Qida borusu venalarının varikozu
Qida borusu venalarının varikozu– ezofagial venaların fleboektazlar hesabına kisəşəkilli genişlənməsi və burulması ilə xarakterizə olunan xəstəliyidir. Xəstəlik qaraciyər, ürək və digər orqanların zədələnməsi səbəbindən yarana bilər. Çox vaxt xəstəlik ən təhlükəli ağırlaşma olan- qanaxma olanadək gizli keçir. Qida borusu varikozunun əsas diaqnostika üsulu FQDS (fibroezofaqoqastroduodenoskopiya)- dir. FQDS zamanı müalicəvi hemostaz da aparmaq mümkün olur. Müalicədə həmçinin konservativ üsullar: əsas xəstəliyin müalicəsi, qanaxmanın medikamentoz dayandırılması da aparılır. Terapevtik tədbirlər kömək etməzsə şuntlama əməliyyatı aparılmalıdır.
Qida borusu venalarının varikozu haqqında ümumi məlumat
Qida borusu venalarının varikozu- venoz sistemin patologiyası olub, qapı venası və ya boş vena sistemində təzyiqin artması nəticəsində yaranır. Qida borusunun damar sistemi qarın boşluğu orqanlarının venaları və ilk növbədə qapı venası sistemi ilə sıx bağlıdır. Portal venada təzyiqin yüksəlməsi ezofagial venalardan qanın axının zəifləməsinə və durğunluğa səbəb olur ki, bu da varikozun inkişafına təkan vermiş olur. Son illərdə virus hepatitlərini və digər qaraciyər xəstəliklərinin, alkoqolizmin sürətlə yayılması portal hipertenziya hallarının da xeyli artmasına gətirib çıxarmışdır.
Bu patologiyanın ən böyük təhlükəsi ondadır ki, xəstələrin demək olar ki, yarısı ilk qanaxma zamanı həyatlarını itirirlər. Təkrar hemorragiya (qanaxma) riski yüksəkdir ki, bu da ölüm hallarını 80%-ə yüksəldir. Xəstəlik sağalmır. Xəstənin ömrünü uzatmağın tək yolu təkrari müayinələr aparmaqla xəstəliyin gedişinə nəzarət etmək və qanaxma əleyhinə tədbirlər görməkdir.
Qida borusu venalarının varikozunun səbəbləri
Əksər hallarda qida borusu venalarının varikozunun səbəbi portal vena sistemində yüksək təzyiqlə bağlı olur. Az hallarda isə səbəb sistem arterial hipertenziya (hipertoniya xəstəliyi) və ya anadangəlmə patologiya ilə bağlı ola bilər. Portal vena sistemində təzyiqin yüksəlməsinə- qaraciyər sirrozu və ya digər ağır qaraciyər xəstəlikləri, qapı venasının sıxılmasına səbəb olan qaraciyərin və ya mədəaltı vəzinin şişləri, portal tromboz və ya inkişaf anomaliyaları səbəb ola bilər. Qapı venasında təzyiq yüksək olduqda venoz qan kollateral damarlar vasitəsilə mədə və qida borusu venalarına “atılır” və bu venalarda da təzyiq yüksəlmiş olur. Qaraciyər xəstəlikləri zamanı əsasən qida borusunun aşağı, mədəyə yaxın olan hissəsində venalar genişlənmiş olur. Hipertoniyaya bağlı varikozda isə qida borusunun bütün uzunluğu boyunca damarlar genişlənmiş olur. Həmçinin qida borusu varikozunun səbəbi yuxarı boş venanın sıxılması, ağır qalxanvari vəzi xəstəliyi olan Kiari sindromu da ola bilər. Qida borusunu venalarının varikozu daha çox 50 yaşdan yuxarı kişilər arasında rast gəlinir.
Qida borusu venalarının varikozunun simptomları
Çox vaxt ilk simptom genişlənmiş (fleboektaz) venanın qanaxması olur. Nadir hallarda qanaxmadan bir neçə gün öncə xəstələr döş sümüyü arxasında təzyiq, sıxılmadan şikayət edə bilərlər. Bəzən ezofagit qanaxmanın səbəbi ola bilər. Belə ki, genişlənmiş damar divarı selikli qişaya çox yaxın olduğundan sərt qida təsirindən zədələnə və iltihablaşa bilər. Bu halda xəstələr yanğı, qıcqırma, hıçqırmadan əziyyət çəkirlər.
Normada qida borusu venalarında təzyiq 15 mm civə sütununu keçmir. Varikoz zamanı bu rəqəm xeyli yüksəlir. 25 mm civə sütunu kritik hal sayılır. Həmçinin, xəstəliyin ağırlıq dərəcəsinə təzyiqin nə qədər yüksək olması ilə yanaşı, hansı tezliklə dəyişməsi də böyük əhəmiyyət kəsb edir.
Qanaxma cüzi, nəzərəçarpmaz dərəcədə də ola bilər. Lakin xəstələrin 60%-dən çoxunda qanaxma massiv, böyük ölçüdə olur və ölümlə nəticələnir. Çox vaxt qanaxma təzyiqin dəyişməsi fonunda- ağır fiziki aktivlik, normadan çox yemək zamanı və ya yuxuda baş verir. Davamlı cüzi qanaxmalar xəstənin ümumi vəziyyətinə ciddi təsir etməsə də, dəmir defisitli anemiyaya səbəb olur. Belə qanaxmalar qan laxtaları qarışmış qusma, ürəkbulanma, zəiflik, melena (qara nəcis-qanaxmaya bağlı), çəkinin azalması ilə müşayiət olunur. Qanaxma massiv (güclü) olarsa xəstədə qanlı davamlı qusma, zəiflik, huşun aydın olmaması, tərləmə müşahidə olunur, təzyiq kəskin aşağı düşür, ürək döyüntüləri artır.
Qida borusu venalarının varikozunun diaqnostikası
Qaraciyər xəstəliklərinin müayinəsi zamanı qanaxmaya bağlı anemiya aşkarlanır. Qarın boşluğu orqanlarının USM-i, qaraciyərin MRT müayinəsi qida borusu venalarının genişlənməsinə səbəb olan əsas xəstəliyi aşkar etməyə imkan verir. Qida borusunun kontrast maddə ilə Rentgenoqrafiyası hesabına venoz damarların qida borusunun mənfəzinə doğru “qabarması” nəticəsində onun daralma dərəcəsini və divarının deformasiyasını qiymətləndirmək mümkün olur.
Qida borusu venalarının varikozunun diaqnostikası üçün ən informativ üsul -FQDS-dir. FQDS zamanı endoskop vasitəsilə qabarmış venalar mavi düyünlər şəklində görünür. Qanaxma güclü olduqda mənbəyini tapmaq çətinlik törədir. FQDS- düzgün diaqnoz qoymağa, varikozun dərəcəsini və fleboektaz venanın partlamaq təhlükəsini dəqiqləşdirməyə, doğru müalicə tədbirlərini təyin etməyə imkan verir. Nəzərə almaq lazımdır ki, qida borusu venalarının fleboektazı fonunda qanaxmalar MBT-nın digər şöbələrindən (məsələn, mədə-bağırsaq qanaxması) və başqa səbəblərdən: MBT-nın şişləri, Xora xəstəliyi, qanın laxtalanma sisteminin patologiyaları (trombositopeniya, Villebrand xəstəliyi, hemofiliya, trombositopenik purpura), Mellori-Veys sindromu və s səbəblərdən də baş verə bilər.
Qida borusu venalarının varikozunun müalicəsi
Xəstəliyin simptomlardan asılı olaraq pasient qastroenterologiya və ya cərrahiyyə şöbəsində müalicə ala bilər. Qastroenterologiya şöbəsində əsas xəstəliyin müalicəsi və qanaxmaəleyhinə tədbirlər görülür. Müalicədə hemostatik preparatlar, antasidlər, vitaminlər istifadə olunur. Mütləq qaydada reflyuksun profilaktikası aparılır. Ciddi şəkildə qidalanma rejimi, fiziki aktivlik və istirahətin təşkili məsləhət görülür.
Qanaxma zamanı hemostatik terapiya- kalsium preparatları, K vitamini, dondurulmuş plazma təyin edilir. Qanaxma mənbəyini aşkar etmək və qanayan damarın kliplə bağlanması, trombin və ya yapışdırıcı maddənin çəkilməsi, damarın elektrokoaqulyasiyası məqsədilə təcili ezofaqoskopiya təyin edilir. Qanaxmanı dayandırmaq üçün Blekmor zondu ilə endoskopik daxil olunur. Blekmor zondunda xüsusi baloncuqlar vardır ki, şişirtdikdə qida borusunun mənfəzini bağlayır və damarları tutur. Lakin, 40-60% hallarda bu prosedur heç bir nəticə vermir.
Qanaxma dayandıqdan və vəziyyət stabilləşdikdən sonra cərrahi müalicə üsulları təyin edilir. Cərrahi müdaxilə konservativ müalicə üsullarından daha effektivdir. Adətən, cərrahi müdaxilə portal vena ilə ümumi axacaq arasında şunt qoymaqla aparılır və nəticədə qapı venası sistemində təzyiq düşür və qanaxma riski minimal olur.
Belə hallarda daha təhlükəsiz və yayılmış üsullar olan endovaskulyar transyuqulyar (vidaci venadan daxil olmaqla) şunt qoyulması, həmçinin portokaval və splenorenal anastomozların qoyulması, dalağın çıxarılması, tək vena ilə qapı venasının, dalaq arteriyasının bağlanması, qida borusu venalarının tikilməsi və ya embolizasiyası tətbiq edilir.
Son dövrlərdə endoskopik Bant liqasyonu üsuli ilə müalicə üsul geniş tətbiq edilir. Bu üsulda endoskopik yolla qida borusuna daxil olaraq qanayan damara elastiki bant vurulur və qanaxma dayanır.
Qida borusu venaları varikozunun proqnozu və profilaktikası
Xəstəliyin proqnozu qeyri-qənaətbəxşdir. Qida borusu venalarının varikozu sağalan xəstəlik deyil. Bu diaqnoz qoyulmuş xəstələrdə əsas müalicə tədbirləri xəstəliyin proqressivləşməsinin qarşısını almaq və qanaxmanı önləməkdir.
Xəstəliyin profilaktikasının tək yolu səbəb olan xəstəliklərin qarşısının alınması və vaxtında müalicə olunmasıdır. Əgər anamnezdə qaraciyər sirrozuna gətirib çıxaracaq və portal venada təzyiqin artmasına səbəb olacaq qaraciyər patologiyası varsa, pasient qastroenteroloqun nəzarətində olmalı və qida borusu venalarının varikozunun mümkün qədər erkən diaqnostikası aparılmalıdır.
Formalaşmış varikozda sərt pəhrizə riayət etmək lazımdır. Qida ya buxarda bişirilməli, ya da qaynadılmalıdır. Sərt qidaları mümkün qədər kiçik tikələr şəklində qəbul etmək lazımdır. Qidanı həddən artıq soyuq və ya isti şəkildə qəbul etməmək məsləhət görülür. Qida borusunu zədələməmək üçün çox bərk qidaları qəbul etməmək lazımdır. Mədə möhtəviyyatının qida borusuna reflyuksunun qarşısını almaq üçün yatarkən hündür yastıqdan istifadə edilməlidir. Qanaxmanın profilaktikası üçün ağır fiziki aktivlik və ağır yük daşımaq olmaz.