Retikulyar varikoz

Retikulyar varikoz – venoz sistemin xroniki xəstəliyi olub, kiçik dərialtı damarların tonusunun azalması və mənfəzinin genişlənməsi ilə müşayiət edilir. Aşağı ətrafların dərisində tor şəkilli nazik, qıvrılmış venalar əmələ gəlir. Adətən onlar subyektiv diskomfort törətmir, sadəcə kosmetik qüsur hesab olunur. Diaqnoz klinik məlumatlar, venaların ultrasəs müayinəsinin (dupleks skanlama, doppleroqrafiya) nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır. Bu məqsədlə müvafiq medikamentlər, kompression terapiya, mikroskleroterapiya və lazer terapiyasından istifadə olunur.

Retikulyar varikoz barədə ümumi məlumat

Retikulyar (torlu, dərialtı) varikoz – diametri 1-3mm arasında olan dərialtı venaların genişlənməsi ilə xarakterizə edilən patoloji vəziyyətdir. Xəstəlik əvvəllər aşağı ətrafların varikozunun inkişaf mərhələsi sayılsa da, hazırda müstəqil nozoloji vahid kimi qəbul edilmişdir. Torlu varikoz populyasiyada geniş yayılaraq, əmək qabiliyyətli qadınların 30-50%-də qeydə alınır. Hamilələrdə səthi venoz şəbəkənin qüsuruna 80-85% hallarda rast gəlinir. Xroniki flebopatologiyanın müxtəlif formaları qadınlarda kişilərə nisbətən 2 dəfə çox müşahidə olunur.

Retikulyar varikozun yaranma səbəbləri

Retikulyar varikozun etiopatogenezi sona qədər öyrənilməmişdir. İkincili prosesə damar sisteminin bədənin yuxarı hissəsində yerləşən şöbələrinin trombozları və arteriovenoz fistulalar, birincili (essensial) prosesə isə daxili və xarici amillər səbəb olur. Ən çox rast gəlinən ekzogen və endogen amillər aşağıdakılardır:

  • İrsi meyllik. Varikozun ailəvi anamnezinin olduğu hallarda dərialtı venaların genişlənmə riski 6 dəfə yüksəlir, bu da birləşdirici toxumanın remodelləşməsinə təsir edən bir sıra genetik mütasiyalarla bağlıdır. Hər iki valideyni varikozdan əziyyət çəkən uşaqda gələcəkdə patologiyanın yaranam ehtimalı 90% təşkil edir.
  • Hamiləliklərin sayı. Doğmayan qadınlarla müqayisədə anemnezində bir neçə hamiləliyi olan qadınlarda dərialtı varikoza 5 dəfə çox təsadüf edilir. Qüsur I trimestrdə özünü büruzə verir, hestasiya müddəti artdıqca daha ifadəli olur. Bu problemin hamiləlikdən əvvəl yaranması vəziyyəti ağırlaşdırır.
  • Ayaqların həddindən artıq yüklənməsi. Həyat tərzi və ya peşə ilə əlaqədar (cərrah, müəllim, satıcı, ofis işçiləri) uzun müddət ayaq üstə dayanmaq və ya oturmaq xəstəliyin risk amili sayılır. Bu tip insanlarda günün sonuna yaxın venoz qan axınının effektivliyi azalır.
  • Çoxsaylı və uzunmüddətli aviauçuşlar. Təyyarənin salonunda 4 saatdan artıq vaxt keçirildikdə retikulyar qan axınının effektivliyi 40% azalır. Atmosfer təzyiqin tez-tez dəyişməsi ilə əlaqədar venulaların divarı nazilir, tonusu itirilir. Oturaq vəziyyətdə aşağı ətrafların bir çox əzələləri boşalır, salondakı quru hava isə orqanizmin dehidratasiyası və qanın qatılaşmasına səbəb olur.

Varikozun digər səbəblərinə artıq çəki və piylənmə, endokrin xəstəliklər, zərərli vərdişlər (siqaret çəkmə) aiddir. Estrogen-gestagen tərkibli kontraseptivlərin 3 aydan artıq qəbulu damar divarlarının daxili qatında degenerativ proseslərə səbəb olmaqla flebopatiyalara gətirib çıxarır. Anadangəlmə pozğunluqlar – qalça-bud qapağının olmaması (ageneziya) və ya natamam inkişafı (hipoplaziya) zamanı aşağı ətraf venalarında hidrostatik təzyiqin artması ilə əlaqədar patologiyanın yaranma ehtimalı yüksəlir. Hündür daban dar ayaqqabılar geyinərkən pəncənin hərəkətinin məhdudlaşması varikozun etiopatogenezində rol oynayır.

Retikulyar varikozun patogenezi

Retkilyar varikoz zamanı patoloji dəyişikliklər dermanın torlu qişasındakı retikulyar damarları əhatə edir. Damar divarında baş verən dəyişikliklər – III tip kollagenin I tip lifləri əvəz etməsi mənfəzin genişlənməsinə səbəb olur, bu da rifidliyin artmasına və həcm yüklənməsindən sonra qalıq deformasiyanın saxlanılmasına gətirib çıxarır. Hüceyrədaxili matriksin proteinləri və elastinin fermentlər (metalloproteinaza) tərəfindən sürətlə parçalanması nəticəsində damar divarı nazilir. Lakin patologiyanın bu forması üçün düyünlü transformasiya, endotelin struktur dəyişiklikləri və iltihabi xarakterli hüceyrə reaksiyaları xarakterik deyil.

Hemodinamik pozğunluqlar – retikulyar varikozun inkişafının vacib aspektidir. Qanın davamlı durğunluğu dərialtı damarların divarının gərilməsinə və onların qapaq aparatının deformasiyasına səbəb olur.  Qadınlarda bu cür proseslər hormonal təsirlə də bağlı olur. Hamilələrdə progesteronun konsentrasiyası artması ilə əlaqədar damar divarının saya əzələlərinin tonusu azalır, kollagen və elastin liflərin strukturunda degenerativ-distrofik dəyişikliklər baş verir. Estrogenlərin hipersekresiyası laxtalanam amillərinin sintezini stimulə edir, plazmada antitrombinin miqdarını azaldır, nəticədə koaqulyasiya güclənir, durğunluq yaranır.

Retikulyar varikozun təsnifatı

Retikulyar varikoz xroniki venoz xəstəliklərin strukturuna daxildir. Klinik flebologiyada daha çox istifadə olunan CEAP (C-klinik, E-etioloji, A-anatomik, P-patofizioloji) təsnifatına əsasən patologiya aşağıdakı kateqoriyalara ayrılır:

  • C (pasiyentin klinik statusu): C1 – teleangiektaziyalar və ya retikulyar venalar (S – subyektiv simptomatika ilə; A – pasiyent tərəfindən heç bir şikayət təqdim olunmur).
  • E (dəyişikliklərin mənşəyi): Ec – anadangəlmə vəziyyət; Ep – birincili; Es – məlum səbəbli ikincili; En – naməlum səbəbli.
  • A (zədələnmənin lokalizasiyası): As – səthi damarlar.
  • P (retikulyar qan axınında dəyişikliklərin olması):Pr – reflüks; Po – оkklüziya; Pr,o – reflüks və okklüziya; Pn – heç bir dəyişiklik aşkarlanmır.

Təqdim olunan təsnifat baza sayılır. Genişləndirilmiş variant C1S sinfinin bütün subyektiv əlamətlərinin sadalanması və P bölməsində venoz şəbəkənin reflüks və ya okklüziyalı seqmentinin qeyd olunması (1-retikulyar damarlar) ilə səciyyələnir.

Retikulyar varikozun əlamətləri

Klinik şəkil obyektiv və subyektiv əlamətlərdən ibarətdir. Xəstəlik etioloji amillərin orqanizmə uzunmüddətli təsiri altında tədricən inkişaf edir. Adətən yeganə əlamət kimi baldırın yan və arxa hissələrində genişlənmiş damarlar müşahidə edilir. Onlar göyümtül rəngə, nazik və qıvrım formaya malik olmaqla dəridə torlu görüntü əmələ gətirir. Əksər pasiyentlərdə obyektiv şəkil teleangiektaziyalar – diametri 1mm-dən kiçik olan dərialtı venulaların genişlənməsi ilə tamamlanır.

Adətən torlu varikoz sadəcə kosmetik qüsur olub, fiziki diskomfort törətmir. Lakin bir sıra pasiyentlərdə xroniki xəstəlik ehtimalını təsdiqləyən subyektiv əlamətlər müşahidə edilir. Günün sonuna yaxın və ya ayaqlar həddindən artıq yükləndikdə baldır əzələlərində ağırlıq və sızıltılı ağrılar meydana çıxır. Xoşagəlməz əlamətlərə genişlənmiş damarlar nahiyəsində cüzi qaşınma və yandırma hissi qoşula bilər.

Cavan qadınlarda aybaşı fonunda və ya ondan əvvəl əlamətlər güclənir. İstirahət, yerimə və ya horizontal vəziyyət (ayaqları bir qədər yuxarı qaldırmaqla) pasiyentin halını yaxşılaşdırır. Retikulyar varikoz zamanı xroniki venoz çatışmazlığın aşkar əlamətləri (ödem, trofik pozğunluqlar) izlənilmir.

Retikulyar varikozun ağırlaşmaları

Tədqiqatların nəticələrinə əsasən patologiya demək olar ki, heç vaxt varikoz xəstəliyinin düyünlü formasına transformasiya etmir, nadir hallarda ağırlaşmalarla müşayiət olunur. Dərialtı genişlənmələr nəticəsində yaranan davamlı kosmetik qüsur qadınların emosional gərginliyinə səbəb olur, bu da onların ətək, don geyinə bilməmələri, damar torlarını daima gizlətmək məcburiyyətində qalmaları ilə bağlıdır. Geniş səthi damarlar bəzən mexaniki zədələnməyə məruz qalır, belə vəziyyətlərdə xüsusən yaşlı insanlarda venoz qanaxma ehtimalı yaranır.

Retikulyar varikozun diaqnostikası

İlkin diaqnoz anamnestik məlumatlar, pasiyentin şikayətləri və obyektiv dəyişikliklərə əsasən qoyulur. Retikulyar varikoz zamanı patoloji prosesin xarakterini dəqiqləşdirən əlavə üsullar arasında ultrasəs müayinə mühüm əhəmiyyət kəsb edir:

  • Venaların dupleks skanlanması. Damar divarının morfologiyası, qapaq aparatının vəziyyəti və dərialtı damar şəbəkəsində hemodinamikanın parametrlərini qiymətləndirməyə, patofizioloji dəyişiklikləri (reflüks, obstruksiya) aşkar etməyə imkan verir. Damarların USDS diaqnozun verifikasiyası və müalicə taktikasının planlaşdırılmasının etibarlı üsuludur.
  • Doppleroqrafiya. Qan axınının olmasını təyin etməyə və onun istiqamətini müəyyənləşdirməyə şərait yaradır. Venaların USDQ-sı dupleks skanlama kimi funksional sınaqlar – Valsalva sınağı (dərindən nəfəs alıb saxlamaqla gücənmə), distal kompressiya (üfürülən manjetlə), yerimənin imitasiyası  tələb olunur.

Retikulyar varikoz xroniki venoz patologiyanın digər formaları (teleangiektaziya da adxil olmaqla), postflebitik sindrom, flebotrombozla differensiasiya edilir. Bundan əlavə damar malformasiyaları (Klippel-Trenone sindromu), torlu livedo inkar olunmalıdır. Pasiyentlər cərrah-fleboloq (damar cərrahı) tərəfindən konsultasiya olunmalıdır.

Retikulyar varikozın müalicəsi

Müalicə taktikası konservativ və az invaziv üsullarla kompleks təsirdən ibarətdir. Ümumi tədbirlər dərialtı damarların genişlənməsinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilir: artıq çəki və hipodinamiya ilə mübarizə, adekvat fiziki yüklənmə (gimnastika, idman, üzgüçülük), rahat ayaqqabıdan istifadə və s.

Xüsusi müalicə aşağıdakı yollarla aparılır:

  • Kompression terapiya. Retroqrad qan axınını və patoloji venoz tutumu aradan qaldırmaqla torlu varikozun müalicəsində başlıca yer tutur. Elastik bintlənmə və ya kompression trikotajın (corab, qolf) geyinilməsi ilə aparılır. Dərialtı damar şəbəkəsinin genişlənməsi zamanı A (profilaktik) və I (müalicəvi) kompressiya sinfindən olan məhsullar məsləhət görülür.
  • Farmakoterapiya. Bazis medikamentlərə aid ola venoaktiv (flebotrop) preparatlara üstünlük verilir. Onlar xarici təzahürləri deyil, subyektiv əlamətləri aradan qaldırır. Venoaktiv preparatlar səthi venaların tonusunu artırır, damar keçiriciliyini azaldır, mikrosirkulyasiya və limfa axınını yaxşılaşdırır. Klinik praktikada diosmin, trokserutin, essin, ekstraktlar (at şabalı, yabanı quşqonmaz), kalsium-dobezilatdan istifadə olunur.
  • Flebosklerozalaşdırma. Üsulun mahiyyəti tor şəkilli damarların mənfəzinə maye və ya köpük formasında olan maddələr – sklerozantların (polidokanol, natrium-tetradesilsulfat, etoksisklerol) inyeksion yeridilməsi ilə onların obliterasiyasından ibarətdir. Mikroskleroterapiya – daha effektiv mübarizə üsulu hesab olunur.
  • Lazer terapiyasıGenişlənmələrin lazer şüaları (infraqırmızı şüalanmanın qısadalğalı zonasında) ilə nöqtəvi işlənilməsinə əsaslanır. Lakin teleangiektaziyalarla müqayisədə dərialtı damarlara lazerin təsiir bir qədər zəif olur, bu səbəbdən prosedur adətən mikroskleroterapiya seanslarından sonra kiçik qüsurlardan azad olmaq məqsədilə təyin edilir.

İnyeksiya və lazer korreksiyasından sonra reabilitasiya proqramının əsas komponenti kompression terapiya sayılır. O, qan axınını yaxşılaşdırır, durğunluq hallarını aradan qaldırır. Fizioterapiya, refleksoterapiya, müalicəvi gimnastika köməkçi vasitə hesab edilir.

Retikulyar varikozun proqnoz və profilaktikası

Səthi venaların genişlənməsi əksər hallarda yalnız kosmetik qüsur olub, heç bir neqativ fəsadlara gətirib çıxarmır. Patologiyanın tipik varikoz xəstəliyə transformasiya ehtimalı çox azdır, lakin onun paralel inkişafını inkar etmək olmaz. Adekvat terapiya zamanı subyektiv simptomatika tamamən aradan qaldırılır. Proqnoz hər zaman qənaətbəxşdir.

Retikulyar varikozun qarşısını almaq üçün düzgün qidalanma, adekvat fiziki yüklənmə, müntəzim profilaktik müayinələr məsləhət görülür.

error: Content is protected !!