Qadınlarda trixomoniaz

Qadınlarda trixomoniaz – vaginal trixomonadaya yoluxma nəticəsində urogenital traktın spesifik iltihabi zədələnməsidir. Kəskin hallarda infeksiyalaşma uşaqlıq yolundan xeyli miqdarda üfunətli köpüklü ifrazat, vulva nahiyəsində qaşınma, uşaqlıq yolu və uretrada ağrılar, sidik ifrazının tezləşməsi ilə təzahür edir. Torpid və xroniki fazalarda simptomatika vaginal ifrazatın miqdarının cüzi artması ilə məhdudlaşır. Diaqnozun qoyulmasında ginekoloji baxış, bakterioloji və seroloji müayinələrdən istifadə olunur. Müalicə konservativ etiotrop olub, nitraimidazol törəmələrinin təyinindən ibarətdir.

Qadınlarda trixomoniaz barədə ümumi məlumat

Trixomoniaz (trixomonoz) cinsi yolla ötürülən urogenital infeksiyaların ən geniş yayılmış növüdür. Xəstəlik CYKİ-lı pasiyentlərin 65-80%-də aşkarlanır. Hər il dünyada 170 milyon  insan bu infeksiyaya yoluxur, onların 50%-dən çox hissəsini reproduktiv yaşda olan qadınlar təşkil edir. Nadir hallarda trixomonoz qızlarda menarxenin başlanmasından əvvəl qeydə alınır. Müxtəlif ölkələrdə əhalinin 2-40%-də vaginal trixomonodalara rast gəlinir. İnfeksiyanın təhlükəliliyi gizli daşıyıcılıq və müxtəlif ağırlaşmaların (sidik-cinsiyyət orqanlarının ağır iltihabi xəstəliklərindən tutmuş sonsuzluğa qədər) inkişafı, düşüklər, vaxtından əvvəl  və fəsadlaşmış doğuşların baş verməsi ilə bağlıdır.

Qadınlarda trixomoniazın səbəbləri

Urogenital trixomonoz çoxqatlı yastı epiteli zədələyən birhüceyrəli ibtidai – Trichomonas vaginalis tərəfindən törədiliir. Yüksək nəmlik,  hərarətin 36-37°С olması, turş mühit pH 5,9-6,5 trixomonadaların çoxalması üçün optimal şərait sayılır. Qadınlarda törədici adətən uşaqlıq yolu  və uşaqlıq boynunun vaginal hissəsində, bartolin vəzilərinin axacaqlarında, sidik kanalında, sidik kisəsində toplanır. Çox az hallarda troxomonadalar uşaqlıq və onun artımlarının iltihabına səbəb olur. Trixomoniaza 3 yolla yoluxma mümkündür:

  • Cinsi. Adətən infeksiyalaşma troxomoniazla xəstələnən və ya infeksiyanın simptomsuz daşıyıcısı olan insanla qorunmamış cinsi əlaqə zamanı baş
  • Məişət. Çox nadir hallarda törədici şəxsi gigiyena vasitələri, qeyri-steril tibbi alətlər, əlcəklər və s. ilə ötürülür.
  • Təmas. Yenidoğulmuş qızlar infeksiyalaşmış doğuş yollarından keçərkən trixomoniaza yoluxa bilər.

İnfeksiyalaşma və xəstəliyin sürətli manifestasiyasında risk amilləri mühüm rol oynayır. Cinsi partnyorlarını tez-tez dəyişən, psixoaktiv maddələrdən istifadə edən, qorunmamış cinsi əlaqələrə üstünlük verən qadınlarda  trixomoniazın inkişaf ehtimalı yüksək olur.

Qadınlarda trixomoniazın patogenezi

Patologiya çoxocaqlı kateqoriyaya aiddir. İlkin infeksiya ocağı uşaqlıq yolunun selikli qişasında yerləşir. Mikroorqanizm tez bir zamanda epitelin səthindən hüceyrəarası sahə ilə selikaltı birləşdirici toxumaya daxil olur. Zədələnmə sahəsində iltihabi reaksiya inkişaf edir, bu da klinik olaraq spesifik kolpitin əlamətləri ilə təzahür edir. Trixomonadalar inkişaf etdikcə enən və qalxan yolla qonşu orqanlara yayılır, ikincili vulvit, bartolinit, servisit, endometrit, salpingit, uretrit, sistit, pielonefritə səbəb olur.

Trixomonadaların yayılma sürəti pasiyentin immun statusu, vaginal sekretin müdafiə reaksiyasının dərəcəsi, epitelin vəziyyəti, patogen mikrofloranın olmasından asılıdır. 89,5% hallarda törədici kandidoz və CYKİ törədən digər mikroorqanizmlərlə – qonokokk, xlamidiya, ureaplazma, mikoplazma ilə assosiasiya olunur.

Qadınlarda trixomoniazın təsnifatı

Qadınlarda troxomoniazın klinik təsnifatı yoluxmanın müddətinə, xəstəliyin gediş xüsusiyyətinə və klinik şəklin kəskinliyinə əsaslanır. Buna müvafiq olaraq, təzə (xəstəlik 2 aydan az davam etdikdə) və xroniki trixomonozlar ayırd edilir. Ginekologiya sahəsinin mütəxəsisləri tərəfindən təzə trixomoniazın 3 əsas formasını qeydə alınır:

  • Kəskin – qəfil başlanğıc və parlaq klinik simptomatika ilə.
  • Yarımkəskin – daha az ifadəli simptomatika ilə.
  • Torpid – infeksiyalaşmanın cüzi klinik əlamətləri ilə.

Simptomlarının 2 aydan çox davam etməsi xəstəliyin xroniki fazaya keçməsinə dəlalət edir. Ağırlaşmaların olmasına əsasən xroniki trixomoniaz aşağıdakı növlərə bölünür:

  • Ağırlaşmamış – iltihabi prosesin urogenital sistemin aşağı hissələrində inkişafı ilə.
  • Ağırlaşmamış – daxili cinsiyyət orqanlarının (uşaqlıq və onun artımları) prosesə qoşulması ilə.

Trixomoniazın ayrıca formasını infeksiyalaşmış şəxslərin 1/3-də rast gəlinən simptomsuz daşıyıcılıq təmsil edir. Trichomonas vaginalis-in bəzi ştammlarına  yoluxma xəstəliyin əlamətlərinin yaranması ilə müşayiət olunmur, buna baxmayaraq qadın cinsi partnyoru üçün infeksiya mənbəyi sayılır. Simptomsuz forma daşıyıcının immun və hormonal statusunun dəyişməsi zamanı klinik əlamətlərlə özünü büruzə verə bilər.

Qadınlarda trixomoniazın əlamətləri

5-14 gün davam edən inkubasion dövründə əlamətlər müşahidə olunmur. İnfeksion prosesin kəskin manifestasiyası zamanı pasiyent xarici cinsiyyət orqanları nahiyəsində qaşınma, sidik ifrazının tezləşməsi və ağrılı olması, uşaqlıq yolu və uretrada ağrı, dispareuniyadan şikayət edir. Cinsiyyət orqanları ödemlidir, uşaqlıq yolundan xeyli miqdarda köpüklü, üfunətli, sarımtıl və ya yaşılmtıl-ağ rəngli, qan qarışıqlı ifrazatlar izlənilir. Hərarət subfebril rəqəmlərə qədər yüksəlir. Yuxu və ümumi vəziyyət pozulur. Bəzi qadınlarda qarnın aşağı hissəsində ağrılar yaranır.

Trixomoniazın yarımkəskin fazasında  vaginal ifrazatların miqdarının bir qədər artması qeyd olunur, qalan simptomatika adətən silinmiş olur. Xəstəliyin torpid forması demək olar ki, simptomsuz gedərək, xroniki trixomonoza və ya trixomonada daşıyıcılığa keçir. İltihabi prosesin urogenital sistemin digər orqanarına yayılması müvafiq klinik şəklin inkişafı – qarnın aşağı hissəsi və  beldə ağrılar, selikli-irinli ifrazatlar, aybaşı sikli və reproduktiv funksiyanın pozulması ilə təzahür edir.

Qadınlarda trixomoniazın ağırlaşmaları

Qadınlarda trixomoniaz əsasən cinsiyyət orqanlarının irinli-iltihabi xəstəlikləri: bartolij vəzilərinin absesi, endometrit, adneksit, tuboovarial abses, parametrit, pelvioperitonitlə ağırlaşır. Kiçik çanaqda bitişmə proseslərinin formalaşması nəticəsində sonsuzluq yarana bilər. Mütəxəssislərin müşahidələrinə əsasən belə pasiyentlər uşaqlıq boynu neoplaziyalarının inkişafı üzrə risk qrupuna daxildir. Trixomoniazlı pasiyentlərdə hamiləlik çox vaxt spontan düşüklə sonlanır, dölyanı maye vaxtından qabaq axır. Doğuşlar adətən patoloji gedişli olur, uşaq doğuş yollarından keçərkən trixomoniaza yoluxa bilər.

Qadınlarda trixomoniazın diaqnostikası

Diaqnozun qoyulması zamanı klinik simptomatika, epidemioloji anamnezin məlumatları, fizikal və laborator müayinələrin nəticələri nəzərə alınmalıdır. Müayinə planına aşağıdakı üsullar daxildir:

  • Vaginal güzgülərin köməyilə aparılan müayinə. Ginekoloji baxış zamanı uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişası hiperemiyalı görünür. Uşaqlığın arxa tağında xeyli miqdarda köpüklü ifrazatlar, vulva və uretranın şişkinliyi müəyyən edilir.
  • Mikroskopiya və yaxmanın floraya görə əkilməsi. Uşaqlıq yolunun və ya sidik kanalının selikli qişasından götürülmüş yaxmada trixomonadalar adi və ya faza-kontrast mikroskop altında aşkarlanır. Nativ materialın əkilməsi 95%-ə qədər dəqiqliklə törədicinin olmasını təsdiqləyir.
  • Seroloji və molekulyar-genetik analiz. Törədiciyə qarşı anticisimlər və ya onun genetic materialının fraqmentləri İFR, İFA, PZR vasitəsilə aşkarlanır.

Ginekoloji USM, tomoqrafiya və digər instrumental üsullar köməkçi rol oynamaqla kiçik çanaq orqanlarının iltihabi prosesə cəlb olunma dərəcəsini qiymətləndirməyə imkan verir. Differensial diaqnostika kandidoz, qonoreya mənşəli və qeyri-spesifik vulvovaginitlə aparılır. Ehtiyac olduqda dermatoveneroloqun konsultasiyası təyin edilir.

Qadınlarda trixomoniazın müalicəsi

Müalicə ambulator şəraitdə həyata keçirilir, pasiyentlərə cinsi əlaqə və spirtli içkilərin qəbulundan imtina etmək məsləhət görülür. Paralel olaraq, cinsi partnyor da etiotrop müalicə almalıdır. Törədici metronidazol və nitroimidazolun digər törəmələrinə yüksək həssaslığı ilə seçilir, bu preparatlar trixomonadalara birbaşa  təsir etməklə yanaşı, həm də interferon sintezini stimulə edir.  Preparatların eyni zamanda daxilə və yerli (vaginal həblər, şam, krem şəklində) təyini ilə kombinəolunmuş müalicə kursu tətbiq edilir. Hamilələrdə trixomoniaz aşkarlandıqda yalnız yerli müalicə aparılır. Uzunmüddətli gediş zamanı etiotrop terapiya ilə yanaşı humoral və sekretor anticisimlərin sintezini stimulə edən  trixomonada əleyhinə vaksina yeridilir. Preparat protozoyəleyhinə müalicənin təsirini gücləndirir, çoxqatlı epitel hüceyrələrini zədələnmələrdən qoruyur və reinfeksiyanın qarşısını alır. Əlavə dərman vasitələri qismində immunomodulyatorlar təyin oluna bilər.

Xəstəliyin tam sağalmasını təsdiq etmək üçün bakterioloji nəzarət aparılır. Kurs terapiyadan 7-10 gün sonra və 3 ardıcıl aybaşı sikli ərzində (aybaşı siklinin 5-ci günü) uşaqlıq yolu, sidik kanalı və düz bağırsaqdan götürülmüş material müayinə olunur. Trixomonadaların  aşkarlanma ehtimalını artırmaq üçün alimentar, fiziki və ya bioloji provokasiya tətbiq edilə bilər. Nəzərə almaq lazımdır ki, 90% pasiyentlərdə xroniki trixomoniaz digər infeksiyalarla assosiasiyalaşır, bu səbəbdən yanaşı gedən mikrofloranın və onun həssaslığının təyinindən sonra müvafiq etiotrop müalicə aparılmalıdır.

Qadınlarda trixomoniazın proqnoz və profilaktikası

Proqnoz qənaətbəxşdir. Metronidazolun terapevtik dozalarda təyin olunması 90-95% hallarda tam sağalma ilə nəticələnir, xəstəliyin hətta rezistent formaları II nəsil nitroimidazollarla müalicəyə tabe olur.

Yoluxmanın profilaktikası məqsədilə təsadüfi cinsi əlaqələrdən imtina, prezervativlərdən istifadə, eləcə də şəxsi gigiyena qaydalarına riayət etmək məsləhət görülür. Qorunmamış cinsi əlaqədən sonra xarakterik klinik simptomatika səbəbindən ginekoloqa vaxtında müraciət etməklə ağır fəsadların qarşısını alınır.

error: Content is protected !!