Quru perikardit

Quru perikardit – ürəkətrafı kisənin iltihabı olub, onun parietal və visseral səhifələri arasına fibrin liflərinin toplanması ilə xarakterizə edilir. Quru perikarditin əlamətlərinə döş sümüyü arxasında udqunma, tənəffüs, öskürək zamanı güclənən ağrı; mialgiya, halsızlıq, qızdırma, təngnəfəslik, perikardın sürtünmə küyü aiddir. Quru perikarditin diaqnostikası auskultativ məlumatlar, laborator testlər, EKQ, ExoKQ və rentgenoqrafiya, KT və MRT nəticələrinə əsaslanır. Diaqnoz təsdiq olunduqda QSİƏP, qlükokortikosteroidlər təyin edilir.

Quru perikardit barədə ümumi məlumat

Quru perikardit – perikard səhifələrinin kəskin iltihabı olub, onların üzərinə fibrin liflərinin çokməsi ilə müşayiət edilir. Perikardit ürəkətrafı kisənin zədələnməsinin ən geniş yayılmış formasıdır. Autopsiyanın nəticələrinə əsasən xəstəlik 2-6% hallarda qeydə alınır. Konstriktiv,  irinli, eksudativ perikarditlər daha ağır gedişləri ilə fərqlənirlər.

Quru perikardit ürəkətrafı kisənin iltihabının ən çox rast gəlinən və perikarditin digər etioloji formalarının ən erkən inkişaf mərhələsi sayılır. Quru perikarditin aparıcı morfoloji əlaməti fibrinoz ekssudatın yaranması və perikard səhifələrində fibrin liflərinin toplanmasıdır, bununla əlaqədar onların bir-biri üzərində sürüşməsi çətinləşir.

Quru perikarditin yaranma səbəbləri

Quru perikardit müxtəlif səbəblərdən yarana bilər. Adətən patologiya ürəkətrafı kisənin Koksaki virusu və ECHO enterovirusu ilə zədələnməsi zamanı inkişaf edir. İkincili quru perikardit revmatizm nəticəsində baş verə bilər: belə vəziyyətlərdə perikarditin izoləolunmuş forması çox nadir hallarda müşahidə olunur, o, adətən endokard və miokardın iltihabi ilə müştərək şəkildə (pankardit) aşkarlanır. Revamtologiyada həmçinin sistemli qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit, podaqranın gedişini müşayiət edən quru perikarditlərə rast gəlinir.

Quru perikarditin digər etioloji amili vərəmdir. Vərəm mənşəli quru perikardit çox zaman plevra və peritonun vərəmi ilə yanaşı gedir. Perikarditin bu formasının terminal xroniki böyrək çatışmazlığı (azotemik üremiya), transmural miokard infarktı (epistenokarditik  perikardit) zamanı inkişafı mümkündür. Quru perikardit nadir hallarda krupoz pnevmoniya, divararalığının şişləri, bronxogen xərçəng, sepsis, qarın yatalağı, ürəyin travmaları ilə əlaqədar yarana bilər.

Quru perikarditin patogenezi

Quru perikardit ürəkətrafı kisənin 2-3 həftə davam edən kəskin iltihabıdır. Quru perikardit sağala və ya eksudativ və yaxud adheziv perikarditə keçə bilər. Perikard səhifələrinin zədələnməsinin yayılmasından asılı olaraq, məhdud və yayılmış quru perikarditlər ayırd edilir.

Əslində «quru perikardit» termini bir qədər formal hesab olunur, çünki iltihab perikard boşluğuna plazmanın maye hissəsinin, zülallar, o cümlədən fibrinogenlə zəngin qanın sızması ilə müşayiət olunur. Lakin sonralar maye fraksiya sorulur, fibrinogen isə fibrin şəklində perikard səhifələrinin üzərinə çökür. Tədricən fibrinoz kütlə qalınlaşaraq, qonşu toxuma ilə sıx birləşir. Fibrin daha çox atrioventrikulyar şırımda toplanır. Fibrin lifləri perikard səhifələri arasında dartılır; yarılma zamanı cırılaraq, ürəyə «pərişan saçlı» forma verirlər («сог villosum» – xovlu və ya tüklü ürək). Quru perikardit zamanı iltihaba çox zaman miokardın subepikardial qatları da cəlb olunur.

Quru perikarditin qənaətbəxş sonluğu üçün fermentlərin təsirindən fibrinin əriməsi və perikard səhifələri tərəfindən sorulması xarakterikdir. Əks halda çapıq toxumasının yaranması ilə fibrinin orqanizasiyası baş verir, bu da perikardın qalınlaşmasına və ya səhifələrinin bitişməsinə səbəb olur.

Quru perikarditin əlamətləri

Quru perikardit adətən qeyri-spesifik əlamətlər: halsızlıq, yorğunluq, iştahın azalması, titrətmə, tərləmə, subfebrilitet ilə təzahür edir. Perikardın iltihabı bir qayda olaraq, döş sümüyü arxasında yaranan ifadəli ağrı ilə müşayiət olunur. Ağrı ürəkətrafı kisənin reseptorlarının qıcıqlanması və ya plevra və sinir kötüklərinin iltihabi prosesə qoşulması nəticəsində meydana çıxır. Quru perikardit zamanı ağrı sızıltılı, kəsici, deşici xarakterli ola bilər. Onun intensivliyi variabellidir: zəif ağrı hissindən  tutmuş anginoz və ya infarktabənzər güclü ağrılara qədər.

Ağrı dərindən nəfəs aldıqda, udqunma, öskürək, sol tərəf üzərində uzandıqda, döş qəfəsinə təzyiq etdikdə güclənir və əksinə, sağ tərəf üzərində uzandıqda, bədəni önə əydikdə, oturaq və diz-dirsək vəziyyətində yüngülləşir. İltihabi ocağın yerləşdiyi sahədən asılı olaraq, ağrılar döş sümüyü arxasında lokalizasiya olunmaqla, sol çiyin, kürək, boyuna irradiasiya edə və ya epiqastral nahiyədə yaranaraq, kəskin qarını simulə edə bilər.

Tənəffüsün ağrılı olması ilə əlaqədar pasiyentlər səthi nəfəs alır, hava çatışmazlığından şikayət edir. Əksər hallarda yüngülləşmə gətirməyən, əksinə ağrının güclənməsinə səbəb olan quru öskürək meydana çıxır. Diafraqmal sinirlərin qıcıqlanması hıçqırma, ürəkbulanma, qusma, disfagiya ilə müşayiət oluna bilər.

Stenokardiyadan fərqli olaraq, quru perikardit zamanı ağrı nitratların qəbulu ilə aradan qalxmır, qola irradisiya etmir, daimi xarakter daşıyır. Bu xüsusiyyətlər mühüm differensial-diaqnostik əlamətlər sayılır. Sürətlə inkişaf edən quru perikardit kəskin intensiv ağrı sindromu, arterial hipotoniya, aritmiya ilə gedə bilər – belə hallarda patologiya miokard infarktından fərqləndirilməlidir.

Quru perikarditin diaqnostikası

Quru perikarditin diaqnozu dinamik müşahidə, auskultativ məlumatlar, EKQ dəyişikliklər, kardiospesifik fermentlərin müayinəsi, ExoKQ, döş qəfəsinin rentgenoqrafiyası, bəzən ürəyin MSKT və MRT nəticələrinə əsasən qoyulur.

Quru perikarditin patoqnomik obyektiv əlaməti prekardial nahiyədə eşidilən perikardın sürtünmə küyüdür. O, 1 (sistolik), 2 (sistolik və diastolik) və yaxud 3 komponentdən (presistolik, sistolik,  diastolik) ibarət ola bilər. Axırıncı halda quru perikarditi mitral stenozdan fərqləndirmək lazımdır.

Quru perikardit zamanı elektrokardioqrafik dəyişikliklər ST seqmentinin yüksəlməsi, PR (PQ) seqmentinin depressiyası ilə xarakterizə olunur. Bir neçə gündən sonra ST seqmenti norma vəziyyətinə qayıdır, T dişciyi isə mənfi olur. Rentgenoloji müayinədə ürəyin bir qədər böyüməsi aşkarlana bilər. Exokardioqrafiyanın köməyilə perikard səhifələrinin qalınlaşması müəyyən olunur.

Qanın biokimyəvi analizində transaminaza, kreatinfosfokinaza, laktatdehidrogenaza, KFK-MB izofermentinin aktivliyinin artması müşahidə olunur. Quru perikarditin autoimmun mənşəli olduğu ehtimal edildikdə revmatoid faktor, komplementin səviyyəsi, antinuklear anticisimlər tədqiq edilir. Vərəm etiologiyalı perikarditə şübhə yarandıqda ftiziatrın konsultasiyası, tuberkulin sınaqlarının aparılması, PZR-diaqnostika tələb olunur.

Quru perikardit miokard infarktı, Prinsmetal stenokardiyası, miokardit,  eksudativ perikardit, quru plevrit, ağciyər arteriyasının tromboemboliyası, spontan pnevmotoraks, pnevmoniya, mediastinit, aortanın laylanan anevrizması, diafraqmanın qida borusu dəliyinin boğulmuş yırtığı, mədə xorası, kəskin pankreatit, qabırğaarası nevralgiya ilə differensiasiya edilir.

Quru perikarditin müalicəsi

Quru perikardit zamanı etiotrop və simptomatik terapiya aparılır. Etiotrop müalicə quru perikarditin inkişafına səbəb olan əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir.

Quru perikarditin simptomatik terapiyası QSİƏP (indometasin, ibuprofen, asetilsalisil turşusu və s.) təyinindən ibarətdir; gözlənilən nəticə əldə edilmədikdə qlükokortikosteroidlər (prednizalon) tətbiq edilir. Müalicənin alternativ üsulu kolxisinin monoterapiya qismində və ya QSİƏP-lə kombinəolunmuş formada qəbulu sayılır.

Quru perikarditin proqnoz və profilaktikası

Əksər hallarda adekvat müalicənin təsiri altında quru perikardit 2 həftə ərzində sağalır. 10–15% hallarda yaxın aylarda quru perikarditin residivləşməsi mümkündür, bu da autoimmun mexanizmlər barədə düşunməyə əsas verir. Uremik perikarditin gedişi adətən qeyri-qənaətbəxş olur.

Quru perikardit keçirən xəstələrdə perikardial ekssudatın olmasını inkar etmək üçün ExoKQ-nəzarət aparılmalıdır. Quru perikardit ürəyin tamponadası ilə gedən ekssudativ perikardit (15%), konstriktiv perikarditlə (10%) ağırlaşa bilər.

Quru perikarditin profilaktikası əsas xəstəliyin erkən aktiv etiopatogenetik müalicəsindən ibarətdir.

error: Content is protected !!