Qanın ümumi analizi (Hemoqram)
Qanın ümumi analizi – qanın kəmiyyət və keyfiyyət tərkibinin müayinəsidir. Qanın ümumi müayinəsi zamanı- eritrositlər (sayı, orta və yayılma həcmi, çökmə sürəti), leykositlər (sayı, leykoformula), trombositlər, hemoqlobinin miqdarı təyin olunur. Qanın ümumi analizi sərbəst diaqnostika üsuludur və patologiya aşkarlandıqda daha dərin müayinə istiqamətini təyin etməyə köməkçi olur. Geniş informativliyi səbəbilə həm profilaktik, həm də şikayət və simptomlara müvafiq olaraq istənilə bilər.
Qanın ümumi analizi haqqında ümumi məlumat
Qanın ümumi analizi rutin təyin olunan instrumental müayinə üsuludur. Bir çox xəstəliklərin aşkarlanması və monitorinqi, həmçinin profilaktik məqsədlə tədris və istehsalat müəssisələrində, orduda geniş istifadə edilir. Müayinə üsulu olaraq tibbdə istifadə tarixi 300 il öncəyə istinad edir. Hələ XVII əsrin sonlarında Anton Van Levenhuk mikroskopu və qırmızı qan hüceyrəsi- eritrositi kəşf etdi. O eritrositlərin forma və ölçülərini təsvir etmiş,yəni primitiv formada ilk dəfə qanın ümumi analizini etmişdir. Daha sonra daha ətraflı araşdırmalar davam etdirilərək qanın kəmiyyət və keyfiyyət tərkibi öyrənilmişdir. XVIII əsrin sonlarında Paul Erlix anilin boyalarından istifadə edərək qan yaxmasının müayinəsini etməyə başladı. Bu üsul leykositlərin bir çox formalarını -limfositlər, mononuklearlar və qranulositləri ayırd etməyə imkan verdi. Və sadalananlar müvafiq olaraq bazofillər, oksifillər(eozinofillər), neytrofillər olaraq təsnif olundu.
Leykositlərin infeksion xəstəliklərin inkişafında rolu məlum olduqca, onlar maraq artmaqda davam edirdi. XX əsrin ortalarında Uolles Koulter qan hüceyrələrinin sayı və formasını müəyyən edən ilk avtomatlaşdırılmış analizoturu təqdim etdi. XX əsrin 70-90-cı illərində leykosit, eritrosit və trombositlərin sayını müəyyən edən, həm də limfositlərin yetkinlik dərəcəsinə görə differensiasiyasını mümkün edən müasir avtomatlaşdırılmış cihazlar tətbiq edilməyə başladı. Müasir dövrümüzdə kliniki-laborator müayinə üçün avtomatlaşdırılmış cihazlarla yanaşı, qan hüceyrələrinin daha keyfiyyətli təsvirini mümkün edən “əllə” mikroskop altında müayinəyə də geniş yer verilir.
Qanın ümumi analizinə göstərişlər
Qanın ümumi analizi profilaktika məqsədilə ümumi skrininq müşahidələr zamanı təyin edilir. Bu müayinə müxtəlif profilli stasionar şöbələrə xəstə yerləşdirərkən ümumi diaqnostika üsullarına daxildir. Müayinənin nəticəsinə görə orqanizmin funksional vəziyyətini qiymətləndirmək, bir çox xəstəlikləri erkən dövründə aşkarlamaq və sonrakı müayinə və müalicə taktikasını təyin etmək olur. Həmçinin, bir çox spesifik simptomlar- tez yorulma, ümumi halsızlıq, baş və əzələ ağrısı, yüksək hərarət zamanı da qanın ümumi analizi təyin edilir. Anemiya, iltihabi və infeksion xəstəliklər, qan xəstəlikləri, bəd xassəli törəmələr müayinəyə göstərişdir.
Müxtəlif xroniki xəstəliklərin skrininqi, residivlərin erkən diaqnostikası, müalicənin effektivliyinə nəzarət məqsədilə qanın ümümi analazi periodik olaraq təyin edilə bilər. Analizin göstərcilərindəki dəyişikliklərə görə müalicə taktikasını dəyişmək, daha dəqiq məlumat üçün digər laborator və instrumental müayinə üsulları təyin etmək mümkündür. Əməliyyat önü və sonrakı dövr, yanıqlar, travmalar; qızdırma, şok, maye itirməklə müşayiət olunan kəskin vəziyyətlərdə kompleks müayinə üsullarına qanın ümümi analizi mütləq daxildir.
Qanın ümumi analizinə əks göstərişlər yoxdur. Lakin bəzi xəstəlik və vəziyyətlər- ağır anemiyalar, hipotoniya, laxtalanma pozğunluqları, psixoloji və motor oyanıqlığı zamanı qanın götürülməsi üçün fərdi tədbirlər planı tələb oluna bilər. Müasir laboratoriyalarda qanın ümumi analizi xüsusi avtomatlaşdırılmış cihazlarda aparılır ki, bu da zaman və enerji itkisinin qarşısını xeyli alır. Lakin analizatorlar qan hüceyrələrinin vəziyyəti və xüsusiyyətlərini ayırd etmək qabiliyətinə malik deyillər. Məsələn, trombositopeniya zamanı trombositlərin aqreqasiyası və adheziyası zamanı apparat yalnız sərbəst trombositləri saya bilir. Yapışmış trombositlər eritrosit ölçüsünə çatdığından, səhvən eritrosit kimi qiymətləndirilir. Belə problemləri nəzərə alaraq bəzən yaxmanın “əllə” mikroskopla müayinəsi lazım gələ bilir.
Qanın ümumi analizinə hazırlıq və götürülmə qaydası
Analizin səhər saatlarında verilməsi məsləhətdir. Müayinəyə gəlməmişdən 1 sutka ərzində alkohol qəbul edilməməlidir. Qida qəbulundan ən az 2-4 saat keçməlidir. Qazsız, şəkərsiz adi su qəbul etmək olar. Müayinəyə 30 dəq qalmış siqaret, fiziki və emosional gərginlik əks göstərişdir.
Qanın ümumi analizi üçün qan adətən barmaqdan alınır. Venadan qan alma da mümkündür. Bir çox laboratoriyalarda müayinə avtomatik hemotoloji analizatorda aparılır. Bir neçə saniyəyə aparat eritrosit, leykosit, trombosit sayı və trombositar indeks təyin edir. Daha sonra həkim laborant yaxmanın mikroskopik müayinəsini aparır. Hemoqlobinin səviyyəsi kolorimetrik (rəngləmə) üsulu ilə, hematokrit indeksi isə riyazi yolla (hüceyrələrin plazma miqdarına nisbəti ilə) təyin edilir. Nəticə 1 iş günü ərində hazır olur.
Qanın ümumi analizinin interpritasiyası
Qanın ümumi analizinə daxil olan hər elementin xüsusi normativi vardır və yaşa, cinsə görə fərqlənir. Nəticə qiymətləndirilərkən müayinənin aparıldığı laboratoriyanın referans aralığı əsas götürülür. Nəticənin dəqiqliyi üçün xəstənin analizdən öncəki hazırlıq dövrünə (qida qəbulundan ən az 2 saat keçməli, siqaret, alkoqol qəbul etməmək və s) riayət etməsi mütləqdir.