Refraksiya anomaliyaları
Refraksiya anomaliyaları – torlu qişada təsvirin fokuslanmasının pozulması nəticəsində görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunan oftalmoloji xəstəliklər qrupudur. Bu patologiyaların ümumi əlamətlərinə dumanlı görmə, zehni fəaliyyət zamanı gözlərin tez yorulması, diskomfort və ya baş ağrıları aiddir. Diaqnostika məqsədilə vizometriya, refraktometriya, oftalmoskopiya, gözlərin USM, biomikroskopiya, perimetriya aparılır. Terapevtik taktika optik korreksiyanın eynək və ya kontakt üsullarının təyinindən ibarətdir. Bununla yanaşı anomaliyaların müalicəsində daha müasir üsullar – refraksion və ya lazer cərrahiyyəsi tətbiq edilir.
Refraksiya anomaliyaları barədə ümumi məlumat
Refraksiya anomaliyaları geniş yayılmış oftalmoloji patologiyalar qrupudur. ÜST-nin statistik göstəricilərinə əsasən dünya üzrə orta hesabla 153 milyon nəfər korreksiya edilməyən refraksiya anomaliyalarının səbəb olduğu görmə disfunksiyasından əziyyət çəkir. Əhalinin təqribən 25-30%-də miopiya, 35-45%-də isə hipermetropiya qeydə alınır. Göz almasının sındırma qabiliyyətinin pozulmalarının 10%-i astiqmatizmin payına düşür. Yaşla əlaqədar görmənin zəifləməsi dünya əhalisinin 25%-də müşahidə edilir. Refraksiya anomaliyalarına bütün yaş qruplarında rast gəlinir.
Refraksiya anomaliyalarının yaranma səbəbləri
Ametropiyanın inkişafı bir çox amillərdən asılıdır. Lakin etioloji faktoru müəyyən etmək hər zaman mümkün olmur. Hipermetropiya gözün böyüməsinin ləngiməsi nəticəsində yarana bilər. Normal şəraitdə patologiya yenidoğulma dövründə aşkar edilir. Refraksiya pozğunluqlarının digər formaları polietioloji xəstəliklərdir. Onların başlıca inkişaf səbəbləri aşağıdakılardır:
- Göz quruluşunun anatomik xüsusiyyətləri. Miopiyalı insanlarda göz almasının sagital oxunun uzanması müşahidə olunur. Uzaqdan görmə zamanı isə ön-arxa ox qısalır. Gözün optik mühitlərin sındırma qüvvələrinin dəyişməsi refraksiya anomaliyalarının formalaşmasına şərait yaradır.
- İrsi meyllik. Miopiya – genetik determinə olunmuş patologiyadır. Autosom-dominant tip üzrə ötürülmə zamanı xəstəlik yüngül gedişə malik olur və bir qədər gec təzahür edir. Autosom-resessiv forma isə erkən başlanğıc və qeyri-qənaətbəxş proqnozla xarakterizə olunur.
- Gözlərin həddindən artıq yüklənməsi. İzafi zehni fəaliyyət (kitab oxumaq, televizora baxmaq, kompüter oyunlarına alüdə olmaq) akkomodasiyanın spazmına gətirib çıxarır. Göz almalarının akkomodasiya qabiliyyətinin zəifləməsi miopiyanın risk amillərindən sayılır.
- İnfeksion xəstəliklər. Klinik refraksiyanın miopik və ya hipermetropik variantları əksər hallarda müəyyən infeksiyalardan (məxmərək, oftalmoherpes) sonra inkişaf edir. Optik funksiyanın pozulması çox vaxt anadangəlmə toksoplazmozla bağlı olur.
- Gözün ön seqmentinin üzvi dəyişiklikləri. Gözün travmaları, keratit, buynuz qişanın çapıq dəyişiklikləri, bulanması onun və büllurun əyrilik radiusunun dəyişməsinə səbəb olur. İşıq şüasının trayektoriyasının pozulması qazanılmış astiqmatizmin inkişafına təkan verir.
- Metabolik pozğunluqlar. Anamnezində metabolik pozğunluqların rast gəlindiyi şəxslər akkomodasiyanın zəifləməsinə meylli olur. Şəkərli diabetdən xəstələrində patologiyanın yaranma ehtimalı yüksək olur. Bu da sorbinin həddindən artıq sintez olunması və büllurun formasının dəyişməsi ilə bağlıdır.
Refraksiya anomaliyalarının patogenezi
Bu qrup patologiyalar üçün gözün optik sisteminin sındırma qüvvəsinin pozulması ilə əlaqədar arxa fokusun torlu qişaya nəzərən vəziyyətinin dəyişməsi xarakterikdir. Bu proseslər işıq şüalarının torlu qişada fokuslanmasının pozulmasına gətirib çıxarır. Normada fiksasiya nöqtəsi torlu qişada yerləşir. Bu tip refraksiya emmetropiya adlanır. Təsvirin normal fokuslanmadığı bütün anomaliyalar «ametropiya» adı altında birləşdirilir.
Miopiya (yaxından görmə) zamanı arxa fokus torlu qişanın önündə lokalizasiya olunur. Bununla əlaqədar uzaq məsafədə yerləşən əşyalara baxarkən görmə disfunksiyası baş verir. Hipermetropiya (uzaqdan görmə) hallarında fokus nöqtəsi daxili qişanın arxasında olur. İnsan uzağı yaxşı gördüyü halda yaxınlıqdakı əşyalara baxarkən təsvirin bulanıqlaşdığını qeyd edir. Astiqmatizmdə gözün optik mühitlərinin ayrı-ayrı perpendikulyar oxlarında sındırma qüvvələri fərqli olur. Sağ və sol gözün refraksiyasının bir-birinə uyğun gəlməməsi anizometriya kimi qiymətləndirilir. Göz almasının ölçüsü və optik mühitlərin xarakteristikası refraktometrik göstəricilərə birbaşa təsir göstərir. Fizioloji şəraitlərdə refraksiya yaşla bağlı dəyişikliklərə uğrayır.
Refraksiya anomaliyalarının təsnifatı
Refraksiya anomaliyaları anadangəlmə və qazanılmış olur. Onlar izoləolunmuş şəkildə və ya gözün digər patologiyaları ilə müştərək formada inkişaf edə bilir. Görmə disfunksiyasının müxtəlif dərəcələr üzrə sistemləşdirilməsi refraktometriyanın nəticələrinə əsasən aparılır. Klinik təsnifata görə refraksiya anomaliyalarının aşağıdakı tipləri ayırd olunur:
- Miopiya. Yaxın məsafəyə baxarkən görmə itiliyi pozulmur. Görmə disfunksiyası yalnız uzaqda yerləşən əşyaları seyr etməyə çalışdıqda müşahidə olunur. Miopiyanı aradan qaldırmaq üçün səpələyici (mənfi) linzalardan istifadə olunur.
- Hipermetropiya. Uzaq məsafələr normal izlənildiyi halda, yaxınlıqda olan əşyalar bulanıq görülür. Hipermetropik tipi toplayıcı (müsbət) linzalarla korreksiya edilir.
- Astiqmatizm. Xəstəliyin inkişafı buynuz qişanın və ya büllurun anomal forması ilə bağlıdır. İşıq şüalarının səpələnməsi nəticəsində torlu qişada təhrif olunmuş təsvir formalaşır.
- Presbiopiya. Yaşla bağlı hipermetropiya optik sistemin funksiyasının fizioloji zəifləməsi ilə əlaqədardır. Anomaliyanın inkişaf mexanizminin əsasında büllurun sklerotik dəyişiklikləri dayanır. Onlar mərkəzi hissədə daha qabarıq olur.
Refraksiya anomaliyalarının əlamətləri
Patologiyanın klinik təzahürləri refraksiya anomaliyalarının tipindən asılıdır. Miopiya zamanı pasiyentlər uzaqda yerləşən əşyaların bulanıq görünməsindən şikayət edirlər. Onlar gözlərini qıymaqla təsviri aydınlaşdırmağa çalışırlar. Uzunmüddətli optik yüklənmə gicgah və alın nahiyələrində diskomfort, göz almalarında ağrı və fotofobiya törədir. Yaxından görmə avtomobil idarəetməni, kinoteatrda film seyr etməni çətinləşdirir. Akkomodasiyanın yaşla bağlı dəyişiklikləri həyatın 4-cü onilliyində vizometrik göstəricilərin yaxşılaşmasına gətirib çıxarır.
Hipermetropiyalı pasiyentlər görmənin yalnız kitab oxuyarkən və ya mobil teelfondan istifadə edərkən pisləşdiyini qeyd edirlər. Uzaq məsafəyə baxarkən görmə disfunksiyası yaranmır. Hipermetroplar üçün göz əzələlərinin həddindən artıq yorulması, zehni fəaliyyət zamanı miqren xarakterikdir. I dərəcəli hipermetropiya zamanı kompensasiya mexanizmləri uzağı və yaxını görməni tənzimləyir. Anomaliyanın yüksək dərəcəsi məsafədən asılı olmayaraq, total optik disfunksiya ilə təzahür edir. Yaşlı şəxslərdə görmə itiliyinin zəifləməsi presbiopiyanın inkişafından xəbər verir.
Refraksiya anomaliyalarının ağırlaşmaları
Miopiyanın proqressiv gedişi daxili qişanın degenerasiyasına gətirib çıxarır. Bu da gələcəkdə torlu qişanın ayrılması ilə fəsadlaşır. Uveal traktın damarlarının zədələnməsi şüşəyəbənzər cismə və ya gözün ön kamerasına qansızmaya səbəb olur. III-IV dərəcəli miopiyadan əziyyət çəkən insanlarda şüşəyəbənzər cismin destruksiya ehtimalı yüksək olur. Astiqmatizm vaxtında korreksiya edilmədikdə ambliopiya və strabizmin inkişaf riski artır. Hipermetropiyalı pasiyentlərdə residivləşən konyunktivit və blefaritə tez-tez rast gəlinir. Refraksiya anomaliyalarının ən ağır fəsadı korluqdur.
Refraksiya anomaliyalarının diaqnostikası
Diaqnoz anamnestik məlumatlar, instrumental müayinələr və funksional sınaqların nəticələri əsasında qoyulur. Refraksiya anomaliyalarına şübhə yarandıqda sınaq linzalarının (toplayıcı və səpələyici) köməyilə və skiaskopiyanın tətbiqi ilə vizometriya aparılır. Müayinə prosesində aşağıdakı üsullaradan istifadə olunur:
- Kompüter refraktometriya.Klinik refraksiyanın başlıca müayinə üsulu olub, xüsusi linzalarla icra edilən vizometriyaya əsaslanır. Görmə itiliyinin 1,0 dioptriyaya bərabər olması emmetropiyaya dəlalət edir. Hipermetropiya zamanı görmə disfunksiyası toplayıcı, miopiyada isə səpələyici linzalarla aradan qaldırılır.
- Vizometriya. Miopiya hallarında görmənin zəifləməsi geniş diapazonda variasiya edir. Hipermetropiyalı şəxslərdə Sivtsev-Qolovin cədvəlindən istifadə etməklə standart üsulla aparılan vizometriya prosesində görmə disfunksiyasını müəyyən etmək mümkün olmur.
- Oftalmoskopiya. Miopiyalı xəstələrin göz dibini müayinə edərkən miopik konuslar, stafilomalar və sarı ləkə zonasında degenerativ-distrofik dəyişikliklər aşkarlanır. Torlu qişanın periferik hissəsində yumru formalı və ya yarığabənzər çoxsaylı defektlər vizualizasiya olunur.
- Gözün USM. Ultrasəs müayinə gözün parametrlərinin ölçülməsi məqsədilə aparılır. Yaxından görmə zamanı ön-arxa oxun uzanması, uzaqdan görmə hallarında isə qısalması təyin edilir. Miopiyanın IV dərəcəsində çox vaxt şüşəyəbənzər cismin konsistensiyasının dəyişildiyi müəyyən olunur.
- Perimetriya.Görmə sahəsinin konsentrik daralması müşahidə olunur. Astiqmatizmli xəstələr üçün görmə sahəsindən bəzi hissələrin ayrılması xarakterikdir. Mərkəzi hissənin daha ətraflı diaqnostikası üçün Amsler testi tətbiq olunur.
- Gözün biomikroskopiyası. Gözün ön şöbəsini müayinə edərkən buynuz qişada tək-tək yerləşən eroziv defektlər aşkar olunur. Hipermetropiyalı pasiyentlərin əksəriyyətində konyunktiva damarlarının inyekisyalarını vizualizasiya etmək mümkün olur.
Anomaliya refraksiyalarının müalicəsi
Müalicə taktikası refraksiya anomaliyasının formasından asılıdır. Miopiya zamanı səpələyici linzaların köməyilə eynək korreksiyası göstəriş sayılır. Miopiyanın I dərəcəsində kompensator mexanizmlər eynək və ya kontakt linzalardan yalnız ehtiyac olduqda istifadə etməyə imkan verir. Uzaqdan görmənin yüngül dərəcəsində yalnız yaxın məsafədə rahat fəaliyyət göstərmək üçün toplayıcı linzalarla eynək təyin edilir. İfadəli astenopiya zamanı eynəkdən daim istifadə olunmalıdır. -15 dioptiyaya qədər miopiya hallarında lazer korreksiyası aparıla bilər.
Presbiopiyanın müalicəsində ametropiyanın korreksiyasında tətbiq olunan linzalardan əlavə kiçik məsafələr üçün sferik formalı toplayıcı linzalar təyin edilir. Astiqmatizmli pasiyentlərə eynək fərdi qaydada seçilir. Bu zaman sferik və silindrik tip linzalar kombinə olunur. Kontakt korreksiya torik linzalarının tətbiqinə əsaslanır. Eynək korreksiyası istənilən nəticəni vermədikdə mikrocərrahi müalicə – astiqmotomiya (buynuz qişanın çərtilməsi) aparılır. Astiqmatizmin I dərəcəsində eksimer lazer korreksiyası mümkündür. Ağır hallarda fakik linzaların implantasiyası göstəriş sayılır.
Refraksiya anomaliyalarının proqnoz və profilaktikası
Refraksiya anomaliyalarının proqnozu qənaətbəxşdir. Optik disfunksiya vaxtında korreksiya edildikdə tam kompensasiya əldə olunur. Spesifik profilaktika üsulları işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər akkomodasiya spazmının və patologiyanın proqressivləşməsinin qarşısının alınmasına yönəldilir. Bu məqsədlə göz idmanları edilməli, kompüter qarşısında işləyərkən və kitab oxuyarkən arada fasilələr verilməli, işıqlandırma sisteminə nəzarət olunmalıdır. Orta və ahıl yaşlı pasiyentlər ildə 1 dəfə gözdaxili təzyiqin yoxlanılması və vizometriyanın aparılması üçün oftalmoloqun qəbulunda olmalıdır.