Radiasion proktit

Radiasion proktit – düz bağırsağın iltihabi xəstəliyi olub, çanaq orqanlarının bədxassəli şişlərinin şüa terapiyası fonunda inkişaf edir. Patologiyanın yerli əlamətlərinə düz bağırsaq proyeksiyasında ağrı, anal dəlikdən axan selikli, irinli və qanlı ifrazatlar aiddir. Radiasion proktit lokal təzahürlərdən əlavə ümumi simptomlarla: bədən hərarətinin yüksəlməsi və ifadəli halsızlıqla müşayiət oluna bilər. Xəstəliyin diaqnostikasında qanın ümumi analizi, rektoskopiya və düz bağırsaq divarından götürülmüş yaxmanın müayinəsindən istifadə olunur. Müalicə məqsədilə iltihabəleyhinə yerli prosedurlar aparılır, antibakterial terapiya, antihistamin preparatlar və vitaminoterapiya təyin olunur.

Radiasion proktit barədə ümumi məlumat

Radiasion proktit düz bağırsağın selikli qişasında inkişaf edən qeyri-spesifik iltihabi prosesdir. Xəstəliyin başlıca səbəbi kiçik çanaq orqanları xərçənginin şüa terapiyası zamanı ionlaşdırıcı radiasiyanın təsiridir. Radiasion proktit bağırsağın şüa zədələnmələrinin ən geniş yayılmış formasıdır. Kiçik çanaq orqanlarının onkopatologiyalarından əziyyət çəkən pasiyentlərin təxminən 60%-i şüa terapiyası aldığından bu qrup xəstələrdə düz bağırsağın zədələnmə tezliyi çox yüksəkdir. Radiasion müalicənin aparıldığı şəxslərin orta hesabla 12%-də proktitin bu forması qeydə alınır. Belə pasiyentləri müşahidə edən proktoloqların tez-tez qarşılaşdığı problem düz bağırsaqda postradiasion strikturaların inkişafıdır. Onları aradan qaldırmaq üçün cərrahi əməliyyatlar tələb olunur.

Radiasion proktitin yaranma səbəbləri

Radiasion proktit kiçik çanaq orqanlarının onkopatologiyalarının şüa terapiyasının fəsadı sayılır. Əksər hallarda bu xəstəlik uşaqlıq boynu və cisminin xərçənginin torium izotopları, bəzən isə radiumla kontakt qamma-terapiyanın aparılmasından sonra inkişaf edir. Həmçinin kiçik çanaq orqanları xərçənginin rentgenoterapiya və distansion qamma-terapiyası radiasion proktitə səbəb ola bilər. Düz bağırsağın radiasion zədələnməsi şüalanma dozasının 50 Qr-dən yüksək olduğu hallarda baş verir (bu tolerant dozada gecikmiş ağırlaşmaların tezliyi təxminən 5% təşkil edir). Patologiyanın yaranma ehtimalı şüalanma dozasından birbaşa asılıdır: göstərici 65Qr olduqda radiasion proktitin inkişaf riski 50%-ə qədər yüksəlir.

Radiasion şüalanma düz bağırsaq epitelinin proliferasiya və formalaşma proseslərinin pozulmasına, hüceyrələrin deskvamasiya və atrofiyasına gətirib çıxarır. Selikli qişa və selikaltı qatın qeyri-spesifik iltihabı inkişaf edir. Prosesə əzələ qatı qoşula bilər. Şüa terapiyasından bir neçə ay sonra düz bağırsağın arteriolalarında yaranan iltihabi proses bu nahiyənin qan dövranının xroniki pozulmasına, trofik dəyişikliklərə və çapıqlı stenoza səbəb olur. Mikrosirkulyator pozğunluqların törətdiyi nekroz və xoralar qanaxma, perforasiya, düz bağırsağın fistulası ilə ağırlaşa bilər.

Radiasion proktitin təsnifatı

Yaranma müddətindən asılı olaraq, radiasion proktit 2 formaya bölünür: erkən (radioterapiyadan sonra ilk 3 ay ərzində yaranır) və gecikmiş (şüa terapiyasından minimum 4 ay keçdikdən sonra inkişaf edir). Düz bağırsaqda gedən morfoloji dəyişikliklərin xarakterinə əsasən kataral, eroziv-deskvamativ, nekrotik və infiltrativ-xoralı proseslər ayırd edilir. Radiasion proktitin çapıqlı stenoz, rektovezikal və rektovaginal fistulalar ayrıca qeyd olunur.

Radiasion proktitin əlamətləri 

Xəstəliyin erkən formalarının başlıca əlaməti ağrılı defekasiya çağırışlarıdır. Ağrı tutmaşəkilli olub, nəcis ifrazından sonra daha da güclənir. Xəstələri həmçinin düz bağırsaq nahiyəsində qaşınma və diskomfort narahat edir. Əksər hallarda anal dəlikdən selik ifraz olunur, bu da bağırsağın selikli qişasının iltihabından xəbər verir.

Xəstəliyin ağır formalarında qanlı ifrazatlara rast gəlinir. Yerli əlamətlərdən savayı radiasion proktit ümumi klinik simptomlarla: halsızlıq və bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Adətən patologiyanın erkən formasının bütün təzahürləri şişəleyhinə terapiyanın başa çatmasından bir neçə gün sonra geriyə inkişaf edir. Lakin radiasion proktit müəyyən bir müddətdən sonra residivləşə bilər.

Bağırsağın gecikmiş şüa zədələnmələri təxminən 10% hallarda müşahidə olunur. Latent dövr (şüalanma ilə simptomatikanın yaranması arasındakı interval) bir neçə həftədən 5-10 ilə qədər davam edə bilər. Xəstəliyin bu forması üçün düz bağırsaq nahiyəsində daimi ağrılar, kiçik porsiyalarla tez-tez nəcis ifrazı, eləcə də stenozla bağlı hissəvi keçməməzlik xarakterikdir. Gecikmiş radiasion proktit  az sayda simptomlarla gedə bilər. Belə hallarda xəstəlik nəcisdə selik, sol qalça çuxuru və düz bağırsaq proyeksiyasında vaxtaşırı yaranan ağrı sindromu ilə təzahür edir.

Radiasion proktit fonunda müxtəlif ağırlaşmalar: bağırsaq qanaxmaları, xora, eroziya, düz bağırsağın stenozu yarana bilər. Bağırsağın strikturası proqnoz baxımından ən təhlükəli ağırlaşma hesab olunur. Kiçik çanaq orqanlarının bədxassəli şişlərinin şüa terapiyası fonunda anal dəlikdən selikli və ya qanlı ifrazatların düz bağırsaq nahiyəsində ağrı və tenezmlərlə müşayiət olunması radiasion proktitdən şübhələnməyə əsas verir.

Radiasion proktitin diaqnostikası

Radioterapiya fonunda radiasion proktitin əlamətləri yarandıqda pasiyent dərhal həkim-proktoloqun qəbuluna yönəldilir. Bu xəstəliyin diaqnostikasında klinik, laborator və instrumental üsullardan istifadə olunur. Müayinəyə obyektiv baxış və şikayətlərin analizi ilə başlanılır. Radiasion proktit zamanı bütün hallarda şüa terapiyası ilə əlaqə izlənilir.

Laborator üsullardan qanın ümumi analizi geniş tətbiq olunur. Müayinə zamanı iltihab əlamətləri: leykositoz, EÇS-nin yüksəlməsi, leykoformulanın sola meylliyi təyin olunur. Laborator üsullar iltihabın ağırlıq dərəcəsini müəyyənləşdirməyə kömək edir.

Xəstəliyin diaqnostikasında endoskopiya mühüm rol oynayır. Rektoromanoskopiya ən sadə və infromativ üsul hesab olunur. Müayinə prosesində düz bağırsağın selikli qişasının hiperemiyası, ödemi və seliyin hiperproduksiyası aşkar edilir. Bundan əlavə rektoromanoskopiya vasitəsilə xəstəliyin ağırlaşmaları: qanaxma, abses, xoralar üçün xarakterik olan dəyişikliklər üzə çıxarılır. Xoralar düz bağırsağın ön divarında lokalizasiya olunur; bir sıra hallarda onlar fistulaların formalaşmasına gətirib çıxarır. Rektoskopiya zamanı mütləq qaydada düz bağırsağın biopsiyası icra olunur. Onun köməyilə selikli qişanın iltihabi və atrofik dəyişikliklərinin ağırlıq dərəcəsi dəqiqləşdirilir. İnfeksion agentin olmasını müəyyən etmək məqsədilə düz bağırsaqdan götürülən yaxmanın bakterioloji müayinəsi yerinə yetirilir.

Radiasion proktitin əlamətləri qeyri-spesifik xoralı kolitin təzahürlərinə bənzədiyindən differensial diaqnostika əsasən bu 2 xəstəlik arasında aparılmalıdır. Anamnezdə şüa terapiyasının aparılma faktı proktitə dəlalət edir. Bundan əlavə radiasion proktit düz bağırsağın ön divarında və orta 1/3 hissəsində lokalizasiyalaşan xoralarla xarakterizə olunur. Bu xəstəlik zamanı düz bağırsağın arxa divarı və aşağı hissəsi çox nadir hallarda zədələnir. Qeyri-spesifik xoralı kolitdə iltihabi proseslər diffuz xarakterli olub, bağırsağın rektal şöbəsinin bütün hissələrini əhatə edir. Differensial diaqnostikanın dəqiq olması üçün biopsiya tətbiq edilir.

Radiasion proktitin müalicəsi

Radiasion proktitin müalicəsi zamanı şüa reaksiyalarına səbəb olan ionlaşdırıcı radiasiyanın mənfi təsiri azaldılmalıdır. Xəstələrə C və B qrup vitaminlər, eləcə də antihistamin preparatlar: xifenadin, klemastin, loratadin və s. təyin olunur. İfadəli iltihab və infeksion törədicinin indentifikasiyası zamanı antibakterial və iltihabəleyhinə terapiya (o cümlədən sulfanilamid vasitələr, qlükokortikoidlər, çaytikanı yağı)  aparılır.

Yerli terapiya radiasion proktitin kompleks müalicəsinin əsas komponentidir. Onun mahiyyəti bağırsağın təmizlənməsindən və lokal iltihabi proseslərin aradan qaldırılmasından ibarətdir. Kəskinləşmə dövründə kollarqol və ya çobanyastığı dəmləməsi ilə imalələr göstəriş sayılır. Balıq yağı və ya vinilin əsaslı mikroimalələr effektiv hesab olunur. Bu prosedurlar işlədici vasitələrdən və ya təmizləyici imalələrdən sonra aparılır. Radiasion proktitin müalicəsində düz bağırsaq nahiyəsinin ilıq duşla yuyulması və ya kalium-permanqanat məhlulu ilə oturaq vannalar müsbət nəticələr verir. Qlükokortikosteroidlər, anestetik və mesalazin tərkibli rektal şamlarla müalicə məqsədəuyğundur.

Radiasion terapiyanın kompleks müalicəsində düzgün qidalanma mühüm rol oynayır. Rasiondan kəskin, duzlu və turş qidalar, spirtli içkilər çıxarılmalı, şirin və bitki tərkibli məhsulların qəbulu məhdudlaşdırılmalıdır. Xəstələr yağsız ət və bulyon, süd məhsulları ilə qidalanmalıdır. Effektiv müalicə fonunda əlamətlər geriyə inkişaf etdikdə pəhriz genişləndirilə bilər. Xəstəliyin ağırlaşmaları: bağırsağın daralması və fistulalar zamanı cərrahi müalicə, o cümlədən düz bağırsaqda rekonstruktiv müdaxilələr icra edilir.

Radiasion proktitin proqnoz və profilaktikası

Radiasion proktit zamanı proqnoz qənaətbəxş olur. Bağırsağın bir neçə şöbəsinin müştərək zədələnməsi və fəsadlar (fistula, qanaxma) patologiyanın gedişi ağırlaşdırır. Vaxtında aparılan kompleks müalicə kəskinləşmələrin yaranma ehtimalını azaldır.

Radiasion proktitin profilaktikası kiçik çanaq orqanlarının müalicəsinin müasir üsullarla və protokol üzrə aparılmasından ibarətdir.

error: Content is protected !!