Quru dəri

Quru dəri – solğun rəng, xırda məsamələr, qabıqlanma, dartılma hissi ilə özünü büruzə verir. Gənclik dövründə bu tip dəri nazik və zərif görünsə də ona düzgün qulluq edilmədikdə yaş artdıqca dərinin vəziyyəti proqressiv şəkildə pisləşir, erkən qırışlar müşahidə edilir. Dərinin quruluğu su və lipid mübadiləsi, piy və tər vəzilərinin fəaliyyətinin pozulması, zəif turşu reaksiyalı pH-la (turşu-qələvi balansı) xarakterizə olunur. Quru dərini mütəxəssisə müraciət etmədən sərbəst şəkildə müəyyən etmək mümkündür: dəriyə barmaqla təzyiq etdikdə izlər uzun müddət qalarsa, belə dəri tipi quru hesab olunur.

Suyun dəri üçün əhəmiyyəti

Dərinin normal fəaliyyəti və qənaətbəxş görünüşünün əsas şərtlərindən biri hidratasiyasının (nəmlik) normal səviyyədə olmasıdır. Hidratasiya dəri hüceyrələrinin qidalanması, onun turqor və tonusunu təmin edir. Dəri lazımi dərəcədə nəmləndirilmədikdə nazilir, quruyur və qırışır.

Bir sıra neqativ amillər: soyuq və külək, quru hava və günəş şüaları, siqaret və alkoqoldan istifadə, xlorlu və dəniz suyu, spirtli losyon və qələvi sabun, güclü təsirli pilinq və A, E və B qrup vitaminlərin çatışmazlığı dərinin quruluğunu daha da artırır.

Dərinin nəmlik dərəcəsi epidermisin buynuz qatının vəziyyəti və dəri piyinin miqdarından asılıdır.   Epidermisin buynuz hüceyrələri – korneositlər və piy vəzilərinin ifraz etdiyi sebum dərini dehidratasiyadan (suyun itirilməsi) müdafiə edən lipid qatı formalaşdırır.

Bu müdafiə sistemi dərinin nəmliyini qorumaqla yanaşı, həm də dərinin hiperhəssaslığına səbəb olan xarici agentlərin orqanizmə daxil olmasının qarşısını alır. Lipid qatı düzgün formalaşmadıqda  dehidratasiya ilə bərabər dərinin baryer funksiyası da zəifləyir, o, toksin, allergen və patogen mikroblarla mübarizə apara bilmir. Nəticədə quru dəri erkən qocalmadan əlavə, iltihabi proseslər və immun reaksiyalara da məruz qalır.

Quru dərinin səbəbləri

Dərinin su balansının pozulması bir sıra səbəblərdən baş verə bilər. Orqanizmin individual xüsusiyyətləri və yaşla bağlı dəyişiklikləri, dəriyə qeyri-düzgün qulluq piy vəzilərinin funksiyasına təsir göstərir. Onların fəaliyyəti əsasən endokrin yolla tənzimlənir, bir sıra hallarda isə irsi amilin təsirindən asılı olur. Yaş artdıqca orqanizmdə gedən hormonal dəyişikliklər dəri piyinin ifrazını zəiflədir. Qadınların əksəriyyəti 40 yaşdan sonra dəri və selikli qişaların həddindən artıq qurumasından şikayət edirlər. Bu da ilk növbədə menopauza dövründə hormonal statusun dəyişməsi ilə bağlıdır.

Dərinin gözəllik, cavanlıq və sağlamlığının müəyyənedici amili orqanizmin su balansının səviyyəsidir. Qida ilə qəbul edilən mayenin miqdarının azlığı dərinin quruluğuna səbəb ola bilər. Kosmetoloqlar gün ərzində 2 litrə su içilməsini məsləhət görürlər, belə hallarda həm dərinin normal nəmlik səviyyəsi təmin olunur, həm də parçalanma məhsulları və toksinlər orqanizmdən çıxarırır.

Dərinin quruluğu, qabıqlanması və dartılma hissi erkən yaşlanmanın səbəbləri sayılır. Dərinin turqorunun azalması xırda qırışlara gətirib çıxarır. Dəri lazımi qaydada nəmləndirilmədikdə səthi qırışlar tez bir zamanda dərin şırımlarla əvəz olunur. Qırışlar ilk növbədə dərinin nazik olduğu sahələrdə – göz və ağız ətrafı nahiyədə, boyunda əmələ gəlir. Qeyri-qənaətbəxş iqlim amilləri (külək, aşağı rütubət, günəş şüaları, soyuq hava, temperatur dəyişikliyi) dərini daha da qurudaraq, nəmliyin itirilməsinə səbəb olur.

Quru dəri qeyri-rasional qidalanma, vitamin-mineral çatışmazlığı, sinir sisteminin xəstəlikləri, isti sexlərdə iş fəaliyyəti ilə əlaqədar ola bilər. Bu amillər dəridə zəncirvari dəyişikliklər baş verir.  Dərinin baryer funksiyasının zəifləməsi nəmliyin itirilməsinə, o da öz növbəsində mikrosirkulyasiya və toxumaların trofikasının pozulmasına gətirib çıxarır. Qan təhcizatının zəifləməsi nəticəsində kollagen lifləri zədələnir, dərinin elastikliyi zəifləyir. Dəriyə düzgün qulluq olunmadıqda bu pozulmalar daha da dərinləşir.

Kosmetika və qulluq vasitələrinin dərinin tipinə uyğun seçilməməsi quruluğa səbəb olur. Piy vəzilərinin hipofunksiyası zamanı üzün sabunla yuyulması, spirtli losyon, qabıqlandırıcı pilinq və skrab, dartıcı maskalardan istifadə qadağandır. Kosmetik prosedurlardan ferment pilinqinə üstünlük verilməlidir. Pilinqin bu növü müdafiə qatına zərif şəkildə təsir göstərir, quru dərini intensiv nəmləndirir.

Quru dəriyə qulluq prosesində qidalandırıcı, vitaminləşdirici, tonuslandırıcı krem və maskalar, spirtsiz toniklər, tərkibində kollagen və elastin olan kremlərdən istifadə olunmalıdır. Bu kosmetik vasitələr dərinin təbii müdafiəsini bərpa edir.

Quru dəri ilə mübarizənin vacib anı qidalanmanın korreksiyasıdır: rasionun A, E, C vitaminləri ilə zənginləşdirilməsi, alkoqoldan imtina.

Dərini nəmləndirmə üsulları

Quru dəri ilk növbədə xarici mühitin aqressiv amillərindən qorunmalı və adekvat şəkildə nəmləndirilməlidir. Quru dərini nəmlədirən vasitələrin tərkibinə xüsusi maddə – humektantlar (hidratant) daxildir. Təsir mexanizminə görə humektantlar hiqroskopik və qat əmələ gətirici olur.

Qat əmələ gətirici humektantlara qliserin, mum, mineral yağlar aiddir. Onlar dəridə su keçirməyən qat yaratmaqla, suyun buxarlanmasının, nəmliyin itirlməsinin qarşısnı alırlar. Bu qrupa daxil olan hidratantlar arasında qliserin – təbii 3 atomlu spirt, 6 atomlu spirt sorbit, linolen və linol turşularını xüsusilə qeyd etmək lazımdır.

Mayeni saxlamaq xüsusiyyətinə görə qliserindən kosmetik vasitələrin hazırlanmasında geniş istifadə olunur. Yaxın keçmişdə amerikalı alimlər tərəfindən qliserinin daha bir xüsusiyyəti kəşf olunmuşdur – dərinin yeni hüceyrələrinin yetişmə prosesini stimulə etmək. Hüceyrələrin yenilənməsi nəmliyin normal səviyyəsini təmin edir və dərinin quruluğunu aradan qaldırır.

Bu qrupa aid olan 6 atomlu spirt sorbit də həmçinin hiqroskopik xüsusiyyətlərə malikdir. O, dərini nəmləndirir, eləcə də nəmləndirici krem, maska və digər kosmetik vasitələrin teksturasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, onlara yumşaqlıq və plastiklik verir. Linolen turşusu nəinki hidrofil təbəqə əmələ gətirir, o həm də epidermisin keçiriciliyini tənzimləyir. Linol turşusu su keçirməyən lipid baryerin formalaşması və dərinin yerli immunitetinin tənzimlənməsində iştirak edir.

Hiqroskopik humektantlar qrupuna sidik cövhəri, hialuron, pirrolidon karbon və süd turşuları, kollagen daxildir. Dəriyə doğma olan bu maddələrin molekulları suyu birləşdirərək, dehidratasiyanın qarşısını alır. Onlar epidermisdə təbii nəmləndirici faktoru (natural moisturizing factor – NMF) bərpa edir. Bu qrupun nümayəndələri arasında hialuron turşusu ən yüksək hiqroskopikliyə malikdir, onun 1 qramı 1 litr suyu gel şəklinə çevirməyə qadirdir. Kosmetika sənayesində xoruz pipiyi və akulanın dərisindən əldə olunan hialuron turşusuna böyük yer verilir.

Dəri hüceyrələri və hüceyrəarası sahədə yerləşən kollagen öz çəkisindən 30 dəfə artıq suyu udmaq qabiliyyətinə malikdir. Kosmetologiya sahəsində kollagenin su özünə hopdurmaq qabiliyyətindən geniş istifadə olunur.

Quru dəri üçün nəmləndirici vasitə seçərkən onun tərkibində yuxarıda sadalanan inqredientlərin olmasına fikir vermək lazımdır. Bu problem dərinin dehidratasiya dərəcəsi, fəsil, yaş və digər fərdi xüsusiyyətlər nəzərə alınmaqla dermatokosmetoloq tərəfindən həll olunmalıdır. Quru dəriyə düzgün qulluq olunmaqla qənaətbəxş kosmetik nəticə əldə etmək, onun cavanlıq və sağlamlığını qorumaq mümkündür.

error: Content is protected !!