Qaraciyər absesi

Qaraciyər absesi – qaraciyərdə lokalizasiya olunmuş məhdud irinli boşluqdur. Başqa xəstəliklər və ya birincili zədələnmə nəticəsində inkişaf edir. Sağ qabırğaaltı nahiyədə ağrılar, bədən temperaturunun yüksəlməsi, dərinin sarılığı ilə təzahür edir. Diaqnoz anamnezin toplanması, obyektiv müayinə, qaraciyərin USM-i, köməkçi diaqnostik metodların tətbiqi ilə həyata keçirilir. Müalicə konservativ (antibiotikoterapiya) və ya cərrahi (absesin açılması) ola bilər. Müalicəyə vaxtında başladıqda xəstəliyin proqnozu kafidir.

Qaraciyər absesi barədə ümumi məlumat

Qaraciyər absesi – destruktiv xəstəlikdir. Patologiya zamanı qaraciyər toxumasında irinli möhtəviyyata malik boşluq formalaşır. Hazırda qaraciyər abseslərinin çoxsaylı əmələ gəlmə səbəbləri müəyyənləşdirilmişdir; lakin bunlardan appendisit, öddaşı xəstəliyi və sepsis daha böyük əhəmiyyətə malikdir. Belə abseslərin diaqnostikası kifayət qədər çətindir. Buna görə də bu patologiyanın diaqnostikası və müalicəsində yeni metodlar daim axtarılır. Daha müasir müalicə metodları işlənir – qaraciyərdə irinlik aşkarlandıqda cərrahlar onun laparoskopik və ya nazik iynəli drenajından daha çox istifadə edir; geniş miqyaslı laparotomiya tədricən keçmişdə qalır.

Qaraciyər absesinin səbəbləri

Qaraciyər absesləri infeksiyanın qaraciyərə yayılma yolundan asılı olaraq ayırılırlar: xolesistit, xolangit, öddaşı xəstəliyi, öd yollarının xərçəngində öd yolları; sepsisdə qan damarları; qarın boşluğunun iltihabi proseslərində (immundepresiyalı insanlarda qeyri-spesifik xoralı kolit, appendisit, divertikulit) kontakt yolla. İnfeksion agent qaraciyər travmalarında, qaraciyərin cərrahi əməliyyatlarında, qaraciyrəin müxtəlif kistalarının infeksiyalaşması (parazitar və qeyri-parazitar) zamanı, qaraciyərin spesifik qranulomaları və şişlərin parçalanma ocağından da daxil ola bilər.

Ümumi və yerli immunitetin zəifləməsi qaraciyərdə irinliyin yaranmasına şərait yaradan əsas amillərdir. Abses müxtəlif törədicilər, daha çox hemolitik streptokoklar, qızılı stafilokoklar, enterobakteriyalar, bağırsaq çöpləri, klebsiellar tərəfindən törədilir; bu prosesi anaerob mikroorqanizmlər də törədə bilər. İrinin əkilməsi zamanı çox vaxt hallarda qarışıq flora aşkar olunur. Bu xəstəlikdən kişilər daha çox əziyyət çəkir. Bu zaman amöb etiologiyası daha çox 20-35 yaşlı, bakterial etiologiya isə 40 yaşdan sonra rastlanır.

Qaraciyər absesinin təsnifatı

Abdominal cərrahiyyədə bu xəstəliyin bir neçə təsnifatı var. Tək və çoxsaylı abseslər; əmələ gəlmə nahiyəsinə görə qaraciyərin sağ və ya sol payının absesi ayırd edilir. Etiologiyasına görə abseslər bakterial və parazitar olmaqla bölünür.

Bütün abseslər əmələ gəlmə səbəbinə görə birincili və ya ikincili ola bilər. Müxtəlif müəlliflər bu bölünməyə müxtəlif şəkildə şərh edirlər: bəzi mütəxəssislər birincili infeksiya ocağı, digərləri isə absesə qədər qaraciyərdə dəyişikliklərin olub-olmaması haqda danışırlar. Onlar bir məqamla bir-birinə uyğun gəlirlər: birincili absesin yaranma səbəbini müəyyənləşdirmək, adətən, mümkün olmur (belə absesləri kriptogenlər adlandırırlar).

Qaraciyər abseslərinin simptomları

Qaraciyər toxumasında abses formalaşdıqda, adətən, sağ qabırğaaltı nahiyədə meydana çıxan, kürək sümüyünün altına və sağ çiyinə irradiasiya edən ağrılarla xarakterizə olunur. Pasient sol yanı üstə uzandıqda ağrıların güclənməsini qeyd edirlər. Sağ yanı üstə uzandıqda və ayaqları bud-çanaq oynağında bükdükdə ağrıların intensivliyi azalır. Ağrılar küt, sızıldayıcı və daimi xarakter daşıyır. Bununla yanaşı, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi də qeyd olunur. Qaraciyərin ölçüləri böyüyür, qabırğa qövsündən kənara çıxır. Qaraciyərin palpasiyasında və ya absesin proyeksiyasında sağ qabırğaaltı nahiyəyə təzyiq etdikdə güclü ağrı qeyd olunur.

Xəstəni dispepsiya əlamətləri – iştahanın azalması və ya olmaması, ürəkbulanma, meteorizm, sulu nəcis (diareya) narahat edir. Bədən temperaturu febril göstəricilərə qədər (>38°С) yüksəlir, ayaqların üşüməsi və qaz dərisi ilə müşayiət olunan titrəmə əmələ gəlir. Ağır intoksikasiya əlamətləri, taxikardiya, güclü tərləmə müşahidə olunur.

Arıqlama absesin inkişafının ilk mərhələlərində, adətən, yeganə şikayət olur. Buna görə də erkən mərhələlərdə diaqnostika çətinlik törədir. Daha gec mərhələlərdə dəri və selikli qişaların sarılığı meydana çıxır. Qaraciyər damarlarının kompressiyası və ya onların iltihabi proses nəticəsində tromblaşması zamanı assit (qarın boşluğunda mayenin toplanması) yarana bilər.

Qaraciyər absesinin gedişininn əsas xüsusiyyəti onun tez-tez əsas xəstəliklə maskalanmasıdır. Buna görə də patoloji prosesin başlanmasından onun diaqnostikasına qədər çox vaxt uzun zaman keçir.

Qaraciyər absesinin ağırlaşmaları

Qaraciyər absesi irinliyin periton və ya plevra boşluğuna, perikarda, qonşu orqanlara (bağırsaqlar, mədə) açılması ilə ağırlaşır. Qan damarlarının divarı cırıldıqda güclü qanaxma baş verə bilər. İnfeksiyanın yayılması nəticəsində diafraqmaaltı absesin formalaşması, başqa orqanlarda (ağciyərlər, baş beyin, böyrəklər və s.) abseslərin əmələ gəlməsi ilə müşayiət olunan sepsisin inkişafı da mümkündür.

Qaraciyər absesinin diaqnostikası

Qaraciyər absesinin vaxtında diaqnostikasında anamnezin düzgün və geniş götürülməsinin böyük əhəmiyyəti var. Bu zaman pasientin orqanizmində xroniki infeksiya ocaqlarının, anamnezində ağır infeksion xəstəliklərin, şişlərin, cərrahi əməliyyatların, travmaların olması müəyyənləşdirilir. Şikayətlərin nə zaman meydana çıxması və yarandığı vaxtdan etibarən onların xarakterinin necə dəyişməsini pasientin nə ilə əlaqələndirməsini aydınlaşdırmaq lazımdır.

Laborator analizlərdə, adətən, iltihabi xəstəliyə xas dəyişikliklər (hemoqlobin və eritrositlərin səviyyəsi azalması, leykositlərin artması, leykoformulda dəyişikliklər) qeyd olunur. Qanın biokimyəvi analizində qaraciyər göstəricilərinin (AST, ALT, QF, bilirubin) yüksəlməsi orqanın toxumasının zədələnməsinidən xəbər verir.

Diaqnozu dəqiqləşdirmək məqsədilə klassik və müasir metodlardan istifadə olunur. Qarın boşluğu orqanlarının rentgenoqrafiyasında qaraciyərdə və plevral boşluqda maye (reaktiv plevrit) maye səviyyəsində işıqlanma nahiyələri, diafraqmanın sağ hissəsinin hərəki məhdudluğu aşkarlanır.

Hepatobiliar sistemin USM-də qaraciyərdə içərisi maye və irin laxtası ilə dolu boşluq aşkarlana, onun ölçüləri və topoqrafiyası müəyyənləşdirilə bilər. Absesin USM kontrolu altında nazik iynə ilə biopsiyasını icra etmək və eksudatın xarakterini, floranın antibiotiklərə qarşı həssaslığının təyin etmək mümkündür. Bu prosedur müalicəvi-diaqnostik metoddur, belə ki, prosedur aparılarkən eyni zamanda qaraciyər absesi drenaj oluna bilər.

Qarın boşluğunun MRT və ya MSKT-i abseslərinin miqdarını və lokalizasiyasını, ölçülərini müəyyənləşdirməyə imkan verir; optimal müalicə taktikası və cərrahi əməliyyatın planını işləməkdə kömək edir. Diaqnostikada çətinlik olduqda və ya təyin olunmuş müayinələri aparmaq mümkün olmadıqda angioqrafiya və qaraciyərin radioizotop şkanlanması həyata keçirilə bilər. Bu metodların hər ikisi qan təchizatı defektini və izotopların qaraciyərdə yerləşdiyi hissəyə və absesin ölçülərinə müvafiq toplanmasını aşkarlaya bilir.

Ən çətin klinik hallarda diaqnostik laparoskopiyaya müraciət olunur. Bu zaman qarın boşluğuna orqanları görməyə, diaqnozu müəyyənləşdirməyə imkan verən, mümkün olduqda absesi drenaj edən xüsusi videoinstrument yeridilir. Qaraciyər absesi diafraqmaaltı abseslər, irinli plevrit, irinli xolesistitlə differensiasiya olunur.

Qaraciyər absesinin müalicəsi

Hər klinik halda müalicə taktikası fərdi şəkildə hazırlanır. Tək və ya çoxsaylı kiçik abseslərdə konservativdir. Bakterial əkilmə və mikrofloranın həssaslığı (amöb mənşəli abseslərdə antiparazitar preparatlar) nəzərə alınmaqla antibiotiklər təyin olunur. Belə ki, irinin bakterioloji əkilməsi klinik halların yalnız 1/3-ində törədicini aşkarlamağa imkan verir; empirik şəkildə üçüncü nəsil sefalosporinlər, makrolidlər və aminoqlikozidlər təyin olunur. Abses boşluğunu dəridən keçməklə drenaj etmək mümkün olduqda drenaj boruları qoyulur və həmin borular vasitəsilə boşluğun daxilinə antibiotiklər və antiseptik məhlullar yeridilir.

Cərrahi müalicə vacib olduqda az invaziv metodlara (endoskopik drenaj) müraciət olunur; lakin proses çətin lokalizasiyalı olduqda absesin açılması ilə müşayiət olunan klassik laparotomiyaya üstünlük verilir. Abses keçirmiş bütün  pasientlərə №5 pəhriz, bərpaedici terapiya təyin olunur. İrinliyin yaranmasına gətirib çıxaran xəstəliyin müvafiq müalicəsi mütləqdir. Belə xəstələr cərrah-hepatoloq müşahidəsində olur. Ehtiyac olduqda prosesə infeksionist də cəlb olunur.

Qaraciyər absesinin proqnoz və profilaktikası

Qaraciyərin tək irinliyi vaxtında diaqnostika və müalicə olunarsa, proqnoz kafidir – pasientlərin təxminən 90%-i sağalır. Çoxsaylı kiçik abseslər olduqda və tək irinlik müalicə edilmədikdə letal sonlanma tamamilə mümkündür. Bu xəstəliyin proqnozu amöbiazın qarşısının alınması (ilk növbədə şəxsi gigiyenaya riayət) və qaraciyər irinliyinə gətirib çıxara bilən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsindən ibarətdir.

error: Content is protected !!