Qadınlarda xlamidioz
Qadınlarda xlamidioz — xlamidiyalar tərəfindən törədilən urogenital zöhrəvi xəstəlikdir. 50%-dən çox hallarda simptomsuz gedir. Manifest gediş və ya residivlər zamanı uşaqlıq yolunda qaşınma, sidik ifrazı zamanı kəskin ağrı, selikli və ya irinli-selikli ifrazatlar, qarnın aşağı hissəsi, bel və qasıq nahiyəsində ağrı müşahidə edilir. Xəstəliyin uzun müddət persistə etdiyi hallarda xlamidiozun yeganə əlaməti sonsuzluq ola bilər. Diaqnostika məqsədilə ginekoloji baxış və laborator müayinə üsullarından istifadə edilir. Müalicə sxeminə etiotrop antibiotiklər, antimikotik, eubiotik və immunomoduləedici preparatlar daxildir.
Qadınlarda xlamidioz barədə ümumi məlumat
Xlamidioz cinsi yolla ötürülən xəstəliklərin ən çox yayılan formasıdır. Hər il dünyada 105 milyondan çox insan xlamidiya infeksiyasına yoluxur. Xəstəlik cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin rast gəlindiyi qadınların 30-50%-də, qeydiyyata alınmış hamilələrin isə 10-40%-də aşkarlanır. Xlamidioz adətən 16-25 yaşlı qadınlarda müşahidə edilir. Son illər ərzində patologiyanın erkən cinsi həyata başlayan yeniyetmələr arasında yayılması qeydə alınır. Xlamidiya infeksiyasının erkən diaqnostika və müalicəsinin aktuallığı onun rastgəlmə tezliyinin yüksək olması, əksər qadınlarda simptomsuz və ya latent gedişi, xlamidiozun reproduktiv funksiyaya neqativ təsiri ilə bağlıdır.
Qadınlarda xlamidiozun səbəbləri
Xəstəliyin törədicisi silindrik və keçid epitelə tropluğa malik yüksək kontagioz qram-mənfi bakteriya Chlamydia trachomatis-dir. Xlamidiya obliqat hüceyrədaxili parazitdir. Onun 2 hüceyrə forması (cisimcik) aşkar edilmişdir: yüksək infeksion hüceyrədaxili elementar və reproduktiv hüceyrədaxili retikulyar. Mikroorqanizmin tam inkişaf sikli 1-3 gün davam edir və zədələnmiş epitel hüceyrəsinin tamamilə dağılması ilə başa çatır. Qadın xlamidioza əsasən 2 yolla yoluxur:
- Kontakt-cinsi. İnfeksiya mənbəyi xəstəliyin simptomsuz gedişinə malik və ya onun klinik əlamətlərinin rast gəlindiyi cinsi partnyordur. Yoluxma vaginal, anal və ya oral cinsi əlaqələr zamanı baş verir.
- Vertikal intranatal. Xlamidiyalar döl infeksiya ilə zədələnmiş doğuş yollarından keçdikdə anadan uşağa ötürülə bilər. Xəstəliyin antenatal (bətndaxili) yayılma halları qeyd olunmamışdır.
Məişət yolu ilə yoluxma ehtimalı az olsa da istisna edilmir. Bakteriya ətraf mühitin əlverişsiz amillərinin: qurudulma, ultrabənövşəyi şüalanma, yüksək temperatur, spirt və antiseptik məhlulların təsirinə qarşı davamlılığının aşağı olması seçilir. Bununla yanaşı mikroorqanizm təbii toxumalarda +18 °С-yə qədər temperaturda 2 gün müddətində həyat qabiliyyətini saxlaya bilir. Bu səbəbdən gigiyena səviyyəsinin aşağı olduğu ailələrdə aktiv şəkildə xlamidiya ifraz edən insan olduqda infeksiyanın yataq və ya hamam ləvazimatları ilə yayılması nəzəri cəhətdən mümkündür.
Xlamidiozun risk amillərinə yüngül həyat tərzi, cinsi partnyorların tez-tez dəyişdirilməsi, qorunmamış cinsi əlaqə, psixoaktiv maddələrin sui –istifadəsi aiddir. Aşağı sosial-ekonomik statuslu qadınlarda yoluxma ehtimalı yüksək olur.
Qadınlarda xlamidiozun patogenezi
Qadınlarda xlamidiozun inkişafının bir neçə mərhələsi ayırd edilir. Əvvəlcə törədici elementar cisimcik şəklində orqanizmə düşərək, silindrik epitel hüceyrələrinə daxil olur və hüceyrədaxili retikulyar formaya keçir. Xlamidiya infeksiyasının ilkin ocağı adətən servikal və ya uretral kanalın selikli qişasında lokalizasiya olunur. Bakteriyanın hüceyrə daxilində intensiv bölünməsi epitel hüceyrəsinin dağılmasına və infeksiyanın yayılmasına səbəb olur. Törədicinin sayı artdıqca xəstəliyin klinik əlamətləri yarana və ya güclənə bilər. Əksər hallarda xlamidioz simptomsuz gedir və pasiyent cinsi partnyoru üçün yolxuma mənbəyi hesab olunur.
İmmunitetin zəifləməsi, istmiko-servikal çatışmazlıq, abort və digər invaziv müdaxilələrin aparılması, UDS qoyulması zamanı xlamidiya qalxan yolla yayılır. İltihabi prosesə uşaqlıq, uşaqlıq artımları, periton cəlb olunur. İnfeksiyanın limfogen və ya hematogen yolla yayılması istisna edilmir, xlamidioz ocaqlarının digər orqan və toxumalarda (oynaqlar, konyunktiva və s.) aşkarlanması bunu sübut edir. Çox vaxt xlamidiya CYKİ-nin digər törədiciləri (trixomonad, qonokokk, solğun treponema, genital herpes virusu və s.) ilə assosiasiya olunur, bu da xəstəliyin gedişini ağırlaşdırır.
Qadınlarda xlamidiozun təsnifatı
Xəstəliyin klinik formalarının sistemləşdirilməsi zamanı yoluxma müddəti, əlamətlərin ifadəliliyi və prosesə müxtəlif orqanların qoşulması nəzərə alınır. Xəstəliyin davametmə müddəti və gediş xüsusiyyətləndən asılı olaraq ginekologiya sahəsinin mütəxəsisləri qadınlarda xlamidiozun aşağıdakı formalarını ayırd edir:
- Təzə. Yoluxma müddətindən 2 aydan az vaxt keçmişdir. Əsasən urogenital traktın aşağı şöbələri (servikal kanal, uşaqlıq yolu, uretra) zədələnir.
- Xroniki. Xəstəlik 2 aydan çox davam edir, simptomsuz və ya residivləşən gediş, iltihabın çanaq orqanlarına yayılması ilə xarakterizə olunur.
İnfeksion prosesin yayılma topoqrafiyasına əsasən aşağıdakı formalar irəli sürülmüşdür:
- Urogenital orqanların lokal zədələnməsi: endoservisit, uretrit, kolpit, bartolinit.
- İnfeksiyanın qalxan yolla yayılması: endometrit, salpingit, adneksit, pelvioperitonit, perihepatit, peritonit.
- Ekstragenital zədələnmə: faringit, konyunktivit, anorektal nahiyənin iltihabı, artrit və s.
Qadınlarda xlamidiozun əlamətləri
İnfeksiya əlamətlərinin izlənilmədiyi inkubasion dövrün müddəti 5-35 gün (orta hesabla 3 həftə) təşkil edir. Pasiyentlərin 60%-də simptomsuz gediş qeydə alınır. Təzə xlamidioz zamanı vulva və uşaqlıq yolu nahiyəsində diskomfort, göynəmə, sidik ifrazı zamanı kəskin ağrı və sidiyin bulanıqlaşması (sidik kanalının selikli qişasının prosesə qoşulduğu hallarda), selikli və ya sarımtıl selikli-irinli ifrazatların miqdarının artması müşahidə edilir. Bəzən bədən hərarəti subfebril həddə qədər yüksəlir.
Residivləşən xlamidiozun kəskinləşmə dövründə xəstəliyin qalxan yolla uşaqlıq və onun artımlarına yayılmasının əlamətləri meydana çıxır. Qadın qarnın aşağı hissəsi, qasıq və bel nahiyəsində sızıltılı və dartıcı ağrılardan şikayət edir. Ağrı hissiyyatı aybaşıdan əvvəl, cinsi akt, kəskin hərəkətlər və fiziki yüklənmələr zamanı güclənir. Aybaşı funskiya adətən pozulmur. İnfeksion prosesin uzunmüddətli gedişi və xroniki adneksitin inkişafı zamanı yumurtalıqların endokrin funksiyası və ovarial-aybaşı sikli pozula bilər. Aybaşılar ağrılı, qeyri-müntəzəm, nadir rast gəlinən, çox və ya əksinə az miqdarda olur. Əksər hallarda urogenital xlamidiozun uzunmüddətli simptomsuz gedişinin yeganə əlaməti sonsuzluq olur.
Qadınlarda xlamidiozun ağırlaşmaları
Adətən qadınlarda xlamidiya infeksiyası uşaqlıq borularının bitişmələrlə obliterasiyası və kiçik çanaq boşluğunda bitişmə prosesi nəticəsində boru-peritoneal sonsuzluqla ağırlaşır. Xlamidiozlu xəstələrdə spontan düşüklər, uşaqlıqdan kənar hamiləlik, xorioamnionit, dölün hipotrofiyası, dölyanı mayenin vaxtından əvvəl axmasına tez-tez rast gəlinir. Xəstəliyin ən ciddi ağırlaşması iltihabın peritona yayılması ilə periappendisitin yaranması və ya kəskin fibroz perihepatit (Fits-Hyu-Kurtis sindromu) hesab olunur. İrsi meylliyi olan qadınlarda Reyter sindromu inkişaf edə bilər, bu zaman urogenital sistemin zədələnməsi spesifik konyunktivit və asimmetrik assitlə müşayiət olunur.
Qadınlarda xlamidiozun diaqnostikası
Qadınlarda xlamidioz zamanı klinik əlamətlərin az və qeyri-spesifik olması ilə əlaqədar xəstəliyin doaqnostikasında müayinələrin nəticələri aparıcı yer tutur:
- Vaginal güzgülərin köməyilə aparılan müayinə. Təzə infeksiyalar zamanı ekzoserviks hiperemiyalı olur, onun səthində eroziyalar, uşaqlığın xarici əsnəyi nahiyəsində isə spesifik limfoid follikullara müşahidə oluna bilər. Xroniki xlamidiozlu pasiyentlərdə bimanual müayinə prosesində qalınlaşmış, ağrılı uşaqlıq artımları palpasiya olunur.
- Yaxmada xlamidiyaların aşkarlanması. Yaxmanın floraya görə əkilməsi diaqnostikanın prioritet üsulu sayılır, xlamidiyaların antibiotiklərə həssaslığı adətən müayinə prosesində təyin olunmur. Molekulyar-genetik diaqnostika (PZR) urogenital sıyrıntıda törədicinin DNT fraqmentlərinin aşkar edilməsinə yönəldilmişdir.
- Seroloji üsullar. Qan zərdabında xlamidiyaya qarşı anticisimlər hətta keçirilmiş xəstəlikdən sonra da izlənilir. Komplementin birləşmə reaksiyası xlamidiya əleyhinə IgA və IgG serokonversiyasını müəyyən etməyə imkan verir. Qalxan infeksiyalar zamanı cüt zərdablarda anticisimlərin titri 4 dəfə və daha çox artır. İFR və İFA üsulları yüksək spesifikliyi ilə seçilir.
Minimum 2 müxtəlif üsulun (biri PZR olmaqla) nəticələri müsbət olduqda urogenital xlamidiozun diaqnozu təsdiqlənir. Nəzərə almaq lazımdır ki, qalxan xlamidiya infeksiyası kiçik çanaq və fallop borularında bitişmələrin inkişafı ilə ağırlaşır. Boru keçiriciliyinin qiymətləndirilməsinə göstərişlər olduqda ultrasəs histerosalpinqoskopiya, histerosalpinqoqrafiya, salpinqo- və falloposkopiya, laparoskopik xromosalpinqoskopiya icra edilir. Differensial diaqnostika digər CYKİ (qonoreya, trixomoniaz, ureaplazmoz) ilə aparılır. Ekstragenital zədələnmələr zamanı oftalmoloq, revmatoloq, ortoped, cərrah, uroloq, dermatoveneroloqun konsultasiyası tələb oluna bilər.
Qadınlarda xlamidiozun müalicəsi
Mikroorqanizmin yalnız retikulyar formaları antibiotiklərə həssas olduğundan müalicənin əsas üsulu hüceyrə daxilində toplanan flüorxinolon, tetrasiklin və makrolidlərin tətbiqindən ibarətdir. Xlamidiozun ağırlaşmamış formalarında etiotrop müalicə kursu 7-10gün, ağırlaşmalar olduqda isə 2-3 həftə təşkil edir. Antibiotiklərlə yanaşı immuniteti normallaşdıran və ağırlaşmaların qarşısını alan preparatlar təyin olunur. Adətən bu məqsədlə aşağıdakı qrup preparatlardan istifadə edilir:
- Antimikotik vasitələr. Nistatin, flukonazol və bu qrupa daxil olan digər preparatlar kandidozun profilaktikasını təmin edir.
- Eubiotiklər (probiotiklər). Probiotik preparatların antibakterial terapiya fonunda və müalicə kursu başa çatdıqdan sonra 10 gün müddətində qəbulu disbakteriozun qarşısını almağa yönəldilir.
- İmmunomodulyatorlar. İmmun statusun normallaşması bakteriyaların hüceyrədaxili çoxalmasının dayandırılması hesabına onların eliminasiyasına kömək edir.
Antibiotikoterapiya kursu bitdikdən sonra pasiyentə uşaqlıq yolunun normal biosenozunu bərap edən vasitələr təyin olunur. Sağalmanı təsdiq etmək üçün antibiotiklərin qəbulunun başa çatmasından 3-4 həftə keçdikdən və 3 ardıcıl aybaşıdan sonra kontrol laborator müayinə aparılır. Xəstənin sağalana kimi baryer kontraseptivlərdən istifadə etməsi məsləhət görülür.
Qadınlarda xlamidiozun proqnoz və profilaktikası
Xəstəliyin vaxtında aşkarlanması və adekvat müalicəsi zamanı proqnoz qənaətbəxşdir. Ağırlaşmalar olmadıqda xlamidioz adətən 1-2 həftə ərzində sağalır. Gecikmiş diaqnostika və prosesin xroniki persistə edən gedişi bitişmə prosesləri və boru-peritoneal sonsuzluğun yaranmasına səbəb olur.
Xlamidiya infeksiyasının profilaktik tədbirlərinə təsadüfi cinsi əlaqələrdən imtina, baryer kontasepsiya vasitələrindən istifadə aiddir. Xroniki infeksiyalar zamanı ağırlaşmaların qarşısını almaq üçün pasiyentlər həkimin təyinatlarına ciddi riayət etməli və müntəzəm şəkildə müayinə olunmalıdır.