Qırışlar

Qırışlar – dərinin turqorunun azalması fonunda onun relyefinin boylama və köndələn büküşlər, şırımlar şəklində kəskin ifadə olunmasıdır. Kosmetologoyada qırışların 3 tipi ayırd edilir: mimik, statik və qravitasion. Lokalizasiya və tipindən asılı olmayaraq, qırışlar dərinin boşalması və orqanizmin ümumi yaşlanması ilə assosiasiya olunur. Bu fakt xüsusən zərif cinsin nümayəndələrində illərin qoyduğu izlərdən azad olmaq istəyi yaradır. Qırışları aradan qaldırmaq üçün dəriyə qulluq, pilinq, inyeksiya (konturlu plastika, botulinoterapiya) və aparat üsulları (miostimulyasiya, RF-liftinq, lazerlə cilalanma və s.), plastik əməliyyatlar aiddir.

Qırışlar barədə ümumi məlumat

Qırışlar – dərinin yaşlanmasının ən gözə çarpan əlamətidir. Onlar tədricən formalaşır. Yaş artdıqca dəri nəmlik və elastikliyini itirir, quru və kələ-kötür olur. Əvvəlcə alın,  sonra isə  göz və ağız ətrafı, burnun üst hissəsi, boyun və dekolte nahiyəsində qırışlar əmələ gəlir.

Qırışlarla mübarizə aparmaq üçün ilk növbədə onların növləri, spesifik xüsusiyyətləri ilə tanış olmaq lazımdır.

Qırışların tipləri

Qırışların müasir təsnifatının əsasını bir neçə əlamət təşkil edir. Qırışın tipi onların sayı, ölçüsü, yaranma müddəti və dəri relyefinin xüsusiyyətlərinə nəzərən müəyyən edilir. Qırışların yaranması orqanizmin təbii (fizioloji) yaşlanması,  menopauza dövründə hormonal dəyişiklklər, ekzogen amillərin mənfi təsiri (fotoqocalma) ilə bağlıdır. Lokalizasiyasına görə qırışlar aşağıdakı tiplərə bölünür: alın, burun-dodaq və ağız ətrafı, göz ətrafında «qaz ayağı», «şir» (qaş arası). Qırışlar boylama və köndələn, dərin və səthi olur.

Qırışların yaranma müddəti və ölçüsü dərinin maddələr mübadiləsi, onun quruluşunun individual xüsusiyyətləri, xarici amillərin təsir dərəcəsindən asılıdır. Dəri tipinə uyğun düzgün kosmetik qulluq qırışların erkən yaranmasının qarşısını almağa imkan verir. Quru dəri xüsusi diqqət və qulluq tələb edir, bu da onun dehidratasiya (nəmliyin itirilməsi) və günəş şüaları, əlverişsiz mühit amillərinin təsirindən qırışların yaranmasına meylliliyi ilə bağlıdır.

Yuxarıda qeyd edildiyi kimi qırışlar statik, mimik və qravitasion (yaşla əlaqədar) olur. Statik qırışlar  dərinin quruluğu və dehidratasiyası nəticəsində formalaşır. Onlar alın və ya yanaqlarda əmələ gəlir. Yeni hüceyrələrin sintezinin zəifləməsi ilə əlaqədar dərinin elastikliyinin azalması qravitasion qırışların yaranmasına gətirib çıxarır. Bu tip qırışlar orqanizmin ümumi yaşlanmasının əlaməti sayılır. Emosiyanı ifadə edən səthi əzələlər gün ərzində saysız-hesabsız yığılaraq, əvvəlcə az nəzərə çarpan, zamanla isə dərin qırışların formalamasına səbəb olur.

Aktiv mimikaya malik (gözləri qıymaq, alını qırışdırmaq, qaşları çatmaq) emosional insanlarda mimik qırışlar erkən yaşlarda meydana çıxır. Bu proses həm də əzələlərin yığılmasında iştirak edən və hialuron turşusu, elastin, kollagen sintezinə cavabdehlik daşıyan dəri hüceyrələri – fibroblastların individual quruluş xüsusiyyətlərini müəyyən edən genetik amillə izah olunur. Adətən mimik əzələlər uz əzələlərinin aktiv şəkildə yığıldığı zonalar: göz bucaqları, burnun üst hissəsi, burun-dodaq büküşləri, alın nahiyəsində gözə çarpır.

Temperatur dəyişikliyi, külək, ultrabənövşəyi şüalanma, dərinin yüksək nəmliyi və digər xarici amillərin mənfi təsiri mimik əzələləri daha da dərinləşdirir.

Dəri hüceyrələrinin bərpa prosesində iştirak edən qidalı maddələrin çatışmazlığı qırışların ifadəliliyinə səbəb olur. Hipodinamik və qeyri-düzgün həyat tərzi, xüsusən siqaret çəkmə, psixoloji stress, balanslaşdırılmamış qidalanma, keyfiyyətsiz kosmetika və üzə qulluq vasitələrinin istifadəsi dəri vəziyyətinə təsiy edən güclü neqativ amillərdəndir.

Digər tiplərlə müqayisədə mimik qırışlar daha erkən yaranır. Emosional insanlarda onlara hətta 20-25 yaşlarda rast gəlinir. Yaşla bağlı dəyişikliklərlə əlaqədar xırda qırışlar dərin büküşlərə keçir, dəri örtükləri sallanır (ptoz). Bu proseslər həm də yerin cazibə qüvvəsi ilə bağlı olduğundan bir sıra tibbi mənbələrdə belə qırışlar «qravitasion» adı altında qeyd olunur.

Qırışların yaranma səbəbləri

Üz bədənin açıq sahəsi olduğundan əlverişsiz xarici amillərin təsirinə daha çox məruz qalır. Bundan əlavə mimik əzələlərin reflektor yığılma və boşalması ilə insan öz emosiyalarını – ağrı, qorxu, qəzəb, sevinc, kədər, məyusluğunu ifadə etməsi əvvəlcə az nəzərə çarpan, yaş artdıqca isə daha dərin qırışların yaranmasına gətirib çıxarır.

Bir sıra hallarda qırışlar immunitetin zəifləməsi, ciddi xəstəlik, eləcə də ağır pəhrizə riayət edərkən kəskin arıqlama fonunda əmələ gəlir. Həmçinin keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi qırışların yaranma səbəblərindən hesab olunur.

Üz dərisi özünəməxsus quruluşa malikdir. Nazik epidermis və derma, kövşək dərialtı piy qatı nəmliyin tez itirilməsinə və nəticədə dərinin sallanmasına səbəb olur. Dərinin dehidratasiyasının  mikrosirkulyator yataq damarlarından su ehtiyatı ilə kompensasiyası hər zaman mümkün olmur. Dərialtı piy qatının kövşək quruluşu ilə bağlı dərinin yüksək hərəkətliliyi müxtəlif emosional vəziyyətlərin ifadə olunmasını təmin edir. O, həmçinin dərialtı qatlarda suyun miqdarını dəyişdirərək, ödemlər (suyun çox olduğu hallarda) və ya ağız bucaqlarında çatlara (suyun çatışmazlığı) səbəb olur.

Qırışların başlıca yaranma səbəbləri

Dərinin fizioloji yaşlanması. Təbii qocalma prosesi insan orqanizminin bütün orqan və toxumalarını əhatə edir. Hətta praktik sağlam insanlarda artıq 30 yaşda üz dərisi xronoloji yaşı bildirir, bu da bədənin açıq hissələrinin xarici mühit amillərinin əlverişsiz təsirinə daha çox məruz qalması ilə bağlıdır. Dərinin cavanlıq və nəmliliyini təmin edən «tikinti materialları» – elastin və kollagen liflərin sintezinin zəifləməsi göz ətrafı və alın nahiyəsində ilk qırışların yaranmasına gətirib çıxarır. Bununla yanaşı hava və suyun çirklənməsi dəriyə aqressiv təsir edir.

Fotoyaşlanma. Günəş süaları həyat mənbəyi hesab olunur. Onun təsiri altında insan orqanizmində gedən biokimyəvi reaksiyaların zəruri komponenti hesab olunan D vitamini sintez olunur. Lakin müasir elm aktiv şüalanmanın dəriyə neqativ təsirini və onun erkən yaşlanmasına səbəb olmasını sübut etmişdir. Dərinin qabıqlanması, piqment ləkələri, kuperoz, xırda qırışların yaranması DNT hüceyrələri, kollagen liflər və hüceyrəarası strukturların dağılması nəticəsində baş verir. Günəş süalarının zərərli təsiri patoloji dəyişilmiş elastinin toplanmasına, qan damarlarının möhkəmliyinin azalmasına gətirib çıxarır. Nəticədə dərinin elastiklik və nəmliyi itirilir, erkən qırışlar formalaşır.

Aktiv mimika. Qırışların yaranması xarici amillərlə yanaşı, həm də insanın davranışı ilə bağlıdır. Öz emosiyalarını aktiv şəkildə ifadə edən, xüsusən sanqvinik və ya xolerik təbiətli insanlarda qırışlar daha qabarıq olur. Belə hallarda qırışlara dərinin dehidratasiyası (nəmliyin itirilməsi), mimik əzələlərin həddindən artıq yığılması səbəb olur. Əhval-ruhiyyənin tez-tez dəyişməsi, emosiyaların bir-birilə sürətlə əvəz olunması erkən qırışların yaranması ilə nəticələnir.

Emosional amillər. Müasir həyatın çılğın ritmi, onun sürəti və kataklizmalar stress vəziyyətlərinə gətirib çıxarır.  Yüksək sosializasiya, yəni şəxsiyyətlər arası münasibətlərin müxtəlifliyi emosional gərginliklərlə müşayiət olunur. Bütün narahatlıqlar, həyəcan, qorxu və s. hisslər dərinin vəziyyətində əks olunur, bu mexanizm adrenalin, qlükokortikoidlərin (stress hormonları) təsiri ilə bağlıdır. Onların əsas hissəsi həyati vacib orqanlara ötürülür, dəridə isə bu hormonların defisiti nəticəsində qidalı maddələr və oksigen çatışmazlığı yaranır. Gənclərdə uğursuz sevgi və ya imtahanla bağlı emosional gərginliklər dərinin vəziyyətinə mənfi təsir edərək, qırışların formalaşmasına səbəb olur. Yaş artdıqca insan stresslə daha tez-tez üzləşir. İşdə və ailədə yaranan münaqişələr əhval-ruhiyyəni pozmaqla yanaşı, ümumi orqanizmin, o cümlədən üz dərisinin vəziyyətində öz əksini tapır.

İqlim xüsusiyyətlərinin təsiri. Havanın temperaturunun kəskin dəyişməsi, günəş şüası və nəmliyin çatışmazlığı və ya izafi miqdarda olması dərinin yaşlanmasına səbəb olur. Mülayim və ya subtropik iqlim şəraiti dəri üçün daha optimal sayılır.

Ətraf mühitin zərərli amillərinin təsiri. Texniki proses və sivilizasiyanın müasir nəaliyyətləri insan həyatını asanlaşdırmaqla yanaşı onun sağlamlığına ziyan vurur. Bunlara çirklənmiş hava və su, süni boya maddələri, müxtəlif stabilizatorlar, aromatizatorlar və digər kanserogen maddələrlə zəngin qida məhsulları, məişət elektrik avadanlıqları, kömpüterın zərərli təsirlərini misal göstərmək olar. Bundan əlavə insan tərəfindən könüllü surətdə güclü zəhərlərin- siqaret, alkoqol və narkotik vasitələrin istifadəsi sağlamlığa və xarici görünüşə kifayət qədər xələl gətirir.

Bədən kütləsinin kəskin dəyişməsi. Qadınların daima cavan qalmaq istəyi bəzən hipertrofiyalaşmış forma alır, onlar ağır pəhrizlər və ya aclıqla tez bir zamanda arzuolunan nəticəni əldə etməyə çalışırlar. Yadda saxlamaq lazımdır ki, hər şey qədərində olanda gözəldir. Pəhriz günləri, mülayim qidalanma balanslaşdıırlmış və adekvat şəkildə aparılmalıdır. Çünki aclıq orqanizmdə stress yaratmaqla ciddi fəsadlar törədə bilər. Qida maddələrinin çatışmazlığı dərialtı piy qatının (ilk növbədə üz nahiyəsində) ehtiyatın sərf olunması hesabına kompensə edilir, bu da üz dərisinin dehidratasiyasına və qırışların formalaşmasına səbəb olur.

Kosmetik vasitələrin qeyri-düzgün istifadəsi. Bir çox qadınlar rəfiqələrinin tərifindən qaynaqlanaraq, kosmetik vasitələrin üzərindəki qeydlərə fikir vermədən onları əldə edir. Nəzərə almaq lazımdır ki, hər bir kosmetik vasitə – müəyyən dəri tipi üçün hazırlanaraq, konkret məqsəd daşıyır. Üzə yanlış qulluq əks-təsirlə nəticələnə bilər. Məsələn,  quru dərini spirtli losyonlarla sildikdə onun quruluğu daha da artır, yağlı dəridə isə quru dəri üçün nəzərdə tutulan vasitələrin istifadəsi onun daha çox yağlanması və məsamələrin tutulmasına səbəb olur. Qeyri-düzgün qulluq dərinin vəziyyətinə ziyan vuraraq, qırışların yaranmasına gətirib çıxarır.

Daxili orqanların xəstəlikləri. Təravətli, parlaq üz dərisi, təbii qızartı və elastiklik sağlamlıq əlamətidir. Bədəndə gizli patologiya olduqda (qaraciyər, böyrək, ağciyər, endokrin sistemin xəstəlikləri) ilk növbədə üz dərisi bundan xəbər verir. Turqorun azalması, dərinin boşalması və bozumtul rəng alması, erkən qırışlar kosmetik deyil, tibbi problemlərin olmasına dəlalət edir. Belə hallarda ilkin səbəb mütləq aradan qaldırılmalı, sağlamlığa ciddi diqqət yetirilməlidir.

Yuxarida qeyd olunan məlumatları analiz etməklə üz dərisinin qocalmasının qarşısını almağa imkan verir.

Qırışların profilaktikası

Dərinin yaşlanmasına səbəb olan çoxsaylı xarici və daxili amillərin olmasına baxmayaraq, profilaktik tədbirlərə əməl etməklə qırışların yaranmasını ləngitmək mümkündür.

30 yaşdan sonra dəri elastiklik və turqorunu itirməyə başlayır. Məhz bu dövrdə profilaktik prosedurlara başlamaq lazımdır. Dərinin fərdi xüsusiyyətlərini, eləcə də ətraf mühit şəraitindən (iqlim, ekoloji, istehsalat) asılı olaraq bu dəyişikliklər bir qədər tez və ya gec baş verə bilər. Bu səbəbdən qırışların aktiv profilaktikasına konkret hansı yaşda başlamaq barədə qəti fikir yoxdur. Bildiyimiz kimi, hər hansı bir problemin qarşısını almaq onunla mübarizə aparmaqdan daha asandır. Qırışların profilaktikası kompleks şəklində aparılmalıdır. Kosmetik vasitələrin tətbiqi ilə yanaşı həyat tərzi korreksiya olunmalı, zərərli vərdişlərdən imtina edilməlidir.

Dərinin yaşlanma prosesi ilə mübarizədə balanslaşdırılmış, müntəzəm qidalanma mühüm rol oynayır. O, dəri hüceyrələrini zülal liflərinin sintezi üçün zəruri olan qidalı maddələrlə təmin edir. Nikotin və siqaret tüstüsü dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxarır. Bu səbəbdən siqaretdən imtina qırışların kompleks profilaktikasının vacib şərti sayılır. İzafi insolyasiya dərinin qurumasına və erkən qırışların yaranmasına səbəb olur. Bununla əlaqədar günəşdən qorunma üçün xüsusi vasitələrdən istifadə edilməlidir .

Mimik qırışların yaranmasını ləngitmək məqsədilə bəzi adətlərdən azad olmaq lazımdır: gözləri qıymaq, alın nahiyəsini qırışdırmaq, dodaqları büzmək. İsti havalarda gün eynəyi taxılmalıdır. Mimik əzələləri möhkəmləndirmək üçün üz və boyun üçün gimnastika çox faydalıdır. Xüsusi hərəkətlərin köməyilə dəri lifləri və əzələ toxuması möhkəmlənir, mübadilə prosesləri aktivləşir.

Həttə sadə hərəkətlər, məsələn gözləri açıb-bağlamaq,  dil vasitəsilə dodaq və yanaqların daxili səthini masaj etmək, sait səsləri tələffüz etmək, dodaqları önə çəkmək sistematik şəkildə yerinə yetirildikdə müsbət nəticələr verir. Digər effektiv profilaktik vasitə ev şəraitində və ya kosmetik salonda üzün masajıdır.

Qırışlarla mübarizə üsulları

Üz və boyun nahiyəsinə düzgün qulluq göstərilmədikdə qırışlar hətta cavan yaşlarda yarana bilər. Bu prosesə keyfiyyətsiz dekorativ kosmetikadan istifadə, üz əzələlərinin gərginliyi (gözləri qıymaq, alını qırışdırmaq adəti), stress, zərərli vərdişlər, əlverişsiz iqlim, peşə və ekolji amillər səbəb olur. Bu faktorların dərinin yaşla əlaqədar dəyişiklikləri ilə müştərəkliyi qırışların müxtəlif korreksiya üsullarının tətbiqini tələb edir.

Prosedurlar həkim-kosmetoloq tərəfindən pasiyentin yaşı, qırışların ifadəliliyi nəzərə alınmaqla fərdi qaydada təyin olunur. Bəzən cavan yaşlarda, qırışların bir o qədər nəzərə çarpmadığı hallarda mütəxəssis tərəfindən məsləhət görülən maska, losyon, krem, masaj, əzələ gimnastikasının köməyilə dəriyə ev şəraitində düzgün və sistematik qulluq kifayət edir. Müasir kosmetologiyada qırışlarla mübarizə aparan geniş spektrli aparat və inyeksiya üsulları mövcuddur. Lazerlə cilalanma, dermabraziya, miostimulyasiya, vakuumla masaj, radiodalğalı terapiya effektiv üsullardan sayılır. Meyvə turşularının köməyilə aparılan orta və dərin pilinq zamanı müsbət nəticələr əldə edilir. Kosmetik preparatların (botoks, disport, restilayn) dərialtı inyeksiyasından ibarət olan üzün kontur plastikanın effektivliyi hüceyrəarası sahənin preparatla doldurulması nəticəsində turqorunun artmasına əsaslanır.

Bu üsullar az travmatiklik, yüksək effektivlik, nisbi təhlükəsizliyi ilə seçilir. Onların vasitəsilə göz ətrafı, alın, burun-dodaq üçbucağının qırışları effektiv şəkildə korreksiya olunur. Yeridilən preperatların hüceyrələr tərəfindən tədricən mənimsənilməsi və sorulması ilə əlaqədar bu prosedurlar bir müddətdən sonra təkrarlanmalıdır. Aparat və inyeksiya üsullarının kosmetik vasitələrlə üzə gündəlik qulluqla müştərəkliyi əldə olunan effektin daha uzun müddət saxlanılmasına şərait yaradır.

Qırışlar çox dərin olduqda cərrahi üsul tətbiq oluna bilər. Yuxarıda sadalanan üsullarda fərqli olaraq, plastik əməliyyat daha tez nəticə  verir və onun təsiri uzunmüddətli olur. Lakin cərrahi üsul baha olub, müəyyən fəsadların yüksək yaranma riski ilə müşayiət edilir. Plastik əməliyyat adətən az invaziv üsulların qeyri-effektiv olduğu hallarda icra olunur.

Qırışlarla özbaşına mübarizə aparmaq düzgün deyil. İxtisaslaşdırılmış klinikaya nə qədər tez müraciət olunarsa, qırışların korreksiyası bir o qədər asan və effektiv olar.

error: Content is protected !!