Rektosiqmoidit

Rektosiqmoidit – yoğun bağırsağın distal hissələrinin (düz və S-vari bağırsaq) iltihabıdır. Patologiya kəskin və ya xroniki gedişli olur. Xəstəliyin kəskin forması sancışəkilli ağrılar, ishal, tenezm, ürəkbulanma, halsızlıq, titrətmə və hipertermiya ilə təzahür edir. Xroniki rektosiqmoidit zamanı ağrılar sızıltılı və ya dartıcı xarakter daşıyır, aldadıcı çağırışlar və ishal az hallarda müşahidə edilir, intoksikasiya sindromu zəif ifadə olunur və ya ümumiyyətlə rast gəlinmir. Diaqnoz şikayətlər, baxış, rektal müayinə, endoskopiya, nəcis analizi və biopsiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, antibakterial preparatlar, simptomatik terapiya, yerli iltihabəleyhinə vasitələr təyin olunur.

Rektosiqmoidit barədə ümumi məlumat

Rektosiqmoidit (proktosiqmoidit, distal kolit) – düz və S-vari bağırsağı zədələyən müxtəlif genezli kəskin və xroniki iltihabi proseslər qrupudur. Rektosiqmoidit kolitin ən geniş yayılmış forması olub, proktoloji xəstəliklər arasında birinci yeri tutur. Adətən yetkin şəxslərdə qeydə alınır. 20-40 yaşarası dövrdə və 55 yaşdan sonra patologiyanın yaranma ehtimalı yüksəlir. Xəstələr arasında qadın cinsinin nümayəndələri üstünlük təşkil edir. Xroniki rektosiqmoidit çox zaman həzm sisteminin digər patologiyaları ilə müştərək halda inkişaf edir. Pasiyentlərin 10%-də mədə-bağırsaq traktının aşağı şöbələrinin anadangəlmə anomaliyaları aşkarlanır.

Rektosiqmoiditin yaranma səbəbləri

Rektosiqmoidit bir sıra spesifik və qeyri-spesifik infeksiyalar, bağırsağın iltihabi xəstəlikləri, helmintozlar, qidalanma pozğunluqları və nəcis kütlələrinin hərəkətinin ləngiməsi zamanı yaranır. Bundan əlavə rektosiqmoiditə toksiki birləşmələrlə zəhərlənmələr, qan dövranının lokal pozğunluqları, iltihabi prosesin qonşu orqanlara yayılması, MBT-nin yuxarı şöbələrinin, qaraciyər və mədəaltı vəzinin xroniki xəstəlikləri, eləcə də şüa terapiyası səbəb olur.

İnfeksion rektosiqmoidit patogen mikroorqanizmlər tərəfindən törədilir. Qeyri-spesifik proktosiqmoiditlərə salmonellyoz, dizenteriya və fekal-oral yolla ötürülən oxşar infeksiyalar zamanı bağırsağın aşağı hissələrinin iltihabı aid edilir. Spesifik rektosiqmoidit sifilis, qonoreya və cinsi yolla ötürülən digər xəstəliklərin törədiciləri ilə yerli infeksiyalaşma nəticəsində yaranır.

Parazitar proktosiqmoidit lyamblioz, askaridoz enterobioz və digər helmintozlar fonunda inkişaf edir. Alimentar proktosiqmoidit spirtli içkilərin, kəskin, duzlu və yağlı qidalardan həddindən artıq qəbulu ilə əlaqədar formalaşır. Durğun proktosiqmoditə bərk konsistensiyalı nəcis kütlələrinin bağırsaq divarını zədələməsi səbəb olur. Toksiki rektosiqmoidit bəzi dərman preparatlarının doza həddinin aşılması, göbələklə zəhərlənmə və s. ilə bağlı olur.

Bəzən proktosiqmoidit infeksiyanın qonşu orqan və toxumalardan (məsələn, paraproktit, vaginit və ya uretrit) yayılması zamanı inkişaf edir. Rektosiqmoiditdən çox zaman həzm sisteminin digər xroniki patologiyalarının, o cümlədən qastrit, xolesistit mədəaltı vəzi, qaraciyər və öd kisəsinin xəstəliklərinin rast gəlindiyi pasiyentlər əziyyət çəkir. Bundan əlavə rektosiqmoidit kiçik çanaq orqanlarının onkoloji xəstəliklərində (əsasən prostat vəzi xərçəngi) tətbiq olunan şüa terapiyasının fəsadı kimi formalaşa bilir.

Rektosiqmoiditin təsnifatı

Rektosiqmoiditin gediş xüsusiyyətlərindən asılı olaraq, kəskin və xroniki, bağırsağın funksional pozğunluqlarının xarakterinə görə isə paralitik və spastik formalar ayırd edilir. Morfoloji dəyişikliklər əsasında kəskin proktosiqmoidit aşağıdakı növlərə bölünür:

  • Kataral. Cüzi və ya mülayim ödemlə, selikli qişanın hiperemiyası ilə müşayiət olunan səthi iltihab aşkarlanır.
  • Eroziv. Düz bağırsağın selikli qişasının üzərində səthi defektlər müşahidə edilir.
  • Xoralı. Selikli qişanın üzərində dərin defektlərə rast gəlinir.
  • Xoralı-nekrotik. Selikli qişanın dərin defektləri ilə yanaşı nekroz ocaqları müəyyən olunur.
  • Hemorragik. Çoxsaylı petexial qansızmalarla müşayiət olunan ödemli və hiperemiyalı selikli qişa aşkar edilir.

Xroniki rektosiqmoidit atrofik, hipertrofik və ya normotrofik olur.

Rektosiqmoiditin əlamətləri

Xəstəliyin kəskin forması üçün qəfil başlanğıc – halsızlıq, əzginlik, ümumi vəziyyətin ifadəli pozulması, hipertermiya, titrətmə, ürəkbulanma, bəzən qusma xarakterikdir. Xəstələrdə az miqdarda nəcis qan və selik ifrazı ilə müşayiət olunan tenezmlər, ishal, meteorizm və bağırsağın tam boşalmaması hissi yaranır. Rektosiqmoiditli pasiyentlər qarnın sol hissəsində sancışəkilli intensiv ağrılardan şikayət edirlər. Erkən mərhələlərdə rektal müayinə zamanı sfinkterin spazmı, sonralar isə boşalması aşkar olunur.

Xroniki rektosiqmoiditin klinik şəkli zəif ifadəli olur, kəskinləşmələr müxtəlif davametmə müddətinə malik remissiyalarla növbələnir. Əlamətlər adətən qidalanmanın pozulması və ya spirtli içkilərin həddindən artıq qəbulu nəticəsində meydana çıxır. Kəskinləşmə dövründə xəstələri qarnın sol hissəsində yaranan sızıltılı və ya dartıcı ağrılar narahat edir. Ağrı çox vaxt aralıq və bel nahiyəsinə irradiasiya edir. Defekasiya zamanı ağrı sindromu güclənir. Anus nahiyəsində qaşınma, nəcis ifrazının tezləşməsi, tenezmlər, qarında köp müşahidə edilir. Sfinkterin spazmı və boşalması kəskin rektosiqmoditlə müqayisədə zəif olur.

Rektosiqmoiditin diaqnostikası

Diaqnoz şikayətlər, anamnestik məlumatlar, perianal nahiyəyə baxış, qarnın palpasiyası, barmaqla rektal müayinə, rektoromanoskopiya və laborator analizlərin nəticələri əsasında qoyulur. Qarnın palpasiyası sol qalça nahiyəsində ağrı ilə müşayiət olunur. Perianal nahiyəyə baxış zamanı qıcıqlanma və maserasiya sahələri aşkarlana bilər. Barmaqla rektal müayinədə sfinkterin spazmı və ya boşalması və düz bağırsağın selikli qişasının ödemi müəyyən edilir. Əlcəkdə selik və qan izlərinə rast gəlinir. Rektoromanoskopiya iltihabi prosesin olmasını təsdiqləyərək, onun forma və ifadəliliyini təyin etməyə imkan verir.

Qan analizində leykositoz və EÇS-nin yüksəlməsi aşkar edilir. Koproqramma vasitəsilə nəcis kütlələrində qan, selik və bağırsağın selikli qişasının elementləri müşahidə edilir. Helmintozla assosiasiyalı rektosiqmoidit zamanı nəcisdə bizquyruq, askarid və digər parazitlərə rast gəlinir. Bağırsaq infeksiyası nəticəsində inkişaf edən rektosiqmoiditdə fekal kütlələrdə patogen mikroorqanizmlər təyin olunur. Şübhəli hallarda rektoromanoskopiya prosesində toxuma nümunəsi götürülür, yekun diaqnoz bioptatın histoloji analizinin nəticələri məlum olduqdan sonra qoyulur.

Rektosiqmoiditin müalicəsi

Müalicə konservativ yolla – etiopatogenetik və simptomatik terapiyanın köməyilə aparılır. Pasiyentlərə bağırsağın selikli qişasının qıcıqlanmasını azaldan qoruyucu pəhriz təyin olunur. Rasiondan kobud qida lifləri, həddindən artıq isti və soyuq, kəskin, qızardılmış, hisə verilmiş və yağlı qidalar çıxarılır. Xəstələrə suplar və buxarda hazırlanmış yeməklər məsləhət görülür. Parazitar rektosiqmoditdə antiparazitar vasitələrdən istifadə olunur. Xəstəliyin radiasion formasında şüa terapiyası dayandırılır. Patogen bakteriyalar aşkarlandıqda antibiotiklər tətbiq edilir.

Rektosiqmoiditin bütün növlərində təmizləyici, eləcə də çobanyastığı, balıq yağı, kollarqol məhlulu və çaytikanı yağı ilə imalələr aparılır. İltihabəleyhinə və regenerasiayedici xüsusiyyətlərə malik şamlar, oturaq vannalardan istifadə olunur. Bürüyücü və büzücü vasitələr təyin edilir. İfadəli ağrılarda spazmolitiklər, meteorizmdə qazqovucu preparatlar göstəriş sayılır. Xoralı rektosiqmoidit zamanı yerli vasitələrlə (şamlar, mikroimalə) hormonoterapiya tələb oluna bilər. Kəskin iltihabi proses aradan qaldırıldıqdan sonra bağırsaq mikroflorasını bərpa edən preparatların qəbulu məsləhət görülür. Rektosiqmoiditin müalicəsi vaxtında və düzgün formada aparıldıqda proqnoz qənaətbəxş olur.

error: Content is protected !!