya qonovaksinlərin əzələ daxilinə yeriidlməsi), termiki ( fizioprosedurların-ozokeritoterapiya, parafinoterapiya, UYT və s.), alimentar (kəskin, duzlu qidalar, spirtli içkilərin qəbulu), fizioloji (aybaşı) üsullardan istifadə olunur. Bu metodlardan 24, 48, 72 saat sonra 3 dəfə müayinə məqsədilə bioloji material götürülür.
Qadınlarda qonoreyanın müalicə və profilaktikası
Müalicənin təyini zamanı qonerayanın formaları, lokalizasiyası, əlamətlərin ifadəliyi, yanaşı gedən infeksiyalar və ağırlaşmaların olması nəzərə alınır. Terapiyanın əsasını penisillin, sefalosporin, flüorxinolin sırasından olan preparatlarla kurs şəklində aparılan antibiotikoterapiya təşkil edir. Qonoreyanın xlamidioz və ya trixomonozıa müştərək inkişafı zamanı müalicə sxeminə metronidazol və ya doksisiklin də əlavə olunur.
Qadınlarda sidik-cinsiyyət traktının aşağı şöbələrinin zədələnməsi ilə gedən qonoreyanın yeni tutulmuş forması zamanı antibiotikin (seftriakson, azitromisin, siprofloksasin, sefiksimin) birdəfəlik qəbulu və ya yeridilməsi kifayətdir. Qalxan qonoreya və ya qarışıq infeksiyalarda müalicə kursu 7-10 genə qədər uzadılır. Qadınlarda xroniki qonoreyanın müalicəsinə immunostimulyatorlar, autohemoterapiya, qonokokk vaksinin yeridilməsi əlavə olunur. Yerli müalicə məqsədilə sidik kanalı 0,5%-li gümüş -nitrat məhlulu, uşaqlıq yolu isə antiseptiklərlə (kalium-permanqanat, xlorheksidin, miramistin məhlulları ilə) yuyulur. Cinsi partnyorun müalicəsi mütləqdir. İltihabi proseslər söndükdən sonra fizioterapevtik prosedurlar (UBŞ, elektrofarez, UYT) təyin olunur.
Qadınlarda qonoreyanın ağırlaşmış formaları (tuboovarial abses, piosalpinks və s.) zamanı cərrahi müalicə – uşaqlıq artımlarının çıxarılması göstəriş hesab olunur. Pelvioperitonitin inkişafı hallarında qarın boşluğunun sanasiyası məqsədilə pelvioperitonit aparılmalıdır. Bartolin vəz nahiyəsində kəskin irinli proses olduqda abses kəsilir, yara yuyulur və drenə edilir.
Qadında qonoreya aşkar olunduqda ailənin digər üzvləri və ya cinsi partnyor mütləq müayinədən keçməlidir. Fərdi profilaktika məqsədilə təsadüfi cinsi əlaqələr zamanı prezervativlərdən istifadə etmək məsləhət görülür. Qorunmamış intim yaxınlıqdan sonra cinsi yolla keçən infeksiyaların təcili profilaktikası üçün tez bir zamanda tibbi müəssisəyə müraciət etmək lazımdır. Qonoreyaya görə müayinə hamiləliyin aparılması və illik ginekoloji müayinənin vacib hissəsi sayılır. Eləcə də sanitar-maarifləndirmə işi qonoreyanın profilaktikasında böyük rol oynayır.