Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi – uzun müddət, sistemli şəkildə alkoqol qəbulu ilə əlaqəli olan qaraciyərin struktur və funksiyalarının pozulmasıdır. Bu patologiyadan əziyyət çəkən pasientlərdə iştahanın azalması, sağ qabırğaaltı nahiyədə küt ağrılar, ürəkbulanma, diareya, sarılıq; gecikmiş mərhələlərdə sirroz və qaraciyər ensefalopatiyası qeyd olunur. Diaqnoz USM, doppleroqrafiya, ssintiqrafiya, qaraciyərin biopsiyası və qanın biokimyəvi analizinə əsasən qoyulur. Müalicəsi spirtli içkilərdən imtina, dərman (hepatoprotektorlar, antioksidantlar, sedativ preparatlar) qəbulu, ehtiyac olduqda qaraciyər transplantasiyasından ibarətdir.
Qaraciyərin alkoqol xəstəliyi barədə ümumi məlumat
Qaraciyərin alkoqol xəstəliyi uzun müddət (10-12 ildən çox) alkoqol tərkibli içkilərdən sui-istifadə (təmiz etanola görə kişilər üçün sutkalıq doza 40-80 q, qadınlar üçün isə 20 q-dan çox nəzərə alır) edən insanlarda inkişaf edir. Patologiya piy distrofiyası (steatoz, toxumanın piy distrofiyası), sirroz (qaraciyər toxumasının birləşdirici-fibroz toxuma ilə əvəzlənməsi), alkoqol hepatiti ilə təzahür edir.
Alkoqol xəstəliyinin yaranma riski kişilərdə qadınlarla müqayisədə təxminən üç dəfə çoxdur. Belə ki, qadınlar və kişilərin alkoqoldan sui-istifadəsi 4:11 nisbətindədir. Lakin qadınlarda alkoqol xəstəliyi daha az miqdarda alkoqol qəbul etdikdə və daha sürətlə inkişaf edir. Bu, spirtin mənimsənilməsi, katabolizmi və xaric olmasının gender xüsusiyyətləri ilə əlaqəlidir. Dünyada tərkibində spirt çox olan içkilərin qəbulunun artması ilə əlaqəli olaraq qaraciyərin alkoqol xəstəliyi ciddi sosial və tibbi problemdir; onun həlli ilə daha çox qastroenteroloqlar və narkoloqlar məşğul olur.
Qaraciyərin alkoqol xəstəliyinin səbəbləri
Tədqiqatçılar qaraciyərin alkoqol xəstəliyini təşviq edən əsas səbəblərinə aşağıdakı faktorları aid edirlər:
- Qəbul olunan alkoqolun yüksək dozası, qəbul etmə tezliyi və davam etmə müddəti;
- Qadın cinsi (qadınlarda alkoqoldehidrogenazanın aktivliyi, bir qayda olaraq, azdır);
- Alkoqol parçalayıcı fermentlərin zəif aktivliyinə genetik meyillik;
- Keçirilmiş və mövcud qaraciyər xəstəlikləri;
- Maddələr mübadiləsinin pozulması (metabolik sindrom, piylənmə, zərərli qidalanma vərdişləri), endokrin pozulmalar.
Qaraciyərin alkoqol xəstəliyinin patogenezi
Orqanizmə daxil olan etil spirtinin çox hissəsi (85%) alkoqoldehidrogenaza və asetatdehidrogenaza fermentlərinin təsirinə məruz qalır. Bu fermentlər qaraciyərdə və mədədə sintez olunur. Spirtin parçalanma sürəti genetik xüsusiyyətlərdən asılıdır. Alkoqol uzun müddət, müntəzəm şəkildə qəbul olunduqda onun katabolizmi sürətlənir və etanolun parçalanması nəticəsində əmələ gəlmiş toksik maddələr toxumalarda toplanır. Bu məhsullar qaraciyər toxumasına toksik təsir göstərərək qaraciyər parenximasının iltihabına, piy distrofiyasına və ya firbozlaşmasına səbəb olur.
Qaraciyərin alkoqol xəstəliyinin simptomları
10 ildən çox müntəzəm alkoqoldan sui-istifadə edənlərin, demək olar ki, 90%-də yaranan qaraciyərin alkoqol xəstəliyinin birinci mərhələsi qaraciyərin piy distrofiyasıdır. Patologiya bu mərhələdə, adətən, simptomsuz gedir; xəstələr bəzən iştahasızlıq və sağ qabırğaaltı nahiyədə periodik ağrılar qeyd edirlər, ürəkbulanma mümkündür. Pasientləin təxm. 15%-ində sarılıq qeyd olunur.
Kəskin alkoqol hepatiti də nəzərə çarpan klinik simptomlarsız gedir və ya letal sonlanmaya gətirib çıxaran ildırımsürətli ağır gedişata malikdir. Lakin alkoqol hepatitinin daha çox rastlanan əlamətləri ağrı sindromu (sağ qabırğaaltı nahiyədə küt ağrı), dispepsiya (ürəkbulanma, qusma, diareya), zəiflik, iştahanın pozulması və arıqlamadır. Qaraciyər mənşəli sarılıq (dəri sarımtıl rəng alır) da tez-tez rastlanan simptomlardandır. Klinik halların yarısında kəskin alkoqol hepatiti hipertermiya ilə müşayiət olunur.
Xroniki alkoqol hepatiti uzun müddət ağırlaşma və remissiya dövrlərinin növbələşməsi ilə gedir. Periodik olaraq mülayim ağrılar meydana çıxır; ürəkbulanma, gəyirmə, mədədə yanma hissi, qəbizliklə növbələşən diareya təzahür edə bilər. Bəzən sarılıq qeyd olunur.
Alkoqol xəstəliyi proqressivləşdikdə hepatit simptomlarına yaranmaqda olan qaraciyər sirrozunun əlamətləri – palmar eritema (ovucun hiperemiyası), üzdə və bədəndə teleangiektaziyalar (damar ulduzcuqları), “baraban çubuqları” (barmaqların distal falanqalarının xarakterik qalınlaşması), “saat şüşəsi” (dırnaqların forma və konsistensiyasının xarakterik dəyişilməsi), “meduza başı” (qarnın ön divarında, göbək ətrafında venaların genişlənməsi) simptomları qoşulur. Bəzən kişilərdə ginekomastiya və hipoqonadizm (süd vəzilərinin böyüməsi və xayaların kiçilməsi) qeyd olunur.
Alkoqol sirrozunun sonrakı mərhələlərində qulaq seyvanının böyüməsi qeyd olunur. Terminal mərhələdə olan qaraciyərin alkoqol xəstəliyinin xarakterik daha bir təzahürü Dupuytren kontrakturasıdır: başlanğıc olaraq ovucda IV-V barmaqların vətərləri üzərində birləşdirici toxumadan əmələ gəlmiş sərt düyünlər (bəzən ağrılı) aşkarlanır. Sonralar həmin düyünlər daha da inkişaf edir və patoloji prosesə əldarağı oynaqları da cəlb olunur. Pasientlər şəhadət barmaq və çeçələ barmağı bükərkən meydana çıxan çətinlikdən şikayətlənirlər. Sonralar həmin barmaqların tam hərəkətsizliyi baş verə bilər.
Qaraciyərin alkoqol xəstəliyinin ağırlaşmaları
Qaraciyərin alkoqol xəstəliyi tez-tez mədə-bağırsaq qanaxmalarına, qaraciyər ensefalopatiyalarına (funksional aktivliyinin zəifləməsi nəticəsində toksik maddələr orqanizmdə, baş beyində toplanır), böyrəklərin funksiyalarının pozulmasına gətirib çıxarır. Alkoqol xəstəliyindən əziyyət çəkən insanlar qaraciyər xərçənginə görə risk qrupuna daxildirlər.
Qaraciyərin alkoqol xəstəliyinin diaqnostikası
Qaraciyərin alkoqol xəstəliyinin diaqnostikasında anamnezin toplanması və pasientin uzun müddət alkoqoldan sui-istifadə etməsinin aşkarlanması mühüm rol oynayır. Həkim-hepatoloq və ya qastroenteroloq pasientin nə qədər müddət, hansı intensivliklə və hansı miqdarda spirtli içki içdiyini hərtərəfli aydınlaşdırır.
Laborator müayinələr zamanı qanın ümumi analizində makrositoz (alkoqolun sümük iliyinə toksik təsiri), leykositoz, EÇS-in sürətlənməsi qeyd olunur. Metablastik və dəmirdefisitli anemiya təyin oluna bilər. Trombositlərin miqdarının azalması sümük iliyinin funksional tükənməsi ilə əlaqəlidir; bundan başqa, sirroz zamanı boş vena sistemində təzyiqin artması nəticəsində hipersplenizm simptomları meydana çıxır.
Qanın biokimyəvi analizində AST və ALT (qaraciyər transferazaları) konsentrasiyasının yüksəlməsi qeyd olunur. Bundan başqa, bilirubinin miqdarı da yüksək olur. İmmunoloji analiz immunoqlobulin A-nın səviyyəsinin artmasını aşkarlayır. Gün ərzində tərkibində təmiz etanolun miqdarı 60 q-dan çox olan alkoqol qəbul etdikdə qan zərdabında karbohidratı kasad transferrinin miqdarı artır. Bəzən zərdab dəmirinin yüksək miqdarı qeyd oluna bilər.
Qaraciyərin alkoqol xəstəliyinin diaqnostikası məqsədilə hərtərəfli anamnezin götürülməsi vacibdir. Qəbul olunan alkoqollu içkinin növü, miqdarı və qəbul etmə tezliyi nəzərə alınmalıdır. Alkoqol xəstəliyinin olduğu ehtimal olunan pasientdə qaraciyər xərçəngi riskinin yüksək olması ilə bağlı qanda alfa-fetoproteinlərin miqdarı müəyyənləşdirilir. Onun konsentrasiyası 400 nq/ml-dən çox olduqda xərçəng haqda düşünülür. Pasientlərdə piy mübadiləsinin pozulması – qanda triqliseridlərin miqdarının yüksəlməsi qeyd olunur.
Alkoqol xəstəliyinin diaqnostikasına kömək edən instrumental metodlara qaraciyərin və qarın boşluğu orqanlarının USM-i, qaraciyərin MRT-i, doppleroqrafiyası, KT-i, radionuklid müayinə və qaraciyər toxumasının biopsiyası aiddir.
Qaraciyərin USM-ində orqanın ölçülərinin və formasının dəyişilməsi, piy distrofiyası (qaraciyər toxumasının xarakterik hiperexogenliyi) əlamətləri görünür. Ultrasəs doppleroqrafiya portal hipertenziya və qaraciyərin vena sistemində təzyiqin yüksəlməsini təyin edir. Kompyuter və maqnit-rezonans tomoqrafiya qaraciyər toxumasını və onun damar sistemini daha yaxşı qiymətləndirməyə imkan verir. Radionuklid skanlama zamanı qaraciyər paylarında diffuz dəyişikliklər aşkarlanır; bu metod qaraciyərin sekresiya və öd sintezi sürətini müəyyənləşdirə bilir. Alkoqol xəstəliyinin yekun təsdiqi üçün qaraciyərin biopsiyası aparılır və əldə olunmuş material histoloji analiz olunur.
Qaraciyərin alkoqol xəstəliyinin müalicəsi
Alkoqol qəbulundan tam və birdəfəlik imtina mütləq şərtdir. Yalnız bu, vəziyyətin yaxşılaşmasına, steatozun erkən mərhələsində sağalmaya gətirib çıxara bilər. Qaraciyərin alkoqol xəstəliyindən əziyyət çəkən pasientlərə həm də pəhriz təyin olunur; kafi kalorili, zülal, vitaminlər və mikroelementlərlə balanslaşdırılmış qidalanma mütləqdir. Belə ki, alkoqoldan sui-istifadə edən insanlar hipovitaminoz və protein defisitindən əziyyət çəkirlər. Pasientlərə multivitamin kompleksləri tövsiyə olunur. Güclü anoreksiyada parenteral və ya zondla qidalanma həyata keçirilir.
Dərman terapiyası dezintoksikasiya (qlükoza, piridoksin, kokarboksilaza məhlulları ilə infuzion terapiya) tədbirlərindən ibarətdir. Qaraciyər toxumasının regenerasiyası üçün essensial fosfolipidlər təyin olunur. Onlar hüceyrə membranının struktur və funksiyalarını bərpa edir, fermentləri və hüceyrələrin müdafiə xüsusiyyətlərini stimulyasiya edir. Kəskin alkoqol hepatitinin həyati təhlükəli ağır formasında kortikosteroidlər təyin olunur. İnfeksiyalar və mədə-bağırsaq qanaxmaları bu preparatların təyininə əks göstərişdir.
Hepatoprotektor kimi ursodezoksixol turşusu təyin olunur. Bu maddə ödqovucu xüsusiyyətə malikdir və lipid mübadiləsini tənzimləyir. Psixoloji vəziyyətin korreksiyası məqsədilə S-adenozilmetionindən istifadə olunur. Dupuytren kontrakturası inkişaf etdikdə başlanğıc mərhələdə fizioterapevtik metodlar (elektroforez, refleksoterapiya, müalicəvi bədən tərbiyəsi, massaj və s.) tətbiq olunur, gecikmiş hallarda cərrahi korreksiya aparılır.
Qaraciyər sirrozu, bir qayda olaraq, simptomatik terapiya və meydana çıxmış ağırlaşmaların (venoz qanaxma, assit, qaraciyər ensefalopatiyası) müalicəsini tələb edir. Xəstəliyin terminal mərhələsində xəstələrə donor qaraciyərin transplantasiyası tövsiyə oluna bilər. Bu cərrahi əməliyyatın həyata keçirilməsi üçün azı yarım il alkoqoldan tam imtina etmək lazımdır.
Qaraciyərin alkoqol xəstəliyinin proqnoz və profilaktikası
Proqnoz birbaşa xəstəliyin mərhələsindən, müalicənin başlanma vaxından, həkim tövsiyələrinə düzgün əməl olunub-olunmamasından və alkoqoldan tam imtinadan asılıdır. Steatozun mərhələsi geri dönən olduqda və lazımi terapevtik tədbirlər həyata keçirildikdə qaraciyərin fəaliyyəti bir ay ərzində bərpa olunur. Sirrozun inkişafı öz-özlüyündə qeyri-kafi sonlanmaya malikdir; belə ki, bu zaman pasientlərin yarısında sağqalma müddəti 5 ildir. Bu mərhələdə qaraciyər xərçəngi təhlükəsi də var. Qaraciyərin alkoqol xəstəliyinin profilaktikası alkoqoldan sui-istifadə etməməkdən ibarətdir.