Qarın liposaksiyası
Qarın liposaksiyası – lokal piy yığıntısının ultrasəs və yaxud mexaniki yolla parçalanmasından sonra vakuum aspirasiya ilə bədəndən uzaqlaşdırılmasıdır. Bu əməliyyat sərbəst formada aparıla və yaxud kombinəolunmuş abdominoplastikanın hissəsi ola bilər. Qarın liposaksiyası əsnasında həmin sahənin səthi və dərin piy toxuması çıxarılır.
Qarın liposaksiyasının üstünlükləri
Qarın liposaksiyası əməliyyatına əsas göstəriş kişi və qadınlarda bu hissədə lokal piy yığıntısının olmasıdır. Ümumi piylənmə, qeyri-elastik dəri, eləcə də piy toxumasının deyil, qarın əzələlərinin və yaxud orqanların sallanması ilə əlaqədar yaranan dəyişikliklərdə qarın liposaksiyası icazəli deyil. Həmçinin şəkərli diabet, qanın laxtalanma pozğunluğu, ciddi ürək-damar, qaraciyər, böyrək xəstəlikləri, infeksion-iltihabi proseslərdə liposaksiya qadağandır.
Qarın liposaksiyası bir sıra üstünlüklərə malikdir. Onlara əməliyyatın nəticəsinin uzunmüddətli olması, çapıqların az nəzərə çarpması, ağırlaşma ehtimalının aşağı faizi, toxumaların minimal zədələnməsi ilə qarın formasının korreksiyası aiddir. Qarın liposaksiyası kiçik (0,5 sm-ə qədər) kəsikdən icra olunduğundan bərpa dövrü qısa sürür.
Qarın liposaksiyasının aparılma qaydası
Cərrahi müdaxilə ümumi narkoz altında yerinə yetirilir. Əməliyyat sahəsi antiseptiklə işləndikdən sonra çıxarılacaq piy toxumasının altına elektrolitlərdən yerli anestetik və damardaraldıcı preparatlardan ibarət xüsusi məhlul yeridilir.
Sonra qasıqüstü, göbək hissədə təxminən 0,5 sm uzunluqda kəsiklər aparılır. Oradan 2-4 mm diametrli uzun kanyulalar salınır. Həmin borular steril şlanq vasitəsilə vakuum sorucuya birləşir. Plastik cərrah kanyulanı önə-arxaya tərpətməklə, qarnın dərialtı toxumasında işləyir. Mexaniki üsulla qarın liposaksiyası toxumalara qarşı aqressivdir. Onun bərpa dövrü ağır və uzun olur. Bir sıra hallarda pasiyent stasionarda 7-10 gün qalır.
Ultrasəs üsulla qarın liposaksiyası
Ultrasəs liposaksiya az travmatik üsul olub, daha yaxşı nəticələr göstərir. Əməliyyat zamanı piy toxumasında mexaniki yolla deyil, ultrasəs dalğalarının ötürüldüyü xüsusi zondla parçalanır. Ultrasəs piy yığıntısında kavitasiya effekti törədir – qabarcıqlar əmələ gəlir və toxuma emulsiya vəziyyətinə qədər yumşalır. Sinir və bağların zədələnməsinə yol verilmir. Ultrasəslə parçalanmış piy vakuum sorucuya birləşən 2-3 mm diametrli kanyulalarla xaric edilir.
Mexaniki üsuldan fərqli olaraq, ultrasəs metodda qanitirmə az olur. Bundan əlavə 1 prosedurda çoxlu sayda piy toxumasını çıxarılı. Əməliyyatdan sonrakı dövr yüngül keçir, fəsadların yaranma ehtimalı minimal olur. Ultrasəs üsulla qarın liposaksiyası aparılan şəxslər adətən stasionarda 1 gün qalır.
Bu üsulla dəri yaxşı dartıldığından ondan bədənin digər hissələrində (çiyin, çənə, bud və s.) geniş istifadə edilir.
Qarın liposaksiyasından sonra bərpa dövrü
Əməliyyat başa çatdıqda kəsiklər tikilir və ora drenaj borular yeridilir. Qarına elastik sarğı qoyulur. Cərrahi müdaxilədən sonra ilk günlərdə bədən temperaturunun bir qədər yüksəlməsi, hərəkət zamanı ağrı, diskomfort, dərialtı hematoma və yümşaq toxumaların ödemi müşahidə oluna bilər. Şişkinlik və hematoma 2-3 həftə olur. Liposaksiyadan sonra 1,5 ay ərzində idman məşqləri, sauna və solyari qadağan edilir.
Bədən quruluşundakı dəyişikliklər 2-ci həftənin sonunda bilinməyə başlayır. Son nəticə 4-6 aydan sonra qiymətləndirilir. Qarın liposaksiyası həm də postoperasion çapığın nəzərə çarpmaması kimi özəlliyə malikdir.
Qarın liposaksiyasının fəsadları
Liposaksiya əslində mürəkkəb əməliyyat sayılır. 5 litrdən çox piy emulsiyasının çıxarılması onun həcminin 30-40%-i qədər qanaxma ilə müşayiət oluna bilər. Bu səbəbdən bir neçə sahənin liposaskiyası mərhələlərlə edilməlidir.
Baş verə biləcək yerli fəsadlara qarın dərisinin həssaslığının azalması, hematoma və seroma aiddir. İri həcmdə piyin xaric edilməsi yaranın infeksiyalaşması və dərinin nekrozu ilə sonlana bilər.
Digər fəsadlara trombemboliya, piy emboliyası, eləcə də estetik qüsurlar: dərinin sallanması, nahamarlıq, kobud çapıqları misal göstərmək olar. Belə hallarla qarşılaşmamaq üçün peşəkar plastik cərraha müraciət olunmalıdır.
Qarın liposaksiyasının nəticələri
Əməliyyat düzgün aparıldıqda, postoperasion dövr qənaətbəxş keçdikdə mükəmməl estetik nəticələr əldə edilir. Bədən çəkisinin stabil saxlanılması nəticənin uzunmüddətli olmasına zəmin yaradır.