Rektal qanaxma
Rektal qanaxma düz bağırsaq və mədə-bağırsaq traktının aşağı şöbələrində damarların tamlığının pozulması nəticəsində anal dəlikdən qanın ifraz olunması ilə xarakterizə edilir. Müxtəlif etiologiyalı xəstəliklərin əlaməti sayılır. Rektal qanaxma nəcis kütlələrində qan damcıları və ya laxtalar, tualet kağızında və alt paltarında ləkə şəklində təzahür edir. Qanitirmə adətən cüzi və ya mülayim olur, gür qanaxmalara nadir hallarda rast gəlinir. Diaqnoz əlamətlər, nəcisdə gizli qanın təyini, radioloji və endoskopik müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə taktikası əsas patologiyayadan asılıdır.
Rektal qanaxma barədə ümumi məlumat
Rektal qanaxma bir sıra iltihabi, infeksion, onkoloji xəstəliklərdə, düz bağırsağı və MBT-nin aşağı hissəsini zədələyən patoloji vəziyyətlərdə müşahidə olunur. Rektal qanaxmaların meyarlarının kifayət qədər standartlaşdırılmaması ilə əlaqədar onun yaranma tezliyi məlum deyil.
Tibb ədəbiyyatlarında qeyd olunur ki, MBT-nin bütün şöbələrindən qan ifrazının 20-25%-i rektal qanaxmanın payına düşür. Patologiyaya adətən 63-77 yaşlı pasiyentlərdə təsadüf olunur. Yaş artdıqca qanaxmaların inkişaf riski əhəmiyyətli dərəcədə yüksəlir (30-80 yaş – təxminən 200 dəfə). 10-15% hallarda rektal qanaxmalar hemodinamikanın sistemli pozğunluqları (bayılma, kollaps) ilə müşayiət olunur. Təxirəsalınmaz cərrahi müdaxilənin aparılmasını tələb edən intensiv qanaxmalara çox az hallarda rast gəlinir. Tez-tez təkrarlanan qanitirmələr anemiyaya gətirib çıxara bilir.
Rektal qanaxmanın yaranma səbəbləri
Rektal qanaxmaların səbəbləri bir neçə qruplara ayrılır: MBT-nin aşağı hissələrinin xoş və bədxassəli şişləri; yoğun bağırsağın selikli qişasının törəmələri (poliplər); bağırsaq və anal kanalın xroniki xəstəlikləri; intoksikasiya və infeksion patologiyalar; defekasiyanın pozulması; yerli qan dövranının anadangəlmə və qazanılmış pozğunluqları; müxtəlif xəstəliklərin və şüa terapiyasının fəsadları.
Rektal qanaxmalara səbəb olan onkoloji xəstəliklər arasında ilk növbədə kolorektal xərçəngi qeyd etmək lazımdır. Bu xəstəliyin başlanğıc mərhələlərindən cüzi qanaxmalar müşahidə olunur. Şiş parçalandıqda rektal qanaxmalar güclənir. Bəzən iri damarın əriməsi nəticəsində intensiv qanitirmə baş verir. Rektal qanaxmaların digər etioloji amili poliplərdir. Xovlu poliplər damarlarla zəngin olduğundan onlara qanamaya daha çox meylli olur.
Anal dəlikdən qan ifrazı qeyri-spesifik xoralı kolit və Kron xəstəliyinin daimi əlamətidir. Həmçinin yoğun bağırsağın divertikuliti, proktit və rektal şöbənin xoraları qanaxma ilə təzahür edə bilir. Bəzi hallarda yalnız nəcisin gizli qana görə analizində aşkarlanan cüzi qanitirmə qida intoksikasiyaları ilə bağlı olur. Bu simptom MBT-nin infeksion xəstəliklərində (məsələn, dizenteriya) daimi xarakter alır.
Antibiotikoterapiya ilə assosiasiyalı spesifik disbakterioz nəticəsində yaranan psevdomembranoz kolit də rektal qanaxmalarla müşayiət olunur. Bəzən qanaxma ilə həkimə müraciət edən pasiyentlərdə anadangəlmə damar anomaliyalarına (angiodisplaziya) və yaxud qarın boşluğu və kiçik çanaq nahiyəsində qan dövranının qazanılmış pozğunluqları ilə əlaqədar bağırsağın işemiyası aşkarlanır. Rektal qanaxmalara çox zaman babasil, anal çat, düz bağırsağın sallanması səbəb olur.
Simptom rektal şöbənin müxtəlif etiologiyalı fistulaları (Kron xəstəliyi, paraproktit, divertikulit, düz bağırsaq xərçəngi, bəzi spesifik infeksiyalarda), bağırsağın invaginasiyası və düz bağırsağın prolapsında müşahidə olunur. Bir sıra hallarda rektal qanaxmalar kiçik çanağın bədxassəli şişlərinin (əsasən prostat vəzin xərçəngi) şüa terapiyasının ağırlaşması kimi meydana çıxır. Patologiya adətən müalicə kursu başa çatdıqdan bir müddət sonra radiasion proktitin əlaməti olaraq təzahür edir.
Rektal qanaxmanın əlamətləri
Rektal qanaxmaların xarakter və intensivliyi əsas patologiyadan asılıdır. Anal çatların rast gəlindiyi pasiyentlər defekasiya zamanı intensiv ağrılardan şikayətlənirlər. Qan cuzi miqdarda ifraz olunaraq, tualet kağızının üzərində al-qırmızı yaxma şəklində aşkarlanır. Hemorroidal rektal qanaxmalar zamanı analoji simptomatika müşahidə edilə bilər. Lakin nəcis ifrazı ifadəli ağrılarla müşayiət olunmur. Bəzi xəstələrdə hemorroidal düyünlərin sallanması qeydə alınır. Qan adətən al-qırmızı rəngdə olur. Tünd laxtaların da ifrazı mümkündür. Babasil xəstəliyində rektal qanaxmalar daha intensiv olub, anemiyaya gətirib çıxara bilir.
Divertikulit zamanı düz bağırsaq qanaxmalarına nisbətən az təsadüf edilir. Lakin onlar təxirəsalınmaz tibbi yardımın aparılmasına ehtiyac yaranacaq qədər güclü ola bilər. Qanın rəngi divertikulitin lokalizasiyasından asılıdır. S-vari bağırsaq zədələndikdə qan al rəngdə, yoğun bağırsağın sağ şöbələrinin divertikulitlərində isə tünd-qırmızı və ya qara olur. Xəstələri divertikulun selikli qişasının iltihablaşması nəticəsində yaranan hipertermiya, qarında ağrılar narahat edir. Qanaxma öz-özünə dayanaraq, bir neçə və yaxud ildən sonra residivləşə bilir.
Yoğun bağırsağın poliplərində rektal qanaxmalar qənaətbəxş vəziyyət və ya qarında ağrı və defekasiyanın pozulması fonunda yarana bilər. Belə qanaxmaların intensivliyi zəif olsa da onların tez-tez təkrarlanması (xüsusən qanamaya meylli xovlu poliplərlə xarakterizə olunan ailəvi polipoz hallarında) anemiya ilə nəticələnir.
Kolorektal xərçəngin ilkin mərhələlərində qan azacıq ifraz olunaraq, nəcis kütlələrində laxta şəklində aşkarlanır. Şiş parçalandıqda qanaxma güclənir. Anemiya, qarında ağrılar və defekasiyanın pozulması ilə yanaşı onkoloji xəstəliyin ümumi əlamətləri: halsızlıq, iştahsızlıq, çəki itkisi, hipertermiya və intoksikasiya sindromu müşahidə olunur.
Angiodisplaziyalar zamanı rektal qanaxmalar heç bir əlamətlə müşayiət olunmur. Abdominal ağrılar baş vermir, nəcis ifrazı pozulmur. Bəzi hallarda anemiyanın inkişafı mümkündür. Poliplər və xərçəng zamanı qanın rəngi düyünün lokalizasiyasından asılıdır. Törəmə nə qədər hündürdə yerləşirsə, qanın rəngi bir o qədər tünd olur. Angiodisplaziyalarda bu qanunauyğunluq hər zaman aşkar edilmir. Əksər hallarda al-qırmızı qan ifraz olunur.
Müxtəlif etiologiyalı proktit və kolitlərdə rektal qanaxmalar qarında ağrı, diareya, nəcisdə irin selik və qan qarışığı ilə müşayiət olunur. Kəskin xəstəliklərin ağır gedişi, kolit və proktitlərin xroniki formalarının kəskinləşməsi zamanı rektal qanaxmalar güclənə bilər. Radiasion proktit və kolit analoji simptomlarla gedir, adətən şüa terapiyası başa çatdıqdan sonra rektal qanaxmalar kəsilir.
Rektal qanaxmanın diaqnostikası
Diaqnoz şikayətlər, rektal müayinə, nəcisin gizli qana görə analizi, rektoromanoskopiya və ya kolonoskopiyanın nəticələri əsasında qoyulur. Anemiyanın ifadəliliyini qiymətləndirmək üçün qanın ümumi analizi aparılır. Rektal qanaxmaya səbəb olan əsas patologiyanı müəyyən etmək məqsədlə radioloji üsullar (KT, icmal və kontrast rentgenoqrafiya, visseral angioqrafiya, fistuloqrafiya), biopsiya, koproqramma, nəcisin bakterioloji analizi və qanın biokimyəvi müayinəsindən istifadə olunur. Patologiya MBT-nin digər hissələrindən qanaxmalarla differensiasiya edilir.
Rektal qanaxmanın müalicəsi
Müalicə taktikası patologiyanın səbəbi və ifadəliliyindən asılıdır. Cüzi qanaxmalarda xəstələrə yataq rejimi və xüsusi pəhriz təyin edilir. Qanitirmələr təkrarlandıqda anemiyanın müalicəsi tələb oluna bilər. Bütün hallarda əsas xəstəliyin müalicəsi aparılır.
Gur qanaxmalar təcili surətdə dayandırılır, sirkulyasiya edən qanın həcmi bərpa edilir. Bu məqsədlə xəstəyə qan və qanəvəzedicilər köçürülür. Hemotransfuziyanın həcmi fərdi qaydada seçilir. Rektal qanaxmanı dayandırmaq üçün zədələnmiş nahiyənin lokal hipertermiyasından və müalicəvi endoskopik üsullardan: diatermokoaqulyasiya, lazer fotokoaqulyasiyası, qandayandırıcı maddələrlə applikasiya, qankəsici preparatların lokal yeridilməsindən istifadə olunur. Ehtiyac yarandıqda təcili cərrahi müdaxilə icra edilir.
Rektal qanaxmanın proqnoz və profilaktikası
Rektal qanaxma zamanı proqnoz qanitirmənin həcmindən və sürətindən asılıdır. Əksər hallarda qanaxmalar öz-özünə dayanaraq, pasiyentin sağlamlığına ciddi təhlükə törətmir. Nadir rast gəlinən gur qanaxmalarda letallıq göstəricisi 4-10% təşkil edir.
Profilaktika bu patologiyaya səbəb olan xəstəliklərin erkən diaqnostika və müalicəsindən ibarətdir.