Qida borusunun spazmı
Qida borusunun spazmı – aşağı ezofageal sfinkterin tonus və funksiyasının saxlanılması fonunda qida borusunun əzələ qatının vaxtaşırı diskoordinasiyalı konvulsiv yığılmalarıdır. Bu patologiya qida borusunun diskineziyasının bir növüdür. Klinik olaraq, döş sümüyü arxasında ağrı, udqunmanın pozulması, qıcqırma, gəyirmə ilə özünü büruzə verir. Xəstəliyin diaqnostikasında qida borusunun kontrast rentgenoqrafiyası, ezofageal manometriyadan istifadə olunur. Differensial diaqnostika zamanı EQSD, intraezofageal pH-metriya təyin edilir. Müalicənin məqsədi qidalanma rejiminin tənzimlənməsindən, qarındaxili təzyiqin və qida borusundakı saya əzələlərin tonusunun normada saxlanılmasından ibarətdir.
Qida borusunun spazmı barədə ümumi məlumat
Qida borusunun spazmı – ezofageal peristaltikanın epizodik funksional pozğunluğudur. Bu patologiya qida borusunun bütün xəstəlikləri arasında birinci yerdə dayanır. Döş sümüyü ağrıları ilə müşayiət olunan disfagiyanın əsas səbəblərindən sayılır. Spazm adətən 30-70 yaşarası qadınlarda qeydə alınır. Yaş artdıqda patologiyanın tezliyi də yüksəlir. Diffuz ezofaqospazm həzm traktının patologiyası səbəbindən endoskopik müayinə olunan pasiyentlərin 3%-də aşkarlanır. Klinik əlamətlərin azlığı ilə əlaqədar xəstələr çox zaman həkimə müraciət etmirlər. Bundan əlavə qida borusunun spazmı bir sıra hallarda qastroezofageal reflüks xəstəliyi ilə səhv salınır. Patologiyanın diaqnostikası və müalicəsi ilə həkim-endoskopistlər, qastroenteroloqlar məşğul olurlar.
Qida borusunun spazmının yaranma səbəbləri
Qida borusunun dəqiq səbəbləri hələlik tibb elminə məlum deyil. Birincili spazm müstəqil xəstəlik olub, psixi (stress) və nevroloji pozğunluqlar (qida borusunun əzələlərarası sinir liflərinin zədələnməsi) fonunda yaranır. Neyronların zədələnməsi toksinlər, bakteriya və virusların qida borusundakı və yaxud baş beyindəki sinir liflərinə təsirindən baş verir. Əksərən spazm qida borusunun ən proksimal və distal şöbələrində meydana çıxır. Çünki bu hissələr sinirlərlə daha çox təhciz olunmuşdur.
Qastroenterologiya sahəsində aparılan bəzi tədqiqatların nəticələrinə əsasən qida borusunun spazmı ilə neyrosinapslarda informasiyanın ötürülməsində iştirak edən azot oksidinin defisiti arasında əlaqə mövcuddur.
Bu xəstəliyin patogenezi kardiyanın axalaziyası ilə oxşardır; hətta hərəki pozğunluqlar proqressivləşdikdə diffuz spazm axalaziyaya (aşağı ezofageal sfinkterin tonusunun yüksəlməsi nəticəsində onun boşalmaması və ya zəif boşalması) keçə bilir. Bu onunla bağlıdır ki, uzunmüddətli funksional spazm toxumalarda üzvi dəyişikliklər (miositlərin və sinir uclarının spazmı, toxumaların fibrozu və s.) törədir.
Qida borusunun ikincili spazmı digər patologiyalar (ezofagit, qida borusunun xorası və yaxud xərəngi) fonunda inkişaf edir. Bu zaman patoloji proseslə əlaqədar selikli qişanın həssaslığı artdığından reflektor cavab olaraq, spazm yaranır. Həmçinin sağlam insanlarda iri ölçülü qidanın udulması, həddindən artıq isti və ya soyuq, eləcə də quru qidaların, kəskin spirtli içkilərin qəbulu zamanı qəfildən spazm baş verə bilər.
Qida borusunun spazmları yüngül, müvəqqəti, kəskin və ya xroniki, lokal (qida borusunun sfinktoru zədələnir) və diffuz formalara (prosesə bütün əzələ qişası qoşulur) ayırd edilir.
Qida borusunun spazmının əlamətləri
Qida borusunun spazmının klinik şəkli patoloji prosesin lokalizasiya və formasından asılıdır. Xəstəliyin istənilən formasının ən tipik əlamətləri udqunmanın çətinləşməsi və döş sümüyü arxasındakı ağrılardır. Pasiyentlər ağrının yaranmasını qida qəbulu və tüpürcəyin udulması ilə əlaqələndirirlər. Hərçənd ki, ağrı qəflətən də yarana bilir. Stress halları ağrını şiddətləndirir. Ağrı hissinin kürəyə, çiyin nahiyəsinə, aşağı çənəyə yayılması mümkündür. Tutma adətən 1 saatdan az çəkir. Xəstələr bu hissiyyatı döş sümüyü arxasında ağırlıq kimi qələmə verirlər. Spazmolitiklərin təsirindən ağrı zəifləyir və ya tamamən itir.
Disfagiya həm sərt, həm də duru qida qəbulu fonunda inkişaf edir. Ona əsasən ağrı hissi ilə birgə rast gəlinir. Qıcqırma hər 5 pasiyentdən birində qeydə alınır. Gəyirmə isə yalnız qida borusunda yeməyin həddindən artıq toplanması və yaxud güclü spazm səbəbindən baş verir.
Qida borusunun yuxarı hissəsinin spazmı (patologiyanın ən çox təsadüf olunan forması) adətən isteriyaya, nevroza meylli insanlarda meydana çıxır. Klinik olaraq, döş qəfəsi arxasında ağrı, ürəkbulanma, öskürək, üzün qızarması, qorxu və həyəcanla təzahür edir. Qida borusunun spazmı ya kəskin başlanğıca malik olur, ya da əlamətləri tədricən güclənərək, remissiya dövrləri ilə növbələnir. Patologiyanın intermittəedici xarakteri pasiyentin narahatlıq gətirir. Xəstə əlamətlərin qayıdacağından qorxaraq, qeyri-müntəzəm qidalanır. Bu isə qida borusunun spazmını daha da kəskinləşdirir.
Yuxarı hissənin xroniki spazmı çox vaxt diş sırasında defektləri olan, çeynəmə funksiyası pozulan, qidanı tam xırdalamadan udan yaşlı pasiyentlərdə baş verir. Klinik şəkildə döş sümüyü arxasında xoşagəlməz hissiyyat, bərk qidaların çətinliklə udulması, yemək yeyərkən tez-tez su qəbuluna ehtiyacın yaranması üstünlük təşkil edir. Qida borusunun daimi keçməməzliyi spazm olan hissədən yuxarıda kompensator genişlənmə ilə nəticələnir.
Qida borusunun aşağı şöbələrinin və kardiyanın spazmı kəskin və yaxud xroniki olur. Kəskin spazm epiqastral nahiyədə və döş sümüyü arxasında ağrı, mədədən yuxarıda qida kütlələrinin ləngiməsi hissi ilə müşayiət olunur. Yemək yeyərkən içilən su heç bir rahatlıq gətirmir.
Qida borusunun qeyri-sfinktor spazmı (Barşon-Teşendorf sindromu) ayrıca qeyd olunur. Bu zaman orqanın bir neçə şöbəsi eyni zamanda zədələnir. Xəstələr epizodik (1 dəqiqədən 1 neçə həftəyə qədər davam edən) disfagiya epizodlarından, döş sümüyü arxasında ağrıdan və seliyin ağız boşluğuna qayıtmasından şikayətlənirlər. Patologiya əksərən xora və öd daşı xəstəliyi fonunda yaranır. Onun üçün iştahın artması xarakterikdir.
Qida borusunun spazmının diaqnostikası
Diaqnozun qoşulması üçün patologiyanın üzvi və mexaniki səbəbləri inkar edilməlidir. Ən etibarlı metodlara qida borusunun rentgenoqrafiyası, ezofageal manometriya və endoskopik müayinə aiddir.
Pasiyentlərin təxminən 50%-də rentgenoloji müayinədə patologiyanın heç bir əlamətinə rast gəlinmir. Qida borusu əzələlərinin qeyri-koordinasiyalı spastik yığılmaları ezofaqospazma dəlalət edir. Belə vəziyyətlərdə orqan təsbeh, psevdodivertikul şəkli alır. Qida borusunun yuxarı hissəsinin spazmında kontrast ezofaqoqrafiya əsnasında oymağabənzər qığırdaq səviyyəsində kontrast maddənin ləngiməsi müşahidə olunur. Xroniki spazm zamanı kontrast maddə suprastenotik genişlənmə nahiyəsində toplanır. Barşon-Teşendorf sindromu üçün bütün qida borusu boyunca spazma uğrayan həlqəvari sahələr xarakterikdir. Qida borusunun spazmı kardiyanın axalaziyasından aşağı ezofageal sfinkterdən kontrast maddənin normal keçməsi ilə fərqlənir.
Qida borusunun spazmında ezofaqoqastroduedonoskopiya bir o qədər də diaqnostik əhəmiyyət daşımır. Bu metoddan əsasən differensial diaqnostikada istifadə edilir. Yuxarı şöbənin spazmında ezofaqoskopiyanın tətbiqi çətinləşir. Fibroskopu qida borusunun mənfəzinə yalnız selikli qişanın infiltrativ anesteziyasından sonra yeritmək mümkün olur. Xroniki spazm zamanı selikli qişa hiperemiyalaşır, çapıq strikturaları və deformasiyalara rast gəlinə bilər. Qida borusunun aşağı hissələrinin spazmında selikli qişada heç bir dəyişiklik aşkarlanmır. Sadəcə toplanan qida kütlələri fibroskopun mədəyə keçməsinə mane olur.
Ezofagel manometriyanın nəticələri bir sıra xəstələrdən norma həddində olur. Qalan pasiyentlərdə isə qida borusu əzələlərinin dalğavari spastik yığılmaları, orqandaxili təzyiqin 30 mm.cv.süt-dan yuxarı qalxması, spazmla növbələnən normal peristaltika müəyyən edilir. QERX ilə differensiasiya üçün intraezofageal pH-metriya icra oluna bilər.
Qida borusunun spazmının müalicəsi
Terapiya medikamentoz və qeyri-medikamentoz üsullarla aparılır. Xəstələrə ciddi qidalanma rejimi, çoxlu miqdarda su qəbulu təyin olunur. Gündəlik rasiondan çox isti və soyuq xörəklər, qazlı və spirtli içkilər, kobud qida lifləri çıxarılır.Qarın boşluğundan təzyiqin yüksəlməsinə yol verməmək üçün pasiyentə normadan artıq qidalanmamaq, ağır yük qaldırmamaq məsləhət görülür.
Medikamentoz müalicə spazmolitiklərin və ezofageal peristaltikanı normaya salan preparatların köməyilə həyata keçirilir. Bu məqsədlə xəstələrə nitratlar, antixolinergik vasitələr, kalsium kanallarının blokatorları təyin olunur. Qida borusunun spazmının qarşısını almaq üçün əksər pasiyentlərə sedativ preparatlar tövsiyə edilir.
Qida borusunun spazmının proqnoz və profilaktikası
Qida borusunun spazmı hətta ağır fəsadlar olmadıqda belə, xəstənin həyat keyfiyyətini pisləşdirir. Proqnoz xəstəliyin forması, ağırlıq dərəcəsi, lokalizasiyasından, pasiyentin yaşından, əlamətlərin təzahür etdiyi andan tibbi yardımın göstərilməsi arasındakı müddətdən asılıdır.
Qida borusunun spazmının profilaktikası ikincilidir. Bura fon xəstəliklərinin müalicəsi, ildə 1 dəfə endoskopik müayinə daxildir. Residivlərin qarşısını almaq üçün sanator-kurort müalicəsi məsləhət görülür.